Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İman və saleh əməlin nəticəsi qələbədir!

Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif müəssisələrində çalışan minlərlə zəhmətkeşlə görüşdü. Görüşdə inkişaf və tərəqqinin iki amildən: elm və elmi biliklərə əsaslanan istehsalatdan asılı olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının əldə etdiyi diqqətəlayiq nailiyyətlərə, ölkənin malik olduğu fövqəladə insan potensialına, təbii və elmi resurslara da toxunaraq təkidlə vurğuladı: “Tarixdən bizə yadigar qalmış nöqsanları, geridə qaldığımız məqamları aradan qaldırmaq üçün hazırkından qat-qat artıq təşəbbüs və əzm göstərməyə, ölkənin zəngin resurslarının hərəkətə gətirilməsi üçün daha sürətli templə çalışmağa ehtiyac var. Daha artıq əzm və təşəbbüskarlıq isə sözlər, tərif və alqışlarla ərsəyə gəlmir. Bunun üçün, sözün əsl mənasında, qollarını çırmalayıb əmək və təşəbbüs meydanına atılmaq lazımdır”.

Zəhmətkeşlər həftəsinə təsadüf edən bu görüşdə İslam İnqilabının Rəhbəri İslam dininin fəhlə və zəhmətkeş təbəqəsinə baxış aspektini açıqlayaraq qeyd etdi: “Zəhmətkeşlərə yalnız əmək aləti kimi yanaşan materialist görüşlərdən fərqli olaraq İslam dini fəhləni Allah yolunda döyüşən mücahid hesab edir, əməyinin və çəkdiyi zəhmətin müqabilində ona İlahi mükafat vəd edir”.

Həzrət Ayətullah Xamenei İslamın baxış aspekti çərçivəsində cəmiyyətdə fəhlə və zəhmətkeşlərin layiqli statusunun qorunub-saxlanmasını olduqca mühüm hesab etdiyini bildirərək əlavə etdi: “Fəhlə və zəhmətkeş sinfi İslam İnqilabının qələbə çaldığı ilk gündən bu günə qədər olduqca çətin sınaqlardan üzüağ çıxıb. Müqəddəs Müdafiə Hərəkatı həmin imtahanlara sadəcə bir nümunədir”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının əvvəlindən bəri düşmənlərin fəhlə təbəqəsindən və zəhmətkeşlərin problemlərindən İslam dövlətinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarını qeyd edərək dedi: “Bu məsələ ötən 30 il ərzində İslam dövlətinin düşmənlərinin fəaliyyət proqramında mühüm yer tutub, lakin ölkəmizin fəhlə və zəhmətkeş sinfi də öz növbəsində bütün bu planları boşa çıxarıb”.

İslam İnqilabının Rəhbəri İslam dövləti ilə zəhmətkeş təbəqə arasındakı səmimi münasibətin ölkədəki hakim rejimin möhkəm dini etiqad prinsipinə əsaslanmasından qaynaqlandığını bildirərək əlavə etdi: “Məhz bu əsaslar üzərində də ölkəmizin istehsalatın genişləndirilməsi, fəhlələrə və müxtəlif sənaye sahələrində çalışan zəhmətkeşlərə diqqətin artırılması istiqamətində həyata keçirdiyi kompleks hərəkat daha da sürətlə davam etdiriləcək, bədxahlar bu hərəkatı durdura bilməyəcəklər”.

Həzrət Ayətullah Xamenei ölkənin maddi tərəqqisinin iki başlıca amilin ‒ elm və istehsalın üzərində möhkəmləndiyini vurğulayaraq qeyd etdi: “İranda istibdadçı rejimin hakimiyyətdə olduğu dövrdə nə elmə, nə də elmi biliklərə əsaslanan istehsala əhəmiyyət verilirdi. Buna görə də İran xalqı uzun illər boyunca geriliyə düçar olmuşdu. Bu mərhələnin kompensasiya edilməsi üçün elmə və istehsala əvvəlkindən də artıq diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbər ən yeni metodlardan istifadə etməklə elmi-tədqiqat mərkəzlərində elmi problemlərin mütəmadi surətdə araşdırılmasının olduqca əhəmiyyətli olduğunu qeyd edərək əlavə etdi: “Allahın lütfü sayəsində ölkəmizdə elmi tərəqqiyə start verilib. Lakin biz hələ yolun başlanğıcındayıq və bu səbəbdən də prosesin sürət tempi ikiqat artırılmalıdır”. 

İslam İnqilabının Rəhbəri sənaye və təsərrüfat sahələrində elmi biliklərə əsaslanan istehsalın əvəzsiz rol oynadığını qeyd edərək xüsusilə vurğuladı: “Elmi biliklərə əsaslanan istehsal fəhlələr və müəssisə rəhbərləri vasitəsilə reallaşa bilər. Prosesə başçılıq etmək isə əlbəttə ki, dövlətin öhdəsinə düşən vəzifədir və müvafiq dövlət orqanları bu sahədə zəruri təşkilati işlər aparmalıdır”.

Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasətlərin icrasının elmi biliklərə əsaslanan istehsalın formalaşdırılmasındakı əhəmiyyətini qeyd edən Həzrət Ayətullah Xamenei eyni zamanda bunları da vurğuladı: “Diqqətli olmaq lazımdır ki, Konstitusiyanın 44-cü maddəsində qeyd olunan siyasətlərin icrası qanunu pozan “qanun biliciləri”nin meydanda at oynatması üçün zəmin yaratmasın”.

Ali Məqamlı Rəhbər sözügedən məsələ ilə bağlı əlavə qeyd etdi: “Müəyyən şəxslər qanundan sui-istifadə edərək zavod və fabrikləri alır, sonra da həmin müəssisələrin yerləşdiyi torpaq sahəsini və texniki təchizatını baha qiymətə sataraq milyonlar əldə edirlər. Nəticədə isə bu zavod və fabriklərdə çalışan zəhmətkeşlər işsiz qalır. Ona görə də məsul şəxslər bu işlərdə xeyli diqqətli olmalıdırlar”.

İslam İnqilabının Rəhbəri zəhmətkeşlərlə müəssisə rəhbərləri arasındakı əlaqəyə də toxunaraq qeyd etdi: “İslam dövlətində zəhmətkeşlərlə müəssisə rəhbərləri arasındakı münasibət birliyə, həmkarlığa və qarşılıqlı anlaşmaya əsaslanmalıdır. Müəssisələr üçün fəaliyyət proqramları, layihələr və siyasət kursları işləyib-hazırlayan bütün məsullar da məhz bu istiqamətdə çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz nə sosialistlər kimi müəssisə rəhbərlərini həddən artıq sıxışdırır, nə də kapitalizmdə olduğu kimi onları mütləq ixtiyar sahibi hesab edirik. Biz inanırıq ki, istehsalatın iki şərəfli faktoru ‒ müəssisə rəhbərləri ilə zəhmətkeşlər arasında, qeyd etdiyimiz kimi, dinə uyğun, humanist formada həmkarlıq əlaqələri qurulsa, ölkənin tərəqqi və yüksəlişi mütləq gerçəkləşəcək”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabından öncəki dövrlə müqayisədə İran İslam Respublikasının hazırda olduqca böyük və heyranedici nailiyyətlər əldə etdiyini qeyd etdi. O, texnologiya və mühəndislik sahələrində xidmətlərin xaricə ixrac edilməsini, ölkənin bəndçəkmə və elektrik stansiyalarının tikintisi üzrə liderlik əldə etdiyini, müxtəlif ölkələrdə istehsalat xətlərinin istifadəyə verilməsini qeyd edərək təkidlə vurğuladı: “Bütün bu nailiyyətlərə baxmayaraq İrana, bu ölkənin tarixi irsinə layiq olan nüfuzlu mövqeyə çatmağımıza hələ çox var. Biz daha da çox əzm və təşəbbüs göstərərək geridə qaldığımız məqamları aradan qaldırmalıyıq”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Daha artıq əzm və təşəbbüs göstərmək zirvələrə çatmaq uğrunda çalışmaq deməkdir. Bu məqsədə isə boş danışıq və təriflə nail olmaq əsla mümkün deyil. Bunun üçün, sözün həqiqi mənasında, qollarını çırmalayıb iş və təşəbbüs meydanına atılmaq lazımdır”.

Ölkədə uğurlu işlərin görülməsi, tərəqqi və yüksəlişə nail olunması üçün hazırkından daha böyük imkan və potensialın mövcud olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei hər kəsi əzm və təşəbbüskarlığını qat-qat artırmağa çağıraraq dedi: “İran xalqı kifayət qədər potensiala malik olan istedadlı bir gəncə bənzəyir. O, lazımi qədər çalışıb səy göstərsə, mütləq zirvəyə ucalıb parlaq bir ulduza çevriləcək”.

İran xalqının ötən illər ərzində öz bacarıq və potensialının bir hissəsini əməli surətdə nümayiş etdirdiyini bildirən Ali Məqamlı Rəhbər belə əlavə etdi: “İran alimləri ölkəyə qarşı tətbiq olunan sanksiyalar şəraitində belə heç bir dövlətdən dəstək almadan ikinci və üçüncü nəsil sentrifuqa texnologiyasını istehsal etməyə və nüvə sənayesinə malik olan hər kəsi heyrətdə qoymağa müvəffəq oldular. Biologiya elmləri sferasında isə istedadlı İran gəncləri orqanizmin hüceyrələrindən klonlaşdırılmış heyvan yaratmağı, bununla da həmin elmi biliklərə və texnologiyaya yiyələnmiş azsaylı ölkələrin sırasına qatılmağı bacardılar. Bu ölkənin övladları 30 il ərzində tətbiq olunmuş sanksiya və embarqolara rəğmən bu gün ən son raketlər və raket daşıyıcıları istehsal edirlər”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Qeyd etdiyim məqamlar İran xalqının güc və bacarığının yalnız bir hissəsidir, buna görə də ölkənin bütün təbii, elmi və insan resurslarından istifadə etmək lazımdır. Bu resursların aktuallaşması üçün isə daha artıq əzm və təşəbbüs göstərmək vacib şərtdir”.

İran xalqının inkişaf və tərəqqisinin imperialist bloku üçün dözülməz olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Bu irəliləyişlər imperialist dövlətlərin müəyyən etdiyi qaydalara uyğun gəlmir və elə buna görə də onlar İran xalqının qarşısında səf çəkib onunla düşmənçilik edirlər. Buna baxmayaraq ötən 30 il ərzində heç nəyə nail ola bilmədikləri kimi, sözsüz ki, bundan sonra da əllərindən heç bir iş gəlməyəcək”.

Ali Məqamlı Rəhbər Allahın lütfünü, imanı və bu imandan qaynaqlanan saleh əməli İran xalqının möhkəm dayağı adlandıraraq dedi: “Uca Allahın buyurduğu kimi, imanın və saleh əməlin nəticəsi qələbə, dünyada izzət və ehtiram, axirətdə nicat və rahatlıqdır”.

İslam İnqilabının Rəhbəri ölkənin gerçək tərəqqisinin iman və saleh əməl yolunun davam etdirilməsindən asılı olduğunu vurğulayaraq əlavə etdi: “Bizə bu yolu göstərmiş, özünün dərin imanı sayəsində İran xalqını qəflət yuxusundan oyadıb onu doğru yola istiqamətləndirmiş dahi rəhbərimizə – imam Xomeyniyə (r.ə) Allahın mərhəməti və salamı olsun!”  

Görüşdə çıxış edənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Şeyxül-İslami nazirliyin həyata keçirdiyi irimiqyaslı siyasətlərə toxunaraq dedi: “Cəmiyyətdə iş və əmək mədəniyyətinin geniş yayılması və yüksəldilməsi, əmək fəaliyyətinin yerli ‒ İran-İslam modelinin işlənib-hazırlanması, müəssisə rəhbərləri və zəhmətkeşlər arasında qarşılıqlı münasibətlərlə bağlı dini qaydalara, dövlətin, işə götürənin və fəhlənin maraqlarını müdafiə edən üçtərəfli əsasnamənin qəbul edilməsi, icra olunan proqramlara əlavə olaraq mədəni tədbirlərin işlənib-hazırlanması həyata keçirilən layihə və siyasətlər sırasındadır”.  
    
Cənab Şeyxül-İslami rəhbərlik etdiyi nazirliyin həyata keçirdiyi proqramlar çərçivəsində zəhmətkeşlərin hüquqlarını müdafiə edən qanunların, qərar və əsasnamələrin qəbulunu və icrasını, işsizlik qanununda islahatların aparılmasını, çətin və sağlamlıq üçün təhlükəli əmək sahələri ilə bağlı əsasnamənin işlənib-hazırlanmasını, fəhlələrin sosial sığortaları üçün ayrılan məbləğin artırılmasını, aztəminatlı ailələrin evlə təmin edilməsini də qeyd etdi.

Görüşdən əvvəl Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar mərsiyə mərasimi təşkil olundu.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /