Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qanun pozuntusuna qarşı mübarizə aparan strukturlarda analoji hallara ən kiçik həddə belə yol verilməməlidir!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Daxili İşlər naziri, Silahlı Qüvvələrin Ali Baş Komandanının Polis Qüvvələrindəki müavini, Polis Qüvvələrinin Komandanı, habelə bu güc strukturunun komandirləri və şəxsi heyətindən bir qrupu ilə görüşdü. İslam İnqilabının Rəhbəri ölkənin Silahlı Qüvvələri arasında Polis Qüvvələrinin öhdəsinə olduqca müstəsna, ağır və eyni zamanda həssas bir vəzifənin düşdüyünü qeyd edərək təkidlə vurğuladı: “Polis Qüvvələri öz güc və qüdrətini qoruyub-saxlamaqla yanaşı, xalqa qarşı səmimi və mehriban olmalıdırlar. Heç bir halda bu mühüm xüsusiyyətlər bir-birindən ayrılmamalıdır”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı bu iki spesifik cəhətin eyni zamanda qorunub-saxlanması üçün düşünülmüş tədbirlərə və fəaliyyət proqramlarına ehtiyac duyulduğunu vurğulayaraq əlavə etdi: “Dəqiq proqramların işlənib-hazırlanması ilə qeyd etdiyim bu xüsusiyyətlər Polis Qüvvələrində konkret standartlar formasında qarşıya qoyulmalıdır ki, müxtəlif bölmələrin fəaliyyətini təyin olunmuş meyarlar əsasında tənzimləmək mümkün olsun”.

Həzrət Ayətullah Xamenei Polis Qüvvələrinin fəaliyyətinin effektivliyinin təmin olunması üçün zəruri amillərdən daha biri kimi sözügedən güc strukturu ilə məsul orqanlar arasında uyğunluq və həmrəyliyin vacibliyini də qeyd edərək dedi: “Polis Qüvvələri ilə Daxili İşlər Nazirliyi və nazirliyin tabeçiliyində olan strukturlar, xüsusilə Ölkənin Təhlükəsizlik Şurası arasında koordinasiya mövcud olmalıdır”.

Ötən il baş vermiş acı və xoşagəlməz hadisələrə toxunan Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “Bu hadisələr zamanı fitnəkar əllər camaata əziyyət etməyə müvəffəq olsalar da, sonda Allahın lütfü və mərhəməti sayəsində xalqımız onlara qalib gəldi. Həmin olaylar zamanı məsul orqanların əl-ələ verib ayıq-sayıq tədbirlər gördüyü bütün sahələrdə müsbət nəticələr əldə olundu”.

Hüquq mühafizə orqanlarının vəzifəsinin intizamsızlıq, iğtişaşlar, qaçaqmalçılıq, oğruluq, asayiş pozuntusu və narkotiklər daxil olmaqla fəsad hallarına qarşı mübarizə aparmaqdan ibarət olduğunu bildirən İslam İnqilabının Rəhbəri dedi: “Fəsad və qanun pozuntusu ilə mübarizə aparmağın başlıca şərti onlara qarşı mübarizə aparan strukturlarda analoji hallara ən kiçik həddə belə yol verilməməsidir”.

Hüquq Mühafizə Qüvvələri üçün həyati əhəmiyyətli şərtlərdən biri kimi problemlərdən tam xəbərdar olmağın vacibliyini qeyd edən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Polis Qüvvələri ölkədə baş verən proseslər və mövcud problemlər barədə lazımi qədər məlumatlı olsalar, cinayətkarlara qarşı mübarizə tədbirləri həyata keçirilərkən əhali zərər çəkməz”.    
 
İslam İnqilabının Rəhbəri cinayətkarlara qarşı mübarizə aparmalı olan Hüquq Mühafizə Qüvvələrinin işinin olduqca həssas və incə olduğunu qeyd edərək dedi: “Digər Silahlı Qüvvələrdən fərqli olaraq Polis Qüvvələri açıq-aşkar bir düşmənlə deyil, xalqın arasındakı cinayətkarlarla qarşı-qarşıya gəlməli olur. Hüquq Mühafizə Qüvvələrinin əməkdaşları mahir və səriştəli bir cərrah kimi bədxassəli xərçəng şişini digər orqanlara xəsarət yetirmədən kənarlaşdırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei Polis Qüvvələrinə xalqa qarşı münasib surətdə, düzgün və səmimi davranmağı təkidlə tövsiyə edərək dedi: “Xalqın nəzərində Hüquq Mühafizə Qüvvələrinin güclü və qüdrətli bir struktur kimi öz statusunu qoruyub-saxlaması şəriətlə vacibdir. Bununla belə xalqa ehtiramla yanaşma da şəriətdə vacib olan şərtlərdəndir və bu ikisi hökmən paralel surətdə olmalıdır”.

Polis Qüvvələrini ictimai fəsadlara qarşı tam ciddi mübarizəyə çağıran Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Fərdi, ictimai və siyasi miqyasda rast gəlinən bütün fəsad və qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparmaq lazımdır”.

Daha sonra Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Qəsdən, yaxud bilməyərəkdən dini, əxlaqi və həya-iffət baxımından cəmiyyətin simasını pozan şəxslərə qarşı da düzgün və qəti tədbir görülməlidir”.

Görüş əsnasında Polis Qüvvələrinin Komandanı, briqada generalı cənab Əhmədi Moqəddəm dördüncü proqram çərçivəsində sözügedən strukturun fəaliyyətindən danışdı, xüsusilə də sərhədlərə nəzarət, yol hərəkətinin tənzimlənməsi, yollarda baş verən qəzaların sayının azaldılması, narkotiklərə, amansız cinayətkarlığa qarşı mübarizə istiqamətində görülmüş tədbirlərə toxundu, habelə ölkənin hüquq mühafizə sistemində informasiya texnologiyalarının tətbiq edildiyi, məmurların davranışının islahı və standartlara uyğunlaşdırıldığı, təhqiqat-tədqiqat mərkəzinin yaradıldığı barədə ətraflı məlumat verdi.

Görüşün əvvəlində Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /