Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

İslam dövləti nicat gəmisidir!

Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin (1) sədri və məclis üzvləri ilə görüşmüşdür. Görüş zamanı Ali Məqamlı Rəhbər olduqca əhəmiyyətli və diqqətəlayiq çıxışında İslam dövlətini Allaha itaətə əsaslanan,  “Allahın cızdığı layihə və plan” üzrə qurulmuş bir rejim adlandıraraq, həmçinin ölkədə prezident seçkilərindən sonra baş vermiş iğtişaşlara toxunaraq təkidlə vurğuladı: “Başlıca məsələ dövlətin gerçək mahiyyətini, hüdud və meyarlarını qoruyub-saxlamaqdır. Dövlətin gerçək mahiyyətini təşkil edən, Konstitusiya və qanunvericilikdə açıq-aşkar öz əksini tapmış əsas prinsiplərini qəbul edən şəxslər rejimin komandası hesab olunur. Sözləri, əməlləri və təhrikçi hərəkətləri ilə bu prinsipləri tapdalayanlar isə rejimin komandasında iştirak etmək səlahiyyətini özləri əldən verirlər”.

İslam İnqilabının Rəhbəri İslam dövlətinin Qurani-Kərimdəki
اطیعوا الله و اطیعوا الرسول
“Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun” (“Nisa” surəsi, ayə 59)

ayəsinə əsaslandığını deyərək əlavə etdi: “Allahın bəşər cəmiyyəti üçün təyin etdiyi kursa riayət etmək fərdi itaət və ibadətdən daha yüksəkdə durur. Bunun gerçəkləşməsi üçün xalqın hamılıqla çalışıb səy göstərməsinə ehtiyac var. İran İslam Respublikası məhz Allahın qoyduğu yol və təyin etdiyi plan üzrə hərəkət etməyin nəticəsidir”.

Həzrət Ayətullah Xamenei Allahın yolu ilə getməyin bir xalqın müqəddəratında nə qədər həyati əhəmiyyətli ola biləcəyini də açıqlayaraq qeyd etdi: “Yanlış və qeyri-dini ictimai sistemlərdə atılan fərdi miqyaslı addımlar ölkəni və cəmiyyəti səadətə, xoşbəxtliyə çatdıra bilməz. Lakin Allahın irəli sürdüyü proqram əsasında qurulan rejimlərdə fərdi miqyaslı qarşıdurmaları yoluna qoymaq, problem və çatışmazlıqları aradan qaldırmaq mümkündür. Bu reallıq Allah proqramına əsaslanan bir hakimiyyət rejiminin formalaşdırılmasının xalqların səadətə qovuşmasında nə qədər misilsiz bir rol oynaya biləcəyini sübut edir”.

Son 31 ildə İran xalqının dünyanın hegemon qüvvələrinə qarşı başlıca və real mübarizəsinin məhz İslam rejiminin həqiqi mahiyyəti, eləcə də onun prinsip və hüdudlarının qorunub-saxlanmasından ibarət olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin mövcudluğu, onun İslam dünyasının oyanışına və hərəkətə keçməsinə səmərəli təsiri dünya imperializminin mənafeyi üçün təhlükə törətdiyinə görə Yer kürəsindəki bütün zalım və istibdadçılar əlbir olub İslam Respublikasına qarşı şiddətli mübarizəyə keçmişlər. Bu səbəbdən də İslam rejiminin qorunub saxlanması və möhkəmlənməsi naminə hamı əlindən gəldiyi qədər səy göstərməlidir”.

Ali Məqamlı Rəhbər “tovhid”in ‒ yəni vahid və yeganə olan Allahın varlığına inam əqidəsinin İslam rejiminin başlıca sütunu olduğunu qeyd edərək, habelə ədaləti, insan faktorunu, eləcə də onun istək və düşüncələrini bu dövlətin digər sütunları adlandıraraq əlavə etdi: “İslamın məhz bu yanaşması baxımından xalqın ölkədə gedən ictimai-siyasi məsələlərdə, eləcə də xüsusi əhəmiyyət kəsb edən seçkidə hamılıqla iştirakı ölkənin və cəmiyyətin önəmli məsələlərindən biri hesab olunur. Elə buna görə də İslam Respublikasında seçkilər formal və təqlidi deyil, real bir xarakter daşıyır”.

İslam İnqilabının Rəhbəri Həzrət Əlinin (ə) Malik Əştərə elit təbəqədən çox sadə xalqın razılığına üstünlük verməklə bağlı tapşırığını xatırladaraq dedi: “Xalqın ölkə miqyaslı məsələlərdə iştirakını, ümumi kütlənin bu məsələlərə müdaxiləsini təmin etmək seçkinin əsl mahiyyətini təşkil edir. Bu, bir çox səmərəli nəticələr verə, o cümlədən düşməni İslam Respublikasına qarşı mübarizə aparmaqdan günü-gündən daha çox məyus edə bilər”.

İslam İnqilabının Rəhbəri seçkidən sonra baş verən iğtişaşların xalqın səsini boğmaq, onun ölkənin ictimai-siyasi həyatında iştirakına zərbə endirmək, hökuməti ittiham edib rejimə qara yaxmaq məqsədi güddüyünü deyərək xüsusilə vurğuladı: “Bəzi şəxslər bu böyük günaha mürtəkib olaraq qanuna, ədalət məhkəməsinə təslim olmaq, əməllərinə görə qanunun müəyyənləşdirdiyi formada cavabdehlik etmək istəmirdilər”.

İslam dövlətində seçkilərin müsbət təsirlərini qeyd edən Ali Məqamlı Rəhbər xalqın verdiyi səsləri onun öz seçiminin nəticəsi adlandıraraq əlavə etdi: “Ağızdolusu “demokratiya”dan danışan bir çox dövlətlərdən fərqli olaraq İslam dövlətində xalqın kimə səs verəcəyini maliyyə və hökumət mafiyaları müəyyənləşdirmir; xalq öz seçiminə uyğun qərar qəbul edir. Əlbəttə ki, bu qərar bəzi hallarda yanlış ola bilər, lakin hər halda bu, xalqın öz seçimidir və ona tabe olmaq vacibdir”.

Sağlam rəqabəti, cəmiyyətdə optimist əhval-ruhiyyənin artmasını, ölkə administrasiyasında dəyişikliklər edilməsi və dövlətin daha da güclənməsini İran İslam rejimində baş tutan seçkilərdə xalqın aktiv iştirakının digər səmərəli nəticələri kimi dəyərləndirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər hansı bir ictimai quruluşun uzunömürlü olmasının ən optimal metodu sabitliyi qoruyub-saxlamaqla dəyişikliklərin həyata keçirilməsidir. Məhz bu prinsipi rəhbər tutan İslam Respublikasında başlıca struktur və prinsiplər sabit şəkildə qorunub-saxlanmaqla rejim daxilində elə həmin prinsiplərdən irəli gələn seçki rəqabətləri və islahatlar həyata keçirilir. Təbii ki, seçki rəqabətində rejimin prinsiplərini tapdalayıb yanlış bir addım atan şəxs seçki qanunlarını pozmuş hesab olunur”.

İslam rejiminin düşmənlərinə qarşı mövqeyini şəffaf və qətiyyətli surətdə müəyyənləşdirməyi İİR-da seçki rəqabətinə qoşulmağın digər zəruri şərti hesab edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin düşmənlərinə qarşı qeyri-müəyyən bir mövqeyin seçilməsi rüsvayçı bir səhvdir və bu, ictimaiyyətdə çaşqınlığın yaranmasına səbəb ola bilər. Buna görə də rejimin əleyhdarlarına nifrət və etiraz bildirmək, onlara qarşı mövqeyini tam açıq və qətiyyətli formada nümayiş etdirmək lazımdır”. 

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı həmçinin aşağıdakıları da qeyd etdi: “Düşmənə qarşı şəffaf mövqe nümayiş etdirilməzsə, bir qrup xəyanətkar şəxs əsl kimliyini tanınmadan rejimin daxilinə nüfuz edə, digər bir qrup isə özləri də bilmədən rejim çərçivəsindən çıxa bilərlər. Buna görə də düşmənə qarşı açıq-aşkar mövqe nümayiş etdirməmək böyük bir səhvdir”.

Ölkədə sağlam seçkilərin baş tutması üçün milli mənafeyin şəxsi və cılız maraqlardan üstün tutulmasını daha bir zəruri şərt hesab etdiyini deyən Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Məhz bu keyfiyyətləri özündə əks etdirən seçki, heç şübhəsiz, xalqın razılığı və optimist əhval-ruhiyyəsi ilə müşayiət olunacaq, ölkənin inkişaf və tərəqqisinə yol açacaq”.

Bir çox aspektlərdən yanaşıldıqda rejimin hazırkı siyasi-ideoloji vəziyyətinin  keçmişdəkindən dəfələrlə yaxşı olduğunu deyən Ali Məqamlı Rəhbər fikrini belə izah etdi: “Bu gün dahi imam Xomeyninin (r.ə) ilıq nəfəsi aramızda deyil, xalqın, habelə gənclərin qeyrətini coşub-daşdıran Müqəddəs Müdafiə Hərəkatı kimi bir proses də müşahidə olunmur. Lakin buna baxmayaraq İslam İnqilabının qələbəsindən 31 il sonra xalqımız, xüsusən də cavanlar mükəmməl bir ideoloji hazırlıqla bu ilin 22 bəhmən günü kimi misilsiz bir tarixi hadisəyə, unudulmaz və möhtəşəm 9 deyə imza atırlar”.

Ali təhsil ocaqlarında və bütövlükdə cəmiyyətdə xalqın, xüsusilə də gəncliyin üzərinə düşən məsuliyyəti dərk etmək, təqdirəlayiq uzaqgörənlik, qeyrət, əzm, təşəbbüs göstərmək üçün hər zaman hazırlıqlı olmaq kimi keyfiyyətləri yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu il camaat həmişəkindən daha böyük şövq və canlanma ilə meydanlara axışdı. Çünki  xalq təhlükəni hiss etmişdi; anlamışdı ki, seçki və seçkidən sonrakı olaylar bəhanəsi ilə rejimə zərbə vurmaq istəyən, zaman-zaman imam Xomeyninin (r.ə) və İslam İnqilabının adını da dilinə gətirən şəxslər təhrikedici çıxışları və əməlləri  ilə dövlətin amallarının tam əksinə olan bir mövqedə durmuşlar”.

İslam İnqilabının Rəhbəri ölkə rəsmilərinin xalqın qədrini bilməli olduğunu bir daha vurğulayaraq əlavə etdi: “Xalqın bu həlledici iştirakının mənbəyini ‒ yəni xalqımızın dindar və Allaha itaət edən bir xalq olmasını dərk etməli, bunun qədrini bilmək üçün insanlarımıza daha da yaxşı və ciddi xidmət göstərməliyik”.

İran xalqına qarşı böyük bir düşmən düşərgəsinin mübarizə apardığını deyən Həzrət Ayətullah Xamenei belə qeyd etdi: “Sionistlərin və beynəlxalq kompaniyaların əli ilə qəsdən idarə olunan informasiya agentlikləri bütün imkanlarını səfərbər edərək İslam rejiminə qarşı mübarizəni davam etdirirlər. Ölkənin daxilində də bəziləri onların sözlərini təkrar etməklə düşmənlərin etimadını qazanır, İslam dövlətinə zərbə vurmaları üçün münasib zəmin hazırlayırlar. Lakin insanlarımız hədsiz və stimulverici ayıq-sayıqlığı, Allaha imanı, İslam rejiminə bağlılığı və sədaqəti sayəsində Tanrının dəstək və yardımına layiq ola bilmiş, dövlətimiz və xalqımız müxtəlif sahələrdə inkişaf edərək xeyli irəliləmişdir”.

Ali Məqamlı Rəhbər bir daha rejimin mahiyyətini özündə əks etdirən prinsipial məsələlərdə İslam dövlətinin düşmənlərinə qarşı mövqeyini açıq-aşkar ifadə etməyin vacibliyini vurğulayaraq, eyni zamanda qeyri-prinsipial məsələlərlə bağlı ixtilafların isə inkişafa səbəb olduğunu deyərək əlavə etdi: “Səsləndirilən hər bir fikir və atılan hər bir addım əvvəlcə hər kəsin başlıca vəzifəsi ‒ yəni İslam dövlətinin qorunub-saxlanması və qüvvətləndirilməsi baxımından ölçülüb-biçilməli və yalnız bundan sonra icra edilməlidir”.

İslam İnqilabının Rəhbəri cəmiyyətin üzdə olan görkəmli təbəqəsinin hadisələrə müdriklik və uzaqgörənliklə yanaşmasının vacibliyini dəfələrlə təkrar etməsinin səbəbini izah edərkən Məşrutə dövrünü xatırlatdı, qeyd olunan keyfiyyətlərin həmin dövrdə bəzi görkəmli şəxsiyyətlərdə müşahidə olunmadığını dedi. Daha sonra o, belə əlavə etdi: “O zaman qərbmeyilli qüvvələrin qurduğu hiylələrin həqiqi mahiyyəti açıqlanmadı və nəticədə prinsipial bir səhvə yol verildi. Lakin bu səhv təkrar olunmamalıdır”.

Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) bir vaxtlar İslam şəriətindəki qisas qanununa və bəzi cəza növlərinə müxalif olan cərəyanlara olduqca həssas yanaşdığını və onlara qarşı kəskin mübarizəsini xatırladaraq dedi: “Hərtərəfli bir şəxsiyyət olan İmamımız (r.ə) məsələnin əsl mahiyyətini anladığı üçün buna o cür kəskin reaksiya vermişdi”.

İslam rejiminin ümumxalq mahiyyətinin qorunub-saxlanmasına başlıca əhəmiyyət kəsb edən prinsipial bir məsələ kimi həssaslıqla yanaşmağın zəruriliyini qeyd edən İslam İnqilabının Rəhbəri ikinci dərəcəli məsələləri prinsipial məsələlərdən fərqləndirməyin vacibliyini vurğulayaraq əlavə etdi: “İkinci dərəcəli ‒ qeyri-prinsipial məsələlərdə rəylərin toqquşması o qədər də əhəmiyyətli deyil və həlli mümkündür. Lakin prinsipial məsələlərə münasibətdə hər kəs öz mövqeyini aydın şəkildə ifadə etsə, rejimin mahiyyətinə sadiq olan şəxslərlə xalqın dindarlığına qarşı olan, qanunla mübarizə aparan şəxslər arasında konkret fərq qoymaq mümkün olar”.

Ali Məqamlı Rəhbər İslam dövlətini “nicat gəmisi” adlandıraraq, bir daha təkidlə hər kəsi və bütün siyasi cərəyanları rejimin hakimiyyətində iştirak etməyə dəvət edərək əlavə etdi: “Qanunun aliliyini və əksəriyyətin rəyini qəbul etmək istəməyən, rejimin xalqın seçkidə 40 milyonluq iştirakı kimi qüvvətli bir cəhətini zəif cəhət kimi qələmə verən şəxslər praktik olaraq özlərini bu “nicat gəmisi”ndən kənarlaşdırır, İslam dövlətinin hakimiyyətində iştirak etmək səlahiyyətini əldən buraxırlar; onlar artıq bu fürsəti əldən buraxmışlar”.
 
Həzrət Ayətullah Xamenei çıxışının digər bir qismində Xubriqan Məclisini olduqca mühüm və müstəsna bir qurum adlandıraraq əlavə etdi: “Xubriqan Məclisi hər bir işdə, xüsusilə də Ali Məqamlı Rəhbərlik postunun seçilməsi kimi mühüm bir məsələdə və buna aid digər məsələlərdə xalqın etimadını qazanmış, adlı-sanlı şəriət alimlərini özündə birləşdirən bir şuradır”.

Xubriqan Məclisinin üzvlərinə və məclisin möhtərəm sədrinə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər onların çəkdiyi zəhmətlərə görə Tanrının razılığını əldə edəcəklərinə ümidvar olduğunu bildirdi”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Haşemi Rəfsəncani çıxış edərək dedi: “9 dey və 22 bəhmən ümumxalq yürüşlərində xalqımızın möhtəşəm iştirakının təsiri ilə Xubriqan Məclisinin budəfəki sessiyası daha da emosional və optimist əhval-ruhiyyədə baş tutdu. Məclisin iclasları davamlı olaraq yüksək stimulla dolu, sakit bir atmosferdə keçdi”.

Ayətullah Haşemi Rəfsəncani əlavə etdi: “Məclis üzvlərindən başqa iki qonaq iştirakçı da ölkədəki vəziyyət və dövlətin apardığı xarici siyasət barədə məlumat verdilər”.

Xubriqan Məclisinin sədr müavini Ayətullah Haşemi Şahrudi məclisin iki gün davam etmiş iclası barədə qısaca məlumat verərək dedi: “Xubriqan Məclisinin dördüncü çağırışının 7-ci sessiyasına məclis rəhbərliyinin çıxışı ilə start verildi. İclasın davamında məclis üzvlərindən bir neçəsi çıxışlar etdilər”. 

(1)    Xubriqan Məclisi – Şəriət üzrə Ekspertlər Şurası


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /