Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Biz İslam dünyasının möhkəmlənməsinə səbəb olan hər bir addımı dəstəkləyirik

Bu gün axşam İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Türkiyə xalqları arasında dərin tarixi bağlılığın mövcudluğuna toxunaraq qeyd etdi: “İki ölkə arasındakı hazırkı səmimi əlaqələrin son bir neçə yüzillikdə misli görünməmişdir və dövlətinizin ölkə daxilində, habelə beynəlxalq arenada ardıcıl surətdə əldə etdiyi  müvəffəqiyyətlər bizi çox sevindirir”.

İslam İnqilabının Rəhbəri Türkiyənin İslam dünyasına münasibətdə tamamilə düzgün xarici siyasət kursu seçdiyini qeyd edərək, həmçinin Türkiyə dövlətinin bu cür baxış aspektini yüksək qiymətləndirdiyini bildirərək əlavə etdi: “Sizin Fələstin xalqını dəstəkləmək üçün tutduğunuz mövqe İslam dininə tamamilə uyğun, düzgün və məntiqi bir addım idi. Türkiyənin atdığı bu cür addımlar onun İslam dünyasında mövqe və nüfuzunu daha da möhkəmləndirir”.

Həzrət Ayətullah Xamenei bu barədə bunları da qeyd etdi: “Dövlətinizin İslam dünyasına mümkün qədər çox yaxınlaşması, bir tərəfdən, sizin ölkə daxilində xalqın dəstəyini daha artıq qazanmağınıza səbəb olacaq, digər tərəfdən isə dünya müsəlmanlarının sizi dəstəkləməsi üçün lazımi zəmin yaradacaq”.

Ali Məqamlı Rəhbər İİR-nın Türkiyənin beynəlxalq siyasətindən və iqtisadi-siyasi strategiyasından məmnun olduğunu bildirərək xüsusilə əlavə etdi: “Biz İslam dünyasının möhkəmlənməsinə səbəb olan hər bir addımı dəstəkləyirik. Elə buna görə də iki ölkə arasında son 30 il ərzində qurulan münasibətlər ən münasib şəraitdə inkişaf etdirilməkdədir”.

Türkiyə-İran qarşılıqlı münasibətlərinin hazırkından dəfələrlə artıq imkanlara malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei təkidlə dedi: “Əminik ki, cənab Əhmədi Nejadın, eləcə də sizin atdığınız ciddi və məqsədyönlü addımlar iki ölkə arasında əlaqələrin daha da geniş­lən­di­ril­məsi üçün münasib şərait yaradacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının digər qismində Orta Şərq regionunda mövcud olan hazırkı vəziyyəti bu cür açıqladı: “Regionun problemlərinin həlli üçün Qərbin təqdim etdiyi model insaflı, ədalətli və işəyararlı olmadığı üçün regiondakı, o cümlədən Fələstin, İraq və Əfqanıstandakı problemləri də həll etmək iqtidarında deyil. Bu səbəbdən də İran və Türkiyə bu problemlərin həlli istiqamətində dost və qardaşcasına səy göstərərək müvafiq addımlar atmalıdırlar”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın İraq və Əfqanıstandakı zəifliyinə və üzləşdiyi müvəffəqiyyətsizliklərə toxunaraq qeyd etdi: “Əminik ki, İranla Türkiyə arasında İraq problemi ilə bağlı kiçicik belə olsun, ixtilaf yoxdur. Belə ki, hər iki dövlət İraqın sabitliyi, müstəqilliyi, təhlükəsizliyi və birliyinin tərəfdarı kimi çıxış edir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün İraqın həqiqi sabitliyi və müstəqilliyi bu torpağa əl qoyanların mənafeyinə heç də uyğun deyil və onlar irəli sürdükləri şüarların tam əksinə olaraq İraqda demokratiyanın tərəfdarları deyillər”.

Həzrət Ayətullah Xamenei dörd ölkə – İran, Türkiyə, Suriya və İraq arasında həmkarlıq əlaqələrinin düzgün və planlı surətdə qurulmasının zəruriliyinə toxunaraq əlavə etdi: “Əlbəttə, bu əməkdaşlığa qarşı çıxanlar və onun reallaşması yolunda əngəl olanlar tapılacaq. Lakin bütün bunlara rəğmən bu əməkdaşlıq olduqca mühüm və böyük bir işdir”.

Həmçinin Ali Məqamlı Rəhbər səkkiz İslam ölkəsini özündə birləşdirən “D-8” adlı təşkilatın formalaşdırılmasını müdrik bir qərar kimi dəyərləndirərək qeyd etdi: “Bu təşkilatın əvvəlkindən daha fəal surətdə yeni iqtisadi, mədəni və siyasi proqramları həyata keçirməsinə çalışın”.

Birinci vitse-prezident Rəhiminin də iştirak etdiyi bu görüşdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İİR-nın onu və müşayiətçi heyəti olduqca qonaqpərvərliklə qarşıladığını qeyd edərək dedi: “Bu ana qədər iranlı qardaşlarımız və həmkarlarımızla olduqca səmimi görüşlər keçirmişik və Türkiyədən gələn nümayəndə heyətinin bütün sferalarda müzakirələr aparması və fikirlərini bölüşməsi üçün münasib imkan yaradılmışdır”.

Daha sonra cənab Rəcəb Tayyib Ərdoğan 400 iranlı və türk tacirlə baş tutan görüşü xüsusi qeyd edərək əlavə etdi: “Türkiyə özünün İranla qarşılıqlı əlaqələrinin əvvəlkindən daha artıq genişləndirilməsinə, həmçinin regional və beynəlxalq problemlərlə bağlı İranla həmfikirliliyin və müştərək mövqeyin əldə olunmasına çalışacaq”.

700 /