Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mavritaniya dövlətinin sionist rejimlə əlaqələrini kəsməsi bəziləri üçün gözəl bir örnəkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləziz və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə xüsusilə qeyd etdi ki, müsəlman ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi İran İslam Respublikasının xarici siyasət kursunun başlıca prinsipidir. Eyni zamanda Ali Məqamlı Rəhbər hazırkı səfərin iki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün müsbət bir başlanğıc olacağına ümidvar olduğunu da bildirdi.

Mavritaniya dövlətinin ötən il sionist rejimlə əlaqələrini kəsməsini vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu addım bəzi iddialı ərəb dövlətləri üçün yaxşı bir örnəkdir. Çünki hər an bölgədə nüfuzunu və ağalığını gücləndirməyi düşünən sionist rejimi müsəlman dünyası üçün böyük bir təhlükə hesab olunur”.

İslam İnqilabının Rəhbəri sionistlərin Qəzzada törətdiyi cinayətləri İslam ümmətinə vurulmuş ağır yara adlandıraraq, habelə bəzi müsəlman dövlətlərinin bu məsələyə qarşı reaksiyasından təəssüfləndiyini bildirərək qeyd etdi: “Sionist rejimi təzyiqləri, blokadanı və soyqırımları davam etdirməklə Fələstini İslam dünyasından qırıb atmaq niyyətindədir. Sözsüz ki, o, bunu bacarmayacaq!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şübhəsiz, elə bir gün gəlib çatacaq ki, regiondakı millətlər sionist rejiminin məhvinin şahidi olacaqlar. Lakin bu günün yaxın və ya uzaq olması İslam dövlətlərinin və müsəlman millətlərinin tutacağı mövqedən və atacağı addımlardan asılıdır”.

Qərb dövlətlərinin tamahkarlığına və işğalçı xarakterinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Qərb ölkələri müsəlman ölkələri ilə tərəfdaşlıq etmək və onlara yardım göstərmək niyyətində deyillər. Onlar qədəm basdıqları hər yerə özləri ilə fəsad və pislik gətirmişlər. Ötən yüzillik ərzində Afrikanın Qərbin pəncəsi altında çapalaması buna real nümunədir”.

Amerikalıların Afrikaya tamah saldığını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika Afrika ərazisində özünün silahlı qüvvələri üçün baza yaratmaq niyyətindədir. Bu isə böyük bir təhlükədir; Afrika dövlətləri və bu regionun xalqları öz evlərinin və dövlətlərinin Amerikanın bazasına çevrilməsinə əsla icazə verməməlidirlər”.

Müsəlman dövlətlərinin beynəlxalq arenada nüfuzunun yüksəldilməsinin vacibliyini qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam ümmətinin layiq olduğu məqama yüksəlməsi üçün müsəlman ölkələri arasında həqiqi birlik və qardaşlıq yaradılmalı, onlar beynəlxalq imperialist qüvvələrə arxalanmamalıdırlar”.

İslam İnqilabının Rəhbəri İİR-nın öz elm və sənaye sahəsində qazandığı təcrübəni müsəlman ölkələrinə, o cümlədən Mavritaniyaya ötürməyə hazır olduğunu vurğuladı.

İİR-nın ölkə başçısı cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləziz İranın sənaye, elm və texnologiya sahəsindəki tərəqqisini xüsusilə qeyd edərək bunu müsəlman ölkələri üçün böyük iftixar adlandırdı. O, İran və Mavritaniya arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın əvvəlkindən də artıq genişləndirilməsini arzu etdiyini bildirdi.

Məhəmməd Uld Əbdüləziz İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu görüşdə qeyd etdiyi məqamların ibrətamiz olduğunu deyərək İİR-nın regionda, habelə dünyada sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində oynadığı mühüm rola və səylərinə görə təşəkkürünü bildirdi.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /