Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəsmilər bilməlidirlər ki, vəzifədə olduqları hər bir ana görə o dünyada sorğu-sual olunacaqlar!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra hökumət nümayəndələri, İslami Şura Məclisinin rəhbər heyəti və məclisin ayrı-ayrı komitələrinin rəhbərləri, yüksək vəzifəli ədliyyə işçiləri, Keşikçi Şuranın katibi və şuranın hüquqşünas üzvləri ilə görüşdü. Görüşdə Ali Məqamlı Rəhbər ölkənin tərəqqi və yüksəliş yolundakı hərəkətində dövlət məsullarının çiyin-çiyinə, birgə fəaliyyət göstərməsinin vacibliyini təkidlə vurğulayaraq dedi: “Rəsmilər ölkənin saysız-hesabsız, misilsiz maddi-mənəvi resurslarını öyrənib müxtəlif sahələrdə onlardan düzgün istifadə etməli, “20 illik perspektiv plan”ın qarşıya qoyduğu məqsədlərə, habelə bundan da yüksək zirvələrə çatmaq uğrunda daha çox təşəbbüs göstərib işləməli, bütün güc və bacarıqlarını səfərbər etməlidirlər”.

Həzrət Ayətullah Xamenei görüş iştirakçılarını bir daha yeni ilin gəlişi münasibətilə təbrik edərək, habelə ölkəni qarşıda bərəkətli bir ilin gözlədiyinə ümidvar olduğunu bildirərək dedi: “Yeni ilin bərəkətli bir il olması bundan asılıdır ki, məsul şəxslər böyük stimulla, məqsədyönlü şəkildə çalışsınlar, görülən işlərlə qane olmasınlar, Uca Yaradanın öz rəhmət və bərəkətini gözəl və imanlı İran xalqının üzərinə yağdırması üçün zəmin yaratmış olsunlar”.

İslam İnqilabının Rəhbəri istismar edilməmiş, yaxud yarımçıq istismar edilmiş mədənləri ölkənin mövcud resurs və potensialı adlandıraraq əlavə etdi: “Ölkənin iqtisadi resursları olduqca yüksəkdir. Ölkəmiz elm sahəsində də heyrətamiz potensiala malikdir”.

Həzrət Ayətullah Xamenei İranda müxtəlif mədəniyyət sahələri üzrə coşqun istedada malik olan dəyərli insanların çox olduğunu qeyd edərək dedi: “Texnologiya sahəsində də ölkəmizin mövcud imkan və potensialı ağlagəlməz dərəcədə böyükdür. İranda böyük və diqqətəlayiq işlərin görülməsi üçün münasib zəmin var”.

Ali Məqamlı Rəhbər təkidlə vurğuladı ki, ölkənin mövcud resurs və potensialını aşkara çıxarıb ondan səmərəli surətdə yararlanmaq üçün zirvələrə doğru hərəkət etmək vacibdir və bu işdə heç bir vəchlə orta hədlə qane olmaq olmaz. Daha sonra o, mövzu ilə bağlı bunları da əlavə etdi: “Bu resurs və imkanlardan səmərəli istifadə üçün bütün səy və təşəbbüsümüzü səfərbər etməsək, səhlənkarlıq etmiş sayılırıq və bu səhlənkarlıq hamıya qarşı zülm etmək deməkdir”.

Xalqın xidmətində durmağın, ehtiyac duyulan anda öz iştirakını və səyini əsirgəməməyin müqəddəs bir iş olduğunu bildirən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “İslamın ilkin dövrlərində yaşamış bəzi şəxslər və əziz Peyğəmbərimizin (s) yaxın silahdaşları yalnız çoxlu ibadət, dua və namazlarına görə mədh olunmamışlar. Onlara həm də düzgün siyasi mövqelərinə, gördükləri işlərə və cihad müharibələrindəki iştiraklarına görə yüksək qiymət verilmişdir. Həmçinin bu dövrdə yaşamış bəzi insanlar da təkcə günaha və harama düçar olmaq ucbatından deyil, ehtiyac duyulan anda təşəbbüs göstərib hadisələrdə iştirak etmədiklərinə görə də məzəmmət olunmuşlar”.

Həzrət Ayətullah Xamenei ölkənin irəliyə doğru hərəkətində məsul rəsmilərin birgə və həmrəy olmasını olduqca mühüm bir amil kimi dəyərləndirərək qeyd etdi: “«Birlik və həmrəylik» dedikdə fərqli rəy və görüşlərdən qəti surətdə çəkinmək nəzərdə tutulmur. Sözsüz ki, rəy müxtəlifliyi, mütəxəssislərin elmi mübahisələri işlərin daha da irəli getməsinə səbəb olur. Lakin rəy və görüşlərdəki bu cür fərqlilik ölkənin irəliyə doğru ümumi hərəkətində əngəl yaratmamalı, yaxud məsul şəxslərin fərqli hərəkət kurslarına istiqamətlənməsinə səbəb olmamalıdır”.

Ali Məqamlı Rəhbər bütün dövlət rəsmilərinə, xüsusilə də üçlü hakimiyyət qüvvələrinin təmsilçilərinə irimiqyaslı qərarlar qəbul edərkən aralarındakı birlik və həmrəyliyi qorumağı təkidlə tövsiyə edərək dedi: “Hazırkı şəraitdə qarşımızda ölkənin 5-ci inkişaf proqramının icrası durur. Bu proqram məsul şəxslərin üzərinə bir çox zəruri tələblər qoyur ki, onların həyata keçirilməsi üçün birlik və həmrəyliyə böyük ehtiyac var”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Şübhəsiz ki, icraedici orqan kimi dövlət işlərin məsuliyyətini bütünlüklə öhdəsinə götürüb. Lakin buna baxmayaraq hamı ümumi mənafeyi nəzərdə tutaraq dövlətə yardım etməli, tərəqqi və irəliləyiş naminə işlərin icrası üçün münasib şərait yaratmalıdır”.

Həzrət Ayətullah Xamenei ölkənin “20 illik perspektiv plan”ının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsini üçlü hakimiyyət qüvvələrinin nümayəndələrinin öhdəsinə düşən mühüm və həssas vəzifələrdən biri adlandıraraq qeyd etdi: “Hal-hazırda biz vaxt bölgüsü baxımından bəzi sahələr üzrə “20 illik perspektiv plan”da nəzərdə tutulduğundan irəlidə olsaq da, bəzi sahələrdə hərəkət tempi lazımi qədər sürətli deyil. Buna görə də “20 illik perspektiv plan”ın qarşıya qoyduğu məqsədləri aşa bilmək üçün daha çox təşəbbüs göstərib işləməliyik”.

Ali Məqamlı Rəhbər cəmiyyətdə çalışqanlıq və təşəbbüskarlıq mədəniyyətinin genişləndirilməsinin zəruri olduğunu qeyd etməklə yanaşı, subsidiyaların məqsədyönlü şəkildə istiqamətləndirilməsi məsələsinə də toxunaraq dedi: “Ümidvaram ki, dövlət və İslami Şura Məclisi arasında subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi haqqında qanunun icrası üçün münasib yekdillik əldə olunacaq, xalqımız məsul şəxslərin səylərinin və gördüyü tədbirlərin bəhrəsini dadacaq”.

İslam İnqilabının Rəhbəri mədəni məsələlərin də olduqca əhəmiyyətli olduğunu qeyd edərək vurğuladı: “Cəmiyyətin ümumi mədəni səviyyəsi və insanların həyatında dinin öz əksini tapması diqqət yetirilməsi vacib olan mühüm məsələlərdən biridir”.

İran İslam Respublikasının məsul siması olmağı ağır, həssas və məsuliyyətli bir iş adlandıran Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “İslam Respublikasının rəsmiləri bilməlidirlər ki, vəzifə postunda olduqları hər bir ana görə o dünyada sorğu-sual olunacaqlar. Buna görə də elə hərəkət etməliyik ki, Uca Yaradanın qarşısında qaneedici formada cavabdehlik edə bilək”.

Bu dünyadakı həyatın, səy və zəhmətin başlıca məqsədinin ölümdən sonrakı əsl həyatda nicat və rahatlıq tapmaq olduğunu deyən Həzrət Ayətullah Xamenei dövlət rəsmilərinə Tanrıya münasibətlərində, ibadətlərində daha da əzmli olmağı, Quranın ifadə etdiyi məna haqqında dərindən düşünməyi tövsiyə etdi.

İslam İnqilabının Rəhbəri çıxışının digər qismində bayram günlərində və Novruz gəzintilərində əhali üçün tam asayiş, təhlükəsizlik, sevinc və rahatlıq şəraitini təmin etdiyinə görə bütün dövlət orqanlarına və məsul təşkilatlara öz təşəkkürünü bildirdi.
   
Səmimi və mənəvi bir atmosferdə baş tutan bu görüşdə İslam İnqilabının Rəhbəri aralarında Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın, Milli Təhlükəsizlik Şurasının və Ali Mədəni İnqilab Şurasının katiblərinin də yer aldığı görüş iştirakçıları ilə səmimi söhbət etdi.

Görüşün əvvəlində Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /