İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi və ruhani bir alim olan mərhum Hüccətul-İslam vəl-muslimin Hacı Seyid Murtəza Nücuminin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Başsağlığı müraciətinin tam mətni:
Mehriban və bağışlayan Allahın adı ilə!
Dahi şəxsiyyət və ruhani alim olan Hüccətul-İslam vəl-muslimin Hacı Seyid Murtəza Nücuminin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar ona ruhən bağlı olan bütün insanlara, xüsusilə də elmi və sənət ictimaiyyətinə, səmimiyyət və alicənablıq diyarı olan Kirmanşahın əhalisinə, Hüccətul-İslam Nücuminin möhtərəm ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Mənəvi və sadə təbiətli bir fəqih olmaqla yanaşı, eyni zamanda mahir və adlı-sanlı bir sənətkar olan bu böyük insan Kirmanşahda yaşadığı uzun illər ərzində fəal və məsuliyyətli bir alim kimi həmin diyarın əhalisinin dini-əxlaqi tərbiyəsində böyük xidmətlər göstərmiş, İslam İnqilabı dövründə İslam Respublikasının yüksək hədəflərinin irəli aparılmasında dəyərli və layiqli səy nümayiş etdirmişdir. O, daima İslam İnqilabının haqq yolunda mətinlik göstərmiş və zəhmətlərə tab gətirmişdir.
Hüccətul-İslam Nücuminin vəfatı Kirmanşah vilayətinin əhalisi, xüsusilə də buranın elmi-incəsənət ictimaiyyəti üçün elə böyük bir itkidir ki, Uca Yaradanın dərgahına əl açaraq bu itkinin yerini doldurmasından ötrü dualar edirəm. Allah-Taalanın rəhmət və bağışlaması o saf və ixlaslı ruhun nəsibi olsun!
Seyid Əli Xamenei
18 noyabr, 2009-cu il