Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bütün sənaye sahələrində öz gücümüzə arxalanmalıyıq!

Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük sənaye mərkəzlərindən birində oldu və ölkənin istehsal potensialının bir hissəsinin, xüsusilə də avtomobilqayırma və milli mühərrik istehsalı sahələrinin işi ilə yaxından tanış oldu.

Sənaye və mədən sektorunun məsul işçilərinin və nazirlərin də iştirak etdiyi 3 saata yaxın davam edən baxış əsnasında mütəxəssislər ayrı-ayrı sahələrin işi barədə ətraflı məlumat verdilər.

Ali Məqamlı Rəhbər milli avtomobil mühərriki istehsalı sektorunun işi ilə də yaxından maraqlandı. Bu sektorda milli avtomobil mühərrikinın müxtəlif hissələrinin istehsalı prosesi və sınaqları sərgiləndi.

Ölkənin avtomobil istehsalı sənayesinin imkanlarını nümayiş etdirən sərgidə mühüm yer tutan sahələrdən biri də dizel yanacağı ilə işləyən milli mühərriklərin istehsalı sahəsi idi. Belə ki, bu sahəyə dair ölkədə istehsal edilmiş, dəmiryol, gəmiçilik, elektrik stansiyaları və istehsalatda geniş istifadə olunan ilk ağır dizel mühərriki nümayiş edildi.

Bu mühərrikin layihə və konstruksiyası təcrübəli mütəxəssislərin yetişdirildiyi elmi-tədqiqat mərkəzlərinin həmkarlığı sayəsində mümkün olmuşdur. Ağır dizel mühərriklərinin istehsalı sahəsində nəzərdə tutulan gələcək layihələr sırasında iki növ yanacaqla işləyən dizel mühərriklərinin layihə və konstruksiyası da var.

Sərgidə müxtəlif milli mühərrik növləri, xüsusilə də ölkə daxilində istehsal olunan avtomobil markalarının milli mühərrikləri, habelə maye qaz yanacağı əsasında işləyən yerli mühərriklər də nümayiş olundu.

Sənaye imkanlarını nümayiş etdirən sərginin digər bir hissəsi isə müxtəlif avtomobil hissələrinin layihə və konstruksiyasında ən son texnologiyalardan, xüsusilə də nano-texnologiyalardan istifadə edilməsi ilə bağlı idi. Avtomobil istehsalında nano-texnologiyalardan ləkə götürməyən üzlük örtüklərin, avtomobil şüşələri üçün özü-təmizləyən örtüklərin, avtomobillərin rənglənməsi üçün nəzərdə tutulan cızıqlara qarşı örtüklərin istehsalında istifadə olunacaq.

Habelə İslam İnqilabının Rəhbəri ölkədə istehsal olunan minik avtomobillərinin bir qisminə də baxış keçirdi.

Daha sonra Həzrət Ayətullah Xamenei ölkənin sənaye və mədən sektorunun məsul işçiləri və mütəxəssisləri qarşısında çıxış etdi. O, ölkə sənayesinin müstəqilliyinin və inkişafının İran İslam Respublikasının çiçəklənərək yüksəlməsində olduqca yüksək əhəmiyyət kəsb etdiyini dedi, ölkənin müxtəlif sahələrdə, o cümlədən sənayedə irəliləməkdə olduğunu təkidlə vurğuladı. Daha sonra Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkə sənayesində diqqətəlayiq irəliləyişlər əldə olunub. Lakin buna baxmayaraq ikiqat səy göstərib yorulmadan çalışmaq, elmi biliklərə arxalanaraq daxili məhsulun keyfiyyətini yüksəltmək, sənaye sektorunda sıçrayış etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bugünkü baxışın sənaye sahəsinin ölkənin tərəqqisindəki əhəmiyyətli rolunu bir daha vurğulamaq üçün simvolik bir addım olduğunu deyərək əlavə etdi: “Əvvəllər belə bir yanlış fərziyyə mövcud idi ki, intellektual, inkişaf etmiş həyat tərzi ilə mənəvi-əxlaqi dəyərlərə bağlılıq arasında ziddiyyət var. Lakin İran İslam Respublikası bu fərziyyənin yanlış və əsassız olduğunu sübut etdi”.

İslamın elm və mənəviyyat dini olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei qeyd etdi: “Biz intellektual nailiyyətlərlə, müasir həyatla ayaqlaşmaqla yanaşı, həm də mənəvi-əxlaqi, dində vacib sayılan dəyərləri rəhbər tutaraq yaşaya bilərik”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Sənaye sahəsində çalışan mütəxəssislər və rəhbər işçilər bu gerçəkliyin simvolu olmalıdırlar”.

O, ölkə sənayesində əldə edilmiş irəliləyişin və müxtəlif nailiyyətlərin olduqca dəyərli olduğunu vurğulayaraq əlavə etdi: “Bu nailiyyətlər hələ yolun başlanğıcı deməkdir. Biz bütün sənaye sahələrində öz gücümüzə, İran insanının intellekt və təşəbbüsünə arxalana bilmək üçün irəliyə doğru sıçrayışla hərəkət etməliyik”.

İslam İnqilabının Rəhbəri İİR-nın müxtəlif sənaye sahələri üzrə inkişaf etməsi və tam özünü təmin etməsi üçün lazımi imkan və potensiala malik olduğunu qeyd edərək dedi: “Ölkəmizin tarixi keçmişi və möhtəşəm mədəni mirası, hal-hazırkı ümumxalq hərəkatı, gənclərin optimist əhval-ruhiyyəsi və hazırlığı, İran insanının tükənməz istedad və qabiliyyəti ölkəmizin İslam dünyasında parlamasına səbəb olub. Sözsüz ki, İslam dünyası bunu çox müsbət qarşılayır”.

Həzrət Ayətullah Xamenei söhbətinin davamında ölkə sənayesi, xüsusilə avtomobil istehsalı ilə bağlı bəzi məsələlərə toxundu.

Ali Məqamlı Rəhbərin xüsusilə vurğuladığı məsələlərdən biri də lüzumsuz idxalın qarşısını almaq məqsədilə düzgün aqrosiyasətin həyata keçirilməsinin vacibliyi idi.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “Ölkədə bolluğun və ucuzluğun olması çox yaxşıdır. Lakin daxili sənayenin inkişaf etdirilməsi daha mühümdür. Buna görə də müəyyən dəlilləri əsas gətirərək qəsdən ölkənin qapılarını idxal məhsulları üçün taybatay açmaq heç də düzgün deyil”.       

Ali Məqamlı Rəhbər ölkəyə avtomobil idxalı ilə bağlı aparılan siyasətdən və bu sahədə qəbul edilmiş bəzi qərarlardan narazılığını bildirərək dedi: “Ümumiyyətlə, idxal olunan məhsulların həcminin artırılmasında məqsəd daxili məhsulun keyfiyyətinin yüksəldilməsidir. Lakin bu məqsədin həyata keçirilməsi üçün alternativ yollar da var. Onlardan biri daxili məhsulun keyfiyyətinin yüksəldilməsi üçün məqsədyönlü siyasətin və inzibati tədbirlərin həyata keçirilməsidir”.

İslam İnqilabının Rəhbəri sənaye sektorunda elmi biliklərdən və ölkədə aparılan elmi tədqiqatların nəticələrindən səmərəli surətdə yararlanmağın vacibliyini vurğulayaraq dedi: “Elmlə sənayenin uzlaşması məsələsi olduqca əhəmiyyətlidir. Arzu olunan sənaye inkişafına çata bilmək üçün bu iki sahə arasında möhkəm əlaqə yaradılmalıdır”.

Həzrət Ayətullah Xamenei sənaye məhsullarının ixracının əhəmiyyətinə toxunaraq təkidlə vurğuladı: “Bütün sənaye sektorları öz məhsullarını ixrac məqsədilə istehsal etməli və müxtəlif dövlət orqanları isə öz növbələrində ixracat bazarını təmin etmək üçün çoxcəhətli və peşəkar surətdə səy göstərməlidirlər”.

Ali Məqamlı Rəhbər ətraf mühitin qorunması məsələsinə İslam dini baxımından da böyük əhəmiyyət verildiyini qeyd edərək, habelə müxtəlif sənaye sektorlarında, xüsusilə də avtomobillərin istehsalında ekoloji standartlara riayət olunmasını mühüm bir məsələ adlandıraraq dedi: “Sənayedə inkişafa nail olmaq üçün yorulmadan səy göstərib intensiv işləmək lazımdır. Çünki İran dövlətinin və xalqımızın sabahı sənaye sahəsində çalışan insanların və rəhbər işçilərin əzmindən, təşəbbüskarlığından, tədbirli olmasından və yorulmadan, ardıcıl əməyindən asılıdır”.

İslam İnqilabının Rəhbəri ardıcıl səy göstərməyin əhəmiyyətini vurğulayaraq əlavə etdi:  “Hazırkı hökumət fəal, intensiv çalışan, əzmkar və xalqa can yandıran bir hökumətdir. Bu şəraitdə müxtəlif sahələrdə, o cümlədən sənaye sektorunda yorulmadan səy göstərib işləmək üçün olduqca münasib bir zəmin var”. 

Həzrət Ayətullah Xamenei tükənməz səy və zəhmətlə yanaşı, İran insanının malik olduğu yüksək düşüncə qabiliyyəti və istedadın da sıçrayışlı inkişaf üçün zəmin yaratdığını qeyd edərək dedi: “Bu gün İran İslam Respublikası gənclərin böyük əzm və təşəbbüsü, novatorluq və özünəinam əhval-ruhiyyəsi sayəsində konkret sahələr üzrə müvafiq elm və texnologiyaya malik olan azsaylı ölkələr sırasındadır. Dövlətimizin irəliyə doğru bu hərəkətini daha da sürətli bir templə davam etdirmək lazımdır”.

Görüşün əvvəlində Sənaye və Mədənlər naziri cənab Mehrabiyan sənaye və mədən sektoru barədə qısaca məlumat verərək dedi: “Ötən beş il ərzində polad, alüminium, mis, maqnit, sement kimi əhəmiyyətli sənaye məhsullarının, habelə avtomobillərin istehsalı diqqətəlayiq səviyyədə artmış və bu məhsulların istehsalçısı kimi İran İslam Respublikasının beynəlxalq imici xeyli yüksəlmişdir”.

Cənab Mehrabiyan həmçinin ölkənin ümumi iqtisadi inkişafında sənaye sektorunun payının artaraq 67 faizə çatdığını qeyd edərək əlavə etdi: “Dördüncü inkişaf proqramı çərçivəsində sənaye və mədən məhsullarının ümumi ixrac həcmi də 3,5 dəfə artmışdır”.

Sənaye naziri ölkədə istehsal olunan avtomobillərin xarici ölkələrə ixracının da artdığını qeyd edərək bildirdi: “Avtomobil istehsalı sektorunda başlıca önəm verilən məsələlər avtomobillərin layihələndirilməsi, konstruksiyası, yerli avtomobillərdən geniş istifadə ənənəsinin formalaşdırılması, məhsulların ixracı və istehsalatda ekoloji standartlara riayət olunmasıdır”.   

Görüşdə milli mühərrikin layihəsi və istehsalı üzrə baş inspektor cənab Mirsəlim də çıxış edərək İranın milli məhsulu olan mühərriklərin istehsalı üçün 12 il ərzində ciddi səy göstərildiyini qeyd edərək belə əlavə etdi: “Milli istehsala aid olan 4 mühərrikin layihə və konstruksiyasının bütün mərhələləri ölkəmizin mütəxəssislərinin səyi, habelə elmi mərkəzlərin həmkarlığı sayəsində həyata keçirilib”.

Daha sonra cənab Mirsəlim ağır dizel mühərrikinin istehsalını ölkədəki mütəxəssislərin olduqca böyük uğuru adlandıraraq əlavə etdi: “Artıq milli mühərrik istehsalının texnologiyası barədə elmi vəsait hazırlanıb və bu yaxınlarda işıq üzü görəcək”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /