Həzrət Məsumənin mübarək doğum gününün ildönümünə təsadüf edən bir vaxtda, bu gün müqəddəs Qurani-Kərimi tədqiq edən minlərlə fəal tədqiqatçı xanım İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşmüşlər.
Görüşün əvvəlində aşağıda adları sadalanan tədqiqatçı xanımlar çıxış edərək ölkədə Quran tədqiqatı ilə bağlı məsələlər, xüsusilə də xanım tədqiqatçıların fəaliyyəti barədə fikir bildirmişlər:
– Doktor Faizə Əzimzadə Ərdəbili – İmam Sadiq adına Universitetin qızlar bölməsinin tədqiqat və araşdırma işləri üzrə müavini; professor assistenti;
– Doktor Siddiqə Məhdəvi – Universitetin professoru, baş tədqiqatçı;
– Doktor Məryəm Hac Əbdülbaqi – Quran hafizi, Azad İslam Universitetinin professoru;
– Pərvin Əmirabadi – Quran müsabiqələrinin münsifi, Qadınların Quran Birliyi Müəssisəsinin icraçı direktoru;
– İlham Qəffari – Quran hafizi, Quran müəllimi və tədiqatçısı;
– Maidə Ədibzadə – Quran hafizi, Universitetin və teoloji tədris mərkəzinin müəllimi;
Bu fəal araşdırmaçı xanımların toxunduğu əsas məsələlər aşağıdakılardan ibarət olmuşdur:
– Universitetlərdə Quran elmləri ilə bağlı olan sahələrin daha da dərinləşdirilməsi;
– Xanım tədqiqatçıların əməyinin məhsulu olan 8 min diplom və tədqiqat işindən lazımi surətdə yararlanmaq;
– Elektron informasiya mərkəzinin və xüsusi kitabxananın yaradılması, bununla da Quranla bağlı tədqiqat və diplom işləri barədə lazımi informasiyanın çatdırılması;
– Quran tədqiqatçısı olan xanımların himayə edilməsi və dini elmlərin nəzəriyyəsi kafedrasının yaradılması;
– “Səda və sima” Dövlət Televiziya və Radiosunun xanım Quran tədqiqatçılarını və onların gördüyü işləri ictimaiyyətə tanıtmaq üçün daha artıq təşəbbüs göstərməsi;
– Quranla bağlı tədqiqatların ümumi bir sistemdə toplanması və eyni mahiyyətli tədqiqatların qarşısının alınması üçün xüsusi təfsir mərkəzinin yaradılması;
– İlahiyyat universitetlərində Quran təfsirinin xüsusi sahələrinin yaradılması;
– Universitetlərdə və Quranla bağlı şuralarda müqəddəs kitabı tədqiq və tədris edən xanımların daha geniş iştirakının zəruriliyi;
– Vilayətlərdə, xüsusilə də yoxsul məntəqələrdə Quranın ixtisaslaşdırılmış təliminə daha artıq diqqət yetirilməsi;
– Qadınlar arasnda beynəlxalq Quran müsabiqələrinin keçirilməsi üçün lazımi zəmin yaradılması;
– Təbliğat işinin həyata keçirilməsi üçün xanım Quran qarilərinin Həcc ziyarətinə və digər ölkələrə ezam olunması;
– Bir-neçə paralel Quran mərkəzinin mövcudluğu, lazımi mərkəzləşmənin və birliyin olmamağı;
– Quran maarifinin cəmiyyətdə yayılması üçün səfərbərliyin imkanlarından istifadə edilməsi;
– Səfərbərliyin Quranla bağlı proqram və layihələrinin daha da dərinləşdirilməsi və gücləndirilməsi;
– Müxtəlif incəsənət sahələrində Quranla bağlı görülən işlərin genişləndirilməsinin, incəsənət, kino və teatr nümunələrinin Quran anlayışlarından bəhrələnməsinin zəruriliyi.
Görüşdə həmçinin Ali Mədəni İnqilab Şurasının üzvü Höccətül-İslam Vəl-muslimin Doktor Əhmədi ölkənin xanım Quran tədqiqatçılarının elmi və tədqiqat fəaliyyəti barədə qısaca məlumat vermişdir.
Görüşdə Həzrət Ayətullah Xamenei İran qadınlarının elm, tədqiqat və elmi araşdırma sferalarında, xüsusən də Quranla bağlı tədqiqatlar sahəsində görkəmli və heyranedici iştirakını İslam Respublikasının əldə etdiyi iftixar doğuran bir nailiyyət adlandıraraq vurğuladı: “Qurani-Kərimin tədqiq edilməsi istiqamətində bütün fəaliyyətlər Quran təlimlərinin, müqəddəs kitabın bütün göstərişlərinin cəmiyyətdə, fərdi və ictimai həyatda praktik surətdə özünü büruzə verməsi istiqamətinə yönəldilməlidir. Bu məqsədə isə yalnız cəmiyyət üzvlərinin Quranın özündə ehtiva etdiyi məna və məfhumla düzgün tanışlığı, bu yolda Quran tədqiqatçılarının istiqamətləndirməsi sayəsində nail olmaq mümkündür”.
İslam İnqilabının Rəhbəri Qərbin qadına baxış aspektini yanlış və alçaldıcı olduğunu, Qərbdə qadına sadəcə bir alət kimi yanaşıldığını vurğulayaraq əlavə etdi: “İslam qadına bir şəxsiyyət olaraq, hörmətlə yanaşır və qadınların elmlərə yiyələnmək, tədqiqatla məşğul olmaq, pedaqoji və quruculuq istiqamətində fəaliyyət göstərmək məqsədilə müxtəlif sferalarda – ailədə və cəmiyyətdə, beynəlxalq arenada istedadının üzə çıxarılmasına şərait yaradır”.
Həzrət Ayətullah Xamenei Quran tədqiqatı sahəsində iranlı qadınların sayının çox olmasını olduqca dəyərli və İslam dünyasında nadir təsadüf olunan bir fakt adlandıraraq Quran təlimlərinin cəmiyyətdə praktik surətdə öz əksini tapması ilə bağlı bunları qeyd etdi: “İstibdad rejiminin hakimiyyəti dövründə Qurandan həddən artıq uzaq düşdüyünə görə İran toplumunun Quranın məna və məfhumu barədə dərindən düşünmək, fərdi və ictimai həyatda Quranın göstərişlərinin praktik şəkildə özünü büruzə verməsi cəhətdən geriliyə düçar olduğu məqamlar var. Bu məqamların aradan qaldırılması üçün səy göstərmək lazımdır”.
Ali Məqamlı Rəhbər hər hansı bir cəmiyyətin Qurana uyğunlaşması üçün ilk və ən mühüm məsələ kimi Quranın və İslam dininin göstərişlərinə əsaslanan bir dövlətin qurulmasını qeyd edərək əlavə etdi: “İranda İslam Respublikasının yaradılması Qurana tam əməl etmək istiqamətində həyata keçirilmiş ən böyük və ən mühüm işlərdən biri idi. Bu açıq-aydın həqiqət əksər hallarda dərk olunmayaraq bir çoxları üçün qaranlıq qalır”.
İslam İnqilabının Rəhbəri həmçinin vurğuladı: “İslam Respublikasının qurulması cəmiyyətin Quranın tələblərinə cavab verə biləcək şəkildə quruculuğu üçün ən yaxşı praktik zəmin yaratmışdır. Bu çərçivə daxilində insanların fərdi, ailədaxili, administrativ, korporativ, siyasi və beynəlxalq davranışları, tədris mərkəzlərində, iş və tədqiqat mühitindəki fəaliyyəti İslama və Qurana uyğun olmalıdır”.
Həzrət Ayətullah Xamenei belə bir ali məqsədə çatmaq üçün cəmiyyətin ayrı-ayrı üzvlərinin Qurani-Kərimin özündə ehtiva etdiyi məna və anlamlarla düzgün formada tanış olmasını vacib şərt adlandıraraq qeyd etdi: “Quranla bağlı aparılan tədqiqatlar müqəddəs kitabın göstərişlərinin cəmiyyətin və insanların həyatı ilə eyniyyət təşkil etməsi istiqamətinə yönəldilməlidir”.
İslam İnqilabının Rəhbərinin çıxışında toxunduğu digər mühüm məqam isə Qurani-Kərimin tədqiqi işində ehtiyac duyulan ilkin şərtlər olmuşdur. O, dedi: “Quranı tədqiq etmək istəyən şəxs bu müqəddəs kitabın sırf həqiqətini qəbul etmək üçün mənəvi-psixoloji baxımdan lazımi zəminə malik olmalıdır. Əks halda Quranla bağlı aparılan tədqiqat müqəddəs kitabın əksinə istifadə oluna bilər”.
Bu məsələni bir qədər də açıqlayan Həzrət Ayətullah Xamenei qeyd etdi: “İnsanın qəlbi saf və təmiz olmadıqda, bu onunla nəticələnir ki, o, Qurandan İslam dininin, İslam Respublikasının kökünü baltalamaq, İslam dövlətinin bizlərə bəxş etdiyi nemət və fəzilətlərə zərbə vurmaq üçün istifadə edir”.
Ali Məqamlı Rəhbər Quranın tədqiqinə başlamaq üçün zəruri olan hazırlıq işlərindən digəri kimi Quranla ünsiyyətdə olmağı, ərəb dili ilə, fiqhin əsasları ilə tanışlığı qeyd edərək əlavə etdi: “Quran tədqiqatında Qurandan istifadə etməyin elmi metodu olduqca mühümdür və bu sahədə din alimlərinin və fəqihlərin ayə və rəvayətlərdən istifadə etməsi metodu tamamilə mükəmməl və sınanmış bir metoddur”.
İslam İnqilabının Rəhbəri çıxışını son qismində bir daha ali məktəblərdə tədris olunan humanitar elmlər mövzusuna və bununla bağlı öz gileyini bildirməsinə toxunaraq əlavə etdi: “Ölkənin ali təhsil ocaqlarında tərcümə variantında tədris olunan Qərb humanitar elmləri Quranın və dinin əsaslarına zidd olan materialist dünyagörüşünə əsaslanır. Halbuki humanitar elmlərin əsaslarını və təməlini Quranda axtarmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei Quran tədqiqatı işində ən mühüm və prinsipial məsələlərdən biri kimi müqəddəs kitabdan humanitar elmlərin əsaslarının əxz edilməsini qeyd edərək vurğuladı: “Əgər bu iş həyata keçirilsə, tədqiqatçılarımız Quran mənbələrindən və həmçinin humanitar elmlərin bəzi nailiyyətlərindən istifadə edərək humanitar elmlərin uca və möhkəm binasının təməlini qoya bilərlər”.
Görüşdə Quranla bağlı aktiv fəaliyyət göstərən xanımlardan bir qrupu – İslam Təbliğatı Təşkilatı nəzdindəki Quran Evinin, Köməksizlərin Səfərbərlik Təşkilatı nəzdindəki Quran Evinin, Vəqflər və Xeyriyyə İşləri Təşkilatı nəzdindəki Quran Evinin təmsilçiləri, Quran tədqiqatı ilə məşğul olan xanımlardan bir qrupu, universitetlərin xanım müəllimləri və elmi-teoloji mərkəzin xanım tələbələri, təlim-tərbiyə sahəsində Quran istiqamətində çalışan tərbiyəçilər də iştirak edirdilər.