Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ədalətli dövlət üçün nümunəvi model İslam Respublikasıdır

Bu gün axşam Avropadakı İslami Tələbə Təşkilatları Aliansının üzvləri ilə görüşündə İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki elmi hərəkatı zəruri və təxirəsalınmaz bir ehtiyac adlandıraraq təkidlə xatırlatdı ki, belə bir mühüm tarixi etapdan uğurla keçmək üçün “elmi biliklərin mənimsənilməsi” və “Allah yolunda səylə çalışmaq” işində gənclərin payına olduqca həssas və təhlükəli bir missiya düşür.

Ölkədən xaricdəki İslami Təşkilatlar Aliansının sağlam və düzgün istiqamətli fəaliyyətinə toxunan Həzrət Ayətullah Xamenei bu qurumu gəncliyi və imanı özündə birləşdirən pak bir fidan adlandıraraq təkidlə dedi: “Elmin ölkədə mühüm və əsaslı mövqe tutması İslam Respublikasının həyata keçirməyə çalışdığı ali və dəyərli hədəflərə malik olan möhtəşəm bir hərəkatın amallarına çatmaq üçün ən effektiv yoldur”.

Hazırda ədalətsiz  bir sistemin dünyaya hakim kəsildiyini deyən İslam İnqilabının Rəhbəri belə əlavə etdi: “Müasir dünyada bəşər övladı yanlış sivilizasiya və sistemlərdə yaşayır, ədalətsizliklə, ayrı-seçkiliklə əhatə olunub. Hazırda liberal demokratiya şüarı ilə çıxış edən Qərb kapitalizminin xarakter və naturasının bir hissəsi olan ədalətsizlik dünyaya hakim kəsilmiş bir ənənəyə çevrilib”.
 

Ali Məqamlı Rəhbər İslam Respublikasının dünyada ədalətli bir sistemin qurulması üçün cidd-cəhdlə səy göstərdiyini deyərək və belə bir sistemin qurulacağına ümidvar olduğunu bildirərək qeyd etdi: “Ədalət bayrağını dünya miqyasında göyə ucaldaraq nəhəng insan potensialını bu bayrağın altında bir yerə toplamaq mümkündür”.
 

Həzrət Ayətullah Xamenei bu yolda qarşıya qoyulan iki başlıca məqsədi – “nümunəvi bir modelin qurulması” və “bu sistemin dünyada təqdim olunaraq tanıtdırılması”nı  xüsusilə qeyd edərək fikrini belə izah etdi: “Ədalətli bir sistemin yaradılması və bu İslami qurumun dünyaya təqdim olunması üçün elmə, imana, əzmkarlığa, fiziki və mənəvi gücə böyük ehtiyac var. Ölkəmizin gənclərində bütün bu nəcib xüsusiyyətlər var”.
 

İslam İnqilabının Rəhbəri cürbəcür nəfsi istəklərə, həvəs və stimullaşdırıcı səbəblərə baxmayaraq bu çətin və təhlükəli yolda imanın və mətinliyin qorunub-saxlanılmasını zəruri hesab edərək dedi: “Mətinlik və dözümlülük dedikdə qarşındakı doğru yolu tam ehtiyatla, sağa-sola sapınmadan qət etmək başa düşülür; bunun üçün isə gərgin səy və uzaqgörənliyə ehtiyac var”.

İslam İnqilabının Rəhbəri ölkə daxilində bəzi şəxslərin doğru yoldan sapınmasına da toxunaraq dedi: “Belə bir iş baş verməsəydi və yolun yarısında bir qrup şəxslər dözümsüzlük və prinsipsizlik nümayiş etdirməsəydilər, bu gün maddi və mənəvi baxımdan ölkənin vəziyyəti daha da yaxşı olardı. Lakin bütün bunlara rəğmən, dəfələrlə qeyd olunduğu və cəmiyyətdəki reallığın da sübut etdiyi kimi, nə qədər itki olsa belə, inkişaf və artım bundan ikiqat çox olur”.
     

Həzrət Ayətullah Xamenei bəzi dünya siyasətçilərinin Aşura günü Tehran şəhərində baş vermiş iğtişaşlarla bağlı bəyanatlarına toxunaraq bu cür çıxışların “xəbislik”dən, “real həqiqətləri qəsdən dəyişdirmək məqsədilə cansız və düşüncəsiz bir marionetə çevrilmək”dən və “dünyadakı yadelli və sionist KİV-lərin təsiri altına düşmək”dən qaynaqlandığını xüsusilə vurğuladı.
 

Görüşün əvvəlində Avropadakı İslami Tələbə Təşkilatları Aliansında Vəliyyi-fəqihin nümayəndəsi olan Hüccətul-İslam vəl-muslimin Cavad Ejeyi Aliansın Tehran şəhərində keçirilmiş 44-cü qurultayı barədə məlumat verməklə yanaşı, bunları da dedi: “İslami Tələbə Təşkilatları Aliansı bu illər ərzində müxtəlif tendensiya və cərəyanların hökmranlıq etməsinə baxmayaraq hər cür ayrı-seçkilik və təfriqədən uzaq olmuşdur və bundan sonra da imam Xomeyni (r.ə) və Vilayəti-fəqih kursuna sadiq qalaraq var-qüvvəsi ilə öz fəaliyyətini davam etdirəcəkdir”.
  

Görüşdə həmçinin Avropadakı İslami Tələbə Təşkilatları Aliansının katibi də bunları qeyd etdi: “Aliansın üzvləri imam Xomeyniyə (r.ə) və Vilayəti-fəqihə sevgi hissi ilə bu yolda elə irəliləyirlər ki, İslam Respublikasının qarşıya məqsəd qoyduğu mənəvi qüdrətə və elmi əzəmətə çata bilsinlər”.


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /