Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hikmətli davranış budur ki, insan dostlarını tanıyıb onlarla həmkarlıq etsin

Bu gün İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Küveytin Baş naziri cənab Şeyx Nasir Muhəmməd Əl-Əhməd Əs-Səbah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə təkidlə vurğuladı: “İslam ölkələri, xüsusilə də Fars körfəzi regionundakı ölkələr qarşılıqlı həmkarlıq əlaqələrini əvvəlkindən daha artıq genişləndirməlidirlər”.

Ali Məqamlı Rəhbər Fars körfəzi regionu ölkələrinin zəngin təbii resurslarına işarə edərək bildirdi: “Fars körfəzi regionundakı ölkələrin sahib olduğu böyük təbii sərvəti nəzərə alaraq demək olar ki, bu ölkələr elmi və maddi inkişaf baxımından daha yüksək yerlər tutmalı, habelə dünya siyasətində özünəməxsus təsirə malik olmalıdırlar.  Bu hədəf isə yalnız və yalnız həmin ölkələrin öz aralarındakı əməkdaşlığı daha da artıq genişləndirməsi ilə rellaşa bilər”.

Həmçinin İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Əlbəttə, bu həmkarlığa düşmən olan qüvvələr də var, lakin qərar verərkən daim düşmənin arzusunun əksinə hərəkət etmək və öz mənafeyini əsas götürmək lazımdır”.

Həzrət Ayətullah Xamenei İslam ölkələrinin öz aralarındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə daha artıq diqqət yetirməsinin zəruriliyini vurğulayaraq əlavə etdi: “Hikmətli davranış budur ki, insan dostlarını tanıyıb onlarla həmkarlıq etsin. İslam ölkələrinin öz aralarında həmkarlıqdan uzaq durması müdriklik çərçivəsindən kənardır”.

Ali Məqamlı Rəhbər Səddam Hüseynin İrana hücumuna və bu ölkəni 8 il müddətində arzuolunmaz müharibəyə sövq etməsinə, daha sonra isə Küveytə hücum etməsinə də toxunaraq belə vurğuladı: “Səddamın davranışları qətiyyən qonşuluq çərçivəsinə sığmırdı. Belə ki, o, region ölkələrinə bir çox zərbələr vurub”.

İslam İnqilabının Rəhbəri Küveyt dövlətinin tutduğu mövqeyi və bu ölkənin İİR ilə həmkarlıq əlaqələrini müsbət qiymətləndirdiyini bildirərək xüsusilə qeyd etdi: “İran Küveytlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsini müsbət qarşılayır. Lakin əldə olunmuş razılaşmaların əməli-praktik surətdə reallaşması üçün ardıcıl fəaliyyətə ehtiyac duyulur”.

Birinci vitse-prezident cənab Rəhiminin də iştirak etdiyi bu görüşdə Küveytin Baş naziri cənab Şeyx Nasir Muhəmməd Əl-Əhməd Əs-Səbah İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşündən son dərəcə məmnun olduğunu bildirməklə yanaşı, İranla Küveyt arasındakı qarşılıqlı əlaqələrin dərin tarixi, dini və mədəni köklərə malik olduğunu da qeyd edərək dedi: “İran İslam Respublikası Küveyt xalqına öz dostluq və qardaşlıq münasibətini Səddamın Küveytə hücum etdiyi çətin dövrlərdə nümayiş etdirdi. Biz İranı daim özümüzə dost və qardaş bilirik!”

Küveytin hökumət başçısı İran İslam Respublikasına səfəri çərçivəsində onu müşayiət edən nümayəndə heyətinin tərkibinə də işarə edərək qeyd etdi: “Küveyt dövləti İranla bütün sahələrdə əlaqələrin genişləndirilməsində, habelə iranlı ekspert və mütəxəssislərin təcrübəsindən istifadə etməkdə qərarlıdır”.

Sonda Küveytin Baş naziri ölkəsinin BMT-nin İİR ilə bağlı çıxardığı “İnsan hüquqları” qətnaməsinə mənfi münasibətini Küveytin İran İslam Respublikasını dəstəkləməkdə qəti və sarsılmaz mövqeyinin nişanəsi hesab etdiyini bildirdi. 


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /