Ali Məqamlı Rəhbərin informasiya bloku

“Həzrət Yusif (ə)” seriyalının rejissorları, yaradıcı heyəti və filmdə rol almış aktyorlarla görüş

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün “Həzrət Yusif (ə)” seriyalının rejissorları, yaradıcı heyəti və filmdə rol almış aktyorlarla görüşdə bu diqqətəlayiq sənət əsərinə görə təşəkkür və qədirdanlığını ifadə etməklə yanaşı bunları da vurğuladı: “Bu serial əslində bütövlükdə İnqilab yönümlü incəsənətdə güclü təxəyyülün məhsulu olan novator sənət nümunələri üçün bir başlanğıcdır. İslam Mədəniyyəti və Maarifi Nazirliyi, “Səda və Sima” Dövlət televiziyası, həmçinin incəsənət xadimləri bu sahəyə əvvəlkindən də çox diqqət yönəltməlidirlər”.

Ali Məqamlı Rəhbər “Həzrət Yusif (ə)” seriyalında hadisənin böyük ustalıqla təqdim olunmasını bu tele-layihənin bariz cəhətlərindən biri kimi qeyd edərək əlavə etdi: “Bugünkü sənət və kino dünyasında adətən tamaşaçının diqqətini cəlb etmək məqsədilə bəzi şeylərdən, o cümlədən cinsi cəzbetmə metodlarından istifadə olunur. İranda olduğu kimi digər ölkələrdə də özünə olduqca böyük tamaşaçı auditoriyası və reytinq qazanmış bu seriyalda isə əksər filmlərdən və tele-proyektlərdən fərqli olaraq hekayənin mehvərində ismət və namus durur”.

İslam İnqilabının Rəhbəri bu mövzunu olduqca dəyərli hesab etdiyini bildirərək qeyd etdi: “Seriyalın özəlliklərindən biri də Yusif peyğəmbərin (ə) hərtərəfli bir şəxsiyyət, həqiqi bir peyğəmbər kimi portretinin yaradılmasıdır. Bu dini şəxsiyyət yüksək mənəviyyata malik olması, dua və zikrə xüsusi diqqət yönəltməsi ilə yanaşı, həm də cəmiyyətin idarəçiliyində, tədbir görülməsində, zülmlə mübarizə və təzyiqlərə qarşı müqavimətdə də bariz rol oynamışdır”.

Həzrət Ayətullah Xamenei müasir kino sənətinin zahirən incəsənətlə, batinində isə siyasətlə əlaqədar olduğunu bildirərək əlavə etdi: “Holivuddakı kino-prodakşınların və şirkətlərin çoxu Amerikanın yürütdüyü siyasətin pərdə arxasında, hətta bəzən dövlət səviyyəsindən də yüksəkdə duran vahid bir strukturun siyasi iradəsinin təzahürüdür”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, müxtəlif kommunikasiya və incəsənət vasitələrinin sürətli inkişafı kino sənətini siyasi düşüncə və hədəflərin bəyan olunması üçün təsiredici bir alətə çevirmişdir. O, həmçinin əlavə etdi: “İslam Respublikası dövlət quruluşunun deyiləsi yeni sözü və ideyaları var və bunlar professional, təsiredici metodlardan istifadə etməklə açıqlanmalıdır”.

İslam İnqilabının Rəhbəri dini demokratiya ideyasınını dünyada yeni, keçmişdə təsadüf olunmamış bir ideya olduğunu qeyd edərək əlavə etdi: “Bu gün İslam Rspublikasında həqiqi dinlə çulğalaşmış demokratiya gerçəkləşib. Müxtəlif incəsənət və nümayiş metodlarından istifadə etməklə misli-bərabəri görünməmiş bu gerçəkliyi bütün dünyaya təqdim etmək olar”.              

Həzrət Ayətullah Xamenei İslam dövlətinin zülmün qarşısında sarsılmaz müqavimətinin də dünyada tayı-bərabəri görünməmiş gerçəkliklərdən biri olduğunu qeyd edərək dedi: “İran İslam dövlətinin xalqlar arasında olduqca böyük maraq doğuran və özünə tərəfdarlar qazanan ideyaları var. Həmin ideyaları özünəməxsus ustalıq tərzi ilə qısa və uzun metrajlı filmlər çərçivəsində təqdim etmək olar”.

Ali Məqamlı Rəhbər İslam Respublikası təfəkkürünün geniş yayılması  məqsədilə bu potensialdan daha çox istifadə etməyin zəruriliyini vurğulayaraq dedi: “Bu tip sənət əsərləri əlbəttə ki, böyük sənət nümunələri olacaq. Lakin heç bir zaman Oskar və ya Nobel mükafatlarını qazanmayacaq. Çünki müasir dünyada incəsənətə himayədarlıq edən orqanlar rüsvayçı bir vəziyyətdədir”.  

İslam İnqilabının Rəhbəri həmçinin bunları da əlavə etdi: “Bu mükafatların heç bir dəyəri yoxdur və incəsənət xadimləri öz sənət əsərlərini həmin mükafatları qazanmaq amalı ilə yaratmamalıdırlar”.

Həzrət Ayətullah Xamenei incəsənət adamlarının həqiqət naminə sənət əsərləri yaratmalı olduqlarını vurğulayaraq dedi: “Professional metodları mənimsəmək və həqiqətə əsaslanan sənət əsərləri yaratmaq üçün təşəbbüs göstərmək lazımdır. Bu hədəf isə yalnız üzərinə düşən məsuliyyəti dərk edən sənət xadimlərinin və mömin gənclərin səyi nəticəsində gerçəkləşə bilər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı:  “Kino sahəsində və tele-proyektlərdə heç vəchlə sənətə və sənətkarlıq metodlarına etinasız yanaşmaq olmaz”.

İslam İnqilabının Rəhbəri ölkədə çəkilən filmlərin və hazırlanan tele-layihələrin zəif cəhətlərindən biri kimi əsasən yaxşı ssenarilərin olmamağını qeyd edərək dedi: “Hər bir sənət əsərinin gücü yaxşı, güclü və maraqlı bir ssenaridədir və bu məsələyə daha da ciddi surətdə diqqət yetirilməlidir”.

Həzrət Ayətullah Xamenei “Yusif peyğəmbər” tele-layihəsinin quruluşçu rejissoru cənab Sülhşura öz minnətdarlığını bildirərək vurğuladı: “Sözsüz, bu dəyərli və diqqətəlayiq layihənin bütün yaradıcı heyətinin Tanrı dərgahında əcri vardır”.

Ali Məqamlı Rəhbər bunları da qeyd etdi: “Əlbəttə, bu layihəyə tutulan bəzi iradlar ya düzgün olmamış, ya da o qədər əhəmiyyətsiz olmuşdur ki, belə bir möhtəşəm işin üzərinə kölgə sala bilməz”.

Görüşdə iştirak edən “Səda və Sima” Dövlət Tele-Radio Kompaniyasının sədri cənab Zərğami “Yusif peyğəmbər” tele-layihəsini milli mediyanın ən uğurlu tele-layihələrindən biri adlandıraraq dedi: “Xalqın bütün təbəqələrinin nümayəndələri ilə geniş əlaqə, 85 faizə yaxın tamaşaçı auditoriyası, 90 faizə yaxın reytinq göstəricisi, məzmundakı güclü və geniş miqyaslı araşdırma, professional və məsuliyyətli sənət adamlarından ibarət yaradıcı qrup, dünyanın bir-çox ölkələrində olduqca geniş qarşılanma “Həzrət Yusif (ə)” seriyalının özünəməxsus, nəzərə çarpan cəhətlərindəndir”.

Cənab Zərğami tele-layihələr çərçivəsində maarifçi mövzulara diqqət yetirilməsini milli tele-radionun fəaliyyət istiqamətinin başlıca cəhətlərindən biri kimi qeyd edərək dedi: “Bəzi uğurlu təcrübələri nəzərə almaqla “Səda və Sima”nın işində maarifçi mövzuların təqdim olunması məqsədilə qısa metrajlı tele-layihələrdən istifadə də yer almışdır”.

Görüşdə “Yusif peyğəmbər” tele-layihəsinin quruluşçu rejissoru cənab Fərəcullah Sülhşur da seriyalın ölkədə və ölkədən kənarda geniş surətdə qarşılandığını qeyd edərək dedi: “Seriyalın gözəl ssenarisi, filmdə cərəyan edən hadisələrin real olması, hadisələrin didaktik mahiyyəti, zəngin İslami mahiyyət və vizual effektlər bu tele-layihənin qazandığı uğurun başlıca amilləri olmuşdur”.

O, həmçinin rəsmilərə və incəsənət xadimlərinə üz tutaraq  istehsal olunan filmlərdə və tele-layihələrdə reallığa əsaslanma, habelə Qurani-Kərimdə bəyan edilən hekayələrdən istifadə olunması ilə bağlı arzusunu bildirdi.

Görüşün sonunda “Həzrət Yusif (ə)” seriyalının yaradıcı heyəti və filmdə rol almış aktyorlar İslam İnqilabının Rəhbəri ilə səmimi söhbət etdilər.

Sonra Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılındı.


Məlumatdan istifadə edərkən LEADER.İR saytına istinad zəruridir 


700 /