Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı onu təhdid edənləri diz çökdürəcək!

Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin səhiyyə ocaqlarında çalışan yüzlərlə tibb bacısı ilə görüşdü. İslam İnqilabının Rəhbəri tibb bacılarının xəstə insanların fiziki və psixoloji sağlamlığında oynadığı rolu yüksək qiymətləndirdiyini bildirdi. Həzrət Ayətullah Xamenei Həzrət Zeynəbin (s.ə) tarix boyu bütün bəşəriyyətə, İslam İnqilabının müxtəlif mərhələlərində isə İran xalqına örnək olduğunu deyərək təkidlə vurğuladı: “İran xalqının malik olduğu güc və optimizmin başlıca amili onun mənəviyyatındakı Allaha iman hissidir. İnşaallah, Uca Yaradanın lütfü ilə bu xalq bütün sahələr üzrə irəli gedəcək, özünün gündən-günə artan imanı və uzaqgörənliyi sayəsində bütün təhdidlərə və məkrli planlara qələbə çalacaq”.

Həzrət Zeynəbin (s.ə) mübarək doğum günü münasibətilə görüş iştirakçılarını səmimi-qəlbdən təbrik edən Həzrət Ayətullah Xamenei o əzəmətli xanımın tarixi hərəkatının İslam İnqilabına göstərdiyi böyük təsiri, iman, mənəviyyat faktorlarının bu inqilabın böyük qüdrət və möhtəşəmliklə həyata keçirilməsində oynadığı müstəsna rolu xüsusilə qeyd etdi. Daha sonra Ali Məqamlı Rəhbər belə əlavə etdi: “İran xalqının ötən 30 il ərzində İslam dünyasında daim ilhamverici, optimist simada çıxış etməsi görkəmli dini şəxsiyyətlərin, o cümlədən Həzrət Zeynəbin (s.ə) bu xalqa təsiri nəticəsində mümkün olmuşdur. İran xalqının qüdrəti məhz bu mənəvi təsirdən qaynaqlanır”. 
        
İran xalqının qüdrətinin hərbi təchizatda olmadığını təkidlə vurğulayan Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Şübhəsiz, İran xalqı hərbi texnika və müdafiə təchizatı sahəsində sıçrayışlı irəliləyişlər edib. Lakin İran İslam Respublikasının, İran xalqının qüdrət və əzəmətinin başlıca amili onun mənəviyyatının əsasında duran güclü iman duyğusudur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Məhz buna görə də İran xalqı 30 il ərzində davam etdirilmiş sanksiyalara, təhdidlərə, hərbi müdaxiləyə, cürbəcür siyasi oyunlara, dövlətin təhlükəsizliyinə tuşlanmış məkrli planlara rəğmən günü-gündən inkişaf etmiş, həmişəkindən də yüksək templə irəliləmişdir”.

Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “İslam Respublikasına qarşı atom silahından istifadə təhdidləri İran xalqına heç bir təsir göstərməyəcək. Lakin bu təhdidlər Amerikanın siyasi və dövlət administrasiyası tarixində utancverici bir fakt kimi qalacaq”.

Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “Həqiqətdə isə bu təhdidlər nəticəsində “sülhpərvərlik”, “humanizm”, “nüvə sazişlərinə sadiqlik”, “İran xalqına dostluq əlini uzatmaq”şoularının pərdə arxasındakı əsl mahiyyəti tamamilə üzə çıxdı”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqının atom silahı ilə hədələnməsi, əslində, Amerikanın öz tülkü məntiqli nitqlərini canavar məntiqli nitqlərlə əvəz etməsidir”.

Həzrət Ayətullah Xamenei atom silahına malik olan derjavaların, xüsusilə də Amerikanın özlərinin atom gücündən dünyaya ağalıq etmək məqsədilə istifadə etdiyini vurğulayaraq qeyd etdi: “Atom silahına malik olan bu dövlətlərdən heç biri nüvə silahı ilə bağlı imzalanmış beynəlxalq sazişlərə sadiq deyil, yəni onların özləri bu sazişlərə əməl etmirlər. Həmin dövlətlər açıq-aşkar yalan danışır, başqa ölkələr nüvə texnologiyalarından yararlanmaq istədikdə isə utanmadan onları beynəlxalq sazişləri pozmaqda günahlandırırlar. Buna səbəb isə odur ki, atom derjavaları özlərinə heç bir rəqib görmək istəmirlər”.

İran İslam Respublikasının nüvə siyasətini bir daha vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi: “Biz kütləvi qırğın silahı əldə etmək və ondan istifadə etmək niyyətində olmadığımızı dəfələrlə bəyan etmişik. İran xalqı bu cür təhdidlərin və hegemon tonlu çıxışların qarşısında əsla təslim olmayacaq və tezliklə onu təhdid edənləri diz çökdürəcək”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı ki, beynəlxalq ictimaiyyət Amerika prezidentinin İran xalqına qarşı atom silahı işlətmək təhdidlərinin üzərindən asanlıqla keçməməlidir. Həmçinin o əlavə etdi: “ABŞ-ın dövlət başçısı nə haqla İran xalqını atom silahı ilə hədələyir? Əslində, bu, bütün dünyanın, bəşəriyyətin asayiş və təhlükəsizliyinə qarşı çevrilmiş bir təhdiddir. Yer kürəsində heç kəs bu cür təhdidi hətta dilinə belə gətirməyə cürət etməməlidir”.

İran xalqının bu kimi hədələr qarşısında sarsılmaz olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi: “İran xalqı heç bir vəchlə icazə verməyəcək ki, Amerika bu cür təhdid və bəyanatlarla özünün cəhənnəm əzabları ilə dolu ağalığını yenidən İrana yaşatsın”.      
 
Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “Düşmənin arzusuna rəğmən bu xalq bütün sferalarda irəli gedəcək. İnşaallah, İran xalqının gənclərinin günü-gündən artan imanı və uzaqgörənliyi bütün təhdidlərə, o cümlədən ötən il baş vermiş hadisələr kimi xəbis planlara qələbə çalacaq”.

Çıxışının digər qismində İslam İnqilabının Rəhbəri Həzrət Zeynəbin (s.ə) uca və misilsiz şəxsiyyəti, o mübariz xanımın Aşura hadisəsinin yaddaşlardan silinməməsində oynadığı əvəzsiz rolu, tarixi mesajı barədə danışaraq qeyd etdi: “Aşura hadisəsində qanın qılınca qələbə çalmasının başlıca amili məhz Həzrət Zeynəb (s.ə) olmuşdur. Həzrət Zeynəb (s.ə) Aşura hadisəsində ifa etdiyi əvəzsiz və görkəmli rolu ilə bütün insanlığa göstərdi ki, qadın mühüm tarixi hadisələrin kontekstində dura bilər”.    

Həzrət Ayətullah Xamenei Həzrət Zeynəbin (s.ə) qadın hicabını, qadın iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirdiyini təkidlə vurğulayaraq əlavə etdi: “Bu reallığın bariz nümunəsi o xanımın dövrün olduqca sərt şəraitində Kufə bazarında söylədiyi unudulmaz xütbədir. Həzrət Zeynəb (s.ə) yüksək natiqlik qabiliyyəti və ustalıqla müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini dəqiqliklə analiz etdi, əziz İslam Peyğəmbərinin (s) və Həzrət Əlinin (ə) həyata keçirdikləri inqilabın təhlükə altında olduğunu bəyan etdi”.

Həzrət Zeynəbin (s.ə) xütbəsindən ayrı-ayrı fraqmentləri qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Həzrət Zeynəb (s.ə) öz xütbəsində açıqlayır ki, dövrün müsəlman cəmiyyətinin başlıca problemi camaatın inqilabçılıq iddiası edən fitnəkarları tanımaqda, haqqı batildən seçməkdə uzaqgörənlik nümayiş etdirməməsidir və bunun acı nəticəsi isə Peyğəmbər övladının – imam Hüseynin (ə) başının nizələrə taxılması olmuşdur”.

İslam İnqilabının Rəhbəri Həzrət Zeynəbin (s.ə) Aşura hadisəsində, habelə bu hadisədən sonra oynadığı müstəsna rolu və davranışı bütün bəşəriyyət üçün, xüsusilə də müsəlman qadınlar üçün gözəl örnək adlandıraraq əlavə etdi: “O mübarək xanım öz simasında qadınlıq hicabı, həya və iffəti ilə mömin-müsəlman şərəfini çulğalaşdırmaqla, əslində, qadının cəmiyyətdəki həqiqi məqamını və statusunu nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei bu günümüzdə pozğun Qərb dünyasının qadın şəxsiyyətini təqdim etmək üçün yanlış və əxlaqsız metodlardan istifadə etdiyini qeyd edərək xüsusilə vurğuladı: “Qərb dünyası belə bir ideya aşılamağa çalışır ki, qadının gücü və böyüklüyü hicabı, iffəti bir kənara atıb şəhvətpərəst kişilərin qarşısında nazlanmaqdadır. Halbuki, bu, qadın üçün təhqiramiz bir işdir”.  
 
Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabının gedişində qadınların həyata keçirdiyi hərəkat, sözün həqiqi mənasında, Həzrət Zeynəb (s.ə) hərəkatının bənzəridir. Qadınlar İslam İnqilabında və Müqəddəs Müdafiə Hərəkatında həmişə ən görkəmli rolları ifa etmişlər”.

İslam İnqilabının Rəhbəri çıxış əsnasında əhalinin sağlamlığının qorunmasında tibb bacılarının öhdəsinə düşən ağır vəzifəni qeyd edərək dedi: “Bu ağır vəzifədən əlavə tibb bacılarının özlərinin peşə etikasına riayət etmək məsələsindəki məsuliyyəti də mühüm və çətindir”.

Xəstə insanların fiziki və mənəvi ağrılarını sakitləşdirməkdə tibb bacılarının həssas və çətin vəzifəsini xüsusilə xatırladan Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Tibb bacısı vəzifəsinin böyük əhəmiyyətini nəzərə alsaq, yaxşı olar ki, tibb bacısının peşə etikası məcəlləsi işlənib-hazırlansın və tibb bacıları peşə andı içsinlər”.

Görüşün əvvəlində Səhiyyə, Dərman və Tibbi Təhsil Naziri xanım Vəhid Dəstcerdi sağlamlıq və səhiyyə sferasında tibb bacılarının öhdəsinə düşən ağır və çətin vəzifəni qeyd edərək dedi: “Dövlət və Parlament tibb bacılarının peşə şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atmışdır. Tibb bacılarının peşə fəaliyyətində məhsuldarlığın artırılması ilə bağlı qəbul edilmiş qanun da bu tədbirlər sırasına daxildir”.

Həmçinin xanım Vəhid Dəstcerdi ötən 3 il ərzində tibb bacıları üçün 300-dən çox təkmilləşdirmə kursunun təşkil edildiyini qeyd edərək dedi: “Son illərdə tibb bacıları üçün ixtisasartırma kursları həyata keçirilmiş, habelə tibb bacısının peşə standartlarına yenidən baxılmışdır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /