Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Allaha təvəssül etmək atdığınız hər bir addımın qarantıdır

İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc mərasiminin təşkilatçılıq və məsul rəsmiləri ilə görüşdə həcc ziyarətinin böyük tutuma malik olmasına işarə edərək təkidlə vurğuladı: “Həcc ziyarətinin əməl və ayinlərindən hər biri insanın mənəvi tərbiyəsinə müstəsna təsir etməkdən əlavə, həm də təbliğat və maarifləndirmə baxımından da böyük qabiliyyətə malikdir”.
    
Ali Məqamlı Rəhbər həcc ziyarətinin təşkilatçılıq işlərini öhdəsinə götürmüş bütün rəsmilərə dərin təşəkkürünü bildirərək əlavə etdi: “Həcc ziyarətinin hələ məlum olmayan potensialının aşkara çıxarılması üçün bu işi öz vəzifəsi və vacib işi hesab edəcək mütəfəkkirlərdən təşkil olunmuş elmi şöbəyə ehtiyac var. Həmçinin bu yolla həcc ziyarəti ilə bağlı hazırlanan proqramların və təşkil olunan konfransların keyfiyyətini və təsir gücünü də yüksəltmək olar”.

Həzrət Ayətullah Xamenei Allah-Taalanın builki həcc mərasiminə xüsusi fəzilət bəxş etdiyini qeyd edərək dedi: “Uca Yaradan Öz iradəsinin zalımların iradəsinə və bütləşdirilmiş maddi təsəvvürlərə necə üstün gəldiyini göstərdi. Bu, İran İslam Respublikasında dəfələrlə təcrübədən keçmiş bir həqiqətdir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəzi şübhələrin müzakirə obyektinə çevrilməsi həqiqətlərin aşkara çıxması və təbliğ olunması üçün yeni bir yol aça bilər və bu səbəbdən şübhə doğuran məqamların cavablandırılması olduqca zəruridir”.
        
Ali Məqamlı Rəhbər bu il “Müşriklərə etiraz” və Mədinə şəhərində Kumeyl duasının oxunma mərasimlərinin daha da təntənəli şəkildə keçirildiyini qeyd edərək təkidlə əlavə etdi: “Allaha təvəssül atdığınız hər bir addımın qarantıdır və Tanrıya bu möhkəm bağlılığı qoruyub-saxlamaq lazımdır. Bu günə qədər sərf edilmiş böyük səy və zəhmət sayəsində həcc ziyarəti maarifləndirmə mərkəzinə çevrilib. Bu istiqamətdəki fəaliyyəti daha da gücləndirərək davam etdirmək lazımdır”. 
     
Həzrət Ayətullah Xamenei dövlətin yeni A qripi virusunun yayılmasının qarşısını almaq məqsədilə gördüyü bir sıra mühüm tədbirlərə toxunaraq qeyd etdi: “Mümkün ehtimalları nəzərə alsaq, demək olar ki, öncədən görülən bu tədbirlər müsbət və lazımlı idi”.
 
Görüşün əvvəlində Vəliyyi-fəqihin nümayəndəsi və iranlı hacıların kuratoru Hüccətul-İslam vəl-muslimin Muhəmmədi Reyşəhri birlik və uzaqgörənlik məsələsinə imam Mehdi Sahibəz-Zəmanın (ə.f) zühurunun, həqiqətən, intizarında olan insanların spesifik xüsusiyyəti kimi baxılmasını builki həcc mərasiminin başlıca mövzusu adlandıraraq dedi: “Kifayət qədər irihəcmli mənfi təbliğata və bəzi neqativ mülahizələrə baxmayaraq həcc ziyarətinin mənəvi ayin və proqramları heç bir kəm-kəsirsiz, hər il olduğundan da yaxşı, tam asayiş şəraitində icra edildi”.
 
Cənab Muhəmmədi Reyşəhri Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin Məkkədəki nümayəndəliyində müxtəlif mövzularda seminar və konfransların təşkil olunmasına, habelə həmin seminar və konfransların kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsinə də toxunaraq əlavə etdi: “Fiqhi məsələlərin aydınlaşdırılması, birlik və həmrəylik,  müşriklərə etiraz kimi mövzuların ortaya qoyulması, təbliğat məsələsinə yeni bir baxışın formalaşdırılması, şübhə doğuran məqamların cavablandırılması, İslam ümmətinin vəhdəti, eləcə də İran İslam Respublikasının tutduğu mövqe həmin seminarlarda qarşıya qoyulan problemlər sırasında idi. Həmçinin builki həcc mərasimində istər Məscidül-həramda, istərsə də ölkədən yola düşən karvanlar içərisində Quran qarilərinin istedad və bacarığından səmərəli istifadə olundu”.
 
Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Xaksar Qəhrudi öz çıxışı zamanı 2009-cu ilin həcc mərasimi barədə ətraflı məlumat verərək qeyd etdi ki, daha güclü hazırlıq və əməkdaşlıq, maliyyə vəsaitlərinin xərclənməsinə və israfçılığın qarşısının alınmasına ciddi diqqət, mədəni sferaya daha çox dəstək və qayğı, səhiyyə probleminə diqqətli yanaşma builki həcc ziyarətinin spesifik xüsusiyyətləri sırasındadır.



Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /