Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

“İmperializmə qarşı mübarizə siyasəti”ni həyata keçirmək İİR-nın öhdəsinə düşür!

Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər naziri, XİN-nin məsul rəsmiləri, habelə İİR-nın xaricdəki səfirləri və nümayəndəliklərinin sədrləri ilə görüşdə İslam İnqilabını beynəlxalq siyasətdə “İmperializmə qarşı birgə mübarizə siyasəti” adlı yeni bir məntiq və tendensiya formalaşdırmış bir hadisə adlandıraraq təkidlə vurğuladı: “İİR-nın səfir və nümayəndələrinin vəzifələri “İmperializmə qarşı mübarizə siyasəti”ndə irəliləyişə nail olmaq üçün keyfiyyətli, güclü və effektiv diplomatik fəaliyyət göstərməkdir. Bunun  üçün isə İslam İnqilabının, habelə şəriətin başlıca prinsipləri üzərində möhkəm durmaq və bu prinsiplərdən utanc duymamaq vacib şərtdir”.

“İmperializmə qarşı mübarizə siyasəti”ni əməli surətdə həyata keçirməyin yalnız İran İslam Respublikasının öhdəsinə düşdüyünü vurğulayan Ali Məqamlı Rəhbər xüsusilə əlavə etdi: “İmperiya quruluşunda iki tərəf mövcuddur: bunlardan biri hegemon və müstəmləkəçi, digəri isə zülmə və imperializmə məruz qalan tərəfdir. İran İslam Respublikası isə elə ilk başlanğıcdan imperialist bir dövlət olmadığını və heç bir dövlətin hegemonluğunu qəbul etməyəcəyini elan edib”.

Ali Məqamlı Rəhbər “İmperializmə qarşı mübarizə siyasəti”nin beynəlxalq aləmdə yeni bir siyasi tendensiya olduğunu, bu yeni məntiqin dünya dövlətləri, görkəmli şəxsiyyətlər və ziyalılar tərəfindən müsbət qəbul edildiyini qeyd edərək dedi: “Əlbəttə, “İmperializmə qarşı mübarizə siyasəti”nin möhkəm strateji dayaqları vardır. Bunlara misal olaraq İslam İnqilabının malik olduğu əzəmətli insan potensialını qeyd etmək olar”.

Bəzi inqilablardan fərqli olaraq ilk gündən bəri İslam İnqilabının ərsəyə gəlməsində həlledici rol oynamış dinamik xalq hərəkatının tempinin indiyə qədər azalmadığını xüsusilə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İİR-dan başqa hansı bir ölkədə 31 ildən sonra inqilabın ildönümündə xalqın fəal və emosional iştirakının nəinki zəifləmədiyini, hətta əksinə, nəzərəçarpacaq dərəcədə gücləndiyini müşahidə etmək mümkündür?! Xalqın öz ərsəyə gətirdiyi inqilaba öz maraq və iştirakı ilə bu cür dayaq olması olduqca əhəmiyyətli və yalnız İİR-na məxsus bir faktdır”.

Gənc İran alimlərinin elm və texnologiya sahələrində diqqətəlayiq nailiyyətlərini “İmperializmə qarşı mübarizə siyasəti”nin digər strateji dayaqlarından biri adlandıran Ali Məqamlı Rəhbər qeyd etdi: “Bu dayaqlardan digəri isə xalqın seçkidə misli-bərabəri görünməmiş iştirakıdır. Bu, illər boyu nəinki zəifləməmiş, əksinə, daha da güclənmiş demokratiyanın  – xalqın həqiqi hakimiyyətinin ən yüksək təcəssümüdür”.

Həzrət Ayətullah Xamenei müxtəlif hökumət administrasiyaları dövründə ölkədə həyata keçirilmiş irihəcmli quruculuq və abadlaşdırma işlərini, geniş ictimai fəaliyyətləri “İmperializmə qarşı mübarizə siyasəti”nin dayağı olan daha bir strateji amil kimi qeyd edərək dedi: “Hər biri strateji dayaq olan bütün bu faktorlar İİR-nın ölkədən xaricdəki nümayəndələrinə optimist ruh və öz gücünə inam hissi bəxş edir; bu amillərə söykənərək “İmperializmə qarşı mübarizə siyasəti”ni üç əsas prinsip – qürur, müdriklik və məqsədyönlü fəaliyyət üzərində irəli aparmaları üçün lazımi zəmin yaradır”.

Bu siyasətdə irəliləyişə nail olmaq üçün diplomatiyanın gücündən istifadə etməyin olduqca mühüm olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Diplomatiyanınn gücü və effekti hərbi texnikadan, təbliğatdan və kapitaldan heç də az deyil və demək olar ki, əksər hallarda daha çoxdur. Buna görə də “İmperializmə qarşı mübarizə siyasəti”nin praktik surətdə həyata keçirilməsi üçün məntiqə, ağıla və özünəinam psixologiyasına söykənən güclü və effektiv diplomatiyadan istifadə etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri güclü və effektiv diplomatiyanın yürüdülməsi üçün ilk növbədə hər bir diplomatda şəriətin əsaslarına, İslam İnqilabının ideya və prinsiplərinə mükəmməl etiqadın olmasını vacib hesab etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Diplomatik sferada milli qürur və özünəinam hissi ilə, heç nədən utanıb-çəkinmədən, İslam İnqilabının prinsipləri  və şəriətin əsasları üzərində qətiyyətlə duraraq fəaliyyət göstərmək lazımdır”.

İslam İnqilabının prinsiplərini və şəriətin əsaslarını qətiyyətlə rəhbər tutmağı İİR-nın xarici diplomatiyasının ən güclü cəhəti kimi dəyərləndirən Ali Məqamlı Rəhbər qeyd etdi: “Diplomatik nümayəndənin göstərdiyi bu qətiyyət məntiqlə həyata keçirildikdə mətinliyin və mübarizliyin göstəricisi olacaq, habelə qarşı tərəfi ona hörmətlə yanaşaraq tabe olmağa vadar edəcək”.  

Ali Məqamlı Rəhbər ötən illərdə Qərb dövlətləri ilə yaxınlaşmaq və ortaq məxrəcə gəlmək üçün onların bəyəndiyi metod, anlayış və prosedurlardan istifadə etməyin lazımlığı barədə yayılan yanlış təsəvvürlərə toxunaraq əlavə etdi: “Bu fikirdə olanlar elə bilirdilər ki, Qərb diplomatiyasının anlayışlarını təkrar etmək və onlara təslim olmaqla bizim nüfuz və mövqeyimiz yüksələcək. Halbuki, Qərb dövlətlərinin ideologiyası və səsləndirdiyi fikirlər artıq köhnəlib və 200 illik keçmişə aiddir. İran İslam Respublikasının yürütdüyü siyasət isə beynəlxalq diplomatiyada yeni və effektiv bir fikirdir!”

Xarici İşlər Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirdiyini bildirən Ali Məqamlı Rəhbər İİR-nın diplomatik sferada, beynəlxalq hücumlara qarşı mübarizədə qazandığı uğurları xüsusilə qeyd edərək dedi: “Bu uğurlara misal olaraq nüvə məsələsi ilə bağlı İslam dövlətinə qarşı irihəcmli yalan təbliğatın, qalmaqalların və təzyiqlərin mövcudluğuna baxmayaraq dünyanın superdövlətlərinin öz məqsədlərinə çata bilməməsini qeyd etmək olar. Bu, İran İslam Respublikasının əsaslarının son dərəcə möhkəmləndiyini, bu dövlətin güclü bir bünövrəyə malik olduğunu açıq-aşkar göstərir”.

Həzrət Ayətullah Xamenei bildirdi: “İran İslam Respublikası başlanğıcdan elan etdi ki, öz sülhməramlı ehtiyaclarını, o cümlədən enerji tələbatını ödəmək məqsədilə nüvə sahəsində elmi-texnoloji potensial əldə etmək niyyətindədir”.

Daha sonra o əlavə etdi: “Bəzi Qərb dövlətlərinin, o cümlədən Amerika, İngiltərə və sionistlərin bu məsələ ətrafında qalmaqal yaratmaq məqsədilə apardığı təbliğat tamamilə yalandır. Onlar özləri də yalan danışdıqlarını bilirlər. Bu cür qarşıdurma isə sonda onların özünə ziyan verəcək”.

Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Bütün bu təzyiqlərə rəğmən İran İslam Respublikası nüvə texnologiyaları sahəsində böyük irəliləyişlər edib və bu irəliləyişi  lazımi mərhələyə – elm və texnologiyanın bu sahəsində yalnız öz imkanlarına arxalanana qədər davam etdirəcək”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin fəaliyyətini tənqid edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “MAQATE-nin atdığı bəzi addımlar və hazırladığı hesabatlar onun qeyri-müstəqil bir beynəlxalq qurum olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “MAQATE heç bir vəchlə Amerikanın və bəzi digər ölkələrin təsiri altına düşməməlidir. Çünki bu cür birtərəfli yanaşma agentliyə və BMT-yə inamın itməsinə səbəb olur və bu, beynəlxalq təşkilatların dünyadakı nüfuzuna mənfi təsir göstərir”.

Xarici İşlər Nazirliyinin əsas işinin “İmperializmə qarşı mübarizə siyasəti”ndə bacardıqca irəliləyişə nail olmaqla, habelə güclü diplomatiyadan istifadə etməklə beynəlxalq münasibətlərə təsir etməkdən ibarət olduğunu deyən Ali Məqamlı Rəhbər qeyd etdi: “Keyfiyyətli diplomatiyanın həyata keçirilməsinə əvvəlkindən də artıq diqqət yetirilməli, diplomatik sferada hər bir görüş və çıxış mükəmməl surətdə ölçülüb-biçilməli, düzgün proqnozlara əsaslanmalıdır”.

Çıxışının digər bir qismində son dərəcə mürəkkəb bir peşə olan diplomatiyanın incəlikləri ilə tanışlığın və öz aralarında danışıqlar aparmağın ölkə diplomatları üçün olduqca mühüm olduğunu vurğulayaraq əlavə etdi: “İctimai diplomatiya İran İslam Respublikasının xüsusi təşəbbüs göstərdiyi məsələlərdən biridir və buna daha çox diqqət yetirmək lazımdır”.

Həmçinin Ali Məqamlı Rəhbər ölkədən xaricdə yaşayan iranlılarla effektiv əlaqələrin qurulmasının vacibliyini də vurğuladı.

Görüşün əvvəlində Xarici İşlər naziri cənab Mottəki İİR-nın xaricdəki səfir və nümayəndələrinin builki iclasının gündəliyində əsas məsələ kimi “dünyanın idarəçiliyində dəyişikliklərin həyata keçirilməsi”, “ədalət üzərində qurulmuş diplomatiya”nın durduğunu bildirərək dedi: “Regionun siyasi və iqtisadi tənzimlənməsində İranın mövqe və nüfuzunu möhkəmlətmək, milli təhlükəsizliyi və maraqları təmin etmək, “müsəlman həmrəyliyi” psixologiyasını daha da gücləndirmək, Fələstin və Livanda gedən mübarizəni dəstəkləmək, imperializmə və dünyanın hegemon dövlətlərinin müdaxiləsinə qarşı mübarizə aparmaq xarici siyasətin meyarlarındandır”. 

Cənab Mottəki rəhbərlik etdiyi nazirliyin region, MDB, Asiya və Afrika, Latın Amerikası və Avropa üzrə fəaliyyəti barədə hesabat verərək vurğuladı:  “Bütün bu regionlar üzrə hər bir dövlətin mövqeyini araşdırıb müəyyənləşdirməklə beynəlxalq münasibətlərin üç əsas prinsip – qürur, müdriklik və məqsədyönlülük çərçivəsində məntiqəuyğun formada tənzimlənməsinə səy göstərilmişdir”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /