Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikası və İran xalqı qələbəyə, tərəqqiyə və daha da işıqlı gələcəyə imza atacaq!

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei baharın və yeni ilin ilk günündə – bu gün günortadan sonra səkkizinci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gələnlər və hərəmin yaxınlığında yaşayan əhali ilə izdihamlı görüş keçirdi. Ali Məqamlı Rəhbər yeni ilin şüarının – yəni “Daha da artıq təşəbbüs və zəhmət” şüarının reallaşmalı olduğu müxtəlif sahələr barədə ətraflı danışdı, həmçinin “Ədalət və tərəqqi” onilliyinin zəruri tələb və amillərini bir daha açıqladı. O, İran xalqının seçkinin ardınca baş vermiş hadisələrə və düşmənin səylərinə qarşı nümayiş etdirdiyi birlik və həmrəyliyi yüksək qiymətləndirərək təkidlə vurğuladı: “Allahın mərhəmət və fəziləti sayəsində bundan sonra da xalqımızın və ölkəmizin alın yazısı qələbə və tərəqqi, düşmənlərin alın yazısı isə məğlubiyyət və geriləmə olacaq!”

Məşhəddəki hava durumu ilə əlaqədar imam Xomeyni (r.ə) adına möhtəşəm salonda baş tutan bu izdihamlı görüşdə İslam İnqilabının Rəhbəri xalqı bir daha yeni ilin təhvil olması və mübarək Novruz bayramı münasibətilə təbrik etdi. O, Allaha imanı və peyğəmbərlərin təlimlərinə əməl etməyi İslam Respublikasının əsas və başlıca prinsipi adlandıraraq, habelə Qurani-Kərimin müxtəlif ayələrinə istinad edərək dedi: “Allaha iman və hər bir işdə İslam təlimlərini rəhbər tutmaq insana mənəvi yüksəliş və psixoloji rahatlıq bəxş etməklə yanaşı, onun maddi və dünyəvi səadətini də təmin edə, bütövlükdə cəmiyyəti tərəqqi və rifaha qovuşdura bilər. Elə buna görə də İslam dövlətinin əsasları məhz bu başlıca meyarın üzərində möhkəmlənib”.

Yenicə təhvil olmuş 1389-cu ilin “Daha da artıq təşəbbüs və zəhmət ili” elan olunmasına toxunan Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “Hər yeni ilə müəyyən bir şüarla ad verilməsi formallıq xatirinə deyil. Təbii ki, bu şüarlar bütün qayğı və problemləri həll etmək iqtidarında olmasa da, onlar insanlara hansı yolla hərəkət etməyin lazımlı olduğunu göstərir. Bu il də xalqımızın və dövlətimizin uca məramlarına daha da artıq diqqət yetirərək daha çox əzm və təşəbbüs göstərmək, çox böyük səylə və ciddi şəkildə çalışmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri ötən il rəsmi şəxslərin istehlak göstəricisinin məqsədyönlü istiqamətdə islahı ilə bağlı gördüyü tədbirlərə və aparılan araşdırmalara toxunaraq əlavə etdi: “Əlbəttə, bu məqsədə tam olaraq nail olmağımıza hələ çox var, lakin mühüm olan bu şüarı prinsipial şəkildə rəhbər tutmağımızdır. Çünki istehlak göstəricisi məqsədyönlü şəkildə islah olunmadan problemləri aradan qaldırmaq mümkün olmayacaq”.

Yeni ilin şüarının əməli surətdə təcəssüm olunması üçün elm və tədqiqat sferasını ən mühüm sferalardan biri adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Universitetlər və elmi tədqiqat mərkəzləri bütün sahələr üzrə qarşıya böyük məqsədlər qoymalı, daha artıq əzm və təşəbbüskarlıqla, daha intensiv və effektiv çalışaraq həmin iftixar doğuran məqsədlərə doğru irəliləməlidirlər ki, sevimli İranımız bir neçə onillikdən sonra dünya elmində liderə çevrilsin”.

Ali Məqamlı Rəhbər mövcud resurs və imkanlardan ən yüksək formada istifadə olunması üçün daha artıq təşəbbüs göstərib daha çox çalışmağın İran xalqının rifahının yüksəlməsinə səbəb olacağını dedi və “subsidiyaların məqsədyönlü surətdə istiqamətləndirilməsi proqramı”nın bu işdə olduqca böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.

İslam İnqilabının Rəhbəri qanunverici və icraedici hakimiyyət orqanlarının bu mühüm məsələdə həmkarlıq etməsinin vacibliyini vurğulayaraq belə qeyd etdi: “Bu böyük məqsədin yükü bir tərəfdən dövlətin çiyinlərinə düşür. Buna görə də bütün orqanlar, o cümlədən qanunverici orqanlar bu işdə dövlətə yardım etməlidirlər. Digər tərəfdən isə dövlət qanunvericilik mərhələlərini keçib təsdiq olunmuş qanunları icra etməlidir ki, hakimiyyət qüvvələrinin birliyi və əməkdaşlığı sayəsində Uca Yaradan da rəsmilərimizdən öz yardım və dəstəyini əsirgəməsin”.  

Yeni ilin şüarının müxtəlif aspektlərini açıqlayarkən Həzrət Ayətullah Xamenei daxili istehsalın keyfiyyətinin artırılması, iranlı fəhlənin əmək məhsulunun xarici mallarla rəqabətə girə biləcək bir səviyyəyə çatdırılması, müxtəlif proqramlar, o cümlədən beşinci beşillik plan həyata keçirildiyi zaman insanların sağlamlıq və təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi kimi mühüm məsələlərə də toxundu.

Ümumi sağlamlıq və təhlükəsizlik məsələsinə toxunan Ali Məqamlı Rəhbər idman və fiziki tərbiyə sahəsində daha artıq təşəbbüs və səy göstərilməsinin cəmiyyətin fərdi və ictimai miqyasda tərəqqi və fəaliyyətinə optimist ruh, stimul bəxş edəcəyini xüsusilə qeyd etdi.

Həzrət Ayətullah Xamenei sahibkarlıq və kapital qoyuluşu sahəsini yeni ilin şüarının reallaşmalı olduğu  digər bir sahə kimi qeyd edərək əlavə etdi: “İmkanlı şəxslər daha artıq əzm və təşəbbüs nümayiş etdirərək, israfçılıqdan və yersiz xərclərdən çəkinərək malik olduğu kapitalı sahibkarlıq və uğurlu yatırım üçün səmərəli şəkildə istifadə edə bilərlər”.

Həzrət Ayətullah Xamenei intellektual inkişafı, kitab oxunmasını, cəmiyyətin informasiya səviyyəsinin artırılmasını “Daha artıq təşəbbüs və səy” şüarına ehtiyac duyan məsələlər sırasında sadaladı.

Həmin məsələ ilə bağlı Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Universitetlərdə və elmi-teoloji mərkəzlərdə azad düşüncə kafedralarının təşkil olunması cəmiyyətdə olduqca dəyərli ideoloji tendensiya yarada bilər”.

İslam İnqilabının Rəhbəri yoxsulluq, korrupsiya, cinayətkarlıq, ədalətsizliyə qarşı mübarizə sahəsini “daha artıq təşəbbüs və daha intensiv əmək” şüarına ehtiyac duyan ən mühüm sahə adlandırdı, habelə bu başlıca məqsədin reallaşması üçün durmadan səy göstərmək lazım olduğunu təkidlə vurğuladı.  

Həzrət Ayətullah Xamenei 1388-ci il, 22 xordaddan 22 bəhmənə qədər – 8 ay müddətində baş verən hadisələrdə İran xalqının uzaqgörənliyinin və ideoloji yüksəlişinin təcəssümünü xalqın müdriklik və uzaqgörənlik epopeyasında yeni bir fəslin başlanğıcı adlandıraraq əlavə etdi: “Bu ibrət və iftixar dolu yeni fəsil olduqca mühüm və dəyərli bir zəmindir. Məhz bu zəminin əsasında daha da artıq əzm, təşəbbüs və zəhmətlə irəliyə doğru hərəkət etmək lazımdır”.

Seçkidən sonra baş verən hadisələrdə xalqın müdrik və ayıq-sayıq hərəkətlərinə istinad edən Həzrət Ayətullah Xamenei 1388-ci ili “Xalqın ili”, “Xalqın ölkədə baş verən ictimai-siyasi hadisələrdə parlaq və qalibiyyətli iştirakı ili” adlandıraraq əlavə etdi: “Xalqın seçkidə 40 milyonluq izdihamlı və tarixi iştirakı, 80 faizdən artıq seçicinin səsvermə məntəqələrinə gəlişi olduqca mühüm bir hadisə olmaqla yanaşı, İslam dövlətinin legitimliyinin təzahürlərindən biri idi. Beynəlxalq politoloq və analitiklər hətta zahirdə bu parlaq gerçəkliyi sual altına salsalar belə, İran xalqının öz sözünün üzərində möhkəm durduğunu, aradan 30 il keçməsinə baxmayaraq İslam prinsiplərinə əvvəlki kimi sadiq qaldığını yaxşı anlayırlar”.  
 
Həzrət Ayətullah Xamenei İrandakı hakim rejimin İslamiliyinin respublika əsaslı dövlətçiliyindən ayrılmaz olduğunu deyərək seçkidən sonrakı hadisələrlə bağlı bunları əlavə etdi: “Mən heç kəsi ittiham etməsəm də, bu işin planının düşmən tərəfindən cızıldığını yaxşı bilirəm.  Eynilə xalqımız, habelə müstəqil, doğrucul və uzaqgörən analitiklər də baş verən proseslərin formatı və gedişini dərindən araşdırıb onların xarici ünsürlərlə əlaqəli olduğu qənaətinə gəliblər”.

İslam İnqilabının Rəhbəri xarici qüvvələrin öncədən hazırladığı analoji planların bəzi başqa ölkələrdə də həyata keçirildiyinə toxunaraq əlavə etdi: “Bu reallıq onu göstərir ki, imperialistlər hər hansı bir dövlətdən narazı qalanda münasib fürsət kimi həmin ölkədə seçkilərin keçirilməsini gözləyir, özləri üçün əlverişli olmayan şəxslər seçilmədiyi təqdirdə bir qrup insanı küçələrə çıxarmaqla vəziyyəti gərginləşdirmək, hətta lazım gələrsə, iğtişaş törətməklə seçkinin qanuni nəticəsini zorla dəyişmək istəyirlər”.    

Seçkidən sonra baş vermiş hadisələr zamanı İran xalqının olduqca böyük və mühüm bir imtahandan qələbə ilə çıxdığını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkinin nəticəsinin zor və iğtişaşlar gücünə dəyişdirilməsinə çalışmaq qanuna və şəriətə zidd idi. Xalqın bu hadisələrdə müdrik və uzaqgörən qələbəsi özündə bir sıra ibrət dərslərini ehtiva edirdi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran xalqının içərisində ikitirəlik yaratmaq üçün onun “əksəriyyət və azlıq”, “udanlar və uduzanlar” adı ilə iki yerə bölünüb qarşı-qarşıya qoyulması yadellilərin açıq-aşkar planıdır. Daha sonra o əlavə etdi: “Bu arada bir qrup iğtişaşçı da düşmənin istəyini reallaşdırmaq və İranda vətəndaş müharibəsinə başlamaq niyyəti ilə meydana atıldı. Lakin ayıq-sayıq və uzaqgörən xalqımız onların arzusunu ürəyində qoydu”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Seçki günü camaatımız 14 və 24 milyon nəfərdən ibarət olmaq üzrə iki qrupa bölünmüş, hər kəs öz istədiyi namizədə səs vermişdi. Lakin çox keçmədən həmin qruplar yadellilərin seçkinin nəticələri ilə bağlı məkrli planlar qurduğunu görüb birləşdilər. Bütün İran xalqı ayıq-sayıqlıqla bir yumruqda birləşib düşmənlərə, iğtişaşçılara qarşı çıxdı”. 

İslamın və İranın düşmənlərinin iğtişaşçıları himayə edib dəstəklədiyini xatırladan Həzrət Ayətullah Xamenei belə qeyd etdi: “Əgər amerikalılar, ingilislər və sionistlər öz xəbis planlarını həyata keçirmək üçün Tehran küçələrinə hərbi qüvvə yeridə bilsəydilər, sözsüz ki, bu işi görərdilər. Lakin onlar bu işin öz ziyanlarına sonuclanacağını yaxşı bilirdilər. Buna görə də siyasi-təbliğat metodlarından istifadə etməyə, ölkə daxilində və xaricdə ictimai fikri azdırmaq niyyəti ilə iğtişaşçıları dəstəkləməyə başladılar; lakin bunu bacarmadılar”.     

İslam İnqilabının Rəhbəri camaatın 9 dey və 22 bəhmən günü baş tutmuş tarixi nümayişlərdə hamılıqla, birgə və uzaqgörən  iştirakını İran xalqının bədxah yadellilərə vurduğu sonuncu və ən güclü zərbə adlandıraraq əlavə etdi: “Bu iki əzəmətli hadisədə müxtəlif namizədlərə səs vermiş insanlar vahid bir şüarla meydanlara çıxdılar, İslam İnqilabının yolunda – sirati-müstəqim yolunda xalqın birliyini, həmrəyliyini və qalibiyyətini təcəssüm etdirdilər”.
  
İmam Rza (ə) hərəminin zəvvarlarından və hərəmin yaxınlığında yaşayan insanlardan ibarət böyük bir izdihamın qarşısında çıxış edən Ali Məqamlı Rəhbər çıxışının digər  qismində İslam İnqilabının 4-cü onilliyinin – “Ədalət və tərəqqi” onilliyinin zəruri şərt və amilləri barədə danışaraq bildirdi: “Ölkədəki reallığı, zəruri infrastrukturların yaradıldığını nəzərə alsaq, yaşadığımız onillik bu iki tarixi və önəmli prinsiplərin həyata keçirilməsi uğrunda  böyük addımların atılması üçün münasib bir mərhələdir”.

Ali Məqamlı Rəhbər bütün fəaliyyət proqramlarında və görülən tədbirlərdə rəsmi şəxslərin “ədalət və tərəqqi” prinsiplərinə diqqət yetirməsinin zəruriliyini vurğulayaraq, ölkədə bunun üçün münasib zəminlərin mövcud olduğunu deyərək əlavə etdi: “İqtisadiyyat, informasiya və kommunikasiya sahələrində zəruri infrastrukturların yaradılması, bəzi sahələr üzrə İranı dünyanın ilk 8, yaxud 10 ölkəsi sırasında yerləşdirə bilən diqqətəlayiq elmi-texnoloji tərəqqi, İslam dövlətinin regiondakı və beynəlxalq arenadakı nüfuzu, qüdrəti və təsir gücü, 30 illik xalqa xidmət və dövlətçilik təcrübəsi, olduqca mühüm və dəyərli bir dövlət sənədi olan “20 illik perspektiv plan” tərəqqi və ədalət yolunda hərəkət tempini sürətləndirməyə imkan verən əsas infrastrukturlar sırasındadır”.     

İslam İnqilabının Rəhbəri “təhsilli, enerji, stimul və özünəinam hissi ilə dolu” gənc nəsli ölkənin iki böyük hədəfə – tərəqqi və ədalətə doğru hərəkətinin başlıca dayağı və zəmini adlandıraraq əlavə etdi: “İranlı gənc bu gün özünü güclü və bacarıqlı hiss edir; bu isə milli özünəinamın nişanəsidir”.

İslam İnqilabının Rəhbəri imam Rza (ə) məqbərəsini ziyarətə gələnlər və ətrafda yaşayan əhali ilə görüşdə çıxışının son qismində xalqın irəliyə doğru hərəkətində rast gəlinən maneələrdən danışaraq qeyd etdi: “Hər bir başqa dövlət kimi İran İslam Respublikasının da düşmənləri var. Lakin dünya xalqlarının nifrət və ədavəti ilə üz-üzə qalmış ABŞ-dan fərqli olaraq İran İslam Respublikası imperialist, hegemon dövlətlərlə, sionist sərmayədarlar və bəşəriyyətin düşmənlərinin ona qarşı yürütdüyü düşmənçiliklə  mübarizə aparır”.

Həzrət Ayətullah Xamenei xalqın düşmənlərinə qarşı mübarizədə müdriklik və şücaətin  son dərəcə önəmli amillər olduğunu qeyd edərək dedi: “Şücaət hissi olmasa və dövlət rəsmilərimiz imperialistlərin manevrləri və narazı simaları qarşısında özlərini itirsələr, şübhəsiz, dövlətimiz məğlub olar. Həmçinin əgər müdrikliyimiz və ayıq-sayıqlığımız olmasa, düşmən hiylə və yalanları ilə öz çirkin məqsədlərini reallaşdıra bilər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, sözün həqiqi mənasında, müdriklik və ayıq-sayıqlıq düşmənin əsl planlarını müəyyənləşdirib dərk etmək, bədxah yadellilərin məkrli niyyətlərinə və cürbəcür manevrlərinə qarşı vaxtında və düzgün qərar çıxarmaqdır. O dedi: “Sionistlər, Amerika və xalqın digər düşmənləri ortalığa bəzən canavar, bəzən isə tülkü maskasında çıxır, gah qəzəbli düşmən, gah da aldadıcı və hiyləgər bir simada hərəkət edirlər”.

Həzrət Ayətullah Xamenei ötən ilin ilk günündə etdiyi çıxışı xatırladaraq dedi: “O zaman qeyd etdiyim kimi, İranın dövlət rəsmiləri yeni seçilmiş ABŞ prezidentinin zahirən xoş niyyətlə İrana sarı uzatdığı  əli müdriklik və uzaqgörənliklə nəzərdən keçirdilər ki, bu məxmər əlcəyin içərisində polad yumruğun gizlənib-gizlənmədiyini anlasınlar.  Təəssüf ki, məsələ elə bizim şübhələndiyimiz kimi oldu”.

Həzrət Ayətullah Xamenei ABŞ dövlətinin İran İslam Respublikası ilə normal və ədalətli münasibətlər qurmaqda maraqlı olduğu barədə gizli-aşkar iddialarına, göndərdiyi məktub və ismarışlara toxunaraq əlavə etdi: “Bütün bu iddialar əməldə tam əksinə çıxdı və Amerika prezidenti seçkidən sonra İranda baş verən olaylara münasibətdə ən pis mövqe seçərək xalqa hücum edən iğtişaşçıları “sivil hərəkat” adlandırmaqla özü də istəmədən əsl məqsədini və niyyətini ortaya qoydu”.

Ali Məqamlı Rəhbər Amerikanın sivil hüquqların və demokratiyanın müdafiəsi barədə yalançı iddialarını kəskin tənqid edərək əlavə etdi: “Amerika dövləti İran xalqının seçkidə əzəmətli hərəkatına və bu millətin müxtəlif sferalarda yekdil səsinə göz yumur, İraq və Əfqanıstan əhalisini qətlə yetirməyə, Qəzzada fələstinli körpələrin qatillərini himayə etməyə davam edir və bütün bu çirkin əməllərinə rəğmən hələ də insan haqlarından dəm vurur. Reallıq isə bunu göstərir ki, bu dövlət əsla demokratiya və insan haqlarından danışa biləcək bir mövqedə durmayıb”.

Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Bir daha xalqımıza və İslam Respublikasına qarşı çıxan  imperialist xarakterli dövlətlərə elan edirik ki, İran xalqı və dövlətimizin rəsmiləri onları rədd edərək günahkar bilir, hansı maskanı taxmalarından asılı olmayaraq onları yaxşı tanıyırlar; heç bir zaman xalqın mənafeyindən və İranı tərəqqi və inkişafa doğru aparan yoldan bir addım belə olsun, geri çəkilməyəcəklər”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda belə vurğuladı: “Allahın fəziləti, şərəfli İran xalqının ayıq-sayıqlığı, şücaəti, müdrikliyi, birliyi və mübarizliyi sayəsində düşmənlər İslam dövlətinə zərbə vurub xalqı İslam hökumətindən  ayıra bilməyəcəklər. Bu ölkə və bu xalq qələbəyə, tərəqqiyə və daha da işıqlı gələcəyə imza atacaq!”

Görüşün əvvəlində Vəliyyi-fəqihin nümayəndəsi və “Astane-Qodse-Rəzəvi”nin (imam Rzanın (ə) müqəddəs məqbərə kompleksinin) müdiri Ayətullah Vaiz Təbəsi Həzrət Ayətullah Xameneini salamlayaraq dedi: “İran İslam dövləti İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bələdçiliyi, dövlət rəsmilərinin tədbirli siyasəti və xalqın həlledici iştirakı sayəsində öz yoluna davam edəcək”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /