Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin məsələsi insan haqlarının həqiqi müdafiəçilərini tanımaq üçün meyardır!

Əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd Mustafanın (s) mübarək təvəllüdü və Vəhdət həftəsinin ilk günündə “Fələstinin sabahı naminə milli və İslami həmrəylik” konfransının açılışında Fələstin cihad və mübarizə dəstələrinin rəhbərləri İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək belə qeyd etdilər: “Fələstin və Qüdsi-şərif müqavimət, cihad və mübarizə sayəsində İslam ümmətinə qaytarılacaq və qəsbkar İsrailə məğlubiyyət və məhvdən başqa bir müqəddərat nəsib olmayacaq”.

Görüşdə optimist ruhlu çıxış edərək olduqca mühüm məsələlərə toxunan Həzrət Ayətullah Xamenei Fələstin xalqının polad müqavimətini və Qəzza əhalisinin güclü mübarizəsini yüksək qiymətləndirərək təkidlə vurğuladı: “Heç şübhəsiz, Fələstin xalqının yaddaşlardan silinməyəcək mübarizəsinin davamı, mübariz cihad dəstələrinin müqavimət ideyası ətrafında birləşməsi, imanı və Allaha təvəkkülü sayəsində Fələstin torpağı mütləq azad olunacaq. Sionist rejiminin himayədarlarına isə tarixdə üzüqaralıqdan və rüsvayçılıqdan başqa heç bir şey nəsib olmayacaq”.

Fələstin xalqının və Qəzza əhalisinin təqdirəlayiq müqavimətini təəccübdoğuran, heyranedici bir hadisə adlandıran Ali Məqamlı Rəhbər bu müqavimətin fələstinlilərin öz mövqelərində günü-gündən möhkəmlənərək daha da irəli getməsinin başlıca amili olduğunu deyərək, Fələstin xalqına öz dərin təşəkkürünü bildirərək, habelə bu xalqı yüksək qiymətləndirdiyini və təqdir etdiyini vurğulayaraq belə əlavə etdi: “Təbii ki, Allahın yardımı və rəhbərliyi olmadan Qəzzada və başdan-başa bütün Fələstin torpağında baş verən müsibət və təzyiqlərə dözmək əsla mümkün deyil. Fələstin xalqı, həqiqətən də, “tarixdə ən mübariz xalq” adına layiqdir!”

Fələstin xalqının mübarizə və müqavimət əhval-ruhiyyəsinin qorunub-saxlanılması və möhkəmləndirilməsini cihad və mübarizə dəstələrinin ən mühüm vəzifəsi adlandıran Həzrət Ayətullah Xamenei bunun həm də Fələstinin qələbələrinin davamı üçün münasib zəmin hazırladığını deyərək əlavə etdi: “Sionist düşmən və digərləri Qəzza və İordan çayının qərb sahilində yaşayan əhaliyə ağır təzyiqlər göstərməklə müqavimətlərini qırmaq, onları təslim olmaq variantını seçməyə vadar etmək niyyətindədirlər. Lakin Fələstin xalqı daha da böyük inam və yüksək əhval-ruhiyyə ilə əmin olsun ki, onun həyata keçirdiyi bu əzəmətli hərəkat mütləq öz nəticəsini verəcək”.

İmperializm və küfr düşərgəsinə qarşı müqavimət cəbhəsinin günü-gündən daha da güclənməsini “açıq-aşkar və inkaredilməz bir reallıq” adlandıran Həzrət Ayətullah Xamenei Fələstin dəstələrinin rəhbərlərinin diqqətinə çatdırdı ki, müqavimət cəbhəsinin nəzərəçarpacaq dərəcədə möhkəmlənməsi və irəliləyişi “mənəvi-ideoloji faktorun mübarizəyə qoşulması”nın, habelə Allaha iman və təvəkkülün nəticəsidir. O əlavə etdi: “Buna görə də Fələstin xalqında dini əhval-ruhiyyəni, həqiqi imanı daha da dərinləşdirmək, sadiq Allahın verdiyi vədlərin mütləq həyata keçəcəyinə optimist yanaşmanı, ümid və təvəkkülünü artırmaq lazımdır”.

İran xalqının şah rejiminə qələbəsini Tanrının sədaqətli vədlərinin gerçəkləşməsinə bir nümunə adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “ABŞ və Qərbin hərtərəfli himayəsi altında olan istibdad rejiminin hökm sürdüyü bir ölkədə İslam Respublikasının qurulması qeyri-mümkün hesab olunurdu. Lakin Allaha təvəkkülə, birliyə, imana, mətinliyə söykənən mübarizə və imam Xomeyninin (r.ə) qətiyyəti bu qeyri-mümkün işi həyata keçirdi. Şübhəsiz ki, Fələstinin azad edilməsi İran xalqının şah diktaturası üzərində qələbəsindən daha çətin olmayacaq”.

Həzrət Ayətullah Xamenei maarifləndirmə işinin və qərblilərin Fələstin problemi ilə bağlı yalan təbliğatına qarşı mübarizənin əhəmiyyətini vurğulayaraq, o cümlədən ABŞ-ın və insan hüquqlarının müdafiəsindən ağızdolusu danışanların Qəzzadakı 22 günlük hərbi əməliyyatlar zamanı açıq-aşkar rüsvay olduğunu deyərək əlavə etdi: “Amerika və sionistlərin digər himayədarları Qəzzada insan hüquqlarının ən kobud və faciəli surətdə tapdalanmasına göz yumdular. Dünya xalqları baş verənlərə etiraz əlaməti olaraq aksiya və yürüşlər təşkil etdikdə isə bəzi Avropa dövləti, habelə insan hüquq və azadlıqları iddiasında olan beynəlxalq təşkilatlar daha artıq rüsvayçılığın qarşısını almaq üçün bu cinayəti sözdə mühakimə etməyə başladılar”.

BMT-nin sionistlərin Qəzzadakı 22 günlük hərbi əməliyyatlar zamanı törətdiyi cinayətlərə qarşı mövqeyini daha böyük bir rüsvayçılıq adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Qoldston hesabatına əsasən, sionist rejiminin cinayətkar başçıları mühakimə olunaraq cəzalandırılmalı idilər. Lakin nəyə görə isə bu, hələ də həyata keçirilməyib; əksinə, qəsbkar və qondarma sionist dövlətinə dəstək və himayə daha da artırılıb”.

İslam İnqilabının Rəhbəri əksər ərəb dövlətlərinin Qəzza sektorundakı 22 günlük hərbi əməliyyatla bağlı sınaqdan üzüqara çıxdıqlarını deyərək əlavə etdi: “Həmin dövlətlər Fələstin məsələsini “ərəb dünyasının problemi” adlandırırdılar. Fələstinə yardım etmək vaxtı çatanda isə hətta bu prinsipə əsasən belə hərəkət etməyib, öz fələstinli qardaşlarını düşmənin və onu himayə edənlərin qarşısında tək qoydular. Onların bu davranışı tarixin yaddaşına əbədi yazılacaq”.

Yeni seçilmiş ABŞ prezidentinin “Dəyişikliklər!” şüarının Vaşinqtonun rüsvay və bədnam olmuş reputasiyasını bərpa etmək məqsədi daşıdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu aldadıcı cəhd də heç bir müsbət nəticə vermədi. Çünki amerikalılar Fələstin məsələsi və bir sıra digər problemlərlə bağlı yalan danışırlar. İran xalqı artıq 30 ildir ki, bu cür yalanları eşitməyə adət edib”.

Fələstin məsələsini Qərb sivilizasiyası və liberal demokratiya iddiaçıları üçün ciddi bir sınaq adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Fələstin xalqının müqaviməti Qərbin yüzilliklər boyu “azadlıq və insan haqları” ilə bağlı irəli sürdüyü iddiaları tamamilə sual altında qoyaraq onu rüsvay edib. Bu gün Fələstin problemi azadlıq və insan haqlarının həqiqi müdafiəçilərini yalançı iddiaçılardan fərqləndirmək üçün meyara çevrilib”.

Amerikanın sabahının Fələstin xalqının müqaviməti qarşısında qəti məğlubiyyətlə açılacağını deyən Ali Məqamlı Rəhbər təkidlə qeyd etdi: “Şübhəsiz, ABŞ-ın son 60-70 ildə sionizmi müdafiə etmək məqsədilə  atdığı addımlar son nəticədə bu ölkəni tarixdə bədnam edəcək!”

Yeni – İslami əsaslar üzərində duran Orta Şərqin formalaşdırılması məsələsini xüsusilə vurğulayan Ali Məqamlı Rəhbər Fələstin xalqının müdafiəsini insanlıq və müsəlmanlıq borcu adlandıraraq əlavə etdi: “Bu sahədə müsəlman dövlətlərinin üzərinə düşən vəzifə daha ağırdır. Bundan əlavə, artıq xalqlar oyanmışlar və Fələstinin daha aktiv müdafiəsinə qalxmaq niyyətindədirlər”.

İslam Respublikası və İran xalqı üçün Fələstinin müdafiəsinin “ideoloji bir məsələ” olduğunu deyən Həzrət Ayətullah Xamenei bildirdi: “Bizim və xalqımız üçün Fələstin məsələsi siyasi taktika, yaxud strategiya yox, iman və mənəviyyat məsələsidir. Məhz bu səbəbdən də İran xalqı eynilə 22 bəhməndə – öz ölkəsi və müqəddəratı ilə bağlı olan bir gündə olduğu kimi Qüds günündə də ölkənin dörd bir yanında küçələrə çıxır, məzlum  fələstinlilərə dəstək olmaq üçün öz səmimi emosiyalarını dünyaya bəyan edir”.

Çıxışının digər qismində Ali Məqamlı Rəhbər qeyd etdi ki, kompromis tərəfdarlarının sonda düşdüyü vəziyyət sionist düşmənin etibarsızlığını və onunla dialoqa girməyin faydasız olduğunu göstərir. Daha sonra o əlavə etdi: “Qüds və Fələstinin həqiqi nicat yoluna, yəni mübarizə və müqavimət yoluna göz yumanlar düşmənin onlara zorla yüklədiyi məsələləri qəbul etməyə məcbur oldular. Bu məcburiyyətləri bircə anlıq belə olsun, aşmaq istədikdə isə ya oyundan kənarlaşdırıldılar, ya da təhqir olundular”.

Mübarizə və müqaviməti inkar etməyin istər bilərəkdən, istərsə də bilməməzlik ucbatından Fələstin xalqına zərbə vurulmasına səbəb  olduğunu deyən İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu reallıq müntəzəm olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei Allahın bu dünyada və axirətdə möminlərə yardımçı olacağını xatırladaraq əlavə etdi: “İran xalqının iqtisadi, siyasi, hərbi və təbliğat imkanları Amerikadan azdır, lakin biz Allahın bizə dəstək və yardımçı olması baxımından Amerikadan daha güclüyük. Dərindən düşünsək, günü-gündən əldə etdiyimiz uğur və irəliləyişdə,  Amerikanın isə, əksinə, geri çəkilməsində Tanrının bu köməyini açıq-aşkar görüb dərk edə bilərik”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda təkidlə vurğuladı: “İnşaallah, Qüdsi-şərif müsəlmanların ağuşuna qaytarılacaq; dünya xalqları və mübariz Fələstin xalqı bu əzəmətli günün mütləq şahidi olacaq!”   

Görüşün əvvəlində Xarici İşlər naziri cənab Mottəki “Fələstinin sabahı naminə milli və İslami birlik” forumunun başlıca hədəfləri barədə məlumat verərək, habelə fələstinlilərin sionist rejiminə qarşı yüksələn xətt üzrə aparılan mübarizəsinə toxunaraq dedi: “Hal-hazırda vəziyyət elə dəyişib ki, sionizmə havadarlıq edənlər bu qondarma rejimi himayə etməkdə ciddi tərəddüd içərisindədirlər. Həmçinin beynəlxalq təşkilatlar da sionistlərin bir neçə onillik ərzində törətdiyi cinayətlərdən bir qismini araşdırmağa məcbur olublar”.

Daha sonra çıxış edən HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri cənab Xalid Məşəl əziz İslam Peyğəmbərinin (s) mübarək mövlud günündə ‒ Vəhdət həftəsinin başlanğıcında “Fələstinin sabahı naminə milli və İslami birlik” konfransının keçirilməsini yüksək qiymətləndirdiyini bildirərək, həmçinin regiondakı hazırkı şəraitin keçmişdə olduğundan xeyli fərqləndiyini qeyd edərək dedi: “Allahın lütfü, habelə İran İslam Respublikasının cəsarətli mövqeyi və mətinliyi sayəsində bu gün mübarizə və müqavimət cəbhəsi daha da qüvvətlənib və sionizmlə mübarizədə keçmişdə təsəvvür olunması belə qeyri-mümkün olan bir neçə parlaq qələbəyə imza atıb”.

Cənab Xalid Məşəl sionist rejiminin məhvə doğru getdiyini vurğulayaraq təkidlə qeyd etdi: “Qələbənin yeganə yolu məhz mübarizədir. Biz hamımız yumruq kimi birləşərək bir səngərdə mübarizə aparırıq. Müqavimət cəbhəsində ikitirəlik yaratmaq niyyətində olanlar heç nəyə nail ola bilməyəcəklər. Bir neçə gün əvvəl Dəməşqdə İİR və Suriya dövlət başçılarının qeyd etdikləri kimi, müqavimət cəbhəsinin sözü, məntiqi və məqsədi birdir”.

Fələstinə dəstək olmaq məsələsində tutduğu mövqeyə görə İslam İnqilabının Rəhbərinə, o cümlədən İİR-nın dövlət rəsmilərinə və İran xalqına dərin təşəkkürünü bildirən HƏMAS rəsmisi sionist rejiminin Məscidül-Əqsanı, habelə Fələstinin işğal olunmuş digər müqəddəs məkanlarını darmadağın etmək istiqamətində aksiyalar keçirdiyi barədə xəbərdarlıq etdi.

Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah da çıxış edərək regiondakı hazırkı həssas şəraitdə bu cür görüşlərin keçirilməsini olduqca əhəmiyyətli bir iş kimi dəyərləndirərək qeyd etdi: “Fələstin probleminin həlli yalnız İslam ümmətinin, Fələstin xalqının və buradakı müxtəlif qruplaşmaların birgə və həmrəy fəaliyyəti sayəsində mümkün ola bilər. Ümidvarıq ki, Tehrandakı görüş Fələstinlə bağlı güclü milli birlik və həmrəyliyə nail olunması üçün münasib zəmin yaradacaq”.

Cənab Ramazan Abdullah Fələstin məsələsinin həlli üçün yeganə çıxış yolunun sionist düşmənə qarşı müqavimət və mübarizə yolu olduğunu vurğuladı. Belə ki, keçmiş təcrübələr problemin siyasi-diplomatik yolla həlli cəhdlərinin Fələstin xalqının hüquqlarının tapdanmasından başqa heç bir nəticə vermədiyini göstərib.

Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah Fələstin xalqının mübarizəsini dəstəklədiklərinə görə Ali Məqamlı Rəhbərə, İranın digər dövlət rəsmilərinə və bütövlükdə İran xalqına təşəkkürünü bildirərək xüsusilə vurğuladı: “Mübarizə aparmaq Fələstin xalqının hüququdur. Bizlər Fələstin mücahid dəstələrinin rəhbərləri olaraq İzzəddin Qisam, Əhməd Yasin və Fəthi Şəqqaqi kimi böyük insanların yolunu davam etdiririk və mübarizədən, müqavimətdən başqa bir yol seçmək fikrində deyilik!”

Bugünkü görüşdə çıxış edənlərdən daha biri ‒ Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin (Baş Komandanlıq) baş katibi cənab Əhməd Cibril Allah Rəsulunun (s) müşriklərə və düşmənlərə qarşı mübarizədə dözdüyü məşəqqət və çətinliklərə toxunaraq dedi: “Biz Peyğəmbər (s) yolunun davamçılarıyıq, sionist düşmənə qalib gəlmək üçün yeganə yol olaraq müqaviməti seçmişik və bu seçimimizlə də fəxr edirik!”

Cənab Əhməd Cibril müqavimət cəbhəsinin Livanda və Qəzzada qazandığı böyük qələbələrə toxunaraq vurğuladı: “Hazırda regiondakı şərait əvvəlkinə nisbətən xeyli dəyişib. Məğlubiyyət fikrini ağlına belə gətirməyən sionist düşmən hal-hazırda onun acısını artıq bir neçə dəfə dadıb”.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin (Baş Komandanlıq) baş katibi cənab Əhməd Cibril həmçinin bunları da qeyd etdi: “Bu vaxta qədər düşmənlərimiz özlərinin ürəyincə olacaq yeni bir Orta Şərq formalaşdırmaq niyyətində idilər. Lakin hal-hazırda müqavimət cəbhəsi Tehrandan başlayıb region boyu genişlənməkdə olan yeni bir Orta Şərqin əsasını qoyub”.

Cənab Əhməd Cibril də öz növbəsində Fələstin xalqının mübarizəsini dəstəklədiyinə görə İran İslam Respublikasına və İslam İnqilabının Ali Məqamlı Rəhbərinə dərin təşəkkürünü bildirdi.

“Fəth” (İntifada) hərəkatının baş katibi polkovnik Əbu Musa da çıxış edərək Qüdsü və Fələstinin işğal altında olan torpaqlarındakı müqəddəs məkanları böyük bir təhlükə gözlədiyini qeyd edərək dedi: “Sionist rejimi Məscidül-Əqsa yaxınlığındakı əraziləri xaraba qoyub işğal etməklə, bu yerlərdə yaşayış məskənləri salmaqla praktik olaraq Qüdsü mühasirəyə alıb və hal-hazırda Beytül-müqəddəsi tamamilə yəhudiləşdirməkdə və Qüdsü məhv etməkdədir”.

Polkovnik Əbu Musa İslam İnqilabının qələbəsinin müqavimət hərəkatının formalaşmasına və hərəkatın son illər ərzində qazandığı qələbələrə olduqca böyük təsir göstərdiyini deyərək, o cümlədən İİR və Suriya prezidentlərinin sonuncu görüşünü xatırladaraq qeyd etdi: “Dəməşqdə cənab Əhmədi Nejadın və cənab Bəşşar Əsədin bildirdikləri mövqe Amerika və sionist rejiminə cəsarətli bir cavab idi. Bu cavab bütün müsəlmanları, xüsusən də Fələstin xalqını çox sevindirdi”.

Fələstin Xalq Cəbhəsinin Siyasi Bürosunun rəsmisi cənab Mahir Tahir də İran İslam Respublikasının regiondakı yerinə və roluna, habelə İslam İnqilabının qələbəsinin müqavimət hərəkatının formalaşmasına göstərdiyi təsirə toxunaraq dedi: “Həqiqətdə İrana qarşı göstərilən təzyiqlərin əsasında nüvə probleminin, yaxud hər hansı başqa bir səbəbin durmadığını hamımız yaxşı bilirik. Bu təzyiqlərin əsas səbəbi məhz İranın Fələstini və Fələstin xalqının müqavimətini dəstəkləməsidir”.  

O, İran İslam Respublikasının, xüsusən də dövlət başçısı cənab Əhmədi Nejadın mövqeyini yüksək qiymətləndirdiyini bildirərək dedi: “Fələstin Xalq Cəbhəsinin həbsdə olan baş katibi cənab Əhməd Sədat tutduğu mövqeyə görə sionist rejiminin təcridxanasından İran prezidentinə müraciət edərək ona öz təşəkkürünü bildirib”.

Həmçinin Suriya prezidentinin Tehran görüşündə iştirak edən xüsusi nümayəndəsi cənab Heysəm Sitayi də çıxış edərək cənab Bəşşar Səidin salamını Ali Məqamlı Rəhbərə yetirib vurğuladı: “Mübariz Fələstin dəstələrinin rəhbərləri ilə birlikdə Tehran konfransında iştirak edən Suriya elan edir ki, müqavimət cəbhəsi yekdilliklə birləşərək sionist düşmənə və onun havadarlarına qarşı bir səngərdə, çiyin-çiyinə dayanıb”. 

Daha sonra  cənab Heysəm Sitayi Suriya dövlətinin müqavimət hərəkatını dəstəkləməyi öz vəzifəsi hesab etdiyini vurğulayaraq əlavə etdi: “Müqavimət düşərgəsinin son illər ərzində qazandığı qələbələr regionda tamamilə yeni bir vəziyyət yaradıb. Bu yeni reallığı qoruyub-saxlamaqla müqavimət yolunda əvvəlkindən də möhkəm və qətiyyətli addımlarla irəliləmək lazımdır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /