Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei:

Mən qarşıladığımız ili “Daha artıq təşəbbüs və zəhmət” ili elan edirəm

Mehriban və bağışlayan Allahın adı ilə!

يا مقلّب القلوب و الأبصار
يا مدبّر اللّيل و النّهار

“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!”

يا محوّل الحول و الأحوال
حوّل حالنا الى احسن الحال

“Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl bir şəklə sal!”

Mübarək Novruz bayramı və yeni ilin gəlişi ‒ baharın başlanğıcı və təbiətin oyanışı münasibətilə geniş və sevimli diyarımızın dörd bir yanında yaşayan əziz həmvətənlərimizi, habelə dünyanın istənilən nöqtəsində olan, arzu və həsrət gözünü doğma vətənə dikmiş iranlıları, xüsusilə də ölkəmizin və İslam İnqilabının uca amalları uğrunda böyük fədakarlıqlar etmiş, canını, gənc övladlarını bu əzəmətli inqilabın uğrunda, ölkəmizin vüqarı naminə qurban vermiş qardaş və bacılarımızı, əziz şəhidlərimizin, əlil və veteranlarımızın ailə üzvlərini, ölkəmizin və dövlətimizin başıucalığı uğrunda çalışıb zəhmət  çəkən bütün fədakar insanları səmimi-qəlbdən təbrik edirəm. Xalqın bu əzəmətli hərəkatının banisi, möhtəşəm İran İslam ölkəsinin tərəqqi və yüksəlişinin mənbəyi olan dahi rəhbərimiz imam Xomeyninin (r.ə) müqəddəs ruhuna salam və salavat göndərirəm.

Əslində, Novruz bayramı oyanış və inkişafın başlanğıcıdır. Bu oyanış və inkişaf təbiətdə duyulduğu kimi bizim qəlbimizdə, ruhumuzda və irəliyə doğru hərəkətimizdə də təcəssüm olunub özünü göstərə bilər. Başa vurduğumuz 1388-ci ilə bir nəzər salaq. 1388-ci ili müxtəsər bir cümlə ilə təsvir etmək lazım olsa, fikrimizi bu cür ifadə edə bilərik: “1388-ci il İran xalqının ili idi; bu böyük xalqın əzəmət və zəfər ili, böyük İslam İnqilabının və dövlətimizin taleyi ilə birbaşa bağlı olan məsələlərdə xalqın tarixi və həlledici iştirakı ili idi”.  

1388-ci ilin əvvəlində xalqımız ölkədə baş tutan prezident seçkilərində misilsiz, İslam İnqilabımızın (və sözsüz ki, ölkəmizin) tarixində analoqu olmayan və kulminasiya nöqtəsi sayıla biləcək möhtəşəm bir iştirak nümayiş etdirdi. Seçkidən sonrakı bir neçə ay ərzində də xalqımız böyük bir sınaqdan çıxaraq möhtəşəm və taleyüklü bir hərəkata imza atdı, eyni zamanda ölkənin ictimai-siyasi meydanlarında aktiv iştirakını, iradəsini, mübarizliyini, milli əzmini və uzaqgörənliyini nümayiş etdirdi. Seçkidən sonrakı bu bir neçə ayda baş vermiş hadisələri qısaca olaraq belə şərh etmək olar: “Ölkənin və İslam dövlətinin düşmənləri 30 ildən sonra İslam İnqilabını daxildən çökdürmək üçün bütün güc və imkanlarını səfərbər etdilər. Lakin İran xalqı bu böyük sui-qəsd planının, düşmən qüvvələrin bu addımının qarşısında misilsiz bir müdriklik, uzaqgörənlik, əzm və mübarizliklə duraraq düşməni üstələyə bildi”. Seçkidən sonrakı 8 ay müddətində – 22 bəhmənə qədər xalqımızın və ölkəmizin başına gələnlər ibrət dərsi ilə dolu, İran xalqına, həqiqətən, iftixar və başıucalığı gətirəcək dəyərli bir təcrübədir.

1388-ci ildə xalqımız özünü olduqca parlaq bir simada nümayiş etdirdi; dövlət rəsmilərimiz də böyük və dəyərli işlər gördülər. Görülən işlərin hər biri öz növbəsində dəyərlidir, təqdirəlayiqdir. İnsaf və ədalətlə qiymət verən hər bir kəs ölkənin inkişafı və quruculuğu uğrunda müxtəlif sferalarda həyata keçirilmiş səylərin, çəkilmiş zəhmətin, görülmüş işlərin təqdirəlayiq olduğunu etiraf edər. Elm sahəsində, sənayedə, ictimai fəaliyyətdə, xarici siyasətdə ‒ ümumiyyətlə, müxtəlif müstəvilərdə ölkə rəsmilərimiz böyük işlər görüblər. Uca Yaradan onların bu böyük xidmətlərinin axirət mükafatını versin və daha da çox inkişafa nail olmaqda Öz mərhəməti ilə onlara dəstək olsun.

Ölkədəki mövcud vəziyyət, habelə bu ölkənin və xalqın varlığında gizlənmiş əzəmətli qabiliyyət və böyük potensial barədə dərindən düşünsək, belə bir nəticəyə gələrik ki, bizim etdiklərimiz, rəsmi şəxslərin və bütövlükdə xalqın gördüyü işlər bu ölkənin tərəqqi və ədalətə yetişmək üçün malik olduğu tükənməz potensialla müqayisədə elə də böyük bir şey deyil. Hər birimiz əvvəlkindən də artıq səy göstərməli, cidd-cəhdlə çalışmalı və öhdəmizə düşən vəzifə və məsuliyyəti bilməliyik.

Hər ilin əvvəlində ‒ yeni ilin təhvil olunduğu anda hamımızın oxuduğumuz Novruzla bağlı duada belə bir fraqment var:

حوّل حالنا الى احسن الحال

Duada: “Bizi gözəl günə, gözəl bir vəziyyətə çatdır!” – deyilmir; “Bizi ən gözəl bir hala, ən gözəl bir günə, ən yaxşı bir hala yetişdir!” ‒ deyilir. Hər bir müsəlmanın ən ali məramı məhz bütün sahələrdə ən yaxşı, ən gözəl olanı əldə etmək olmalıdır.

Qarşıladığımız ildə bu möhtərəm duada bizə təlim olunan, öhdəmizdə vəzifə olan işləri yerinə yetirə bilməyimiz, fəaliyyətimizi ölkəmizin ehtiyaclarına və imkanlarına uyğun qurmağımız üçün səy və təşəbbüsümüzü ikiqat, üçqat və daha çox artırmağımıza ehtiyac var; daha da intensiv və səylə çalışmağımıza ehtiyac var. Mən qarşıladığımız bu ili “Daha artıq təşəbbüs və zəhmət ili” elan edirəm. Ümidvaram ki, əziz xalqımız və ölkə rəsmilərimiz əl-ələ verərək müxtəlif sferalarda ‒ iqtisadi, mədəni, siyasi, quruculuq, sosial sahədə, bir sözlə, hər bir sferada daha da böyük addımlar atacaq, daha da böyük əzm və təşəbbüs nümayiş etdirəcək, daha da çox və intensiv çalışaraq yeni-yeni yolları qət edəcək, İnşaallah, öz uca hədəflərinə bir qədər də yaxınlaşacaqlar. Bizim daha da artıq əzm və təşəbbüsə ehtiyacımız var. Ölkəmizdə daha da intensiv əmək və fəaliyyətə böyük ehtiyac duyulur. Ulu Yaradana təvəkkül etməli, Ondan kömək istəməli və bilməliyik ki, iş görmək üçün lazımi zəmin boldur. Düşmənlər məhz toplumumuzun elminə və imanına düşmən kəsiliblər. Buna görə də öz aramızda elm və imanı daha da artıq möhkəmlətməliyik. İnşaallah, önümüzdəki yollar hamarlaşacaq, maneələr kiçiləcək, Allahın köməyi və yardımı xalqımızı, ölkəmizi, rəsmilərimizi bu yolda yalqız qoymayıb himayə edəcək.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /