Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin dörd bir yanından gəlmiş minlərlə bəsici ilə görüşündə könüllü səfərbərlik dəstəsini milli müqavimətin, sarsılmazlığın və qürurun simvolu adlandıraraq, habelə bütün KİV-ə, fəal siyasətçilərə və rəsmilərə xırda, qeyri-prinsipial ixtilaflardan çəkinməyi təkidlə tövsiyə edərək dedi: “Bu gün ölkənin qarşısında duran başlıca məsələ düşmənin yürütdüyü və əsas məqsədi xalqın nümayəndələri arasında tərəddüd, ixtilaf və pessimizm əhval-ruhiyyəsi yaymaq olan soyuq müharibəyə qarşı mübarizə aparmaqdır. Bu hücumlara qarşı aparılan mübarizənin ən başlıca yolları uzaqgörənlik və gözüaçıqlıq kimi xüsusiyyətlərin, könüllü səfərbərlik əhval-ruhiyyəsinin, gələcəyə qəti inamın qorunub-saxlanması, habelə ciddi və düşünülmüş seçimdir”.
İslam İnqilabının Rəhbəri Bəsici, yəni könüllü surətdə səfərbərliyi ölkədə müstəsna və misli görünməmiş bir hadisə adlandıraraq əlavə etdi: “Hər hansı bir ölkədə xalqın bütün varlığı ilə, özünün ən yaxşı və ən imanlı ünsürlərini ortaya qoyaraq heç nəyi gözə almadan, bütün var-gücü ilə hakim qurumu müdafiə etməsi yalnız İran İslam İnqilabına məxsus olan inkaredilməz bir faktdır. Dahi imam Xomeyninin (r.ə) nurlu qəlbi belə bir böyük həqiqəti kəşf edə və Allahın yardımı ilə onu reallaşdıra bilmişdir”.
Həzrət Ayətullah Xamenei Bəsic dəstəsinin İslam İnqilabının müxtəlif meydanlarında həlledici rol oynadığını və böyük sınaqlardan çıxdığını xatırladaraq bildirdi: “Bunlardan biri də ölkənin istiqlal və qürurunun müdafiəsi meydanı idi. Əgər Müqəddəs Müdafiə Hərəkatı illərində Bəsicin iştirakı olmasaydı, yəqinliklə demək olar ki, bu gün ölkənin və xalqın taleyi başqa cür olardı”.
Həmçinin Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “Müharibə başa çatandan sonra da Bəsic daim bütün meydanlarda cəbhə xəttini yarıb keçən avanqard olmuşdur”.
İslam İnqilabının Rəhbəri Bəsicin siyasi iqtidar və müqavimətin sabitləşməsində, mədəniyyət və quruculuq sahələrində, o cümlədən elm sahəsindəki həlledici roluna işarə edərək əlavə etdi: “Bu gün ölkəmizə iftixar gətirən cürbəcür nailiyyətlər müxtəlif sahələrdə çalışan işgüzar, bacarıqlı, lakin şan-şöhrətdən uzaq olan insanların gərgin əməyinin nəticəsidir. Belə ki, bu reallığın olduğu kimi qəbul edilməməsi Bəsicə qarşı zülm və haqsızlıq olar”.
Həzrət Ayətullah Xamenei Bəsic dəstəsinin hərbi qurum və təşkilatlardan daha yüksəkdə durduğunu bildirərək qeyd etdi: “Hərbi birləşmələr ən yaxşı bəsicilərdir. Buna baxmayaraq həqiqətdə Bəsic xalqın müxtəlif təbəqələrini təmsil edən insanların pulla, cah-calal və mənsəblə, yuxarıdan göstərişlə heç cür əlaqəsi olmayan geniş, güclü və bitib-tükənmək bilməyən iştirakıdır. Bəsicin meyarı isə məhz uzaqgörənlik və imandır”.
Ali Məqamlı Rəhbər özünəməxsus keyfiyyətləri baxımından hazırkı Bəsic Təşkilatının başqa heç bir toplumda təkrar və təqlid oluna bilməyəcəyini də təkidlə qeyd edərək bildirdi: “Bəsic nüfuzedici və təsirli bir reallıqdır. O, güc və iqtidara malik olmaqla yanaşı, həm də məzlumdur”.
Eyni zamanda İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Məzlumluq əsla zəiflik demək deyil. İslam İnqilabı müasir dövrün ən nüfuzedici və güclü reallıqlarından biri olduğu kimi, həm də məzlumdur. Yaxud dahi imam Xomeyni (r.ə) də şəxsiyyət etibarilə mənəvi cəhətdən son dərəcə güclü və qüdrətli olmasına rəğmən dövrünün ən çox zülmə məruz qalmış insanlarından biri idi”.
Həzrət Ayətullah Xamenei Bəsicin cəmiyyətdəki rolunun daha da gücləndirilməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Bəsic var olduqca İslam dövlətinə qarşı heç bir təhdid yönələ bilməz. Bu, əsas və fundamental bir həqiqətdir”.
Ali Məqamlı Rəhbər təhlükənin vaxtında və dəqiqliklə müəyyənləşdirilməsinin, nöqsanları və bəlaları tanımağın, həmçinin daha da artıq inkişafa nail olmaq üçün lazımi tədbirlərin görülməsinin Bəsic üçün böyük bir zərurət olduğunu bildirərək təkidlə vurğuladı: “İslam İnqilabının ilk onilliyində imperializmin İslam dövləti ilə kəskin qarşıdurmasını nəzərə alaraq demək olar ki, hal-hazırda düşmən soyuq müharibə taktikasına keçib. Buna görə də bu gün soyuq müharibəyə qarşı müqavimətə başlıca önəm verilməlidir”.
İslam İnqilabının Rəhbəri soyuq müharibənin xarakterini açıqlayaraq bildirdi: “Düşmən apardığı soyuq müharibədə ən son mədəni və kütləvi informasiya vasitələrindən istifadə edərək yalan və şayiələr yaymaqla, habelə bəzi əsassız bəhanələr gətirməklə xalqın arasında şübhə, pessimizm və ixtilaf toxumu səpməyə çalışır”.
Həzrət Ayətullah Xamenei ölkədə son prezident seçkilərindən sonra baş vermiş olayları düşmənin bu taktikasına bir nümunə gətirərək dedi: “Bu hadisələr zamanı onlar seçki bəhanəsi ilə insanların qəlbini bir-birinə və ölkə rəsmilərinə qarşı kirləndirmək, bu cür qarmaqarışıq olayların axarında isə özlərinin qərəzli, xain və itaətkar ünsürlərini iğtişaş törətmək məqsədilə meydanlara çıxarmaq üçün şübhə və qarşıdurmalar yaratdılar. Lakin xalqın ayıq-sayıqlığı və müdrikliyi sayəsində heç bir nəticə əldə edə bilmədilər”.
Ali Məqamlı Rəhbər ayıq-sayıqlıq və uzaqgörənlik mövzusunu bir daha vurğulayaraq əlavə etdi: “Mənim hazırkı şəraitdə cəmiyyətdə ayıq-sayıqlığın və uzaqgörənliyin vacibliyini dəfələrlə vurğulamağımın səbəbi budur ki, xalq nəyin baş verdiyini bilsin, həmçinin baş verən olayların əsl “quruluşçu rejissorlar”ını və xain, bədxah ünsürləri tanıyıb xalqın nümayəndələrindən seçə bilsin”.
Həmçinin İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Hadisələrin iğtişaş forması almasına və ittihamlarla müşayiət olunmasına, insanların bir-birinə qarşı bədbin və şübhəli əhval-ruhiyyədə köklənməsinə səbəb olan hər bir addım ölkə üçün zərərlidir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən təkid edirəm ki, xalqın və müxtəlif siyasi cərəyanların nümayəndələri bir yumruqda birləşərək, əslində, İslam İnqilabının və ölkənin istiqlalının əleyhinə olan və başlıca məqsədi İranı ABŞ-a, imperializmə təqdim etmək olan azsaylı şəxslərə qarşı ciddi mübarizə aparsınlar”.
Həzrət Ayətullah Xamenei elitası və sadə nümayəndələri də daxil olmaqla böyük xalq kütləsini satqın ünsürlərdən fərqləndirməyin və heç bir vəchlə bu ikisini eyniləşdirməməyin vacibliyinə toxunaraq dedi: “Bəzi bəyanat və çıxışlarla mövcud vəziyyəti elə bir qarmaqarışıq şəklə salmaq lazım deyil ki, xalqın nümayəndələri çaşqın vəziyyətə düşərək bir-birinə, habelə ölkə rəsmilərinə və görkəmli insanlara qarşı pessimizmə qapılsınlar. Bu, heç də düzgün bir iş deyil”.
Aliməqam Rəhbər daim qarşıdurma, bədbinlik əhval-ruhiyyəsi və şayiələr yaymaqla məşğul olan bəzi mətbuat orqanlarını, KİV-i və informasiya agentliklərini kəskin tənqid edərək əlavə etdi: “Ölkənin mənafeyinin tərəfdarı olan şəxslərə tövsiyə edirəm ki, bu cüzi və qeyri-prinsipial ixtilaflara əhəmiyyət verməsinlər”.
Həzrət Ayətullah Xamenei ölkə rəsmilərinə qarşı haqsız ittihamlar və cürbəcür şayiələrlə çıxış etmək əhval-ruhiyyəsini tənqid edərək vurğuladı: “Bu cür işlər düşmənin ürəyincədir. Belə ki, ölkə rəsmiləri – istər ölkə Prezidenti, istər Məclisin sədri, istərsə də Məhkəmə Hakimiyyətinin, yaxud Qurumun Mənafeyini Müəyyənləşdirmə Şurasının sədri ölkənin idarəçiliyinə rəhbərlik edən şəxslərdir. Xalq bu insanlara inanmalı və onların haqqında qətiyyən pis fikirləşməməlidir”.
Ali Məqamlı Rəhbər seçkidən sonra seçkiyə cavabdeh olan rəsmi orqanların – istər Ölkə Nazirliyi, istərsə də Konstitusiyanı Müdafiə Şurasının fəaliyyəti ilə bağlı qəsdən şübhələrin yayıldığına işarə edərək dedi: “Bu cür şübhələrin yayılması çox zərərlidir və düşmənin də istədiyi elə budur”.
İslam İnqilabının Rəhbəri bəsici gəncləri imanlarını və uzaqgörənliklərini gücləndirməyə, seçim edib qərar verərkən bəlli olan konkret meyarları əsas götürməyə çağıraraq təkidlə qeyd etdi: “Etdiyi bir səhvin ucbatından insanı münafiq adlandırmaq doğru deyil. Həmçinin fərqli rəyə və düşüncəyə malik olan hər bir kəsi Vilayəti-fəqihin əleyhinə çıxış etməkdə ittiham etmək olmaz”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəsici övladlarıma tövsiyəm budur ki, özlərinin güclü stimulunu, imanını və gələcəyə ümidini qoruyub-saxlamaqla yanaşı, insanları tanıyıb müəyyənləşdirərkən, yaxud hər hansı bir arqumentlə çıxış edərkən olduqca diqqətli olsunlar. Çünki gətirilən arqumentlərdə kiçicik bir diqqətsizlik bəzən çox böyük ziyanlarla nəticələnə bilər”.
Ali Məqamlı Rəhbər Bəsic qüvvələrinin müxtəlif sahələrə yönəlməsini olduqca mühüm bir faktor adlandıraraq dedi: “Bəsic qüvvələrinin son zamanlar elmə, elmi novatorluğa və mədəniyyət sahəsinə istiqamətlənməsi faktı olduqca mübarək və bəyənilən bir faktdır. Çünki ölkəmiz müxtəlif istiqamətli müsbət fəaliyyətə böyük ehtiyac duyur. Bu isə yalnız bəsici əhval-ruhiyyəsi ilə reallaşa bilər”.
Həmçinin İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “Xalqımız, xüsusilə də gənclərimiz arasında Bəsic qüvvəsi – sədaqət və saf niyyət, təmənnasız və minnətsiz xidmət əhval-ruhiyyəsi var olduqca düşmən ölkəmizə, İslam İnqilabına və İslam dövlətinə heç bir zərbə vura bilməyəcək”.
Həzrət Ayətullah Xamenei belə xatırlatdı: “Düşmənin eyhamı, təşviqi və üzlərinə gülməsindən ürəklənib İslam dövlətinə, Konstitusiyaya və xalqın əzəmətli hərəkatına qarşı çıxış etmək istəyənlər yəqin bilsinlər ki, başları daşdan daşa dəyəcək və onların bu təlaşı boş-boşuna, nəticəsizdir!”
İslam İnqilabının Rəhbəri çıxışının digər qismində imam Muhəmməd Baqirin (ə) şəhid olmasının ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı verərək, bu İmamın (ə) yaşadığı dövrü təhriflərə qarşı mübarizədə əsl İslami hərəkata yeni həyatın bəxş olunduğu dövr adlandıraraq, həmçinin Qurban və Qədir-Xum bayramlarının yaxınlaşdığını da xatırladaraq dedi: “İslam dinin bu iki möhtəşəm bayramı imamət məsələsi ilə bağlı iki mühüm etapdır. Belə ki, Qurban bayramında Həzrət İbrahim (ə) olduqca çətin sınaqlardan çıxandan sonra imamlığa çatmış, Qədir-Xum günü isə Həzrət Əli (ə) böyük imtahanlardan sonra uca imamət məqamını qazanmışdır”.
Görüşün əvvəlində Kimsəsizləri Səfərbərlik Təşkilatının sədri, briqada generalı Nəqdi bəsic hərəkatının və bəsicilərin İslam İnqilabının və düşmənin məkrli siyasi, hərbi və mədəni planlarına qarşı mübarizənin müxtəlif mərhələlərində oynadığı rola, habelə gənc bəsici alimlərinin böyük elmi nailiyyətlərinə toxunaraq vurğuladı: “Bəsic hərəkatı və bəsicilər bu günə qədər olduğu kimi gələcəkdə də müxtəlif sahələrdə, xüsusilə də elm və xalqa xidmət cihadında öz qüdrətli, şüurlu və müdrik iştirakını əsirgəməyəcək”.