Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Novruz yeniləşmə, təravət, gənclik və sevinc simvoludur!

Tehranda baş tutmuş Ümumdünya Novruz mərasiminə qatılan xarici ölkə prezidentləri və nümayəndələri bu gün günortadan sonra İranın dövlət başçısı cənab Mahmud Əhmədi Nejadla birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşmüşlər.

Görüşdə İslam İnqilabının Rəhbəri Novruzu mənəvi, milli və beynəlxalq baxımından olduqca əlamətdar, habelə özündə ülvi dəyərləri ehtiva edən böyük bir bayram adlandıraraq təkidlə vurğuladı: “Novruz bayramı yeniləşmənin, təravətin, gəncliyin, sevincin, dost-tanışlar arasında dostluq bağlarının daha da möhkəmləndirilməsinin bariz simvoludur”.  

Həzrət Ayətullah Xamenei bu cür ülvi dəyərlərin daşıyıcısı olan mübarək Novruz bayramının bəzi xalqlar arasında yeni ilin başlanğıcı kimi qeyd olunmasını həmin xalqlar üçün böyük imtiyaz adlandıraraq əlavə etdi: “Novruz bayramı milli bayramdır və dini bayramlardan hesab olunmur. Lakin buna rəğmən bir sıra dini rəvayətlərdə Novruza yüksək qiymət verildiyi üçün bu bayram Allahın yada salınması və insanların Uca Yaradana itaətinin təzahürü üçün gözəl bir fürsətdir”.

Ali Məqamlı Rəhbər xüsusilə qeyd etdi: “Məhz buna görə də İranda olduqca qədim bir ənənəyə uyğun olaraq camaat Novruz günü yeni il təhvil olunduğu zaman ziyarətgahlarda və müqəddəs yerlərdə olur, Ulu Yaradandan yeni ilin xeyir-bərəkət və yaxşılıqla dolu olmasını diləyirlər”.

İslam İnqilabının Rəhbəri Novruzun beynəlxalq bayram kimi təsdiq olunmasına toxunaraq bildirdi: “Novruzun ümumdünya miqyaslı beynəxalq bir bayram kimi təsdiq olunması, əslində, bu bayramı qeyd edən xalqların mədəniyyətinin bir töhfəsi kimi digər xalqlara, xüsusilə də Qərbə ötürülməsi ilə nəticələnə bilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təəssüflər olsun ki, hazırda davamlı olaraq mədəniyyətin Qərbdən Şərqə doğru axını prosesi müşahidə olunur. Belə bir şəraitdə Novruzun beynəlxalq bayram kimi təsdiq olunması Şərqin yüksək mədəni dəyərlərinin Qərb xalqlarına transferi üçün gözəl bir fürsətdir”.

Həzrət Ayətullah Xamenei Novruz bayramı münasibətilə Tehranda ümumdünya miqyaslı tədbirə təşkilatçılıq etdiyinə görə İran hökumətinə və şəxsən dövlət başçısı cənab Mahmud Əhmədi Nejada təşəkkür edərək dedi: “Bu il belə bir böyük mərasimin təşkil olunması və gələcəkdə də bu ənənənin davam etdirilməsi region dövlətlərinin və xalqlarının mümkün qədər bir-birinə yaxınlaşması üçün münasib bir zəmin ola bilər”.

İslam İnqilabının Rəhbəri bəzi superdövlətlərin regionda xalqlar arasında gərginlik yaratmaqda, habelə bu xalqların mənafeyinin qarşı-qarşıya olduğu barədə rəy formalaşdırmaqda maraqlı olduğuna toxunaraq belə vurğuladı: “Reallıq isə bundan ibarətdir ki, region xalqlarının mənafeyi nəinki toqquşmur, əksinə bir-birini tamamlayır”.

Region xalqlarının mədəni baxımdan olduqca dəyərli və yüksək bir toplum təşkil edə biləcəyini deyən Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “İran İslam Respublikası müştərək mədəniyyətə malik olan region ölkələri və qonşu dövlətlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsini müsbət qarşılayır, qonşu ölkələrdən hər birinin tərəqqi və yüksəlişinin öz mənafeyinə uyğun olduğunu düşünərək bunu özü üçün iftixar mənbəyi kimi qiymətləndirir”.

Görüşün əvvəlində İranın prezidenti cənab Mahmud Əhmədi Nejad da Novruzun beynəlxalq bayram statusu almasına toxunaraq dedi: “Tehranda Ümumdünya Novruz Mərasimi təşkil etməkdə əsas məqsəd region ölkələri arasında həmkarlığın və konstruktiv əlaqələrin möhkəmləndirilməsidir. Analoji tədbirlərin hər il Novruz bayramını qeyd edən ölkələrdən birində təşkil edilməsi qərara alınmışdır”.

Həmçinin ölkə başçısı qeyd etdi: “Sülhün, ədalətin və dostluğun yayılması Novruzun dünya xalqlarına ünvanlaya biləcəyi önəmli ismarış və dəyərlərdəndir”.

Əfqanıstanın prezidenti cənab Hamid Kərzayi də İran İslam Respublikasının təntənəli Ümumdünya Novruz Mərasiminə ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirərək beynəlxalq miqyaslı bu əlamətdar hadisənin region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, sülhün və dostluğun genişlənməsinə səbəb olacağına ümidvar olduğunu bildirdi.

Tacikistan Respublikasının prezidenti cənab İmaməli Rəhman da Novruz bayramının tarixi mənşəyini İrandan götürdüyünü və buranın Novruzun əsl vətəni olduğunu qeyd edərək əlavə etdi: “Müasir dünyada mövcud olan sivilizasiyalararası toqquşmanı və mədəniyyət sahəsində müxtəlif təhlükələri nəzərə alsaq, 6 min illik tarixi keçmişi olan Novruz bayramının beynəlxalq bir bayram kimi təsdiq olunması olduqca mühüm bir hadisədir”.

İraq Respublikasının prezidenti cənab Cəlal Talebani də Novruzun ümumdünya miqyasında təsdiq olunmasının əhəmiyyətini vurğuladı. O, Səddam Hüseyn rejiminin süqutundan sonra İraqda yaranmış vəziyyətə toxunaraq çətin situasiyalarda İran İslam Respublikasının və İran xalqının İraq əhalisinə mənəvi dəstək olmasını yüksək qiymətləndirdiyini də bildirdi.

Türkmənistan Respublikasının dövlət başçısı cənab Qurbanqulu Verdiməhəmmədov Novruzun qədim tarixinə toxunaraq bu bayramı region əhalisinin böyük təntənə ilə qeyd etdiyi bayramlardan biri adlandırdı. O, Ümumdünya Novruz Mərasiminin təşkilinə görə İİR-na təşəkkürünü bildirdi.     
  
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov da bayram münasibətilə hamını təbrik edərək Novruzun dünya miqyaslı bir bayram kimi təsdiq olunmasını önəmli bir hadisə adlandırdı.

Görüşün sonunda mərasimdə iştirak edən xarici ölkə başçıları və nümayəndələr İslam İnqilabının Rəhbəri ilə xatirə şəkli çəkdirdilər.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /