Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejiminin məhvi labüddür!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə təkidlə qeyd etdi: “Məzlumların hegemonlar üzərində qələbəsi Allahın istəyi və iradəsidir. Fələstin Tanrının bu istək və iradəsinin gerçəkləşdiyi bir meydana çevrilib”.

Həzrət Ayətullah Xamenei Fələstinin və sionist rejiminin 30 il öncəki vəziyyətini hal-hazırkı şəraitlə müqayisə edərək dedi: “Bu gün Fələstin həyatın, əzmin, güclü iradənin, imanın, cihadın, qürur və heysiyyətin parlaq təcəssümüdür. Fələstin xalqı mənəvi cəhətdən qəsbkar sionistlərdən dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən də İsrail ordusu daha yaxşı silahlanmasına baxmayaraq bu xalqın imanını və iradəsini qıra bilməyib məğlub oldu”.

İslam İnqilabının Rəhbəri sionist rejiminin Qəzzanı işğal etməkdə aciz qalmasını İlahi bir möcüzəyə bənzədərək fikrini bu cür izah etdi: “Sionist rejimi hər cür maddi və siyasi kömək almasına, mühasirəni 2 il ərzində davam etdirməsinə baxmayaraq Fələstin xalqının müqavimətini qıra bilmədi”.

Bu barədə Həzrət Ayətullah Xamenei aşağıdakıları da qeyd etdi: “Allah-Taala bu bölgədə zülmün sona çatmasını və hegemonların burnunun ovulmasını istəyir”.
 
Sionist rejiminin törətdiyi misli görünməmiş vəhşilik və qəddarlıqlara toxunan Ali Məqamlı Rəhbər dedi: “60 illik qəsbkar tarixi boyunca bu rejim hər hansı bir despot qurumun edə biləcəyi bütün çirkinliklərə, zülm və namərdliklərə yol verib”.
    
İslam İnqilabının Rəhbəri bütün təzyiqlərə rəğmən Fələstin xalqının heyrətamiz bir müqavimət nümayiş etdirdiyini deyərək əlavə etdi: “Fələstin xalqının imandan doğan ümid və optimizmi onun müqavimətinin başlıca amilidir. Buna görə də Fələstində baş verən bütün siyasi olaylarda müqavimətin davam etdirilməsinə və qələbəyə olan bu ümidin qorunub-saxlanılmasına mühüm bir faktor kimi lazımi diqqət yetirmək lazımdır”.

Fələstinin cihad və siyasət arenasında İslami Cihad Hərəkatının rolunu yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Mən Fələstinin sabahına böyük optimizmlə yanaşıram;  bu əqidədəyəm ki, İsrail dərin bir uçurumun kənarı ilə gedir və İnşaallah, onun məhvi labüddür”.

Günü-gündən “haqq cəbhəsinin gücləndiyini” və bunun qarşılığında isə “batil cəbhəsinin zəiflədiyini” qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Şübhə yoxdur ki, bu yolun sonunda Fələstin sionistlərin cəngindən xilas olub fələstinlilərə qaytarılacaq və sionist rejimi məğlub olacaq”.

Bəzi ərəb dövlətlərinin sionist düşmənə kömək etməyə səy göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şübhəsiz, bu səylərin heç bir təsiri və davamı olmayacaq. Çünki müsəlman xalqları daim “Fələstin” amalının keşiyindədirlər”.
 
Sonda İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Biz öz əqidəmizi rəhbər tutaraq Fələstini dəstəkləyirik, daim onunlayıq və qəlbən inanırıq ki, Ulu Yaradan möminləri müdafiə edəcək”.

Görüş əsnasında Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah İslam İnqilabının möhtəşəm qələbəsinin 31-ci ildönümü münasibətilə Ali Məqamlı Rəhbəri və İran xalqını səmimi-qəlbdən təbrik edərək  dedi: “Şəhid Fəthi Şəqqaqinin qeyd etdiyi kimi, İran İslam İnqilabı misli-bərabəri görünməmiş bir inqilabdır və o heç bir başqa inqilabla müqayisə oluna bilməz”.

Cənab Ramazan Abdullah Fələstində və bölgədə müşahidə olunan son dəyişikliklər barədə qısaca məlumat verərək dedi: “Sözsüz ki, Fələstin müsəlmanlarının təşkil etdiyi müqavimət dəstələri tam qələbə qazanana qədər birlik və qəti mövqe nümayiş etdirərək öz siyasi və cihad fəaliyyətlərini davam etdirəcəklər”.

Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah sionist rejiminin regionda yürütdüyü müharibə siyasətinə də toxunaraq dedi: “Fələstinin cihad və müqavimət dəstələri var-qüvvələri ilə, ayıq-sayıqlıqla hadisələrin gedişini izləyirlər. Onlar sionist düşmənin hər cür provokasiyaları ilə və atdığı məntiqsiz addımlarla üz-üzə gəlib müdafiə olunmağa hazırdırlar”.

Cənab Ramazan Abdullah böyük İran xalqının uzaqgörənliyini və ayıq-sayıqlığını yüksək qiymətləndirdiyini bildirərək dedi: “Bu gün İran İslam Respublikası ən layiqli və güclü bir mövqe tutmaqdadır. Biz hamımız İranın bu haqlı mövqeyi ilə fəxr edirik və əminik ki, haqq-ədalət mütləq qələbə çalacaq”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /