Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müdrik, əzmkar, imanına arxalanan və tərəqqiyə doğru irəliləyən xalq düşmənlərin bütün məkrli planlara qalib gələcək!

Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei İslami Təbliğat üzrə Koordinasiya Şurasının və ölkədəki “Fəcr dekadası” qərargahlarının məsulları ilə görüşündə qeyd etdi ki, İslam İnqilabının ərsəyə gəlməsində başlıca rol oynamış İran xalqının hamılıqla və izdihamlı iştirakı, eləcə də inqilabın fundamental şüarlarına səmimi-qəlbdən bağlılığı bu inqilabın və onun ötən 30 il ərzində ölkədə hər il qeyd olunan ildönümü mərasimlərinin ən mühüm spesifik xüsusiyyətidir. Ali Məqamlı Rəhbər təkidlə vurğuladı: “Cəmiyyətdə fitnə-fəsadın yayıldığı qarmaqarışıq bir şəraitdə hər kəsin, xüsusilə də məsul rəsmilərin vəzifəsi şəffaf mövqe tutmaq, ikibaşlı sözlərdən və mövqelərdən çəkinməkdir”.

İslam İnqilabının Rəhbəri “Fəcr dekadası”nı unikal bir hadisə adlandıraraq dedi: “Fəcr dekadası”nın unikallığı bununla izah olunur ki, ötən 30 il ərzində İslam İnqilabının ildönümü inqilabın ərsəyə gəlməsinin başlıca elementi olan xalqın hər il bu mərasimlərdə hamılıqla, izdihamlı iştirakı ilə qeyd olunmuşdur”.

Həzrət Ayətullah Xamenei hər il “22 Bəhmən” (11 fevral) günündə qeyd olunan mərasimlərdə milyonların iştirakını İslam İnqilabının xalqın imanına söykəndiyinə bir sübut kimi dəyərləndirərək dedi: “Xalqın hər il nümayiş etdirdiyi bu izdihamlı həmrəyliyin mənası budur ki, İslam İnqilabı və onun nəticəsində ərsəyə gəlmiş dövlət xalqa və onun imanına arxalanır. Düşmənin İslam dövlətinin bünövrəsini sarsıtmaqda aciz qalmasının əsl səbəbi də məhz budur”.

Ali Məqamlı Rəhbər içərisində müxtəlif siyasi təmayüllərə malik olan insanların yer aldığı xalq kütləsinin İslam İnqilabı ilə əlaqədar olan bütün əlamətdar hadisələrdə, xüsusilə də “22 Bəhmən” mərasimlərində yüksəksəviyyəli, səmimi-qəlbdən iştirakının İslam Respublikasının düşmənlərini dəhşətə gətirdiyini xatırladaraq əlavə etdi: “Düşmənlər xalqın vəhdət və həmrəyliyinin üzərinə kölgə salmaq üçün öz əlaltılarının köməyindən istifadə edərək yaydıqları təbliğatla xalqın bu birgə, vahid mövqe seçiminin parçalanmaya və fikir ayrılığına düçar olduğu barədə rəy formalaşdırmağa çalışırlar”.   
  

İslam İnqilabının Rəhbəri xüsusilə xatırlatdı: “Məhz düşmənin bu cəhdləri çərçivəsində sionist rejiminin əleyhinə hamılıqla çıxış etməyə əsaslanan Qüds günündə azsaylı, aldadılmış bir qrup Fələstinin əleyhinə və sionist rejiminin isə lehinə olan şüarlar səsləndirdi. Həmin bu qrup İran xalqının dünyada ABŞ hegemonluğuna qarşı nifrət və etiraz günü olan “13 Aban” (4 noyabr) günündə də bu hərəkata, İslami dövlət rejiminə və müsəlmançılığa qarşı şüarlarla çıxış etdi”.

İran xalqının İslam İnqilabının fundamental şüarlarına səmimi-qəlbdən bağlı olduğunu, bu xalqın əzəmətinin də məhz onun ölkədə baş verən ictimai-siyasi proseslərdə hamılıqla iştirakının bərəkətli nəticəsi olduğunu vurğulayan Ali Məqamlı Rəhbər belə əlavə etdi: “İslam Respublikası xalqın iradəsi və imanı sayəsində ərsəyə gəlib və bu günə qədər də həmin iman və iradəyə söykənərək tam qüdrəti ilə, qürurla, heç bir ehtiyac və asılılıq hiss etmədən irəliləyib; bundan sonra da tam qüdrəti ilə başını dik tutaraq bütün düşmənləri üzərində qələbə çalacaq”.

Həmçinin Həzrət Ayətullah Xamenei qeyd etdi: “İslam İnqilabı Allah-Taalanın hökmü ilə həyata keçmiş bir gerçəklikdir; nə qədər ki, bu inqilab xalqın imanına, sevgisinə və bağlılığına söykənir, dünyanın bütün supergücləri birləşsələr belə, nə ona, nə də İran xalqına heç bir zərər yetirə bilməyəcəklər”.

“22 Bəhmən” gününün İran xalqına, dahi imam Xomeyniyə (r.ə) və şəhidlərə aid olduğunu deyən Həzrət Ayətullah Xamenei təkidlə vurğuladı: “Düşmən bu möhtəşəm milli sərvəti sarsıtmağa çalışır; buna görə də var-gücümüzlə meydanda hazır durmalı, ağılla hərəkət etməli və tədbirli olmalıyıq”.

İslam İnqilabının Rəhbəri “həlledici anı və bu anın tələbini” dərk etməyin və buna uyğun addımlar atmağın vacibliyini olduqca mühüm rol oynayan bir xüsusiyyət adlandıraraq qeyd etdi: “Aşura hadisəsindən bir neçə ay sonra “Təvvabin” adı altında qiyam edərək şəhid olmuş bəzi kufəlilər imam Hüseynin (ə) haqq uğrunda mübarizə apardığına inanmışdılar və İnşaallah, onların bu əməlinin Tanrı dərgahında da əcri var. Lakin onlar öhdələrinə düşən vəzifəyə əməl etməmişdilər; belə ki, həlledici anı ‒ Aşuranı vaxtında qiymətləndirə bilməmişdilər”.

Ali Məqamlı Rəhbər bu il dey ayının 9-nu həmin “həlledici anlar”dan biri adlandıraraq vurğuladı: “9 dey (30 dekabr) günü baş tutmuş ümumxalq yürüşü “həlledici moment”in ortaya çıxardığı bir ehtiyac idi və İslami Təbliğat üzrə Koordinasiya Şurasının bu istiqamətdə atdığı addımlar tamamilə düzgün idi. Xalqımız da bu ehtiyacı vaxtında və lazımınca dəyərləndirdiyi üçün 9 dey günü İslam İnqilabı tarixinin şanlı səhifələrindən birinə çevrildi”.
 

Həzrət Ayətullah Xamenei 1378-ci il, tir ayının 23-ü (14 iyul,1999-cu il) tarixinin də həmin həlledici momentlərdən  biri kimi qiymətləndirərək dedi: “22 Bəhmən ümumxalq yürüşü bütün möhtəşəmliyinə baxmayaraq artıq ənənə şəklini alıb və konkret trayektoriya üzrə həyata keçirilir. 1378-ci il tir ayının 23-də və bu il dey ayının 9-da baş tutan ümumxalq yürüşləri isə adi, ənənəvi proseslər deyildi”.

İslam İnqilabının Rəhbəri xüsusilə qeyd etdi: “Həlledici momenti müəyyənləşdirmək, münasib və ehtiyac duyulan məqamda baş verən proseslərdə iştirak etmək bütün işlərin əsasını təşkil edir”.

Ali Məqamlı Rəhbər konkret və şəffaf mövqe tutulmasını, qeyri-müəyyən, ikibaşlı mövqedə durmaqdan çəkinməyi fitnə-fəsad dolu qarışıq vəziyyətdə ehtiyac duyulan ən mühüm məsələlərdən biri kimi qeyd edərək əlavə etdi: “Düşmənlər cəmiyyətdə şəffaf atmosferin daim əleyhinədirlər. Çünki qarmaqarışıq və fitnə dolu şərait onlara öz məqsədlərinə nail olmaq üçün əl verir”.

Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Hazırkı şəraitdə rejimin daxilindəki bütün siyasi cərəyanlar düşmənlərlə öz aralarındakı sərhədi konkret və şəffaf şəkildə müəyyənləşdirməlidirlər. Bu baxımdan rəsmilərin, xüsusilə də cəmiyyətdə böyük nüfuza və təsir gücünə malik olan şəxslərin üzərinə başqalarından daha böyük vəzifələr düşür”.   
  

Həmçinin İslam İnqilabının Rəhbəri belə xatırlatdı: “Rəsmilərin ikibaşlı mövqe seçməsi mənfi bir haldır. Rəsmi şəxslər düşmənin atdığı addımlara və səsləndirdiyi fikirlərə qarşı öz mövqelərini açıq-aşkar şəkildə bildirməlidirlər”. 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Zülm və imperializmin başçıları, müsəlman ölkələrinin torpaqlarını zəbt edən işğalçılar meydana çıxıb öz mövqelərini bildirdiyi zaman ikibaşlı və qeyri-müəyyən sözlər danışmaq qətiyyən düzgün deyil. Çünki İslam Respublikası rejiminə aid olan insanların hansı mövqedə durduğu, düşmənə öz nifrət və etirazlarını bildirməyə hazır olub-olmadıqları mütləq dəqiqləşməlidir”.

Həmçinin Həzrət Ayətullah Xamenei qeyd etdi: “Fitnə dolu qarışıq bir şəraitdə, bir qrup şəxsin dildə İslamı, əməldə isə respublikamızın dövlətçiliyini inkar etdiyi, habelə seçkinin nəticələrini sual altında qoyduğu belə bir dolaşıq vaxtda rəsmilərdən baş verən proseslərə qarşı öz mövqelərini şəffaf surətdə, açıq-aydın bildirmələri gözlənilir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Cəmiyyətdəki mövcud vəziyyətin və ayrı-ayrı fərdlərin baş verən proseslərə qarşı mövqeyinin aydınlaşdırılması düşmənə zərbə, qarışıq, qeyri-müəyyən şərait və mövqe seçimi isə düşmənə köməkdir. Bu, hər kəsin, bütün siyasi cərəyanların, xüsusilə də rəsmi şəxslərin atdığı addımlar və bütövlükdə fəaliyyəti üçün ölçü meyarıdır”.

Geridə qalan 30 il ərzində mütəmadi olaraq İslam İnqilabının əleyhinə qurulmuş məkrli planlara toxunan Həzrət Ayətullah Xamenei belə əlavə etdi: “Bu günə qədər Tanrının lütfü və mərhəməti sayəsində İran xalqı olduqca çətin sınaqlardan uğurla çıxıb. Xalqımızı hələ irəlidə də bu cür sınaqlar gözləyir”.

İslam Respublikası dövlət rejiminə qarşı aparılan ədavətin keçmişdə olduğu kimi gələcəkdə də davam etdiriləcəyini təkidlə vurğulayan İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Müdrik, ayıq-sayıq, əzmkar, imanına arxalanan və tərəqqiyə doğru irəliləyən xalq, sözsüz ki, düşmənlərin əlbir olub qurduğu bütün məkrli planlara qalib gələcək!”

İslam İnqilabından sonra ölkədə yetişməkdə olan yeni nəsilə işarə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bugünkü gənc nəsil, hətta İslam İnqilabının qələbəsinin, eləcə də inqilabın mühüm etaplarının öz gözləri şahidi olmamış cavanlar bu inqilabın fidanlarıdır. Onlar İslam İnqilabının ilk dövrlərindəki gənc nəsillə müqayisədə daha məqsədəuyğun və müdrik addımlar atırlar”.

Həzrət Ayətullah Xamenei xüsusi təkidlə vurğuladı: “Düşmənin bütün məkrli planlarına baxmayaraq İslam İnqilabının köklü-köməcli ağacı günü-gündən qol-budaq ataraq daha da məhsuldar olacaq”.

İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədrinin səylərini yüksək qiymətləndirdiyini bildirən İslam İnqilabının Rəhbəri bu strukturu İslam Respublikasının ən köhnə, çoxillik təcrübəyə malik olan qurumlarından biri adlandıraraq əlavə etdi: “İslami Təbliğat üzrə Koordinasiya Şurası cəmiyyətin real və həqiqi ehtiyacına əsasən formalaşıb. Ötən 30 il ərzində də bu struktur özünün fəaliyyətini daim “həlledici momenti müəyyənləşdirmək və lazımi addımları atmaq prinsipi” əsasında qurmuşdur”.

İslam İnqilabının Rəhbəri Ayətullah Cənnətinin İslami Təbliğat üzrə Koordinasiya Şurasına sədrlik etməsini, habelə qurumun həyata keçirdiyi bütün işlərin başında durmasını şuranın düzgün istiqamətdə irəliləməsinin, ehtiyac duyulan məsələləri vaxtında və dəqiq müəyyənləşdirməsinin başlıca amili adlandırdı.

Görüşün əvvəlində İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədri Ayətullah Cənnəti şuranın 1359-cu il, 12 mordad tarixində (3 avqust, 1980-cı il) formalaşdırıldığını qeyd edərək sözügedən qurumun müxtəlif mərhələlərdə cərəyan edən proseslərdə, xüsusilə də cari ilin 9 dey günü baş tutmuş ümumxalq yürüşündə göstərdiyi fəaliyyət barədə qısaca məlumat verdi, bu mühüm hadisənin işıqlandırılması üçün olduqca müsbət və yüksəksəviyyəli işlər görmüş “Səda və Sima” dövlət teleradiokompaniyasına öz dərin minnətdarlığını bildirdi.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /