Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənlər İslam ölkələrini növbə ilə hədəf seçirlər

Bu gün axşam İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qətərin əmiri Şeyx Həmid ibn Xəlifə Ali Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikası ilə Qətər dövləti arasındakı əlaqələri Fars körfəzi regionunda nümunəvi həmkarlıq əlaqələri adlandıraraq təkidlə vurğuladı: “Fars körfəzi regionu buradakı ölkələrin qarşılıqlı əməkdaşlığı sayəsində təhlükəsiz, sabit və həmkarlıq üçün münasib bir regiona çevrilməlidir”.

İslam İnqilabının Rəhbəri xarici qüvvələrin bu məsələnin reallaşmasının qarşısını almaq üçün səylə çalışdığını deyərək əlavə etdi: “Regionun bütün dövlətləri yadellilərin bu istəyinin həyata keçməməsi üçün ciddi səy göstərməlidirlər”. 

Ali Məqamlı Rəhbər Qətər dövlətinin və onun əmirinin Livanda 33, Qəzzada isə 22 gün davam edən hərbi əməliyyatlara və sonrakı olaylara qarşı tutduğu mövqeyi yüksək qiymətləndirərək qeyd etdi: “Livan və Qəzza olayları zamanı ərəb dövlətlərinin İslam dininin və ərəb millətinin nümayəndəsi olduqları, eyni zamanda haqq uğrunda mübarizəyə qalxdıqları üçün mömin Livan və Qəzza gənclərinə dəstək olacağı gözlənilirdi. Təəssüflər olsun ki, bəzi ərəb dövlətləri heç də müsbət mövqe seçmədilər”.

Həzrət Ayətullah Xamenei İİR və Qətər dövləti arasındakı yüksəksəviyyəli siyasi əlaqələrə və iki dövlətin bir çox məsələlərdəki həmfikirliliyinə toxunaraq xüsusilə vurğuladı: “İki ölkə arasında mövcud olan əməkdaşlığın əvvəlkindən daha çox genişləndirilməsi üçün iqtisadi münasibətlər sahəsinə də lazımi diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbər İİR və Qətər dövləti arasındakı qarşılıqlı əlaqələrin günü-gündən daha da genişləndirilməsindən məmnunluğunu ifadə edərək bildirdi: “İki ölkə arasında yaxın münasibətlərin qurulması zərurətinin önəmli səbəblərindən biri məhz İslam ümməti və region əhalisinə qarşı müştərək düşmənlərin mövcudluğudur”.

Həmçinin İslam İnqilabının Rəhbəri xüsusilə vurğuladı: “Düşmənlər qəsdən əsas problemləri diqqətdən kənar saxlamaqla reallıqdan uzaq olan məsələləri başlıca problemlər kimi önə çəkir, habelə xüsusi bir taktikadan istifadə edərək İslam ölkələrini növbə ilə hədəf seçirlər. Məhz bu səbəbdən də regionun bütün ölkələri bu mühüm məsələni yaxşıca dərk etməli, aralarındakı həmkarlıq əlaqələrini daha da genişləndirməlidirlər”.

Ölkə prezidenti cənab Mahmud Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Qətər əmiri Şeyx Həmid ibn Xəlifə Ali Sani İslam İnqilabının Rəhbəri ilə görüşündən son dərəcə məmnunluğunu ifadə edərək İİR-nın müsəlman-ərəb dünyasındakı bir çox məsələlərə, xüsusilə də Fələstin probleminə qarşı tutduğu mövqeyi yüksək qiymətləndirdiyini bildirdi.

Qətərin əmiri İranla Qətər arasındakı tarixi bağlara toxunaraq, habelə iki ölkənin bir çox problemlərə qarşı münasibətdə müştərək mövqe tutduğunu qeyd edərək əlavə etdi: “Regionun bütün ölkələri onlara xaricdən yüklənən konfliktlərə qarşı ciddi müqavimət göstərərək məntəqədə sabitlik, təhlükəsizlik və daha geniş həmkarlıq əlaqələri üçün münasib zəmin yaratmalıdırlar”.

Qətərin əmiri Şeyx Həmid ibn Xəlifə Ali Sani İran İslam Respublikasının prezidenti cənab Əhmədi Nejadla apardığı müzakirələrə də toxunaraq İranla Qətər arasında qarşılıqlı münasibətlərin, xüsusilə də iqtisadi əlaqələrin inkişaf tempinin sürətlənəcəyinə ümidvarlığını ifadə etdi.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /