Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyası öz siyasi məntiqi və diplomatik sözü ilə haqlı tələblərini həyata keçirə bilər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bir qrup dövlət rəsmisi, görkəmli elm və siyasət adamları ilə görüşdə ölkənin mövcud problemlərinin prinsipial və ikinci dərəcəli məsələlər olmaq üzrə iki yerə bölünməli olduğunu vurğulayaraq dedi: “Ölkə rəsmiləri, vəzifəli şəxslər bütün diqqətlərini müxtəlif sahələr üzrə dövlətin prinsipial hədəflərinin həyata keçirilməsi, xalqa xidmət üzərində cəmləməlidirlər”.

Həzrət Ayətullah Xamenei görüş iştirakçılarını yeni ilin gəlişi münasibətilə təbrik edərək, o cümlədən yeni ilin təhvil olduğu anda xalqın müqəddəs məkanlarda və şəhid məqbərələrinin kənarında olmasını olduqca gözəl bir ənənə, habelə İran xalqının dini etiqadının nişanəsi adlandıraraq əlavə etdi: “Həyatda baş verən müxtəlif proseslər nə qədər çox dini mahiyyət kəsb etsə, insanların nicat və xoşbəxtliyi üçün daha çox zəmanət olar.  Dünyanı dinsiz görmək istəyənlər hal-hazırda bir sıra çıxılmaz problemlərlə üzləşiblər”.

Qərb dünyasının dini etiqadı insanların həyatından qoparmaq, əxlaqsızlığı açıq-aşkar formada yaymaq üçün genişmiqyaslı səylər göstərdiyini xatırladan Ali Məqamlı Rəhbər belə qeyd etdi: “Qərbdə bu kimi səylərin nəticəsi ailələrin dağılması, cəmiyyətin üzvlərinin bir-birinə tamamilə ögey münasibət bəsləməsi olub. Lakin bu ideyaların puç və mənasız olduğu sübut olunduqdan, belə bir təfəkkür tərzi son nəticədə çıxmaza dirəndikdən sonra insanlar dinə qayıtmağa başlayırlar. Hal-hazırda dünya miqyasında belə bir böyük axın müşahidə olunur və İslam dini diqqət mərkəzində yer almışdır”.

Həzrət Ayətullah Xamenei İslam dinini ümumdünya mənəvi-ideoloji təfəkkür tarixinin ən parlaq nümunəsi, “qiymətli üzük daşı” adlandıraraq qeyd etdi ki, İslama qarşı mövcud olan müxalifət və düşmənçiliyin əsl səbəbi də məhz elə budur. Daha sonra o əlavə etdi: “İslam dövlətinə qarşı yürüdülən düşmənçilik və ədavətin böyük bir qismi bu ölkədə dini etiqadın mövcud olması ilə bağlıdır. Çünki xalqımızı meydanlara çəkib gətirən, təhlükəli, dolanbac yollarda, problem və çətinliklərdə onu düzgün istiqamətə yönəldən məhz dinə etiqad hissi olub”.

İslam İnqilabının Rəhbəri Fələstində baş verən son olaylara, İordan çayının qərb sahillərində və Qəzza sektorunda törədilən dəhşətli faciələrə toxunaraq qeyd etdi: “Memarlıq və mədəniyyət abidələrindən İslam izlərinin qəsdən silinməsi, İbrahim peyğəmbərin (s) hərəmində törədilənlər, müsəlmanların öz yurd-yuvalarından didərgin salınması hər kəsin gözü qarşısında baş verən çox təhlükəli və xəbis bir plandır. Bu plan İslam dünyasının diqqətini ikinci dərəcəli, qeyri-prinsipial məsələlərə yönəltmək fonunda həyata keçirilməkdədir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əsasən Fələstini dəstəkləmək məqsədilə təsis edilmiş İslam Konfransı Təşkilatı Fələstini müdafiə etmək və İslam dünyasını sionistlərin məkrli əməllərinə qarşı səfərbər etmək kimi başlıca vəzifələrinə mütləq əməl etməlidir”.

Həzrət Ayətullah Xamenei müsəlman dünyasının xəbis və tamahkar sionizmə qarşı mübarizə aparmaq üçün kifayət qədər yüksək potensiala malik olduğunu xüsusilə qeyd edərək əlavə etdi: “İslam dünyasının gücü və potensialı təkcə neft resursları ilə məhdudlaşmır. Belə ki, dünyanın ən böyük istehlak bazarı, ən mühüm və strateji tranzit yolları müsəlmanların ixtiyarındadır. Qərbin gücü və nüfuzu bu regiondan asılıdır”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “İslam dünyası hətta bu imkanlarından istifadə etmədən belə, sırf siyasi məntiqi və diplomatik sözü, beynəlxalq situasiyanın dəyişilməsində xüsusi çəkisi olan müsəlman dövlətlərinin və xalqlarının fəaliyyəti sayəsində öz haqlı tələblərini həyata keçirə bilər”.

Həzrət Ayətullah Xamenei ötən illərə və fəsillərə diqqət yetirməyin, baş verən hadisələrdən düzgün nəticə çıxarıb təcrübə toplamağın vacibliyini xüsusilə qeyd edərək, həmçinin hər kəsə təqvalı olmağı, Allaha tərəf yönəlməyi, xüsusilə də namaza qarşı əvvəlkindən də artıq diqqətli olmağı tövsiyə edərək dedi: “Ümidvaram ki, dövlət rəsmiləri və xalqın nümayəndələri öhdələrinə düşən vəzifələrə əməl etdikcə Allahın lütf və mərhəməti ölkəmizə daha çox şamil olunacaq”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /