Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı öz mübarizliyinə arxalanaraq düşmənin məkrli planlarına istehza ilə gülür!

Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Dəşti-Abbas” hərbi əməliyyat zonasında ‒ unudulmaz və iftixar doğuran “Fəthül-mubin” hərbi əməliyyatının yad edildiyi yerdə oldu, bununla da 1361-ci ildə qalibiyyətlə yerinə yetirilmiş bu uğurlu əməliyyatda cəsur İslam əsgərlərinin göstərdiyi rəşadət və qəhrəmanlığın xatirəsini ehtiramla yad etdi. Ali Məqamlı Rəhbər Uca Yaradandan əməliyyat zamanı şəhid olmuş əziz döyüşçülərin ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi.

Həzrət Ayətullah Xamenei “Nur yürüşü” karvanlarının və məntəqədəki yerli əhalinin qarşısında çıxışı zamanı Müqəddəs Müdafiə Hərəkatı illərində gənclərin fədakarlığını, mübarizliyini, müdrikliyini və böyük əzmini yüksək qiymətləndirərək təkidlə vurğuladı: “İran xalqının bu dünyada və axirətdə səadətə qovuşmasının yeganə yolu şücaəti, uzaqgörənliyi, müdrikliyi, inama və İslam əqidəsinə söykənən tükənməz əzmi və möhkəm iradəni qoruyub-saxlayaraq həmin fədakar gənclərin yolunu davam etdirməkdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Müqəddəs Müdafiə Hərəkatı zamanı hərbi əməliyyatların keçirildiyi məntəqələrə gəlməkdə onun başlıca məqsədi İslam əsgərlərinin, əməliyyatlar zamanı həlak olmuş aliməqam şəhidlərin fədakarlığını və mübarizliyini yad etmək, ölkənin düşdüyü olduqca çətin və həssas şəraitdə canlarından keçib əvəzsiz qurbanlar verdiklərinə görə dəyərli Xuzistan camaatına öz dərin təşəkkürünü bildirməkdir. Daha sonra o əlavə etdi: “Müqəddəs Müdafiə Hərəkatında Xuzistan camaatı cəbhənin ön sıralarında yer almışdı. Bu camaat İran İslam Respublikasına o qədər səmimi-qəlbdən bağlı idi ki, düşmən BƏSA rejiminin dil və etnik fərq bəhanəsi üzərində qurulmuş provokasiyaları belə bu möhkəm bağlılığı sarsıda bilmədi”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Hərəkatı zamanı hərbi əməliyyatların həyata keçirildiyi məntəqələri müqəddəs ziyarətgahlar adlandıraraq, habelə bu məntəqələrə gəlişinin daha bir məqsədinin həmin yerləri ziyarətə gəlmiş insanlara minnətdarlıq bildirməkdən ibarət olduğunu deyərək təkidlə vurğuladı: “Bu təqdirəlayiq ənənə və bir neçə il öncə ilk “Nur yürüşü” karvanlarının məntəqələrə səfəri formasında başlanmış bu bərəkətli hərəkat gələcəkdə də davam etdirilməlidir”.

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “İran xalqı Müqəddəs Müdafiə Hərəkatı kimi həssas, tarixi əhəmiyyətli və iftixar dolu bir mərhələni heç bir zaman yaddan çıxarmamalıdır. Çünki bu mərhələ xalqımız üçün olduqca ağır və dəyərli bir təcrübədir”.

İslam İnqilabının Rəhbəri belə vurğuladı: “Heç şübhəsiz bugünkü nəslin gəncləri də Müqəddəs Müdafiə Hərəkatı illərində yaşasaydılar, o cür böyük əzmlə meydana atılardılar. Bu günün gəncliyi öz şücaət və qəhrəmanlığını elm, siyasət, əmək, milli birlik, həmrəylik və uzaqgörənlik meydanında sübuta yetirib”.

İslam Respublikası düşmənlərinin İranı arzuolunmaz müharibəyə vadar etməkdə başlıca məqsədinin məhz ölkənin torpaqlarından bir hissəsini əlindən almaqla İran xalqını təhqir etmək olduğunu deyən Ali Məqamlı Rəhbər bunları da əlavə etdi: “O dövrdə Amerika, keçmiş Sovetlər Birliyi və ağızdolusu “insan haqları”ndan danışan bəzi Avropa ölkələri İran İslam dövlətini çökdürmək üçün mənfur Səddam rejiminə kömək etdilər. Lakin bu xalqın cavanları fədakarcasına, böyük əzm və güclü iman hissi ilə imperialist qüvvələrin məkrli planlarını boşa çıxararaq düşməni əzdilər”.

Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “Şübhəsiz ki, xalqın böyük əzmi, müdrikliyi, uzaqgörənliyi, mübarizliyi, qətiyyət və şücaəti əzəmətli və güclü görünən hər bir düşməni diz çökdürüb məğlub edə bilər”.  
  
İslam İnqilabının Rəhbəri hal-hazırda İran xalqının İslam dünyasındakı qüdrət və nüfuzunun Müqəddəs Müdafiə Hərəkatı illərinə nisbətən dəfələrlə böyük olduğunu deyərək əlavə etdi: “Bu gün də məkrli planlar quran düşmənlər çoxdur. Lakin İran xalqı öz mübarizliyi və müqaviməti ilə bütün bu məkrli planların üzərindən istehza ilə gülüb keçir”.

Həzrət Ayətullah Xamenei siyasi-ideoloji müharibənin hərbi qarşıdurmadan daha çətin olduğunu vurğulayaraq dedi: “İran xalqı ideoloji savaşda, siyasət və dövlət təhlükəsizliyi meydanlarında da Müqəddəs Müdafiə Hərəkatı illərindəki qədər mübariz və uzaqgörən olduğunu nümayiş etdirdi”.

O, bütün sferalarda daha artıq təşəbbüs göstərib daha çox işləməyin vacibliyini vurğulayaraq qeyd etdi: “İran xalqı uzun illər boyu davam edən istibdad və xarici müdaxilə dövründən qalmış nöqsan və geriliklərin yerini mütləq doldurmalıdır”. 

İslam İnqilabının Rəhbəri iranlı gənclərin dünyada misilsiz olduğunu deyərək təkidlə vurğuladı: “Belə gənclərin varlığı ölkəmizin parlaq gələcəyindən müjdə verir. Uca Allahın lütfü və mərhəməti sayəsində gənclərimiz İran İslam dövlətinin və böyük İran xalqının elm, texnologiya, siyasət və beynəlxalq nüfuz baxımından dünyada öz layiqli yerini tutacağı o günü mütləq görəcəklər”.

Ziyarət zamanı ordunun bir qrup yüksək rütbəli zabitləri Həzrət Ayətullah Xameneini müşayiət etdilər.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /