Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Əlinin canişin seçilməsi Uca Yaradanın seçimi idi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Qədir-Xum bayramı günü xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi ilə görüşündə Qədir-Xum məsələsini İslam ümmətinin doğru yola istiqamətləndirilməsində əbədi bir İlahi meyar adlandırmış, sionizmin və bədxah yadellilərin İranda nüvə problemi ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltmək məqsədilə geniş miqyasda yalanlar yaydığını vurğulayaraq demişdir: “Həqiqətlərin üzə çıxması ilə bütün bu yalan və şayiələr xalqın düşmənlərinin daha da çox rüsvay olmasına səbəb olacaq”.

Ali Mqəamlı Rəhbər İran xalqını və bütün müsəlman dünyasını təbrik etmiş, Qədir bayramının “Allahın möhtəşəm bayramı” adlandırılmasının səbəbini açıqlayaraq demişdir: “Qədir-Xum hadisəsinin məğzi digər İslami bayramlardan daha dərindir. Çünki bu bayram İlahi meyarlar əsasında müsəlmanların rəhbərlik, doğru yola istiqamətləndirmə və hakimiyyətlə bağlı həmişəlik öhdəsinə düşən vəzifəni müəyyənləşdirir”.

Həzrət Ayətullah Xamenei Qədir-Xum hadisəsində İslam dininin tam olaraq kamilləşməsi ilə bağlı nazil olan Quran ayələrinə və bu böyük tarixi hadisədən sonra düşmənlərin və kafirlərin məyus olduqlarını bildirərək əlavə etmişdir: “Rəhbərlik məsələsinin elan edilməsi və Əmirəl-möminin Əlinin (ə) əzəmətli İslam Peyğəmbərinin (s) canişini olaraq seçilməsi əslində Uca Yaradanın etdiyi bir seçim idi. Kəramətli İslam peyğəmbəri (s) bu seçimi elan etməklə öz peyğəmbərlik missiyasını tamamladı”.

Qurani-Kərimin bəzi ayələrinin nazilolma səbəbini və mötəbər İslami sənədlərə istinadən Həzrət Əli İbn Talibin (ə) elm, təqva, fədakarlıq, cihad və digər fəzilətlər baxımından İslam tarixində görkəmli və seçilən bir sima olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri bütün müsəlmanları bu faktları mütaliə etməyə və bu barədə düşünməyə çağırmşdır.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının həmişəki çağırışını – “İslami birlik” şüarını bir daha vurğulayaraq əlavə etmişdir: “Biz İslamda hər hansı bir məzhəbin digər məzhəbin əqidəsini qəbul etməsi ilə bağlı israr etmirik. Bizim tamamilə məntiqli olaraq istəyimiz bundan ibarətdir ki, dünyadakı bütün müsəlmanlar Əllamə Seyid Şərəfəddin Amuli, Əllamə Əmini kimi böyük alimlərin Əmirəl-möminin (ə) haqqında irəli sürdüyü faktlar və gerçəkliklər barədə dərindən düşünsünlər”.
              

Əmirəl-mömininin saf əxlaq və mənəviyyatla keçən gənclik dövrünün cavanlar üçün mükəmməl bir nümunə olduğunu qeyd edən Ali Məqamlı Rəhbər xalqın bütün təbəqələrinin nümayəndələrini bu əzmkar və güclü iradəli İmamın həyatının müxtəlif dövrlərində nümayiş etdirdiyi davranışlardan nümunə götürməyi tövsiyə etmişdir.
 

İslam İnqilabının Rəhbəri şiəliyin “İlahi vəhyə, Qurani-Kərimin dəyər və meyarlarına” düzgün, sağlam və saf etiqaddan irəli gəldiyini qeyd etmiş, şiəlik məsələsinin qondarma, yaxud siyasi bir məsələ olması ilə bağlı həyata keçirilən geniş miqyaslı qara təbliğata və ittihamlara toxunaraq vurğulamışdır: “İslam tarixində konkret və qətiləşmiş bir məsələ olan Qədir-Xum hadisəsi bütün bu ittihamların üzərindən xətt çəkərək onların yersiz olduğunu sübut edir, şiəliyin köklərinin haradan qaynaqlandığını açıq-aşkar bəyan edir”.

Həzrət Ayətullah Xamanei şiəliyə qarşı həyata keçirilən təbliğatın səbəbini açıqlayaraq qeyd etmişdir: “Dünyadakı imperialistlər yaxşı bilirlər ki, İran xalqı rəhbərlik ideologiyasına əsaslanmaq və İslami dövlət quruluşu yaratmaq üçün qəlbi od tutub yanan bütün müsəlmanların və İslam dünyası ümmətinin dərdini çəkən ziyalılarının arzusunu həyata keçirib. Məhz buna görə də onlar möhtəşəm şiə toplumunu İslam aləmindən kənar bir ünsür kimi qələmə vermək istəyirlər”.

Ali Məqamlı Rəhbər ABŞ-ın İran xalqının düşmənlərinin cərgəsində ən başda durduğunu, İngiltərə hökumətinin isə xalqın ən xəbis düşmənlərindən biri olduğunu deyərək əlavə etmişdir: “Sionistlər, Amerika və digər müstəmləkəçilər İran xalqının başqalarına nümunə olmasından və İslam ümmətinin ayılmasından qorxurlar. Məhz buna görə də 30 ildir ki, bu xalqı və bu ölkəni qorxudub küncə sıxmaq üçün özlərinin bütün hiylələrini və məkrli planlarını işə salıblar. Lakin onlar bunu bacarmayıblar və Allahın fəziləti sayəsində bundan sonra da edə bilməyəcəklər!”

Həzrət Ayətullah Xamenei çıxışının digər qismində sionizmin və bədxah yadellilərin İranda nüvə problemi ilə bağlı yaydığı yalan və şayiələrə toxunaraq əlavə etmişdir: “Artıq bu xalqın düşmənlərinin çarəsi yalan və şayiələr yaymaq yolu ilə dünya ictimaiyyətinin fikrini aldadıb azdırmağa qalıb. Lakin sonda həqiqətlərin üzə çıxması ilə bu yalanlar onların özlərinin ziyanına olacaq və keçmişdə təsadüf etdiyimiz bir çox hallarda olduğu kimi onların daha da artıq rüsvayçılığı ilə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei ABŞ, İngiltərə və bəzi digər Avropa dövlətlərinin başçılarına yalan şayiələr yaymaqdan çəkinməyi tövsiyə edərək əlavə etmişdir: “Dəfələrlə qeyd etdiyimiz kimi, İran xalqı nüvə məsələsində yalnız ölkənin ehtiyac duyduğu bilikləri mənimsəmək niyyətindədir və düşünür ki, bu gün nüvə sahəsi ilə bağlı zəruri olan elm və texnologiyanı əldə etməsə, sabah – dünya iqtisadiyyatının bütünlüklə nüvə enerjisi üzərində qurulduğu bir dövrdə bu iş üçün artıq gec olacaq”.

Ali Məqamlı Rəhbər əlavə etmişdir: “Xalqımız İran övladlarının və bu diyarın gələcək nəslinin 20-30 ildən sonra Qərbə möhtac olmaması üçün bu gün nüvə sahəsində biliklər əldə etməyə çalışır. Qərblilər isə qalmaqal yaratmaq, cürbəcür haqsız ittihamlar və yalanlar irəli sürməklə millətin qarşısına qoyduğu bu məqsədi həyata keçirməsinə mane olmağa çalışırlar”.

Həzrət Ayətullah Xamenei kütlə içərisindən Nüvə enerjisinin İran xalqının birbaşa hüququ olması ilə bağlı səslənən həyəcanlı şüarlara cavab olaraq qeyd etmişdir: “Ayıq-sayıq və uzaqgörən olun! Belə ki, dünyadakı müstəmləkəçi qüvvələr özlərinin bütün siyasi-təbliğat hiylələrini işə salaraq İran xalqının nüvə enerjisi sahəsi ilə bağlı danılmaz hüququnu onun əlindən almağa çalışırlar”.

İnqilab Rəhbəri müstəmləkəçilərin hazırkı siyasətinə aydınlıq gətirərkən bunları demişdir: “Dünyadakı qoluzorlu qüvvələr təhdid, hərbi hücum və sanksiyalar yolu ilə hər hansı bir xalqın öhdəsindən gələ bilmədikdə, hər cür bəhanələrdən sui-istifadə edərək həmin xalıqın daxilində ixtilaf və qarşıdurma yaratmağa çalışırlar”.

Ali Məqamlı Rəhbər bədxah yadellilərin siyasi və təbliğat fəaliyyətinin ölkədə qarşıdurma yaratmaq istiqamətində mərkəzləşdiyini qeyd edərək demişdir: “Düşmənin ixtilaf və qarşıdurma ruhunun duyulduğu hər bir kəlmədən və işdən öz xeyrinə necə sui-istifadə etdiyinə və ürəkləndiyinə diqqət yetirmək lazımdır”.

İslam İnqilabının Rəhbəri bu məsələ ilə bağlı bunları da əlavə etmişdir: “Bir sıra şəxslər düşmənin ölkə daxilində ixtilafların mövcud olması qənaətinə gəlməsinə əsas verən bir sıra işlər gördükləri üçün Tanrı qarşısında cavab verməlidirlər”.

Həzrət Ayətullah Xamenei İran xalqını səbirli, qeyrətli və mətin bir xalq adlandıraraq əlavə etmişdir: “İmperializmin sərkərdələri öz təbliğatlarında artıq səbir kasalarının daşdığını bildirirlər. Lakin hamıya məlumdur ki, onlar İrana qarşı heç vaxt səbir nümayiş etdirməmiş və ötən 30 il ərzində bu xalqın iradəsini qırmaq üçün əllərinə düşən hər fürsətdə siyasi, iqtisadi, hərbi, təbliğat xarakterli hər cür məkrli planlardan istifadə etmişlər”.

Həzrət Ayətullah Xamenei İran xalqının səbirli  və mətin bir xalq olmasını, ölkənin tərəqqi və yüksəliş yolunda davamlı olaraq irəliləməsi üçün zəmin rolu oynadığını bildirərək vurğulamışdır: “Dözümlü İran xalqı həmişə olduğu kimi bədxah yadellilərin təbliğatına və boş hay-küyünə əhəmiyyət vermədən Allahın köməyi və cavanlarının əzmi sayəsində əzəmətli imam Xomeneinin (r.ə) onlara göstərdiyi yolla ayıq-sayıqlıq və uzaqgörənliklə davam edərək sonuncu şərəfli zirvəyə çatmaqla ölkənin daha parlaq gələcəyinə imza atacaq!”



Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /