Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Dövlət administrasiyasının başlıca siyasət istiqamətlərini elan etdi

İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra dövlət administrasiyasının başlıca siyasi strategiyaların istiqamətlərini açıqlayaraq qeyd etdi ki, aidiyyəti olan rəsmi şəxslər bu siyasi strategiyaların əməli surətdə həyata keçirilməsi üçün konkret vaxt bölgüsü aparmalı, habelə görülən işlər barədə periodik olaraq məlumat verməlidirlər.

Belə ki, üçlü hakimiyyət qüvvələrinin rəhbərləri, Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi dövlət administrasiyasının başlıca siyasət istiqamətlərini əks etdirən sənədi ictimaiyyətə təqdim etmişlər. Sənədin tam mətni aşağıdakılardan ibarətdir:

1. Cəmiyyətdə İslami dəyərlərə, insan məfhumunun uca tutulmasına, bəşəri və sosial resurslara yüksək qiymət verilməsinə əsaslanan təşkilatçılıq mədəniyyəti institutlaşdırılmalıdır.

2. İnsan resurslarının cəlb edilməsi, inkişafı və cəmiyyətə davamlı xidmətin göstərilməsi işində ədalət prinsipi başlıca yer tutmalıdır.

3. Ölkə üçün güclü, məsuliyyətli və layiqli insan potensialının təmin edilməsi məqsədilə insan qaynaqlarının seçilməsi işində meyarlar daha da yaxşılaşdırılmalı, metodlar yenilənməlidir; həmçinin uzaqgörən olmayan, qeyri-peşəkar və fərdi yanaşmalardan çəkinmək vacibdir.

4. Rəhbər işçilərin təyin edilməsi və vəzifələrinin artırılması işində İslam əxlaqına əsaslanan layiqli və düşünülmüş siyasət həyata keçirilməlidir. 

5. İnsan qaynaqlarının mənəvi inkişafı üçün münasib zəmin yaradılmalı, habelə onların bilik, peşəkarlıq və bacarıq səviyyəsi yüksəldilməlidir.

6. Əmək fəaliyyətini, bacarığını, görülən işin və işçinin spesifik cəhətlərini və mövqeyini ön plana çəkməklə ödəmə və kompensasiya sistemində ədalətə riayət olunmalı, iqtisadi və ictimai şəraiti nəzərə almaqla insanların məişət rifahı maksimum dərəcədə yüksəldilməlidir.

7. Zəif inkişaf etmiş və yoxsul regionlarda peşəkar kadrların işə cəlb olunması və qorunub-saxlanması üçün münasib zəmin yaradılmalıdır.

8. Təqaüdçülərə böyük hörmətlə yanaşılmalı, onların məişət rifahı təmin edilməli, dəyərli rəy və təcrübələrindən yararlanmalı.

9. İdarəetmə sistemində ailələrin möhkəmləndirilməsi işinə, insanların çəkdiyi zəhmət və həyat şəraiti arasında müvafiq balans yaradılmasına xüsusi diqqət yetirilməlidir.

10. Ölkə administrasiyasında gələcək perspektiv planların həyata keçirilməsi istiqamətində yüksək sürət tempinə malik olan, müvafiq və məntiqəuyğun təşkilati işlər görülməlidir. 

11. Dövlət qulluğunun effektivliyinin, sürətinin və keyfiyyətinin artırılması məqsədilə idarəçilik və təşkilatçılıq sistemində elastikliyi təmin etməli, mərkəzləşmədən çəkinməli.       
   
12. Dövlət qulluğunun həyata keçirilməsi işinin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə administrativ metod və prosedurların effektivliyinə və yararlılığına lazımi diqqət yetirilməlidir. 

13. Administrativ qanun və sərəncamların tənzimlənməsi, onlara yenidən düzəliş edilməsi işində ədalət prinsipi rəhbər tutulmalı, şəffaflıq təmin edilməli, habelə həmin qanun və sərəncamlar günün tələbinə uyğun şəkildə yenilənməlidir.

14. Ölkənin inkişaf və perspektiv planlarının həyata keçirilməsi məqsədilə administrativ orqanlar arasında effektiv əməkdaşlıq və koordinasiya işi aparılmalıdır.

15. Elektron administrasiya sistemi genişləndirilməli, həmçinin bu sahədə ictimaiyyətə yüksək səviyyəli xidmət göstərmək məqsədilə müvafiq zəruri vəsait təmin olumalıdır.

16. İslami dəyərlərə söykənərək elmi biliklərin istiqamətləndirilməsi və informasiyanın inteqrasiyası metodlarını tətbiq etməklə administrativ sistemin elmi biliklərə əsaslanması təmin edilməlidir.

17. Xalqın etimad və razılığını artırmaq məqsədilə daha yüksək, modern və keyfiyyətli xidmət göstərilməlidir.

18. İnsanların informasiyanı düzgün və asanlıqla əldə etməsinə xüsusi diqqət yetirilməli, xalqın və dövlət administrasiyasının qarşılıqlı hüquq və vəzifələrinin nədən ibarət olduğu ictimaiyyətə şəffaf formada çatdırılmalıdır.

19. Administrasiya sisteminə insan potensialının cəlb olunması, habelə kadrlardan düzgün və səmərəli istifadə edilməsi üçün lazımi zəmin yaradılmalıdır.

20. Cəmiyyətdə qanunçuluq, administrativ və ictimai işlərdə məsuliyyət və cavabdehlik mədəniyyəti genişləndirilməli, bütün fəaliyyət sferalarında vətəndaşlara hörmətlə yanaşılmalı, fərdi və qərəzli yanaşmaya heç bir vəchlə yol verilməməlidir.

21. Cəmiyyətdə əmək vicdanı, ictimai intizam, özünənəzarət, əmanətə riayət, qənaətcillik, sadə həyat tərzi sürmək, beytül-malı qoruma mədəniyyəti institutlaşdırılmalıdır.  

22. Sosial-psixoloji əhval-ruhiyyə, sosial şərait, iqtisadiyyat, səhiyyə və mədəniyyət baxımından stabillik və təhlükəsizlik, habelə cəmiyyətin üzvü olan ayrı-ayrı fərdlərin nisbi rifahı təmin edilməli, bunun əsasında administrativ əlaqə və münasibətlər tənzimlənməlidir.

23. Xalqın hüquqları qorunmalı, administrativ sistemdə qəbul edilən qanun və qərarlara qarşı soyuqqanlı yanaşma və yol verilən nöqsanlar nəticəsində zərər çəkmiş fiziki və hüquqi şəxslərə dəymiş zərər ödənilməlidir.

24. Qanuni və administrativ proseslərdə islahatların aparılması, mədəniyyətin imkanlarından səmərəli şəkildə yararlanma, qanun pozuntularına qarşı mübarizə və onların qarşısının alınması məqsədilə effektiv bir sistemin yaradılması yolu ilə ölkənin administrasiya aparatı sağlamlaşdırılmalı, əxlaqi dəyərlər daha da yüksəldilməlidir.

25. Administrasiya sisteminə daxil olan strukturların işi, habelə nəzarət metodları daha da effektivləşdirilməli və onların koordinasiyası təmin edilməli, o cümlədən informasiyanın inteqrasiyası həyata keçirilməlidir.

26. Administrativ sistemin dinamikliyini təmin etmək məqsədilə cəmiyyətdə novatorluq, təşəbbüskarlıq, mədəniyyət və tərəqqinin genişləndirilməsi əhval-ruhiyyəsi daim dəstəklənməlidir. 

Bu siyasi strategiyaların ünvanlandığı möhtərəm rəsmilər (üçlü hakimiyyət qüvvələrinin, Silahlı Qüvvələrin, qeyri-hökumət təşkilatlarının məsul rəsmiləri) onların həyata keçirilməsi üçün konkret vaxt bölgüsü planlaşdırmalı və işlərin gedişi barədə periodik olaraq məlumat verməlidirlər.

Seyid Əli Xamenei

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /