Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kütləvi qırğın silahlarından istifadə şəriətə görə haramdır!

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranda baş tutan Beynəlxalq Nüvədən Tərksilah Konfransına müraciət ünvanladı.

Müraciətin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Nüvədən Beynəlxalq Tərksilah Konfransında iştirak etmək üçün Tehrana gəlmiş möhtərəm qonaqları salamlayır və  “Xoş gəlmisiniz!” deyirəm. Bu gün İran İslam Respublikasının Nüvədən Beynəlxalq Tərksilah Konfransına ev sahibliyi etməsi olduqca sevindirici bir haldır və ümid edirəm ki, yaranmış fürsətdən istifadə edib konfransda aparılan müzakirə və danışıqlardan çıxaracağınız dəyərli, həmişəyaşar nəticələri dünya ictimaiyyətinə təqdim edəcəksiniz.
         
Nüvə elmləri bəşəriyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu nailiyyət dünya xalqlarının rifahına, bütün bəşər cəmiyyətinin inkişaf və tərəqqisinə xidmət edə bilər və bunu mütləq etməlidir.      
 
Nüvə elmlərinin istifadəsi və tətbiqi tibb, enerji və müxtəlif sənaye sahələri daxil olmaqla geniş bir dairəni əhatə edir ki, bunlardan hər biri ayrı-ayrılıqda özünəməxsus əhəmiyyət kəsb edir. Elə buna görə də əminliklə demək olar ki, nüvə texnologiyası iqtisadi həyatda özünə görkəmli bir yer tutmuşdur və zaman keçdikcə, habelə sənaye, tibb və enerji sahələrində ehtiyaclar artdıqca bu texnologiyaların əhəmiyyəti də yüksələn xətt üzrə artacaq, nüvə enerjisinin əldə olunması və istifadəsinə maraq da bir o qədər çoxalacaq. Yaxın Şərq regionunda yaşayan, dünyanın digər xalqları kimi sülh, asayiş və tərəqqi arzusunda olan xalqların da nüvə texnologiyasından bəhrələnib layiqli iqtisadi status qazanmağa, gələcək nəsillər üçün daha yüksək bir mövqe təmin etməyə haqqı var. Ola bilsin ki, İran İslam Respublikasının sülhməramlı nüvə proqramları ilə bağlı qəsdən müxtəlif şübhələrin yayılmasında məqsəd də region xalqlarının özlərinin bu təbii və dəyərli hüququna ciddi diqqət və marağının qarşısını almaqdır.

Daha maraqlı məqam budur ki, dünyanın yeganə atom cinayətkarı hal-hazırda atom silahının yayılmasına qarşı mübarizə apardığı barədə yalan iddialarla çıxış edir və özünü nüvə silahının əleyhdarı kimi təqdim edir. Halbuki, bu istiqamətdə heç bir ciddi addım atmayıb və heç bir zaman atmayacaq. Əgər ABŞ-ın nüvə silahının yayılmasına qarşı mübarizə iddiaları yalan olmasaydı, sionist rejimi bu sahədə qəbul edilmiş beynəlxalq normalardan, xüsusilə də Nüvə Silahının Yayılmaması Sazişindən boyun qaçıraraq işğal etdiyi Fələstin torpağını çoxsaylı nüvə silahlarının toplandığı silah anbarına çevirməzdi.        
   
Təəssüflər olsun ki, bu gün “atom” sözü dünyada elmin inkişafı ilə yanaşı, həm də tarixdə baş vermiş ən çirkin hadisə ilə, misli-bərabəri görünməmiş soyqırımla, elmin bu nailiyyətindən dəhşətli sui-istifadə ilə də assosiasiya olunur. Dünyada bir çox ölkələr nüvə silahı istehsal etmək və bu silah növü ilə təchiz olunmaq istiqamətində bir sıra addımlar atmışlar. Yer üzündə sülh və asayişi təhdid altına salmış bütün bu addımlar öz növbəsində cinayətin başlanğıcı hesab oluna bilər. Buna baxmayaraq yalnız bircə ölkə atom cinayətinə yol verib. Yalnız Amerika Birləşmiş Ştatları qüvvələrin qeyri-bərabər olduğu, insanlığa heç cür sığmayan bir müharibədə Herosima və Naqasaki məntəqələrində  məzlum yapon xalqına qarşı atom silahını işə salıb.

ABŞ dövlətinin Herosima və Naqasakidə partlatdığı ilk nüvə silahı tarixdə misli görünməmiş irimiqyaslı bir insan faciəsinə səbəb oldu; dünyada sülh və asayişi böyük bir təhlükə ilə üz-üzə qoydu; dünya ictimaiyyəti bu qorxunc silahı tamamilə məhv etmək barədə yekdilliklə razılığa gəldi. Mülki əhali və hərbçi, uşaq-böyük, qadın-kişi, yaşlı-cavan arasında fərq qoymadan xalqın bütün nümayəndələrini hədəfə almış atom silahı çoxsaylı insan tələfatına və dağıntılara səbəb oldu. Onun bütün bəşəriyyətə qarşı çevrilmiş mənfi nəticələri siyasi-coğrafi sərhədləri aşaraq hətta sonrakı nəsillərə də kompensasiya edilməsi mümkün olmayan olduqca böyük xəsarətlər yetirdi. Buna görə də nüvə silahından hər cür istifadə və hətta bu silahdan istifadə təhdidləri humanizm normalarının ciddi surətdə pozulması, hərbi cinayətin bariz göstəricisi kimi qəbul edilir. Bəzi dövlətlər hərbi və təhlükəsizlik məqsədləri ilə bu qeyri-humanist silah növünü əldə etməyə çalışırlar. Şübhə yox ki, nüvə müharibəsində qalib tərəf ola bilməz, belə bir qarşıdurmaya girmək məntiqsiz və qeyri-humanist bir işdir. Lakin bütün etik, məntiqi, humanist və hətta hərbi aksiomlara rəğmən özlərinin xəyali təhlükəsizliyini bütün bəşəriyyətin təhlükəsizliyini təhdid altında saxlamaq üzərində qurmuş bir neçə dövlət dünya ictimaiyyətinin atom silahının tamamilə məhv edilməsi ilə bağlı dəfələrlə və təkidlə irəli sürdüyü tələbə heç bir əhəmiyyət verməmişlər. Həmin dövlətlər nüvə silahlarını saxlamaqda, çoxaltmaqda və dağıdıcı gücünü artırmaqda israr etmişlər. Bu silahlar yalnız dünya ictimaiyyətini qorxu altında saxlamaq, beyinləri terror etmək, “dünyada zəmanətli kütləvi məhvdən çəkinib nüvə silahının istifadəsindən daşınmaq” prinsipinə əsaslanan yalançı təhlükəsizliyi təmin etmək məqsədi daşımışdır və hal-hazırda da bu belədir. Nəticədə dünya bu gün də atom kabusunu yaşamaqdadır. Super-dövlətlər öz rəqiblərini, Yer kürəsinin  bütün sakinlərini və sözsüz ki, özlərini “10 min dəfələrlə xəyali məhvetmə  gücü” əldə etmək üçün saysız-hesabsız insan potensialı və iqtisadi vəsait sərf ediblər. Bu strategiyaya heç də əbəs yerə “qarşılıqlı zəmanətli məhvdən çəkinmə”, yaxud “dəlilik” adı verilməmişdir.

Bəzi nüvə derjavaları son illərdə digər nüvə dövlətlərinə qarşı münasibətdə “qarşılıqlı zəmanətli məhvdən çəkinmə” nəzəriyyəsini də aşmışlar. Belə ki, bu dövlətlərin nüvə strategiyasında hətta Nüvə Silahının Yayılmaması Sazişini pozanların ənənəvi təhdidlərinə qarşı nüvə silahından istifadə haqqının qorunub-saxlanması məsələsi ön plana çəkilir. Halbuki, Nüvə Silahının Yayılmaması Sazişini kobud surətdə pozanlar Nüvədən Tərksilah Sazişinin 6-cı bəndindəki öhdəliklərə əməl etməməklə yanaşı, hətta bu silahların üfüqi və şaquli yayımında da başqalarını qabaqlayır, o cümlədən sionist rejimin nüvə silahı ilə təchizatına yardım edib bu rejimin siyasətini dəstəkləməklə, əslində, Nüvədən Tərksilah Sazişinin 1-ci bəndinə müvafiq öhdəliklərə zidd olaraq atom silahının yayılmasında birbaşa rol oynayır, eyni zamanda Yaxın Şərq regionunu və bütünlükdə dünyanı ciddi təhdidlə üz-üzə qoyurlar. Bu dövlətlərin siyahısında birinci yerdə təcavüzkar və hegemon ABŞ administrasiyası durur.

Yaxşı olar ki, Beynəlxalq Nüvədən Tərksilah Konfransı nüvə silahının istehsalı və anbarlanmasının Yer kürəsi üçün törətdiyi qorxunu araşdırmaqla yanaşı, dünyada sülh və asayişin qorunması istiqamətində əsaslı addımların atılması üçün bəşəriyyətə qarşı çevrilmiş bu təhlükə ilə real mübarizə yollarını da ortaya qoysun.

Bizə elə gəlir ki, nüvə silahından başqa kimyəvi və bakterioloji silah kimi digər kütləvi qırğın silahları da bəşəriyyət üçün ciddi təhlükə yaradır. Kimyəvi silahdan istifadənin qurbanı olmuş İran xalqı bu cür silahların istifadəsinin və anbarlanmasının törətdiyi təhlükəni hər kəsdən daha çox hiss edir və buna qarşı mübarizədə bütün güc və imkanlarını sərf etməyə hazırdır.

Biz kütləvi qırğın silahlarının istifadəsini şəriətə görə haram bilir, bəşər övladlarını bu böyük bəladan xilas etmək üçün əlindən gələn səyi göstərməyi hər kəsin başlıca vəzifəsi hesab edirik.

Seyid Əli Xamenei
17 aprel, 2010-cu il

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /