Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dünya Obamanın son bəyanatlarını sükutla qəbul etməməlidir!

Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrin Baş Qərargahının sədri, Keşikçi Korpusun və ordunun baş komandirləri, habelə hərbi və polis qüvvələrinin bir qrup yüksək rütbəli komandirləri ilə görüşdü. Ali Məqamlı Rəhbər Silahlı Qüvvələri xalqı və dövləti mühafizə edən “qala divarları” adlandıraraq, həmçinin onların daim möhkəm və ayıq-sayıq olmasının vacibliyinə toxunaraq təkidlə vurğuladı: “Hər bir dövlətin və xalqın həqiqi möhkəmliyi Uca Yaradana arxalanmaqda, müdriklikdə, özünəinam hissində, mübarizə və müqavimət bacarığına inanmaqda və müqavimət gücünü artırmaqdadır”.

Həzrət Ayətullah Xamenei dünyadakı mövcud vəziyyətə, o cümlədən zülmün, zorakılığın, cəhalətin və şəhvətin Yer üzündəki hakimiyyətinə toxunaraq qeyd etdi: “Belə bir dünyada Silahlı Qüvvələrin güclü və möhkəm olması, müdrik, düşünülmüş və cəsarətli addımların atılması ikiqat əhəmiyyətə malikdir”.   

İslam İnqilabının Rəhbəri bəzi dövlətlərin və onların başında duran rəsmilərin aldadıcı şüarlar altında təcavüzkar və zülmkar əməllər törətdiyini deyərək əlavə etdi: “Bu gün dünyada, əslində, müharibə tərəfdarı olanlar sülhdən danışır, insanların hüquq və azadlıqlarına qətiyyən hörmətlə yanaşmayanlar isə insan haqlarından ağızdolusu dəm vururlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bəzi təcavüzkar dövlətlər və onların başçıları ən çirkin metodlara əl atır, o cümlədən öz siyasətlərini həyata keçirmək naminə terror təşkilatları yaradaraq onları himayə edirlər. Bütün bunlara baxmayaraq onlar dünya ictimaiyyəti qarşısında özlərini humanist və sülhpərvər kimi qələmə verərək zahirən təmkinli bəyanatlarla çıxış edirlər”.  

Ali Məqamlı Rəhbər maskalanmış, yalan, hiylə, zülm və zorakılıq üzərində qurulmuş belə bir dünyada bəzi təkəbbürlü dövlətlərin özlərinin heç bir dayağı olmayan hakimiyyətinə arxalanaraq soyuqqanlılığı əldən verdiklərini dedi. Daha sonra o, belə bildirdi: “Buna nümunə olaraq ABŞ prezidenti Barak Obamanın İran xalqını açıq-aşkar nüvə silahı ilə hədələyən sonuncu bəyanatlarını göstərmək olar”. 

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Obamanın bəyanatı olduqca heyrətləndiricidir və dünya ictimaiyyəti bunun üzərindən sükutla keçməməlidir. Çünki bu, “insan haqlarının müdafiəsi” və “terrorla mübarizə” şüarlarının səsləndirildiyi XXI əsrdə hər hansı bir dövlət başçısının başqa bir dövləti açıq-aşkar nüvə hücumu ilə hədələməsidir”.

Həzrət Ayətullah Xamenei bu cür bəyanatların ABŞ-ın zərərinə işlədiyini bildirərək dedi: “Əslində, bu cür çıxışlar Amerikanın bədxah və etibarsız bir dövlət olduğuna dəlalət edir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Son illər ərzində amerikalılar nüvə məsələsi ilə bağlı İran İslam Respublikasının reputasiyasını ləkələmək üçün çox çalışdılar. Lakin hal-hazırda məlum olub ki, əsl cinayətkar və etibarsız dövlətlər nüvə silahına malik olan və həyasızcasına başqalarını hədələyənlərdir. Buna görə də Amerika dövlət başçısının dediyi sözlər olduqca rüsvayedicidir”.

Belə bir qarmaqarışıq şəraitin hökm sürdüyü dünyada son dərəcə ayıq-sayıq olmağın vacibliyini vurğulayan Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “Bu şəraitdə üzləşdiyi bəla və fırtınalara sinə gərə bilmək üçün xalqın mənəvi-psixoloji hazırlığı, əzmkarlığı və mübarizə gücü hərbi və döyüş hazırlığından daha mühümdür”. 

Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Dövlətin sarsılmazlığı Allaha iman hissində, mübarizə gücü və bacarığında, böyük əzmdə və yalanlara aldanmamaqdadır”.

Ali Məqamlı Rəhbər xalqa əziyyət verən fırtına və keşməkeşlərin daimi olmadığını qeyd edərək dedi: “30 illik təcrübə toplamış İran xalqı bu gün bütün sahələrdə daha mübariz və güclüdür. Bu xalq hər cür düşmənçiliyə qarşı müqavimət göstərmək iqtidarında olduğunu nümayiş etdirib”.

Çıxışının digər qismində Silahlı Qüvvələrə döyüş və müdafiə hazırlığının yüksəldilməsi məqsədilə lazımi tədbirlər görməyi tövsiyə edən Ali Baş Komandan belə vurğuladı: “Silahlı Qüvvələr təhdidlərə qarşı daim ayıq-sayıq və hazırlıqlı olmalıdırlar. Bunun üçün isə Silahlı Qüvvələrin hərbi və müdafiə təliminə ciddi yanaşılmalı, lazımi tədbirlər görülməli və fəaliyyət proqramları hazırlanmalıdır”.

İslam İnqilabının Rəhbəri Silahlı Qüvvələrin digər spesifik cəhəti kimi bu hərbi birləşmələrin Müqəddəs Müdafiə Hərəkatında qazandığı zəngin və ümidverici təcrübəni qeyd edərək orduda mənəvi atmosferin, uzaqgörənliyin və dini etiqadın gücləndirilməsinin vacibliyini təkidlə vurğuladı.

Görüşün əvvəlində Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, diviziya generalı Firuzabadi Silahlı Qüvvələrin hazırlıq səviyyəsi və döyüş bacarığı barədə məlumat verərək dedi: “Silahlı Qüvvələr döyüş hazırlığını və ayıq-sayıqlığını qorumaqla yanaşı, daha artıq çalışıb təşəbbüs göstərərək hərbi və müdafiə qüdrətini, cihad və səfərbərlik əhval-ruhiyyəsini yüksəltmək niyyətindədirlər”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /