Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionist rejimi, əslində, bir xalqı məhv etmiş saxta bir dövlətdir

Bu gün ölkə rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüşündə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dini ilə bağlı əlamətdar günləri və bayramları, xüsusilə də mübarək Ramazan bayramını mövcud potensiala və imkanlara, İslam ümmətinin bugünkü və gələcək vəziyyətinə bir daha nəzər salınması, habelə zəif cəhətlərin və nöqsanların üzə çıxarılması üçün ən mühüm fürsət adlandıraraq qeyd etdi: “Bu gün İslam ümmətinin və müsəlman dövlətlərinin ilk növbədə ehtiyac duyduğu məsələ Allah-Taalanın göstərdiyi doğru yola صراط مستقیم (sirati-müstəqimə) qayıtmaq, İslam dini əhkamının hakimiyyətini təmin etmək, düşmənlərə qarşı mübarizə aparmaq, eyni zamanda İslamda vəd edilən izzət, qüdrət və tərəqqi dərəcələrinə nail olmaq üçün birlik və həmrəyliyi qoruyub-saxlamaqla yanaşı, bolluca siyasi-coğrafi imkanlardan səmərəli istifadə etməkdir”.    

Həzrət Ayətullah Xamenei İran xalqının bir nümunə olduğunu qeyd edərək və bu xalqın İslam İnqilabından öncəki vəziyyətinə, sionist rejimini dəstəkləyənlər sırasında xain Pəhləvi rejiminin yer almasına toxunaraq əlavə etdi: “Hal-hazırda İran xalqı İslam İnqilabının qələbəsi və İslami dövlət quruluşunun bərəkəti sayəsində sionist rejiminə qarşı mübarizədə avanqarddır və bu gün xalqımız dünyanın ən cəsarətli və həyasız imperialist dövlətinin zorakılığına qarşı öz mübarizəsi ilə şərəf və iftixar duyur”.

Ali Məqamlı Rəhbər İranın genişmiqyaslı arenalara daxil olmasını, o cümlədən böyük elmi tərəqqi və nailiyyətlərə imza atmasını, İslam dövlətinin hazırkı siyasi nüfuzunu ölkədə İslam dininin hakimiyyətinin açıq-aşkar nəticəsi adlandıraraq xatırlatdı: “İranın İslami hökuməti ölkədə İslam əhkamının yüz faiz hakimiyyətdə olduğunu iddia etmir. Lakin İran xalqı İslam əhkamını icra etməyə hansı dərəcədə müvəffəq ola bilmişdirsə, bunun bərəkətli təsirini bir o qədər müşahidə etmişdir. Bu, İslam ümməti üçün əməli bir təcrübə və nümunədir”.

İslam İnqilabının Rəhbəri müsəlman xalqları və dövlətləri arasında birlik və həmrəyliyin olmamasına, habelə düşmənlərin bu şəraitdən sui-istifadə etməsinə toxunaraq əlavə etdi: “İslam ümməti birgə və həmrəy olsaydı, özünün bütün siyasi-coğrafi imkanlarından istifadə etsəydi, bu gün Fələstin xalqının və Qəzza əhalisinin vəziyyəti bu cür olmazdı və istibdadçılar öz çirkin planlarını müsəlman dövlətlərinə məcburi surətdə sırıya bilməzdilər”.

Həzrət Ayətullah Xamenei xüsusilə vurğuladı: “Belə bir şəraitdə sionist qəsbkarların əleyhinə bir söz deyilsə, düşmənlər öz təbliğat vasitələrindən istifadə edərək ittihamlar yağdırmağa başlayacaq və “Bəziləri BMT-nin üzvü olan bir dövləti aradan götürmək niyyətindədirlər” deyəcəklər”. 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Sionist rejimi, əslində, bir xalqı məhv etmiş saxta bir dövlətdir, insan haqları barədə iddialar edənlər də belə bir açıq-aşkar zülm və cinayətə göz yummuşlar”.

İslam İnqilabının Rəhbəri Qərb informasiya agentliklərinin yaydığı İİR-nın guya öz hərbi gücündən istifadə edərək sionist rejimini məhv etmək üçün səy göstərməsinə əsaslanan yalan iddiaya da toxunaraq qeyd etdi: “İİR-nın Fələstin məsələsi ilə bağlı irəli sürdüyü tam rasional, məntiqi və humanist bir layihə var”.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin Quranaİslam əhkamına əsaslanan siyasətinin məhz məzlumu müdafiə edib dəstəkləməkdən ibarət olduğunu deyərək əlavə etdi: “İmperializmin İİR ilə düşmənçiliyinin əsl səbəbi də elə budur”.

Ali Məqamlı Rəhbər “islamafobiya” və “iranafobiya”nı imperializmin və onun başında duran ABŞ-ın İslam dünyasının birlik və həmrəyliyinin qarşısını almaq məqsədilə istifadə etdiyi iki başlıca vasitə adlandıraraq vurğuladı: “ABŞ hökuməti eks-prezidentinin hakimiyyəti dövründə müsəlman dünyasının və İranın əleyhinə bir çox səylər göstərmişdir.  Hazırkı ABŞ administrasiyası da zahirən dostcasına görünən mesajları ilə elə həmin “islamafobiya” və “iranafobiya” siyasətini davam etdirir”.

İslam İnqilabının Rəhbəri amerikalıların İranın raketləri təhlükəsi ilə əlaqədar iddiasına da toxunaraq xatırlatdı: “Bu iddia “iranafobiya” siyasəti çərçivəsində irəli sürülən bir ittihamdır. Halbuki, İİR ötən 30 il ərzində heç bir ölkəyə hücum etməmişdir. Həmçinin İran İslam dövlətləri və qonşu ölkələrlə qarşılıqlı münasibətlərində daim dostluq və qardaşlıq siyasəti yürütmüş, İslam Respublikasına qarşı hücumçu mövqedə durmayan dövlətlərlə də öz əlaqələrini sağlam, rasional və məntiqli bir şəkildə qurmuşdur”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Buna baxmayaraq İslam hökuməti İran xalqına və dövlətinə qarşı irəli sürülən həyata keçirilən hücumları heç vaxt sükutla seyr etməyəcək”.

Ali Məqamlı Rəhbər İranın nüvə silahı istehsalına səy göstərməsini İslam dövlətinə qarşı irəli sürülən yalan və nalayiq ittihamlardan biri kimi qiymətləndirərək əlavə etdi: “İİR İslam əqidəsini rəhbər tutaraq nüvə silahı istehsalını və bu silah növündən istifadəni əsaslı surətdə qadağan olunmuş hesab edir və özünün bu prinsipi üzərində möhkəm dayanmışdır. Bunu ABŞ rəsmiləri də bilirlər, lakin eyni zamanda “iranafobiya” siyasəti çərçivəsində bu ittihamı dəfələrlə təkrarlayırlar”.

İslam İnqilabının Rəhbəri təkidlə vurğuladı: “ABŞ hökuməti özünün bu siyasətini islah etməlidir. İran xalqı bütün bu düşmənçilikləri müdrikliklə müşahidə edir və onlara qarşı ciddi mübarizə aparacaq”.

Həzrət Ayətullah Xamenei xatırlatdı: “İİR hücum qarşısında da əsla geri çəkilməyəcək”.

Ali Məqamlı Rəhbər düşmənçiliyə qarşı mübarizə aparılmasını, elmi tərəqqiyə və İslamın təntənəsinə nail olmaq üçün bütün potensial imkanlardan və istedadlardan istifadə edilməsini İslam dininin, dahi imam Xomeyninin (r.ə) öyrətdiyi böyük bir dərs adlandıraraq əlavə etdi: “İran xalqı və ölkənin cavanları bu dərsi yaxşıca mənimsəmiş və ona əməl etmişlər; gələcəkdə də eynilə bu cür əməl edəcəklər”.

Görüşün əvvəlində ölkə prezidenti cənab Əhmədi Nejad çıxış edərək görüş iştirakçılarını mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, həmçinin bəşəriyyətin hal-hazırda yaşadığı problemlərin təkallahlılıq əqidəsindən, Allah peyğəmbərlərinin göstərdiyi doğru yoldan uzaqlaşması ilə əlaqədar olduğunu deyərək qeyd etdi: “Peyğəmbərlərin, xüsusilə də əzəmətli İslam peyğəmbərinin (s) göstərdiyi yol Allah-Taalaya sitayiş, saleh əməl, təqva, zülm və ədalətsizliyə qarşı müqavimət, haqqı və məzlumu müdafiə etmək, mübarizə və fədakarlıqdır. Bəşəriyyətin yeganə nicat yolu məhz bu istiqamətdə əməli addımlar atmaqdır”.

Həmçinin ölkə başçısı İran xalqının Qüds günü tarixi bir olaya imza atmasına da işarə edərək dedi: “İran xalqı Qüds günü yürüşündə təntənəli və izdihamlı iştirakı ilə bir daha öz böyüklüyünü, qüdrətini, imam Xomeyni (r.ə) yoluna İslam İnqilabının dəyərlərinə səmimi-qəlbdən bağlılığını nümayiş etdirdi”.   

700 /