Bu gün leysan yağan payız yağışına baxmayaraq Çalus və Nouşəhrin imanlı, səmimi əhalisi bir daha xalqla Ali Məqamlı Rəhbər arasında mövcud olan olduqca sıx və möhkəm bağlılığı nümayiş etdirdilər.
Allah-Taalanın əsirgəmədən yağdırdığı rəhmət yağışı altında “Yeddi tir şəhidləri” adına stadionda və ətraf küçələrdə toplaşıb səbirsizliklə Həzrət Ayətullah Xameneinin gəlişini gözləyən məntəqə əhalisi Ali Məqamlı Rəhbərlə görüşmək üçün olduqca dərin, qəlbdən gələn səmimi hisslərini büruzə verərək, sözün həqiqi mənasında, möhtəşəm və unudulmaz epizodlar nümayiş etdirdilər.
Bu görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Gilan və Mazandaran sakinlərini haqq-ədalət cəbhəsinin cəsur müdafiəçiləri adlandıraraq xüsusilə qeyd etdi: “İstibdadçı rejimin bu iki vilayətdə dinin, əxlaq və mənəviyyatın kökünü kəsmək üçün göstərdiyi fövqəladə səylərə və xərclədiyi pullara baxmayaraq bu gözəl, yamyaşıl məntəqələrin əhalisi İslam İnqilabı dönəmində, məcburi müharibə dövründə və ümumilikdə son 30 il ərzində baş vermiş bütün ictimai-siyasi hadisələrdə iyirmi bir mindən artıq şəhid verməklə İslam dininin, İslam İnqilabının və İslam dövlətinin avanqard müdafiəçiləri olmuşlar”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabı və İranla bağlı bəzi ümumi məsələləri açıqlayarkən cəmiyyətin başlıca olaraq gözüaçıqlıq və ayıq-sayıqlığa ehtiyac duyduğunu qeyd edərək dedi: “Məhz gözüaçıqlıq fitnə-fəsad və provokasiya nəticəsində qalxmış “toz-tozanağın” insanı öz doğru yolundan azdırmasına imkan vermir”.
Ali Məqamlı Rəhbər Uca Yaradanın əziz İslam peyğəmbəri Həzrət Muhəmmədə (s) və onun davamçılarına gözüaçıqlıq və uzaqgörənliklə hərəkət etmək barədə tövsiyəsini xatırladaraq əlavə etdi: “Uzaqgörənlik günümüzün xaotik şəraitində düzgün istiqamətdə hərəkət etmək üçün bir kompasdır. Belə ki, əlində belə bir kompası olmayan və xəritələri oxumağı bacarmayan bir şəxs qəflətən özünü düşmənin mühasirəsində görə bilər”.
İslam İnqilabının Rəhbəri məhz xalqın gözüaçıqlığı və gənclərin ayıq-sayıqlığının düşmənin qılıncını kütləşdirdiyini deyərək əlavə etdi: “İnsanda ayıq-sayıqlıq və uzaqgörənlik kimi cəhətlər olmasa, hətta xoşniyyətli olsa belə, yolunu azaraq səhv addımlar atması mümkündür”.
Çıxış əsnasında Həzrət Ayətullah Xamenei gözüaçıqlığın “qarşıya qoyulan məqsədin, həmin məqsədə aparan yolun, bu yolda qarşıya çıxa biləcək maneələrin və düşmənlərin, həmin maneələri dəf etməyin yollarının müəyyənləşdirilməsi” üçün olduqca zəruri olduğunu bildirdi, eyni zamanda xalqın nümayəndələrini, gəncləri, ruhaniləri, ali və teoloji təhsil ocaqlarının təmsilçilərini, mədəniyyət və incəsənət adamlarını bu məsələnin həyati əhəmiyyətini düzgün dərk etməyə çağıraraq onlara “uzaqgörənlik və ayıq-sayıqlıq silahı” ilə mümkün qədər hərtərəfli surətdə silahlanmağı təkidlə tövsiyə etdi.
Ölkə daxilində müdriklik və uzaqgörənliklə hərəkət etməyin əhəmiyyətini açıqlayarkən Həzrət Ayətullah Xameneinin toxunduğu digər bir məqam isə başqa millətlərin İslam Respublikasına maraq və ehtiramı, habelə onların İranın daxili məsələlərinə qarşı həssaslığından ibarət idi.
Ali Məqamlı Rəhbər İslam dininə və İİR-na maraqla yanaşan xalqların ölkədəki prezident seçkilərindən sonra baş verən bəzi olaylardan nigarançılıq hissi duymasına da xüsusi işarə edərək dedi: “Xalqın bu seçkilərdə yüzdə 85 faizlik iştirakı müsəlman xalqlarını sevindirdi. Lakin düşmən seçkidə belə bir möhtəşəm iştirak göstəricisinə və böyük siyasi qələbəyə qarşı təxribat törətmək üçün şayiələr yaymağa, ittihamlar irəli sürməyə və ölkənin bəzi yerlərində iğtişaşlar törətməyə əl atanda İİR-na xeyirxahlıqla yanaşan millətlər bundan nigaran oldular. Bu reallıq İslam dünyasında hətta 30 il ötdükdən sonra belə İslam Respublikasına məxsus təfəkkür tərzinə qarşı marağın davam etməkdə olduğunu açıq-aşkar şəkildə göstərir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, haqla batili biri-birinə qarışdırmaq və bu yolla həqiqəti müəyyənləşdirməkdə hətta haqq yolun davamçıları üçün belə çətinliklər yaratmaq İslam əleyhdarlarının kökü qədimlərə gedib çatan bir metodudur. Aliməqam Rəhbər imam Əlinin (ə) bu barədə etdiyi xəbərdarlığı yada salaraq dedi: “Bu cür fitnə-fəsadlara qarşı ən mühüm mübarizə metodu müdrik və gözüaçıq olmaqdır”.
Həzrət Ayətullah Xamenei “doğru yolun və davranışın səhv yoldan fərqləndirilməsi” üçün başlıca meyarlardan birini açıqlayarkən belə qeyd etdi: “İran xalqının və İslam dövlətinin qan düşmənlərini, yəni imperializmi, sionizmi qəzəbləndirən hər bir davranış düzgün və haqq yolda olan davranışdır. Onları məmnun edib xoşhallandıran, təbliğatlarında və siyasətlərində təkidlə yer verdikləri hər bir addım isə səhvdir, ziyanlıdır və doğru olmayan istiqamətdədir”.
Həmçinin Ali Məqamlı Rəhbər xüsusilə vurğuladı: “Bu meyarı, yəni yadellilərin olaylara qarşı qəzəbli və sevincli reaksiyasını əsas götürərək bir çox hallarda buraxılan səhvləri dərk edib üzə çıxarmaq və yerini doldurmaq mümkündür”.
Daha sonra Həzrət Ayətullah Xamenei “respublika quruluşuna əsaslanan dövlətçilik və İslamçılıq” prinsiplərini İİR-da mövcud olan hakimiyyət quruluşunun iki təməl sütunu adlandıraraq və “respublikaçılıq” məfhumunun həqiqi mahiyyətini açıqlayaraq dedi: “Hakim qurumun formalaşmasında xalqın fəal iştirakı və məsuliyyət hissi, eləcə də xalqın ölkə rəsmilərini iş başına gətirməsi respublika quruluşuna əsaslanan dövlətçiliyin təzahürlərindəndir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Respublika əsaslı dövlətçiliyin digər mənası isə budur ki, dövlət rəsmiləri xalqın içərisindən çıxmış və xalqla bir olan şəxslər olmalıdırlar. Rəsmilərin davranışı adi xalqın davranışı kimi olmalı, onlarda diktatura, aristokratik dəbdəbəçilik və xalqa qarşı etinasızlıq kimi xüsusiyyətlər müşahidə edilməməlidir”.
İslam İnqilabının Rəhbəri dövlətin respublikaçılıq mahiyyətinin müxtəlif aspektlərini açıqlayarkən xalqın milli-mənəvi dəyərlərinə və əqidəsinə ehtiramla yanaşılması, milli qürur və heysiyyət, milli kimlik kimi dəyərlərə qarşı diqqət və əzmkarlığın nümayiş etdirilməsini də xüsusilə qeyd etdi.
Həmçinin Həzrət Ayətullah Xamenei “İslamçılıq” barədə də açıqlama verərkən mövcud qurumun təməlinin dinə, şəriətə və mənəviyyata söykəndiyini qeyd edərək əlavə etdi: “İİR-da respublika əsaslı dövlətçiliyin müxtəlif cəhətləri də özlərinə İslami və mənəvi dayaq qazanırlar. İnsanların bu dünyadakı rifahının yaxşılaşması, dövlətin möhkəmlənməsi və yüksəlişi yolunda görülən hər bir işin müqabilində Allah-Taalanın mükafatı vəd olunur”.
İslam İnqilabının Rəhbəri İİR-dakı mövcud quruluşun həqiqi respublika əsaslı və İslami mahiyyətini nəzərə alaraq İİR-ı İslamın meydana gəldiyi ilkin dövrlərdəki yüksəlişindən bir nişanə adlandıraraq əlavə etdi: “Dünyadakı diktator və imperialistlərin bu dövlətə qarşı yürütdüyü düşmənçilik təbiidir. Lakin onların İslam Respublikasına qarşı 30 illik cidd-cəhdlərinin nəticəsi əzəmətli İran xalqının Allahın fəziləti ilə bundan sonra da davam edəcək heyranedici tərəqqi və yüksəlişidir”.
Həzrət Ayətullah Xamenei çıxışının digər qismində dənizi və meşələri İran xalqının iki böyük sərvəti və böyük bir şans adlandıraraq əlavə etdi: “Dövlət nümayəndələri Uca Yaradanın bəxş etdiyi bu nemətlərdən tamahkarların və şəxsi mənafeyini güdən insanların sui-istifadə etməsinin qarşısını almaqla yanaşı, bu böyük sərvətlərdən ən yaxşı formada iqtisadi bəhrə götürmək üçün çalışmalı və bu istiqamətdə müvafiq tədbirlər görməlidirlər. Onlar çalışmalıdırlar ki, bu məntəqələrdə yoxsulluqdan heç bir əsər-əlamət qalmasın”.
Həzrət Ayətullah Xamenei şimal məntəqəsinin dənizindən, meşələrindən və təbii gözəlliklərindən yararlanarkən Allahın müəyyən etdiyi hüdudlara – insanların din və mənəviyyat hüdudlarına ehtiramla yanaşılmasının da vacibliyini qeyd edərək təkidlə əlavə etdi: “Bu mühüm məsələnin reallaşması üçün dövlətlə xalqın möhkəm və qarşılıqlı həmkarlığına böyük ehtiyac var”.
Görüşün əvvəlində Vəliyyi-fəqihin Mazandaran vilayətindəki nümayəndəsi Ayətullah Təbərsi Həzrət Ayətullah Xameneini məntəqəyə gəlişi münasibətilə salamlayaraq dedi: “Leysan yağışın yağmasına baxmayaraq Çalus və Nouşəhr əhalisinin bu görüşdə izdihamlı iştirakı insanların qəlbindəki iman şövqünü və xalqın İslam İnqilabının Rəhbəri ilə qırılmaz tellərlə bağlılığını açıq-aşkar şəkildə göstərir”.