Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müasir dünyada elm ədalətsizliyə xidmət edir!

Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinin yüzlərlə müəllimi, fakültə və tələbə şəhərciklərinin rəhbərləri və Universitetin Elmi Şurasının üzvləri ilə görüşdə elmi İİR-nın tərəqqisinin həqiqi mənbəyi və dayağı adlandıraraq təkidlə vurğuladı: “Ölkəmiz elmi tərəqqi yoluna çıxıb və bu yolu var-qüvvəsi ilə, mümkün qədər sürətlə davam etdirməlidir”.

Mübarək “Fəcr dekadası” münasibətilə sevimli İran xalqını və akademik sferaların nümayəndələrini təbrik edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam qanunlarını hökumət səviyyəsində rəhbər tutan İran bu dinin və Qurani-Kərimin təlimlərinə əsasən xalqın problemlərinin həlli, ölkənin tərəqqi və quruculuğu naminə çalışmaqla yanaşı, bəşəriyyət qarşısında da məsuliyyət daşıyır. Ölkəmiz bu böyük və mühüm vəzifəni layiqincə yerinə yetirə bilmək üçün real güc və iqtidara malik olmalıdır”.

Bəşər cəmiyyəti qarşısında İİR-nın üzərinə düşən missiyanı açıqlayan İslam İnqilabının Rəhbəri ölkəsinin hətta ideya səviyyəsində olsa belə, istənilən hücum və işğalçılıq meyillərinə mütləq surətdə “Yox!” dediyini vurğulayaraq əlavə etdi: “Bəşər cəmiyyətinin problemlərinin həllinə təsir edə biləcək əsl iqtidarı nə hərbi güc, nə də sənaye və texnologiyanın inkişafı ilə qazanmaq olmaz. Belə bir qüdrət yalnız iki faktora söykənə bilər: elm və iman”.

Ali Məqamlı Rəhbər  son 30 ildə İranın əldə etdiyi mühüm elmi nailiyyətləri “müstəqillik və azad düşüncə”nin nəticəsi kimi dəyərləndirərək qeyd etdi: “Diktatura rejimi hakimiyyətini davam etdirsəydi, hətta zaman keçdikcə belə bütün bu nailiyyətləri əldə etmək mümkün olmayacaqdı. Çünki xarici qüvvələrin yürütdüyü siyasətdən asılı olan diktatura rejimi şəraitində elmi tərəqqi qeyri-mümkündür”.

Həmçinin İslam İnqilabının Rəhbəri bunları da əlavə etdi: “Son 30 il ərzində qazanılmış mühüm elmi tərəqqi, hələ ki, qaneedici deyil və biz müasir dünya elminin zirvələrindən xeyli uzağıq. Bu məsafəni qət edib həmin zirvələrə yetişmək üçün görkəmli xadimlərin, alimlərin, ziyalıların və tələbələrin ikiqat çox, ardıcıl və yorğunluq bilmədən gərgin səy göstərməsi tələb olunur”.

Özünün akademik dairələrlə, xüsusilə də Tehran Universiteti ilə uzun illərdən bəri davam edən yaxın münasibətlərinə toxunan Ali Məqamlı Rəhbər bu təhsil ocağının ölkənin elmi tərəqqisinin tempini sürətləndirməkdə mühüm və nümunəvi rolunu da xüsusilə qeyd edərək əlavə etdi: “50 illik perspektiv fəaliyyət proqramını işləyib-hazırlamaqla sevimli İranımızı dünya elminin ön sıralarına çatdırmaq, habelə ölkəni elmi asılılıqdan xilas etməklə yanaşı, bəşər elmini dərinləşdirərək daha da inkişaf etdirmək mümkündür”. 
  
Həzrət  Ayətullah Xamenei bildirdi ki, İslam dininin və İran İslam Respublikasının elmi tərəqqiyə nail olmaqda başlıca məqsədi məhz  İran xalqını və bütövlükdə bəşəriyyəti səadət və xoşbəxtliyə qovuşdurmaq, bəşərin tarix boyu bəslədiyi arzuların reallaşması, o cümlədən ədalətin bərqərar olunmasıdır. Daha sonra o, belə əlavə etdi: “Elmə nəcib, pak və mənəvi aspektdən yanaşmaq lazımdır. Lakin təəssüflər olsun ki, müasir dünyada elm ədalətsizliyə və despot qüvvələrə xidmət edir”.

“Modern, silahlı və protest qəbul etməyən ədalətsizliyi” müasir dünyanın reallığı adlandıran İslam İnqilabının Rəhbəri bu ifadələri açıqlayaraq dedi: “İran İslam Respublikasına qarşı durmadan hazırlanan əlbir planlar kimi müasir elmlərə söykənən geniş təbliğat da modern, silahlı ədalətsizliyin bariz nişanələrindəndir. Belə ki, bu ədalətsizlik müasir dünyada elmə arxalanmaqla cərəyan edir və onu protest edən İran İslam Respublikasını davamlı olaraq hücumlara məruz qoyur”.

Elmin misilsiz əhəmiyyətini açıqladıqdan sonra Həzrət Ayətullah Xamenei ali təhsil ocaqlarının ikinci təqdirəlayiq cəhəti kimi mədəniyyəti qeyd etdi.

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı qeyd etdi ki, tələbələrin etik-mədəni təlim-tərbiyəsi olduqca həssas bir məsələdir; dərsliklərin hazırlanmasında, müəllim seçimində və tələbələrlə bağlı həyata keçirilən müxtəlif proqramlarda bu barədə ətraflı düşünməyə, düzgün, məqsədəuyğun tədbirlər görməyə ehtiyac var.  

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əmrlər, tərifnamələr, təbliğat və afişalarla ali təhsil ocaqlarında gənclərin etik-mədəni tərbiyəsinin əhəmiyyətini düzgün dərk etmək və bu istiqamətdə düzgün fəaliyyət göstərmək əsla mümkün deyil. Bunun üçün gənc nəslin sabahkı taleyinə və ölkənin gələcəyinə maraq göstərmək, daxili stimula malik olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei elmə düzgün yanaşmanın formalaşdırılmasını ali təhsil ocaqlarında mədəniyyət sahəsinə aid olan zəruri işlərdən biri adlandıraraq, həmçinin bu cür yanaşma tərzinin müəllim və tələbələrdə elmə, tədqiqata, təlim prosesinə qarşı tükənməz həvəs və maraq yaranmasına səbəb olacağını qeyd edərək dedi: “Həssas formada aparılan mədəni fəaliyyət nəticəsində gənc, istedadlı tələbəni elmə və tədqiqata vurğun, səbirli, kollektiv fəaliyyəti sevən, işində vicdanlı və bacarıqlı, ədalətli, ağlın emosiyalardan üstün olduğuna inanan və dərin dini etiqada malik olan bir gəncə çevirmək, bu yolla xalqın önəmli simalarını formalaşdırmaq olar”.

Akademik mühitin dini təlimlərdən qəsdən uzaqlaşdırılmasını şah diktaturasının böyük günahlarından biri adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Gənc tələbələrin çirkinliklərdən uzaq olan pak mənəviyyatında dini maariflənmənin dərin kök atması ölkəmizin və cəmiyyətimizin uzaqgörənliyinin, səadət və xoşbəxtliyinin qarantıdır. Universitetlərin rektorları və məsul rəsmiləri bu qəbildən olan məsələlərə son dərəcə önəm verməli, İlahi bir məbəd kimi onların keşiyində durmalıdırlar”.

Həzrət Ayətullah Xamenei Tehran Universitetinin rəhbər işçiləri və müəllimləri qarşısındakı çıxışının üçüncü hissəsində “ali təhsil ocaqları və siyasət” məsələsinə də toxundu. Belə ki, o, universitetlərdə siyasi əhval-ruhiyyənin müşahidə olunmasının vacibliyi ilə bağlı özünün çoxdankı əqidəsini bir daha vurğulayaraq dedi: “Siyasətdən tamamilə uzaqlaşacaqları təqdirdə ali təhsil ocaqlarında heç bir stimul və emosionallıq müşahidə olunmayacaq və onlar təhlükəli ideologiya və fəaliyyət viruslarının artması üçün münasib bir məkana çevriləcəklər. Lakin buna baxmayaraq universitetlərin siyasiləşməsi heç də elmi mərkəzlərin siyasi cərəyanların və neqativ siyasi ünsürlərin faydalana biləcəyi bir məkana çevrilməsi demək deyil”.    

Siyasi cərəyanların universitet mühitindən sui-istifadə etməsinin qarşısını almaq üçün universitet rəhbərlərinin öz administrativ imkanlarından və səlahiyyətlərindən lazımınca istifadə etməsinin zəruriliyini vurğulayan İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu mühüm məsələyə lazımi səviyyədə diqqət yetirilməməsi nəticəsində universitet kimi bir elm mərkəzi düşmənlərin sui-istifadəsi üçün münasib bir meydana çevrilə bilər”.

Həzrət Ayətullah Xamenei Qurani-Kərimdə dönə-dönə “şeytanın və şeytansifətlərin qurduğu hiylə və məkrdən qəflətdə olmamaq” barədə təkid edildiyini qeyd edərək bildirdi: “Mən daim optimist, xoşniyyətli yanaşmanın tərəfdarıyam və elə buna görə də düşünürəm ki, son aylar ərzində baş vermiş xoşagəlməz, acı olaylar bəzi şəxslərin böyük qəflət və düşünməzliyindən irəli gəldi. Olduqca diqqətli olmaq lazımdır, çünki siyasi arenada məlumatsızlıq və düşünülmədən atılan addımlar da bəzən xəyanətin verdiyi nəticələrlə sonuclana bilər”.

Eyni zamanda Həzrət Ayətullah Xamenei ona “Universitetin Fəxri Doktoru” adının verilməsi ilə bağlı irəli sürdükləri təklifə görə Tehran Universitetinin rəhbərliyinə və müəllim kollektivinə sonsuz təşəkkürünü bildirərək əlavə etdi: “Bu fakt və universitet kollektivinin göstərdiyi sevgi mənim üçün böyük fəxrdir. Lakin məni bu fəxri adı qəbul etməkdə üzrlü hesab edin. Uca Yaradanın yardımı ilə mən sona qədər andıma sadiq qalıb ruhani elmin məsuliyyətini daşıyacağam”.

Görüşün əvvəlində Elm, Tədqiqat və Texnologiya naziri doktor Daneşcu İslam İnqilabının 31 illik keçmişinin müxtəlif mərhələlərində tələbələrin və bütövlükdə ali məktəb kollektivlərinin fəal və təsirli iştirakını xüsusilə qeyd edərək dedi: “Həyata keçirilmiş proqramların nəticəsi olaraq ölkənin bütün universitetlərinin tələbə-müəllim heyətləri İslam İnqilabının qarşıya qoyduğu məqsədlərin və uca amalların daha da artıq gerçəkləşməsi üçün elmi-tədqiqat fəaliyyətinin sürət tempini günü-gündən artırmaqdadırlar”. 

Daha sonra çıxış edən Tehran Universitetinin rektoru bu il universitetin təsis olunmasının 75-ci ildönümünün qeyd olunduğunu bildirərək dedi: “Tehran Universiteti 43 müstəqil fakültə, 113 işçi qrup və 594 ixtisas sahəsi ilə fəaliyyət göstərməkdədir. Universitetin fəaliyyətinin kəmiyyət və keyfiyyət baxımından ən məhsuldar dövrü məhz İslam İnqilabının qələbəsindən sonrakı mərhələyə təsadüf edir”.

Doktor Fərhad Rəhbər əlavə etdi: “İnqilabdan öncəki 44 illik ömrü ərzində universitetin ümumilikdə 200 min nəfərlik məzun bazasının yalnız 14 faizi burada təhsil alıb. Məzunların 86 faizi isə inqilabdan sonrakı 31 il ərzində universitetə daxil olub”.

Həmçinin Tehran Universitetinin rektoru dedi: “Universitetdə dərs deyən müəllimlərin mötəbər elmi jurnallarda dərc olunmuş 12960 elmi məqalələrindən yalnız 136-sı İslam İnqilabından əvvəlki dövrdə, qalanı isə inqilabdan sonra işıq üzü görüb. Hal-hazırda Tehran Universiteti dünya universitetlərinin reytinq cədvəlində 117 pillə yüksələrək dünyanın 500 ən yaxşı ali təhsil ocağının sırasına qatılıb”.
 
Doktor Fərhad Rəhbər akademik sferada aparılan müxtəlif fəaliyyət metodlarına tənqidi nəzarətin vacibliyini vurğulayaraq, habelə ölkədə son 30 ildə əldə edilmiş elmi tərəqqi göstəricilərini qeyd edərək dedi: “Misal üçün, son 15 ildə dünya miqyasında qazanılmış elmi nailiyyətlər baxımından İİR-nın payı 75 dəfə artaraq yüzdə biri keçmişdir”.

Tehran Universitetinin rektoru həmçinin universitetin müəllimi, professor Əli Məhəmmədinin qanlı terror qurbanı olduğunu da qeyd edərək dedi: “Düşmənin ölkəmizin ali təhsil ocaqlarının müəllim-tələbə kollektivinin sayıq, uzaqgörən elmi tədqiqat və təlim fəaliyyətinə zərbə vurmaq planları heç bir nəticə verməyəcək”.

Kimya elmləri üzrə elmlər doktoru Əli Səburi də İranda dünyamiqyaslı elmi nailiyyətlərin əldə edilməsinin və paralel olaraq elmi tərəqqinin yerli, ölkəmiqyaslı tələblərə istiqamətləndirilməsinin zəruri olduğunu qeyd edərək dedi: “Müəllim və tələbələrin ümumdünya miqyaslı elmi təşkilat və assambleyalarda fəal iştirakı ölkəmizin elm sahəsində özünəinamının göstəricisidir və bu tendensiya daha da gücləndirilməlidir”.
 
Doktor Əli Səburi sosial elmlər sferasında dünyamiqyaslı fəal iştirak nümayiş etdirmək üçün ölkədə beynəlxalq nəşrin təsis edilməsini təklif edərək belə əlavə etdi: “Akademik tədqiqatların düzgün istiqamətləndirilməsi üçün müvafiq proqramların işlənib-hazırlanması, ölkə daxilində, habelə ölkədən xaricdə fəaliyyət göstərən alimlərə və görkəmli elm xadimlərinə əvvəlkindən də artıq qayğı və hörmətlə yanaşılması, universitetlərdə siyasi atmosferin yox, akademik atmosferin geniş yer alması, elm xadimlərinin elm naminə sevgi və fədakarlığı, elm sahəsi üçün daha artıq büdcənin və maliyyə imkanlarının nəzərdə tutulması ölkənin elmi tərəqqisində başlıca rola malik olan amillərdir”.

Görüşün davamında ictimai əlaqələrin sosiologiyası üzrə elmlər doktoru Səid Rza Amoli elmlərarası və çoxfənli metodologiyanın gücləndirilməsinin zəruriliyini qeyd edərək dedi: “Müxtəlif sahələrdə çalışan elm xadimləri arasında kollektiv əmək əhval-ruhiyyəsinin gücləndirilməsi olduqca təsirli strategiyaların işlənib-hazırlanması ilə nəticələnə bilər”.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin günü-gündən nüfuzunu artıraraq çoxşaxəli xarakter aldığını qeyd edən alim dedi: “Ölkənin ikinci cəmiyyəti, yəni virtual cəmiyyəti üçün uyğun ictimai-siyasi strategiya və proqramlar hazırlamaq, virtual imkanlardan daha asan, sağlam və ucuz həyat üçün istifadə etmək lazımdır”.

Quruculuq mühəndisliyi üzrə elmlər doktoru Məhəmmədhüseyn Ümid son 10 ildə doktorantura və aspirantura sahələrinin kəmiyyət və keyfiyyət baxımından inkişaf etdiyini qeyd edərək dedi: “Kənd təsərrüfatı ölkənin hərtərəfli inkişafında başlıca rol oynaya bilər. Lakin bu sahə üçün müvafiq strategiya və inkişaf kursu hələ də işlənib-hazırlanmayıb”.

Tehran Universitetinin bu müəllimi belə əlavə etdi: “Tehran Universiteti özünün yüksək elmi potensialı baxımından bu sahədə effektiv rol oynamağa hazırdır”.

Psixologiya üzrə elmlər doktoru Qulaməli Əfruz da görüşdə  virtual qarşıdurmaları və elektron hücumları bugünkü cəmiyyətin reallığı adlandıraraq dedi: “Yüksək vəzifəli rəhbər işçilər sırf icraçı fəaliyyətlə məşğul olmaq əvəzinə təlim-tərbiyə sahəsinin öndə olan fəalları, xüsusilə də universitetlərin müəllim və ziyalı kollektivləri ilə ciddi intellektual əməkdaşlığa başlamalıdırlar ki, gənclərin düşünülmüş ideoloji istiqamətləndirilməsi mümkün olsun”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /