Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hamı bilsin ki, nə İran xalqı, nə də ölkə rəsmiləri heç vaxt heç kəsə bac verməyəcəklər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mazandaran vilayətinin, o cümlədən  Amol şəhərinin minlərlə sakini, həmçinin alimlər və vilayətin məsul vəzifəli şəxsləri ilə görüşündə baş verən tarixi əhəmiyyətli hadisələri ölkənin gələcək inkişaf yolunda irəliləyişi üçün ibrətamiz dərslər adlandıraraq, habelə xalqın ölkənin ictimai-siyasi həyatındakı müdrik və uzaqgörən iştirakı sayəsində ötən 30 il ərzində düşmənin İİR-nın əleyhinə cızdığı cürbəcür planların boşa çıxdığını qeyd edərək təkidlə vurğuladı: “Bu gün də xalqın ayrı-ayrı nümayəndələrinin, xüsusilə də gənclərin və cəmiyyətdə nüfuz sahibi olan insanların öhdəsinə düşən ən mühüm vəzifə İslam İnqilabını, İslam dövlətini müdafiə meydanlarında cəsarətlə iştirak etmək və öz dövlətinin rəsmilərinə inanmaqdır. Rəsmilərin başlıca vəzifəsi isə ölkədəki problemləri həll etmək və İİR-nın irəliyə doğru hərəkətini daha da sürətləndirmək üçün dayanmadan, hərtərəfli səy göstərmək və lazımi tədbirlər görməkdir”.

Amol əhalisinin 1360-cı il, 6 bəhmən günü imza atdığı tarixi hadisənin ildönümü münasibətilə baş tutan bu görüşdə İslam İnqilabının Rəhbəri Amol şəhərinin imanlı və inqilabçı əhalisinin 6 bəhmən hadisəsində həlledici rol oynadığını xüsusilə qeyd edərək belə əlavə etdi: “Bu hadisə o qədər mühüm əhəmiyyət kəsb etmişdir ki, mərhum imam Xomeyni (r.ə) onun unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün özünün tarixi vəsiyyətnaməsində bu məsələyə təkidlə toxunmuşdur”.

İslam İnqilabı çərçivəsində baş verən müxtəlif hadisələrdən, xüsusilə də Amol əhalisinin 6 bəhmən günü imza atdığı tarixi qəhrəmanlıqdan ibrət dərsi götürməyin vacibliyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Amol şəhərinin xalq arasında “1000 səngər” adlandırılması 1360-cı il, bəhmən ayının 6-sı bu şəhərin küçələrində qurulan saysız-hesabsız barrikadalara işarə olsa da, bu deyimin həqiqi mənası məhz mübariz insanların qəlblərindən qurulmuş minlərlə barrikadalara işarədir. “1000 səngər” ifadəsinin əsl mənası budur ki, düşmən hücumunun qarşısını almaqdan ötrü Amolda bu şəhərin mömin və cəsarətli insanlarının sayı qədər barrikadalar qurulub”. 
 

Ali Məqamlı Rəhbər uca amallara və məqsədlərə doğru irəliləyişdə bəzi millətlərin düçar olduğu uğursuzluqların səbəbini qeyd edərkən bunları vurğuladı: “Bu millətlərin ətalətə və uğursuzluğa düçar olmasının əsl səbəbi onların müxtəlif təhlükələrlə üzləşmək üçün hazırlıqlı olmamağı idi. Tarixi hadisələrin bizə öyrətdiyi ən mühüm dərslərdən biri qarşıya çıxacaq təhlükələrə hazır olmağın və onları dəqiqliklə müəyyənləşdirməyin vacib olmasıdır”.

İslam İnqilabının 30 illik tarixi ərzində baş vermiş hadisələri, bəzi siyasi cərəyan və partiyaların inqilabın kursundan necə sapındığını və sonda xalqa qarşı durduğunu təhlil edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabının ilk illərində ziyalılıq, xalqın rəyini rəhbər tutmaq və demokratiya iddiasında olan bəzi şəxslər və siyasi cərəyanlar İslam dövlətini qanı bahasına hakimiyyətə gətirmiş, bu dövlətə səs vermiş xalqa qarşı çıxdılar və camaata qarşı silahlı qarşıdurmaya girdilər”.

Bu siyasi partiya və cərəyanların tərkibinə münafiqlərin, kafirlərin, Qərb tərəfdarlarının, hətta zahirən özünü dindar kimi göstərən şəxslərin də daxil olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei xüsusilə xatırlatdı: “Bu cərəyanlar əvvəlcə özlərinin, guya ki, ziyalı çıxışları ilə imam Xomeyni (r.ə) ideologiyasının və İslam Respublikasının əsaslarına qarşı çıxdılar, daha sonra isə tədricən siyasi-ideoloji mübarizə meydanını silahlı qarşıdurma və iğtişaşlar meydanına çevirdilər. Bununla da onlar ağır müharibə illərində xalqımız və ölkə rəsmiləri üçün əlavə problemlər yaratdılar”.

İran İslam Respublikasının özündə xalqı, xalqın əzmini və imanını əks etdirdiyini deyən İslam İnqilabının Rəhbəri əlavə etdi: “O dövrdə Tanrının mərhəməti və doğru yola istiqamətləndirməsi sayəsində xalqımız ölkəmizin ictimai-siyasi meydanlarında fəal iştirak edərək bədxahların bütün məkrli planlarını puça çıxardı. Əlbəttə ki, bu, həmin planların biryolluq sona çatması demək deyildi. Lakin mühüm olan bu idi ki, xalq ayıq-sayıqlıqla meydanlarda iştirak etdi və öz hərəkatını bu günə qədər davam etdirdi”.

Ötən 30 il ərzində İslam dövlətinə müxalif olan cəbhənin mövcud hakim quruma qarşı fəaliyyətini analiz edən Həzrət Ayətullah Xamenei təkidlə xatırlatdı: “Bu cəbhədə duranlar daim iki biabırçı səhvə yol vermişlər: birincisi, özlərini xalqdan üstün hesab etmiş, ikincisi isə İran xalqının düşmənlərinə bel bağlamışlar”.     

İslam dövlətinə müxalif olan qüvvələrin yol verdiyi birinci səhvi açıqlayan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Özünü xalqdan üstün hesab etməyin nəticəsi budur ki, camaat hər hansı bir qanuni prosesdə iştirak etdikdə, yaxud qanuni bir seçim etdikdə İslam dövlətinə müxalif olan qüvvələr xalqın atdığı addımların əleyhinə çıxır, bu addımları “avamlıq”, xalqı isə “avam” adlandırırlar”.

Hakim rejimin opponentlərinin xalqın düşmənlərinə bel bağladığını xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “Ötən 30 il ərzində ABŞ, sionist rejimi və Yer kürəsindəki sionistlər İran xalqının ən qatı düşmənləri olmuşlar. Tam əminliklə demək olar ki, elə bu günün özündə də onlar xalqımızın ən qatı düşmənləri olaraq qalırlar. Bu düşmənlərə bel bağlamaq böyük bir səhvdir”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Düşmən meydana atılanda son dərəcə diqqətli olmalı, hər hərəkəti ölçüb-biçməliyik; əgər hər hansı bir səhvə yol vermişiksə, dərhal səhvimizi düzəltməliyik”.

Ötən 30 il ərzində Amerikanın İİR-na qarşı həyata keçirdiyi məkrli planların heç bir nəticə vermədiyinin açıq-aşkar olduğunu deyən Həzrət Ayətullah Xamenei belə vurğuladı: “Düşmənin planlarının heç bir effekt verməməyinin səbəbi budur ki, ötən illərə nisbətən bu gün İran İslam Respublikası qat-qat güclənib və daha da böyük qüdrət və sürətlə irəliyə doğru hərəkətinə davam edir”.

İran xalqının düşmənlərinin keçmişdə qurduqları məkrli planların boşa çıxmasından heç bir nəticə çıxarmadığına, onların yeni, eyni halda təkrarçı planlar hazırlamaq üçün səy göstərdiyinə təəccübləndiyini bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar İran İslam Respublikasını internet vasitəsilə məğlubiyyətə düçar etmək üçün 45 milyon dollar həcmində vəsait ayırdıqlarını deyirlər. Bu isə düşmənin son dərəcə çıxılmaz bir vəziyyətdə olduğunu göstərir. Çünki bu günə qədər onlar İslam Respublikasına qarşı əl atdıqları müxtəlif mübarizə metodlarına ‒ diplomatik yollara, sanksiyalara, casuslara, öz məqsədlərinə çatmaq üçün ölkə daxilində seçdikləri muzdlulara və s. 10, bəlkə də 100 dəfə milyon dollarlarla pul xərcləyiblər, lakin buna rəğmən hələ də heç bir arzuolunan nəticə əldə edə bilməyiblər”.

Həzrət Ayətullah Xamenei düşmənin İslam İnqilabının gerçək mahiyyətini və bu inqilabın böyük insan potensialına malik olduğunu dərk edə bilməməyini Allahın əmrlərindən hesab edərək dedi: “İran xalqının düşmənləri artıq uzun müddətdir ki, hər hansı bir bəhanə ilə Tehranda qarışıqlıq salmaq üçün planlar cızırlar. Lakin bütün bu planların nəticəsi yalnız bu oldu ki, xalq İslam Respublikasını müdafiə uğrunda daha da ayıq-sayıq, uzaqgörən mübarizəyə qalxdı”.

Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Baş vermiş son hadisələr xalqın bütün nümayəndələrinin İslam Respublikasını müdafiə meydanında öhdələrinə düşən mühüm vəzifəni əvvəlkindən də yaxşı dərk etməsinə səbəb oldu”.

Həmçinin Ali Məqamlı Rəhbər belə xatırlatdı: “Əlbəttə, müəyyən etaplarda düşmənin bəzi planları İslam dövlətini ona bac-xərac verməyə məcbur etmək məqsədi güdürdü. Lakin dahi imam Xomeyni (r.ə) heç vaxt düşmənə bac-xərac vermədi. Biz də İran xalqının adından və öz adımızdan deyirik ki, heç vaxt heç kəsə bac verməyəcəyik”.

İran xalqının öz haqq sözünün üzərində möhkəm dayandığını, bu yolda heç kəsə güzəştə getməyəcəyini təkidlə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı müstəqil, həqiqət axtarışında olan, irəliyə doğru gedən, İslam dininin hökmlərinə əməl edən, öz hüquqlarını və ideologiyasını müdafiə etməyi bacaran bir xalq olmaq istəyir. Məgər xalqımızın bu haqlı tələbləri cinayətdirmi?!”

Həzrət Ayətullah Xamenei bildirdi: “İslam dininin göstərişlərinə əsasən biz inanırıq ki, haqq və batil qarşı-qarşıya durduqda haqlı olan tərəf özünün haqq tələbi uğrunda mübarizəsini sədaqətlə davam etdirsə, batil mütləq məğlub olacaq. Ötən 30 ilin təcrübəsi də eynilə bunu sübut etmişdir”.

Hazırkı şəraitdə xalqın və rəsmi şəxslərin öhdəsinə düşən vəzifələri açıqlayan İslam İnqilabının Rəhbəri qeyd etdi: “Rəsmilərin və xalqın nümayəndələrinin, xüsusilə də gənclərin və insanlara təsir gücünə malik olan nüfuzlu şəxslərin öhdəsinə düşən ən mühüm vəzifə ölkədə baş verən ictimai-siyasi hadisələr meydanında iştirak etməkdə üzərlərinə düşən məsuliyyət hissini qoruyub-saxlamaqdır”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Bu gün heç kəs: “Mənim öhdəmə heç bir vəzifə və məsuliyyət düşmür” – deməməlidir. Hamı İslam Respublikasını müdafiə etmək işində öhdəsinə düşən məsuliyyəti dərk etməlidir. Çünki İslam Respublikasını müdafiə etmək həqiqətdə İslam dinini, xalqın hüquqlarını və ölkənin qürurunu müdafiə etmək deməkdir”. 

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Xalq bu məsuliyyəti hiss etdiyini daim sübuta yetirmişdir. Bunun açıq-aşkar nümunələrindən biri 9 dey günü baş tutan ümumxalq yürüşü idi; heç şübhəsiz, xalqımız həmişə olduğu kimi 22 bəhmən günündə də ictimai-siyasi meydanlarda var olduğunu, hazırlıqlı və cəsur olduğunu bir daha nümayiş etdirəcək”.

Ölkə rəsmilərinin üzərinə düşən vəzifəni qeyd edən Ali Məqamlı Rəhbər onların problemlərin həlli istiqamətində yorulmaq bilmədən, düşünülmüş fəaliyyət göstərməli olduğunu da deyərək belə əlavə etdi: “Üçlü hakimiyyət qüvvələrinin rəsmiləri və bütün vəzifəli şəxslər xalqın naminə işləməyi, tədbirli olmağı öz vəzifələri hesab etməli, bir an belə olsun, bunu yaddan çıxarmamalıdırlar”.

İslam İnqilabının Rəhbəri bir daha vurğuladı ki, ölkənin irəliyə doğru hərəkatı bir anlıq belə olsun, ləngiməməli, daha da böyük sürətlə və hərtərəfli surətdə davam etdirilməlidir.

Ölkə rəsmilərinə qarşı xalqın nümayəndələrinin öhdəsinə düşən vəzifəni də açıqlayan Həzrət Ayətullah Xamenei bu vəzifənin onlara etimad göstərmək və dəstək olmaqdan ibarət olduğunu da dedi: “Düşmənin qarşıya qoyduğu məqsədlərdən biri də xalqın qəlbində ölkə rəsmilərinə qarşı inamsızlıq yaratmaqdır. Bu məsələdə hamı ayıq-sayıq olmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Şübhəsiz ki, dövlət rəsmilərinə dəstək olmaq müəyyən zəruri məsələləri onlara xatırlatmamaq, yaxud haqlı və yerində olan tənqiddən çəkinmək demək deyil. Lakin bu zəruri xatırlatma və tənqid qarşı-qarşıya duran iki cəbhənin əsgərlərinin deyil, çiyin-çiyinə vuruşan iki səngər yoldaşının bir-birinə xatırlatması və tənqidi olmalıdır”.

İslam İnqilabının Rəhbəri xüsusilə vurğuladı: “Bir sıra analoji hadisələr sübut edir ki, Tanrının qüdrətli əli bu xalqı daim qoruyur. Uca Yaradanın fəziləti və mərhəməti, Həzrət Mehdi Sahibəz-Zəmanın (ə.f) müstəcab duaları sayəsində İran xalqı mütləq özünün ali məqsədlərinə çatacaq, düşmən bu əzəmətli xalqın qarşısında yerlə-yeksan olacaq”.

Çıxışının digər qismində Mazandaran vilayətinin, xüsusilə də Amol şəhərinin imanlı sakinlərinin iftixar doğuran məziyyətlərini və rəşadətini yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei qeyd etdi: “Amol şəhəri Allah yolunda cihad, elm, idrak, dini biliklərə yiyələnmə və irfan baxımından parlaq bir simaya malikdir. Bu günün özündə də Amol şəhərindən olan böyük ruhani alimlər elmi-teoloji sferanın fəxridir və ölkənin dəyərli ruhani potensialı hesab olunurlar”.

Görüşün əvvəlində Vəliyyi-fəqihin Mazandaran vilayəti üzrə nümayəndəsi və Sari şəhərinin İmam-cüməsi Ayətullah Təbərsi çıxış edərək vilayətin tarixi keçmişinə, Mazandaran sakinlərinin Əhli-beytə (ə) xüsusi mənəvi bağlılığına, bölgə camaatının İslam İnqilabını müdafiə meydanlarında, o cümlədən Amol əhalisinin tarixin 1360-cı il, 6 bəhmən kimi şanlı səhifəsinə və Müqəddəs Müdafiə Hərəkatı illərinə həkk etdiyi böyük qəhrəmanlığı xatırladaraq vurğuladı: “Mazandaran camaatı imam Xomeyninin (r.ə) uca amallarını və İslam İnqilabının dəyərlərini müdafiə etməyə, Ali Məqamlı Rəhbərin hər bir əmrini yerinə yetirməyə daim hazırdır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /