Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

İmperializmlə mübarizə aparmaq üçün imperializmin həqiqi simasını tanımaq lazımdır

Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə şagird və tələbə, habelə şəhid ailələrinin üzvləri ilə görüşündə imperializmin həqiqi simasını tanımaq üçün gözüaçıq olmağın zəruriliyini xatırladaraq və ABŞ-ı dünyanın  gerçək imperialist dövləti adlandıraraq təkidlə vurğuladı: “Amerika dövləti özünün imperialist əhval-ruhiyyəsindən və təhdidlərindən əl çəkməyincə İran xalqı ABŞ-ın zahirən sülhpərvər sözlərinə aldanmayacaq və heç bir vəchlə öz müstəqilliyi, azadlığı, milli mənafeyi və hüquqlarından geri durmayacaq!”

Dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində – aban ayının üçündə  təşkil olunmuş bu görüşdə İslam İnqilabının Rəhbəri düzgün, məntiqli, ağlabatan və eyni zamanda qətiyyətli mübarizəni zəruri faktorlar adlandıraraq əlavə etdi: “İmandan doğan stimul bu mübarizənin lazımi amillərindən biridir. Belə ki, yuxarıdan verilən əmrlə hər hansı bir xalqı düşmənə qarşı müqavimət göstərmək üçün çətin sınaq meydanlarına göndərmək əsla mümkün deyil”.   

Həzrət Ayətullah Xamenei qeyd etdi: “30 illik arasıkəsilməz təcrübənin bərəkəti ilə bugünkü gənc nəslin qəlbində imandan doğan hərəkətverici stimul İslam İnqilabının ilk illərinin gənclərindən çox deyilsə, az da deyil”.
  

Ali Məqamlı Rəhbər yorğun və mübarizəyə qalxdığı üçün peşmançılıq hissi keçirən azsaylı inqilabçıları böyük xalq kütləsi, xüsusilə də gənclərlə bərabər tutmamağın vacibliyini qeyd edərək əlavə etdi: “Bu gün ölkədə məcburi müharibə kimi bir hadisə baş verərsə, düşmənlə mübarizəyə qalxan könüllü gənclərin sayı 80-81-ci illərdəkindən dəfələrlə artıq olacaq”. 

İslam İnqilabının Rəhbəri gözüaçıqlıq və ayıq-sayıqlığı düzgün, məntiqli və qətiyyətli mübarizənin ikinci zəruri faktoru kimi qeyd edərək bildirdi: “Son dövrlərdə dəfələrlə gözüaçıqlıq və ayıq-sayıqlıq məsələsini vurğulamağımızın səbəbi dünyadakı hazırkı vəziyyət və İranın beynəlxalq arenada həssas və müstəsna mövqeyidir. Çünki məhz belə bir şəraitdə hər hansı bir ümumxalq hərəkatının həyata keçirilməsi üçün bütövlükdə xalqın uzaqgörənliyinə və ayıq-sayıqlığına böyük ehtiyac var”.
 

Həzrət Ayətullah Xamenei bugünkü gənclərin İslam İnqilabının ilk illərindəki və bundan sonrakı gənclərdən çox-çox gözüaçıq və ayıq-sayıq olduğunu qeyd edərək dedi: “İmperializmə qarşı mübarizə aparmaq üçün ən mühüm məsələ imperializmin həqiqi simasını tanımaqdır”.

Həmçinin Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Həqiqətdə imperializm özünün maliyyə, hərbi və təbliğat imkanlarından istifadə etməklə başqa ölkələrin və xalqların daxili işlərinə mülkiyyətçi tərzdə qarışan hökumətlər və ya dövlətlərdir”.  

İslam İnqilabının Rəhbəri ABŞ-ın dünyanın müxtəlif ölkələrində, xüsusilə də müsəlman dövlətlərində törətdiyi əməllərə toxunaraq, habelə Amerikanı, sözün həqiqi mənasında, imperialist bir dövlət adlandıraraq əlavə etdi: “İslam İnqilabı qələbə çaldıqdan və İran xalqının çürük, xarici qüvvələrdən asılı olan padşahlıq rejimini devirmək qüdrəti aşkara çıxdıqdan sonra  ABŞ İran xalqından üzr istəmək, bu xalqa vurduğu zərbələrin və yetirdiyi xəsarətlərin yerini doldurmaq, problemləri həll etmək əvəzinə İslam İnqilabının qələbə çaldığı elə ilk günlərdən etibarən İran xalqına və İslam dövlətinə qarşı məkrli planlar hazırlamağa başladı, ABŞ-ın Tehrandakı səfirliyi casus mərkəzinə – İran xalqına qarşı bədniyyətli, məkrli planlar mərkəzinə çevrildi”.

Həzrət Ayətullah Xamenei ABŞ dövlətinin 30 il ərzində İran xalqına qarşı törətdiyi cinayətlərin siyahısının qalın bir kitaba sığa biləcəyini qeyd edərək dedi: “İllər öncə ABŞ-ın müdafiə nazirlərindən biri bu ölkənin rəsmilərinin ürək sözlərini dilə gətirərək İran xalqının kökünü kəsmək istəyi ilə çıxış etmiş və təbii ki, onlar da bunun reallaşması üçün əllərindən gələni etmişdilər. Lakin dahi imam Xomeyni (r.ə) – bu müstəsna tarixi şəxsiyyət Amerikanın qarşısında ciddi müqavimət göstərdi və İran xalqının geri çəkilməyəcəyini, ABŞ-ın isə heç nəyə nail ola bilməyəcəyini dəfələrlə vurğuladı”. 

Ali Məqamlı Rəhbər Amerikanın İran xalqının əleyhinə əlindən gələn hər bir şeyi etdiyini xüsusilə vurğulayaraq əlavə etdi: “Bu qarşıdurmanın nəticəsi İran xalqının yüksəlişi, İslam Respublikasının tərəqqisi, ölkəmizin və İslam dövlətinin günü-gündən artan  qüdrəti olmuşdur”.

İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin son dövrdə səsləndirdikləri zahirən sülhsevər təsiri bağışlayan bəzi bəyanatlara da toxunaraq qeyd etdi: “Amerikalılar üzə gülsələr də, diqqət yetirib yoxladıqdan sonra arxaya gizlətdikləri əllərində xəncər tutduqları və niyyətlərini dəyişmədikləri açıq-aşkar surətdə məlum olmuşdur”.

Həzrət Ayətullah Xamenei “taktiki təbəssümlər”lə yalnız uşaq başı aldatmağın mümkün olduğunu deyərək əlavə etdi: “Böyük və təcrübəli bir xalqın və onun seçilmiş rəsmilərinin bu cür “təbəssümlər”ə aldanması üçün onlar ya həddən artıq sadəlövh olmalı, ya da öz nəfslərinin istəklərinə qərq olaraq düşmənlə sazişə girmək fikrinə düşməlidirlər”.

Həmçinin Ali Məqamlı Rəhbər təkidlə qeyd etdi: “Əlbəttə, ölkə rəsmiləri müdrik, təcrübəli, püxtələşmiş və xalqın mənafeyinə sədaqətlə bağlı olsalar, bu cür saxta təbəssümlərə əsla aldanmayacaqlar!”

İslam İnqilabının Rəhbəri ABŞ-ın yeni prezidentinin İranla dialoqa girmək və mövcud problemləri həll etmək istiqamətində səsləndirdiyi zahirən müsbət fikirlərə və dəfələrlə ünvanladığı şifahi və yazılı mesajlara toxunaraq vurğuladı: “İran İslam Respublikası ilk başlanğıcdan vaxtından əvvəl mühakimə yürütməməyi, ABŞ-ın irəli sürdüyü “Dəyişikliklər” şüarını əməldə dəyərləndirməyi qərara almışdı. Lakin bu müddət ərzində əməldə müşahidə olunanlar sözdə deyilənlərin tamamən əksinə olmuşdur”.
     

Həzrət Ayətullah Xamenei yeni ilin başlanğıcında müqəddəs Məşhəd şəhərində İran İslam Respublikasının öz əlini ona doğru uzanan “məxmər əlcək altında gizlənmiş polad əllər”ə tərəf uzatmayacağı barədə dediyi sözləri təkrarən xatırladaraq dedi: “Amerikalılar bir tərəfdən dialoqa getməkdən danışır, digər tərəfdən isə hədələrini davam etdirərək: “Müzakirələr bizim gözlədiyimiz şəkildə nəticələnməlidir; əgər belə olmasa, filan işi görəcəyik” – deyirlər”.

Həmçinin Ali Məqamlı Rəhbər vurğuladı: “Bu, imam Xomeyninin (r.ə) buyurduğu kimi: “qurdla quzunun dostluğu”dur və biz belə bir ünsiyyəti istəmirik”.

İslam İnqilabının Rəhbəri qeyd etdi: “Dünyada iki supergücün mövcud olduğu və hər ikisinin də İslam Respublikası ilə düşmənçilik etməkdə həmfikir olduğu bir dövrdə İran xalqı onların qarşısında ciddi müqavimət göstərdi və hər iki güclü qütbü diz çökdürdü. Bu, amerikalılar üçün ibrət dərsi olmalıdır, çünki bu gün ABŞ o dövrdəki kimi qüdrətli deyil, lakin İslam dövlətinin qüdrəti isə dəfələrlə artmışdır”.

Həzrət Ayətullah Xamenei İran xalqının öz müstəqilliyi, azadlığı, milli mənafeyi, elmi-texnoloji tərəqqisi üçün cidd-cəhlə çalışdığını vurğulayaraq dedi: “Kimsə İran xalqının bu hüququna təcavüz etmək fikrinə düşsə, bu xalq bütün varlığı ilə ona qarşı mübarizəyə qalxacaq və onu diz çökdürəcək”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika yalnız və yalnız imperialist əhval-ruhiyyəsindən və başqa xalqların daxili işlərinə yersiz müdaxilə etməkdən əl çəkəndə bizim üçün başqa dövlətlər kimi olacaq. Lakin o vaxta qədər ki, Amerika İrana dönmək, zamanı geri qaytarmaq və İranı müstəmləkəsi altına salmaq tamahındadır, heç bir vasitə ilə İran xalqını geri çəkilməyə vadar edə bilməyəcək”.

Həmçinin İslam İnqilabının Rəhbəri xüsusilə qeyd etdi: “Amerikalılar seçkidən sonra baş vermiş bəzi məsələlər və iğtişaşlarla könüllərini xoş etməsinlər! Çünki İran İslam Respublikası bu boş söz-söhbətlərdən daha güclü və köklü-köməclidir, İslam dövləti bunlardan dəfələrlə daha çətin olan hadisələrdən də üzüağ çıxmışdır”.
         

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikalılar bilsinlər: Hər hansı bir hərəkətverici səbəb ucbatından (istər məkrli, istərsə də sadəlövhlüklə qarışıq olan pis niyyətlə) İran İslam Respublikasına qarşı çıxan bir neçə nəfərlə İranda ABŞ-ın ayaqları altına qırmızı xalça döşəyə bilməyəcəklər. Çünki İran xalqı ayağa qalxıb!”

Ali Məqamlı Rəhbər çıxışının digər qismində ölkənin və onun gələcəyinin cavanlara məxsus olduğunu deyərək əlavə etdi: “Bu ölkəni dinə iman hissindən doğan güclü iradə və əzmlə qoruyub-saxlamaq lazımdır. İran xalqının həqiqi qüdrəti elmə və elmi araşdırmalara bağlıdır”.

İslam İnqilabının Rəhbəri elmi fəaliyyətin dini stimulla müşayiət olunmasını İran xalqının sahib olduğu həqiqi qüdrətin zəruri amili kimi qeyd edərək vurğuladı: “Dünyanın supergüclərinin və onların ölkə daxilindəki davamçılarının imanlı və qüdrətli bir xalqın qarşısında geri çəkilməkdən savayı heç bir çarəsi yoxdur!”

Sonda Həzrət Ayətullah Xamenei üzünü gənclərə tutaraq belə qeyd etdi: “Uca Yaradana inanıb Ona arxalanın! Bilin ki, Allahın nəsib etdiyi böyük qələbə sizinlədir! Qüdrətlə, əzmlə, nəfsinizi çirkinliklərdən təmizləyib özünüzü elm vasitəsilə tərbiyə və islah etməklə irəliyə doğru addımlayın!”

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /