Bu gün səhər Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei İran İslam Respublikası ordusunun hərbi akademiyalarının birgə təşkil etdikləri müdavimlərin buraxılış, andiçmə və poqonlarla təltifetmə mərasimində gənc zabitləri, həmçinin ölkənin müxtəlif sferalarda çalışan imanlı və fəal gənclərini sülh, ədalət və dostluqla dolu bir dünyaya doğru hərəkətin avanqardları adlandıraraq bildirdi: “Dünyanın qoluzorlu istibdadçıları özlərinin “İranafobiya” planını gerçəkləşdirə bilməyəcəklər. Çünki İslam Respublikasının milli qüdrəti başqa xalqları nəinki təhdid etmir, hətta öz növbəsində milli qürur və tərəqqidə onlar üçün bir nümunədir”.
Ali Baş Komandan Nouşəhrdəki imam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının sıra düzülüşü meydanına daxil olarkən İİR-nın dövlət himni səsləndirildi.
Daha sonra Ali Baş Komandan şəhidlərin xatirə monumenti qarşısında dayanaraq İslam Respublikasının şəhid olmuş vüqarlı və başıuca oğullarının, xüsusilə də Hərbi Dəniz Qüvvələrinin cəsur şəhidlərinin ruhları üçün Allah dərgahında ən ali dərəcələri dilədi.
Həmçinin Həzrət Ayətullah Xamenei meydanda düzlənmiş birləşmələrin hərbi paradını qəbul etdikdən sonra mərasimdə iştirak edən müharibə veteranları ilə hal-əhval tutdu.
Mərasimdə çıxış edən Ali Baş Komandan xüsusilə qeyd etdi ki, böyük İran dövlətinin təhlükəsizliyinin qorunmasında Silahlı Qüvvələrin həlledici rolu, bu qüvvələrin ölkənin və mövcud dövlət qurumunun müdafiə olunması üçün canlarından belə keçməyə daim hazır olması xalqın və dövlətin Silahlı Qüvvələrə verdiyi böyük əhəmiyyətin, onlara qarşı bəslədiyi layiqli ehtiramın ən önəmli amilləridir.
Ali Baş Komandan ordunun hərbi akademiyalarının məhsuldar müdavimlərini İran İslam Respublikasının qüdrət və nüfuzunun möhkəm dayaqlarından biri adlandıraraq hazırkı keşməkeşli dünyada ölkənin qüdrətinin günü-gündən daha da artırılmasının zəruriliyinə toxunaraq əlavə etdi: “Silahlı Qüvvələr xalqın qüdrətinin ön planda gözəçarpan cizgisi və açıq-aşkar göstəricisidir”.
Həzrət Ayətullah Xamenei həqiqi qüdrətə nail olmağı hər bir xalqın hüququ və vəzifəsi adlandıraraq əlavə etdi: “Allaha inam həqiqi qüdrətin əsas elementidir. Məhz bu inamın sayəsində əzm, iradə və mənəviyyat, həmçinin siyasi, iqtisadi və elmi tərəqqi də gerçəkləşir”.
Ali Baş Komandan sionist rejiminin Livanın imanlı gəncləri, Qəzza məntəqəsinin mömin əhalisi ilə qarşıdurmada rüsvayçı məğlubiyyətini, ABŞ-ın İraq və Əfqanıstan camaatı ilə müharibədə planlarının boşa çıxmasını “silaha, zor gücünə və pula söykənən hakimiyyət”in yararsızlığını sübuta yetirmək üçün əsaslı dəlil hesab edərək əlavə etdi: “Süquta uğramaq öz istəklərini zorla xalqlara yükləyən hegemonların qaçılmaz alın yazısıdır”.
Həzrət Ayətullah Xamenei İran xalqının düşmənlərinin İslam Respublikasının qüdrətini etiraf etməsinə də işarə edərək dedi: “Yadellilərin İran xalqının qüdrətini etiraf etməkdə əsl məqsədi dünyada və regionda özlərinin “İranafobiya” planını inkişaf etdirməkdir”.
Ali Baş Komandan İranın müdafiə hazırlığının 30 il bundan öncəki dövrlə müqayisəedilməz dərəcədə inkişaf etdiyini bildirərək Silahlı Qüvvələrin gənc zabitlərinə üz tutub dedi: “Əzizlərim! Bu gün sizlər iftixar doğuran bir zirvədəsiniz. 30 il öncə hətta ən optimist proqnozlarda belə həmin zirvənin nəzərdə tutulması mümkün deyildi”.
Həzrət Ayətullah Xamenei elmi tərəqqini, silahlanma sahəsindəki irəliləyişləri, özünəinam, xalqın öz gücünə güvənc hisslərini, bir yumruqda birləşməsini və müxtəlif sferalarda əldə etdiyi şan-şöhrəti İslam Respublikasının qüdrətinin göstəriciləri kimi sadalayaraq qeyd etdi: “Şübhəsiz, düşmən bu reallığı inkar edə bilməz. Lakin bu həqiqətləri qeyd etməkdə onun əsl məqsədi başqa xalqları və dövlətləri İran İslam Respublikasından qorxudub hürkütməkdir”.
Həmçinin Ali Baş Komandan xüsusilə vurğuladı: “İslam Respublikasının qüdrət və əzəməti, İranın hərbi təlimləri, raketləri və mütərəqqi müdafiə imkanları qonşu ölkələr, eləcə də dünyanın heç bir ölkəsi üçün əsla təhdid deyil. Əslində, bu, onlara tərəqqi, şan-şöhrət və əzəmətə aparan yolu göstərir və öyrədir ki, qüdrət və əzəmət ABŞ-dan asılılıqla, yaxud saysız-hesabsız silah almaqla əldə olunmur. Xalqın və dövlətin qüdrəti onun Allaha inam və özünəgüvənc hisslərinə, daxilindən qaynaqlanan şövq və potensiala söykənir”.
İslam İnqilabının Rəhbəri dünyanın gələcəyinin məhz imanlı xalqlara məxsus olduğunu qeyd edərək dedi: “İstiqlala can atan mömin xalqların polad əzmi və iradəsi, dürüst amalları sayəsində aqresiya və təcavüzdən uzaq bir dünya formalaşacaq. Orada silahlanma və hədə-qorxu yarışından heç bir əsər-əlamət qalmayacaq”.
Həzrət Ayətullah Xamenei İİR-nın gənclərinin belə bir dünyanın yaradılması işində avanqardda durduğunu bildirərək əlavə etdi: “Sülh, xoşbəxtlik və ədalət İran xalqının bütün millətlərə ünvanladığı yeni və açıq-aşkar bir mesajdır. Bu böyük diyarın fəal gəncləri bu mesajın gerçəkləşməsi üçün varlıqlarındakı bütün potensialı ortaya qoyaraq zəhmət və tərəqqi meydanında hazır olmalıdırlar”.