Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

“Ağacəkmə mərasimi ölkəmizdəki ağacların qədrini bilmək üçün ibrət dərsidir!”

Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Təbii resurslar” həftəsi münasibətilə iki ting əkdi.  Mərasimdə Əkinçilik  Cihadı naziri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri və Tehran şəhərinin meri də iştirak etdilər.

Həzrət Ayətullah Xamenei ağac əkilməsini həyat mənbəyinin yaradılması ənənəsi adlandıraraq,  habelə ağacların və bitkilərin həyatın, diriliyin təzahürü olduğunu qeyd edərək dedi: “Ağacəkmə mərasimi ölkəmizin dəyərli insanlarının, optimist gənclərinin ağac əkməyə, bu gözəl ənənəni genişləndirməyə vərdiş etməsi üçün simvolik bir addımdır”.

İslam İnqilabının Rəhbəri ölkənin olduqca böyük və həyati əhəmiyyətli təbii resurslarını qorumağın vacibliyini təkidlə vurğulayaraq əlavə etdi: “Ağacəkmə mərasimi ölkəmizdə mövcud olan ağacların qədrini bilmək üçün ibrət dərsidir. Bu ölkənin böyük və qədim sərvəti olan meşə və otlaqlardan düzgün, məqsədyönlü istifadə edib yararlansaq, onlar heç bir zaman tükənməz. Çünki bu sərvətlər zaman keçdikcə yenilənməsi mümkün olan təbii sərvətlərdəndir”.  

Ali Məqamlı Rəhbər ətraf mühitin mühafizəsi ilə bağlı məsul orqanlara və rəsmi şəxslərə belə bir tövsiyə də verdi: “Xüsusilə böyük şəhərlərin yaxınlığındakı meşə və otlaqlardan sui-istifadə hallarının qarşısı alınmalı, bu təbii sərvətlərin qeyri-qanuni istehlak dairəsinin genişləndirilməsinə əsla imkan verilməməlidir”.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /