İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün cari ildə təşkil olunacaq həcc mərasiminin mədəni və təşkilati məsələlər üzrə məsul şəxslər ilə görüşdə hazırkı etapda İslami birlik naminə səy və təşəbbüs göstərməyi ən zəruri ehtiyaclardan biri adlandıraraq vurğuladı: “Həcc ziyarəti özündə İslam dünyasının vəhdət və tərəqqisinə müxalif olan, müsəlmanlar arasında təfriqə salmaq məqsədi güdən hər cür addımlara qarşı İslam ümmətinin güclü əzmini təzahür etdirməlidir”.
İslam İnqilabının Rəhbəri həcc ziyarətini olduqca böyük və dəyərli bir fürsət adlandıraraq əlavə etdi: “Hər bir insan Məscidül-həramın və Məscidün-nəbinin, bəşəriyyəti doğru yola istiqamətləndirən imamlarımızın, həmçinin böyük səhabələrin məqbərələrinin yaxınlığında olmaq kimi bir fürsətdən öz imanını, mənəviyyatını və Tanrı qarşısında itaətkarcasına təslim olma duyğusunu artırmaq üçün yararlanmalıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin bunları da qeyd etdi: “Həccə gedən zəvvarlar diqqətli olmalıdırlar ki, bu qiymətli şansı dəyərsiz dünyəvi işlərə sərf etməsinlər”.
Ali Məqamlı Rəhbər bu misilsiz fürsətin digər imtiyazlarından biri kimi hacıların İslam dünyasının əzəmətli toplumu ilə ünsiyyətə girməsini qeyd edərək əlavə etdi: “İranlı zəvvar İslam etikasına əsaslanan bir davranış, rəftar və xarakter nümayiş etdirməklə, İİR-dakı İslam etikasını digər ölkələrdən gəlmiş zəvvarlara nümayiş etdirə bilər”.
İslam İnqilabının Rəhbəri İslam etikasına, Quran təlimlərinə uyğun gələn davranışa nümunə olaraq Məscidül-həramda və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etməyi qeyd edərək dedi: “Müdrik və uzaqgörən bir şəxs olan dahi rəhbərimiz İmam Xomeyni (r.ə) daim Allahın evini ziyarətə gələn bütün zəvvarlara camaat namazlarında iştirak etməyi tövsiyə edirdi. Belə ki, bu iştirak müsəlman birliyinin nümayiş olunmasının əməli göstəricilərindən biridir”.
Həzrət Ayətullah Xamenei Kumeyl duasının oxunma mərasimini, o cümlədən müşriklərin bəraət mərasimini həcc ziyarətində ən böyük təbliğat adlandıraraq əlavə etdi: “Həcc mərasimi təkallahlılığın təzahürüdür. Belə ki, həcc ziyarətində Allahın mütləq rəhbərliyinin sübutu və Ondan qeyrisinin rəhbərliyinin inkarı edilməsi var. Bu isə elə həmin bəraətdə özünü əks etdirir”.
Ali Məqamlı Rəhbər hazırkı şəraitdə müsəlman birliyinin əhəmiyyətini vurğulayaraq əlavə etdi: “Bəzi İslam ölkələrində, o cümlədən İraqda, Pakistanda və ölkəmizin bəzi məntəqələrində törədilən qanlı aksiyalar şiə və sünnə əhli olan müsəlmanlar arasında təfriqə və ixtilaf yaratmaq məqsədi güdür. Elə buna görə də müsəlmanların birlik və həmrəyliyi məsələsi daha çox diqqət mərkəzində saxlanmalıdır”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu qanlı terror aksiyalarını törədənlər birbaşa, yaxud dolayısı ilə yadelli ünsürlərdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tanrının Beytül-həramını ziyarət edən hacılar İslam dünyasında, xüsusilə də İraqda, Əfqanıstanda, Fələstində və Pakistanın bir hissəsində baş verən olaylara etinasız yanaşa bilməzlər”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Həcc ziyarətində müsəlmanların vəhdətinə zidd olan işlərə, yaxud İslam dünyasının İİR-da ucalaraq dalğalanan bayrağına zərbə vurmaq uğrunda səylərə qarşı həssas olmaq lazımdır”.
İslam İnqilabının Rəhbəri şiə təriqətli müsəlmanlara qarşı yol verilən bəzi təhqiramiz əməlləri, şiələrin əleyhinə olan bəzi davranışları, hətta Bəqi məzarlığında, Məscidül-həramda və Məscidün-nəbidə onların şərəf və ləyaqətinə təcavüz olunmasını tənqid edərək qeyd etdi: “Bu cür əməllər müsəlmanların birliyinə qarşı yönəlmişdir, ABŞ-ın və xarici casus xidmətlərinin məqsədlərinə xidmət edir. Səudiyyə dövləti bu tip hallara qarşı mübarizə aparmaqda öhdəsinə düşən vəzifəyə əməl etməlidir”.
Sonda Həzrət Ayətullah Xamenei həcc ziyarətinin təşkil edilməsi ilə bağlı bütün rəhbər və məsul şəxslərə, xüsusilə də Höccətül-İslam vəl-muslimin Reyşəhriyə, cənab Xaksar Qəhrudiyə və son illər ərzində ölkədə İslahatlar naziri postunda çalışmış insanlara öz təşəkkürünü bildirərək dedi: “Həcc ziyarətinə yollanan karvanlar üçün hazırlanan mədəni, siyasi və administrativ proqramlar hər dövrün özünəməxsus ehtiyac və zərurətlərinə əsaslanmalıdır”.
Görüşdə Vəli-fəqihin nümayəndəsi və iranlı zəvvarların kuratoru Hüccətül-islam vəl-muslimin Reyşəhri həcc ziyarəti ilə bağlı həyata keçirilmiş mədəni tədbirlər və tədqiqat işləri, xüsusilə də həcc ziyarətinin təşkil edilməsi üzrə məsul şəxslərin, ruhanilərin və zəvvarların maarifləndirilməsi, həmçinin həcc ziyarətinin özündə ehtiva etdiyi mesajların ictimaiyyətə düzgün formada çatdırılması işi barədə məlumat verərək dedi: “Həcc və intizar cari ilin həcc ziyarətində mədəni-təbliğat kompaniyasının ana xətti olaraq seçilmişdir”.
Görüşdə İslam Mədəniyyəti və İslahatlar naziri cənab Seyid Məhəmməd Hüseyni də çıxış edərək həcc ziyarəti və onun hacılara göstərdiyi mənəvi təsir barədə öz fikirlərini bildirmişdir.
Görüşdə həmçinin Həcc və Ziyarət Komitəsinin sədri cənab Xaksar Qəhrudi də zəvvarların həcc səfərindən mənəvi baxımdan əvvəlkindən daha da artıq bəhrələnməsi üçün münasib şəraitin yaradılması məqsədilə görülmüş təşkilati işlər barədə məlumat vermişdir.