Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Üçlü hakimiyyətin rəsmiləri iğtişaşçılara qarşı mübarizədə öz vəzifələrinə lazımınca əməl etməlidirlər

Bu gün səhər İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Qum şəhərinin minlərlə sakini ilə görüşündə bu il baş tutan ümumxalq 9 dey yürüşündə imanlı, uzaqgörən və qeyrətli İran xalqının möhtəşəm və həlledici iştirakını Allahın qüdrətinin təzahürü və İslam İnqilabının tarixində sarsılmaz bir hərəkat adlandıraraq təkidlə vurğuladı: “Hazırkı qarmaqarışıq və fitnə-fəsadla dolu şəraitdə İslam dövlətinin və İslam İnqilabının əleyhinə şüarlarla çıxış edən müstəmləkəçilər və dinin əleyhinə olan cərəyanlar illər boyu imam Xomeyniyə (r.ə) və İslam İnqilabına qarşı mübarizə bayrağı altında birləşmiş şəxslərdir. Bu həqiqəti dərk edən müdrik xalqımız isə İslam dövlətinin və İslam İnqilabının müdafiəsində həlledici rola malik olduğunu bir daha sübuta yetirdi”.
 

Həzrət Ayətullah Xamenei 1977-ci il dey ayının 19-da Qum şəhərində baş vermiş möhtəşəm hadisənin çoxcəhətli olmasını qeyd edərək xüsusilə vurğuladı: “Qum əhalisinin 32 il öncə dey ayının 19-da həyata keçirdiyi qiyam uzaqgörənlik, bəsirət, hadisələrə vaxtında reaksiya vermək bacarığı, düşmənini tanımaq, fədakarlıqla əziyyətlərə qatlaşmaq kimi mühüm xüsusiyyətləri özündə əks etdirirdi. Bu qiyam İran xalqında böyük təbəddülatın yaranmasına yol açdı və əzəmətli bir hərəkatın təməlini qoydu. Bu möhtəşəm hadisə günü bu gün də özünəməxsus ibrətamiz təsirə malikdir”.

Ali Məqamlı Rəhbər insanların möhkəm iradəsinin və gərgin zəhmətinin tarixdə yaşanmış bəzi günlərin, o cümlədən 1977-ci il 19 dey gününün örnəyə çevrilməsi üçün zəmin rolu oynadığını qeyd edərək dedi: “Bu il dey ayının 9-u da xalqın əzəmətli və fövqəladə hərəkatı nəticəsində tarixə yazılmış əlamətdar günlərdən biridir”.

Həzrət Ayətullah Xamenei hazırda cəmiyyətdə qarışıq, qeyri-müəyyən bir atmosferin hökm sürdüyünü qeyd edərək təkidlə vurğuladı: “Məhz belə bir qarmaqarışıq, anlaşılmaz şəraitdə xalqın imza atdığı bu hərəkat ikiqat əhəmiyyət daşıyır. Bu hərəkatda həqiqi rəhbərlər olan məsum imamların (ə) və Hüseyn ibn Əlinin (ə) ruhu və mərhum imam Xomeyninin (r.ə) daim qeyd etdiyi kimi, “Tanrının qüdrətinin təzahürü” bir daha müşahidə olundu”.

İslam İnqilabının Rəhbəri fitnə-fəsad dolu bir şəraitdə işlərin çətinləşdiyini, kimin kim olduğunu, dostla düşməni ayırd etməyin asan olmadığını qeyd edərək, habelə Siffeyn döyüşündə imam Əliyə (ə) qarşı vuruşanların etdiyi fitnəkarlıqları açıqlayaraq əlavə etdi: “Belə ağır və dolaşıq bir şəraitdə imam Əlinin (ə) sadiq və ayrılmaz silahdaşlarından biri olan cənab Əmmar Yasir tərəddüd içərisində olan döyüşçüləri maarifləndirməyə və həqiqəti onlar üçün açıqlamağa başladı. O, bu döyüşə şübhə və tərəddüdlə yanaşanlara başa salırdı ki, vaxtilə Allah Rəsuluna (s) qarşı mübarizə aparanlarla bu gün Əmirəl-mömininə (ə) qarşı cəbhədə birləşənlər arasında heç bir fərq yoxdur. Fərq yalnız bundadır ki, Həzrət Əliyə (ə) qarşı döyüşənlər zahirdə müsəlman olduqlarını, Quranın və İslam Peyğəmbərinin (s) tərəfində olduqlarını iddia edirdilər”.

Həzrət Ayətullah Xamenei bunları da qeyd etdi: “Sizcə, hələ ölkədə prezident seçkiləri start götürməmişdən bu günə qədər Amerika, İngiltərə və sionist xəbər agentlikləri hansı mövqedə durublar? Bəs tudəçilər, çevriliş tərəfdarları kimi dinə qarşı çıxan cinahlar, İslam İnqilabının və imam Xomeyninin (r.ə) digər əleyhdarları harada olublar? İslam dövlətinə qarşı mübarizə bayrağı altında birləşməyiblərmi?! Cəbhələşmədə heç bir dəyişiklik baş verməyib və bu, olduqca mühüm olan bir əlamət və göstəricidir”.

Həzrət Ayətullah Xamenei 9 dey günü baş vermiş böyük tarixi hadisəni xalqın müdrikliyinin və ayıq-sayıqlığının, bu olduqca əhəmiyyətli göstəricini yaxşı dərk etməsinin real nəticəsi kimi qiymətləndirərək əlavə etdi: “Xalqımızın ayıq-sayıqlığı kimi bir İlahi nemətə görə yüz dəfələrlə şükür səcdəsi yerinə yetirilsə belə, yenə də azdır!”

Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın ayıq-sayıqlığı və ictimai-siyasi hadisələrdə fəal iştirakı ölkənin və İslam İnqilabının qorunub-saxlanılmasının başlıca amilidir və məhz bu səbəbdən də imperializmin başında duran qüvvələr İran xalqına hücum etməkdən qorxurlar. Daha sonra o, belə əlavə etdi: “KİV-də yer alan bəzi təbliğatların tam əksinə olaraq bu diyarın düşmənlərinin başlıca problemi məhz xalqımızın uzaqgörənliyi və ölkəmizin gənclərinin dinə imandan doğan qeyrətidir”.

Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “İmanlı gənclərimizin qəlbindəki bu coşqun qeyrət və şücaət hissinə rəğmən cavanlarımız çox doğru olaraq bəzi məsələlərə səbirlə yanaşırlar. Lakin baş verən proseslərdə iştirak etməyin tam zamanı gələndə, əlbəttə ki, onlar meydanda hazır olacaqlar”.

Ali Məqamlı Rəhbər ölkədə baş vermiş son hadisələri düzgün analiz edərkən imperializmin dünya və region miqyasında qurduğu planların boşa çıxdığının nəzərə alınmasını zəruri hesab etdiyini  bildirərək dedi: “İran xalqının müdrikliyi və ayıq-sayıqlığı imperializmin planlarını pozub. Müstəmləkəçilər hay-küy qaldıraraq məkrli planlarını həyata keçirib qalmaqal törədirlər və bu yolla millətimizin bütün xalqları dünyada baş verən hadisələrə açıq gözlə baxmağa və hazırlıqlı olmağa çağıran fəryadının İslam ümmətinin qulağına çatmamağı, xalqların daha artıq oyanışına səbəb olmamağı üçün cidd-cəhdlə çalışırlar”.

Həzrət Ayətullah Xamenei bir qrup şəxslərin Aşura gününə və imam Hüseynə (ə) hörmətsiz yanaşmasının İran xalqının əziz gənclərinə və könüllü yarımhərbi Bəsic dəstələrinin üzvü olan övladlarına toxunaraq onların qəzəbinə səbəb olmasını təbii hesab etdiyini bildirərək əlavə etdi: “Bu hörmətsizlik hər kəsin qəlbini ağrıtdı, lakin hamımız diqqətli olmalıyıq ki, yersiz işlərlə fitnəkar düşmənə yardım etməyək”.

Ali Məqamlı Rəhbər düşmənin təhlükəli bir oyun oynamaq və dolaşıq intriqalar yaratmaq məqsədilə hərtərəfli səy göstərərək xəbis planlar cızdığını xatırladaraq əlavə etdi: “Belə qarışıq bir şəraitdə olduqca ehtiyatlı və tədbirli olmaq, vaxtı çatanda isə qətiyyətli addım atmaq lazımdır ki, fitnəkar düşmənin intriqa və iğtişaş planları boşa çıxsın”.

Həzrət Ayətullah Xamenei ölkədə baş verən son hadisələrin qarşısının alınması üçün ən sərt qanunların qətiyyətlə və lazımınca tətbiq olunmasının məhz rəsmi orqanların vəzifəsi olduğunu qeyd etməklə yanaşı bunları da əlavə etdi: “Qanuni məsuliyyəti və səlahiyyəti olmayan şəxslər bu olaylara müdaxilə etməməlidirlər”.

İslam İnqilabının Rəhbəri Qurani-Kərimin insanları ədalətə və təmkinə dəvət etdiyini xatırladaraq əlavə etdi: “Bir qrup şəxs düşmənçilik edərək xəbis planlar yürüdür, digər bir qrup isə onları dəstəkləyir. Lakin bütün bu olayların qarşısının alınması üçün kifayət qədər diqqət və müdriklik olmazsa, bu intriqalardan cana doymuş günahsız insanlara çox ciddi zərər dəyə bilər. Bu səbəbdən də hər bir kəs özbaşına hərəkətlərə yol verməkdən çəkinməli və hər şey mütləq qanun çərçivəsində həyata keçirilməlidir”.

Həzrət Ayətullah Xamenei dey ayının 9-da İran xalqının imza atdığı əzəmətli hərəkatı hər kəsə ünvanlanmış bir ultimatum adlandıraraq əlavə etdi: “Üçlü hakimiyyət qüvvələrinin rəsmiləri xalqın nə istədiyini gördülər. Elə buna görə də ölkədə fitnə-fəsad və iğtişaş törətmək istəyən ünsürlərə qarşı mübarizədə öhdələrinə düşən vəzifəyə lazımınca əməl etməlidirlər”.

Həmçinin İslam İnqilabının Rəhbəri ölkənin düzgün idarəetməsində və irəliyə doğru hərəkətinin daim davam etdirilməsində rəsmi orqanların və səlahiyyətli şəxslərin öhdəsinə düşən mühüm vəzifələri də xatırladaraq təkidlə vurğuladı: “Baş verən son olaylarda düşmənin məqsədi İranın elmi və iqtisadi inkişafının, İslam Respublikasının beynəlxalq arenada bacarıqlı və diqqətəlayiq iştirakının sürətli tempini tormozlamaqdır. Rəsmilərimiz iqtisadi, ictimai, elmi, mədəni və siyasi sferalarda öz vəzifələrinə tədbirli və səriştəli şəkildə əməl etməklə düşmənin bu çirkin məqsədini reallaşdırmasına əsla imkan verməməlidirlər”.

Xalqın ölkənin ictimai-siyasi həyatında fəal iştirakını İslam Respublikasının ən böyük sərvəti və dayağı adlandıran Həzrət Ayətullah Xamenei xarici informasiya agentliklərinin 9 deydə baş tutan ümumxalq yürüşünün hökumət tərəfindən təşkil olunması ilə bağlı yaydığı yanlış və qərəzli təbliğata da toxunaraq qeyd etdi: “Bu cür yanlış təbliğatlarla onlar özləri də bilmədən İslam Respublikasının sahib olduğu böyük insan potensialının qüdrətini etiraf edirlər. Belə ki, dünyada heç bir hakim quruluş 2 sutka müddətində belə bir nəhəng milli səfərbərliyi həyata keçirməyə, 10 milyonlarla insanı küçələrə çəkib gətirməyə qadir deyil”.  

Çıxışının sonunda əziz İran xalqının gözüaçıq və hazırlıqlı bir xalq olmasını bir daha yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mərhum imam Xomeyninin (r.ə) bu xalqın üzərindəki ilıq nəfəsi və əziz şəhidlərimizin fədakarlığı sayəsində bu böyük ölkədə xalq və hökumət vahid bir gerçəkliyi təşkil edir. Bütün ölkə rəsmiləri, o cümlədən elə mən özüm də “İran xalqı” adlanan bu nəhəng okeanın yalnız kiçik bir damlasıyıq”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /