İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Xubriqan Məclisinin sədri və məclis nümayəndələri ilə görüşündə olduqca mühüm məsələlərə toxunaraq İslam dövlətinin tutduğu möhkəm pozisiyanı qeyd etmiş, həmçinin bu dövlətin güclü və ümidverici cəhətlərini sadalamışdır. Ali Məqamlı Rəhbər hazırkı şəraitdə düşmənin qarmaqarışıq və geniş əhatəli planlar hazırladığını demiş, habelə İslam Respublikasının əleyhdarlarının soyuq – psixoloji müharibə planının əsas cizgiləri və bu planın çoxcəhətliliyi barədə fikir bildirmişdir. Görüşdə Həzrət Ayətullah Xamenei ayıq-sayıqlıq, uzaqgörənlik kimi cəhətlərin, ictimaiyyət arasında tanınmış görkəmli insanların cəsarətli təşəbbüslər göstərməsinin, eyni zamanda birlik və həmrəyliyin qorunub-saxlanmasının zəruriliyini təkidlə vurğuladı.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam dövlətinin kökləri möhkəmlənib dərinləşdikcə paralel olaraq bu dövlətin əleyhdarlarının qurduğu planlar da dəyişikliyə uğramışdır. Daha sonra o əlavə etdi: “İslam dövləti bu cür səylərə və cidd-cəhdlərə qarşı 30 illik müqavimət təcrübəsinə malikdir. Lakin İslam Respublikasının əldə etdiyi tərəqqi və çoxcəhətli nailiyyətlərə paralel olaraq bu dövlətin əleyhdarlarının məkrli sui-qəsd planları da xeyli mürəkkəbləşmişdir. Bu planlar üzərində qalib gəlmək üçün onların müxtəlif cəhətlərinə və miqyaslarına yaxşı bələd olmaq lazımdır”.
Həzrət Ayətullah Xamenei hazırkı şəraitdə müharibənin başlaması ehtimalını olduqca zəif qiymətləndirərək qeyd etdi: “Hazırkı etapda düşmən İslam Respublikasına qarşı mübarizə aparmaq üçün “soyuq müharibə” adlanan psixoloji müharibəyə daha çox üstünlük verir. Bu müharibədə düşmənin əsas hədəfi məhz İslam dövlətinin güclü, perspektivli cəhətlərini zəif cəhətlərə çevirmək və bu dövləti təhdid etməkdir”.
Həmçinin Ali Məqamlı Rəhbər vurğuladı: “İslam dövlətinin əleyhdarları bu soyuq müharibədə çoxsaylı təbliğat və informasiya vasitələrindən istifadə edərək insanların imanını, biliyini, əzmini, bir ölkənin və bir qurumun daşıyıcı sütunlarını hücuma məruz qoyurlar. Belə bir hücuma qarşı mübarizə aparmaq üçün xalqın ayıq-sayıqlıq və müdrikliklə, hərtərəfli düşünülmüş addımlar atmaqla ölkənin ictimai-siyasi meydanlarında iştirak etməsinə böyük ehtiyac var. Əlbəttə, xalqın belə bir iştirakı mütləq öz ardınca Allah-Taalanın yardım və dəstəyini də gətirəcəkdir”.
Daha sonra İslam İnqilabının Rəhbəri düşmənin İslam dövlətinə qarşı soyuq müharibə planının əsas cizgilərini açıqlayaraq əlavə etdi: “İslam Respublikası əleyhdarlarının qurduğu məkrli planların əsas cizgilərini cəmiyyətdə optimizm əlamətlərinin yox edilməsi və onların pessimizm, şübhə əlamətləri ilə əvəzlənməsi, ölkədəki vəziyyətin çıxılmaz kimi qələmə verilərək pislənilməsi və nəticədə cəmiyyətin araşdırma, həqiqəti üzə çıxarma qabiliyyətinin əlindən alınması təşkil edir”.
Bu mövzunu açıqlayarkən Həzrət Ayətullah Xamenei xüsusilə qeyd etdi: “Prezident seçkilərində xalqın 85 faizlik iştirakı, 30 ildən sonra İslam dövlətinə qəlbən bağlılığını və sədaqətini belə bir yüksək səviyyədə elan etməsi, həmçinin yüksək və rekord səs göstəricisi ilə ölkə başçısının seçilməsi olduqca böyük əhəmiyyət kəsb edən güclü cəhətlərdən biridir. Belə ki, İslam Respublikasının düşmənləri bu imtiyazlı məqamın üzərinə pessimizm və şübhə kölgəsi salmaq niyyətindədirlər”.
İslam Respublikasında gələcək perspektiv üçün münbit zəmin olduğunu düşünən Ali Məqamlı Rəhbər belə əlavə etdi: “Yaradılmış möhkəm infrastrukturlar və ölkənin sıçrayışlı bir hərəkət üçün hazırlıqlı olması, elm sahəsində gözəçarpan irəliləyişlər, qurumun 30 illik təcrübəsi, enerji dolu, savadlı və özünə güvənən gənc nəsil, ölkənin 1404-cü ilə qədər tərəqqi və yüksəliş hərəkatını müəyyənləşdirmiş Perspektiv Baxış Planı – bütün bunlar olduqca mühüm və diqqətəlayiq cəhətlərdir. İslam Respublikasının əleyhinə olanlar ölkədəki vəziyyəti çıxılmaz kimi qələmə verib pisləməklə məhz bu müsbət cəhətləri zəiflətmək, pessimizm əhval-ruhiyyəsi yaratmaq istəyirlər”.
İslam İnqilabının Rəhbəri düşmənin soyuq müharibə planında başlıca yer tutan digər cizgilər sırasında İslam dövlətində müxtəlif səviyyələrdə təfriqə və hərc-mərcliyin yaradılmasını da qeyd edərək təkidlə vurğuladı: “Bu gün xalqın birlik və həmrəylik əlamətləri açıq-aydın müşahidə olunmaqdadır. Bu vəhdət və həmrəyliyin misilsiz örnəyi camaatın mübarək Ramazan ayının cümə namazlarında, Qüds günü yürüşündə, ölkənin dörd bir yanında qılınan Ramazan bayramı namazlarında möhtəşəm və fəal iştirakıdır” .
Həmçinin Həzrət Ayətullah Xamenei qeyd etdi: “Bu birlik və həmrəyliyin qarşısında hamı baş əyməli və onun daha da möhkəmlənməsi üçün ciddi səy göstərməlidir”.
Ali Məqamlı Rəhbər bəzi şəxslərin təfriqəçi çıxışlarının və əməllərinin cəhalət və nadanlıqdan qaynaqlandığını bildirərək əlavə etdi: “Etnik və dini birliyi qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mümkün qədər səy göstərmək lazımdır”.
İslam İnqilabının Rəhbəri İslam dövləti əleyhdarlarının xalqın və ictimaiyyətin görkəmli nümayəndələrinin fikrini öz düşmənçiliklərindən yayındırmaq məqsədilə maliyyə vəsaiti xərcləməsini düşmənlərin İslam Respublikasına qarşı mübarizədə seçdikləri önəmli strategiyalardan digər biri kimi qeyd edərək bildirdi: “Bu, heç də cəmiyyətin üzləşdiyi problem və çatışmazlıqlarda şəxsi və ictimai nöqsanların görməməzliyə vurulması mənasında deyil. Lakin düşmənin açıq-aydın sui-qəsd planlarından və məkrli tədbirlərindən də bixəbər qalmaq, buna barmaqarası baxmaq olmaz”.
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Məgər özünü görməməzliyə vurub düşmənin ölkədəki prezident seçkilərindən sonra baş verən bəzi olaylardan məmnunluğunu sezməmək olar?! İran qarşısında özünün 20 illik üzüqara fəaliyyəti ilə İngiltərə dövləti, həmçinin ABŞ və bəzi digər dövlətlər müəyyən insanların əməllərini alqışla qarşılayır və: “Biz İran xalqının tərəfdarıyıq” – deyirlər. Halbuki, xalq İslam dövlətinin bir hissəsidir. Buna görə də heç bir vəchlə İslam Respublikası əleyhdarlarının ölkədə təfriqə yaratmaq üçün qurduqları məkrli planlardan bixəbər qalmaq olmaz”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Hamı, xüsusən də cəmiyyətin üzdə olan nümayəndələri son dərəcədə diqqətli olmalıdırlar ki, atdıqları addımlar, yaxud səsləndirdikləri fikirlərlə İslam dövlətinə qarşı olanların planlarını və məqsədlərini təkmilləşdirməsinlər”.
Həzrət Ayətullah Xamenei görkəmli şəxsləri, cəmiyyətin seçilən nümayəndələrini və siyasi cərəyanları özlərində uzaqgörənlik xüsusiyyətini möhkəmləndirməyə çağıraraq əlavə etdi: “Seçkidən sonrakı iğtişaşlarda düşmən açıq-aşkar və çəkinmədən iştirak edirdi. Belə açıq-aydın faktı necə inkar etmək olar?! Buna görə də uzaqgörənlik olduqca mühümdür. Belə ki, insanlarda bu xüsusiyyətin olması bir çox davranışların dəyişilməsinə səbəb olacaq”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının düzgün dərk olunmasını bu dövlətin qorunub saxlanması üçün zəruri hesab etdiyini bildirərək xüsusilə vurğuladı: “İslam Respublikası çoxcəhətli vahid bir strukturdur. Bu çoxcəhətliliyə və mürəkkəb quruluşa bir-biri ilə əlaqəli şəkildə baxılmalıdır”.
İslam İnqilabının Rəhbəri bu mövzunu açıqlayarkən aşağıdakıları da qeyd etdi: “İslam Respublikasının din və demokratiyaya əsaslanma kimi iki önəmli cəhəti vardır. İİR-nın demokratikliyi və respublika quruluşuna əsaslanan dövlətçiliyi də məhz onun dini əsaslar üzərində qurulmasından qaynaqlanır. Bu səbəbdən də həmin iki cəhətdən birinin zəifləməsi bütövlükdə strukturun zəifləməsinə səbəb olacaq”.