İmanlı və vüqarlı İran xalqı bir ay davam etmiş orucluq, ibadət və ixlasın şükrü olaraq iftixar dolu İran məmləkətinin dörd bir yanında həddən artıq böyük bir mənəvi əzəmətlə mübarək Ramazan bayramının namazını qıldı.
Tehran şəhərinin imanlı əhalisinin Tehran Universitetində və ətraf küçələrdə toplaşaraq İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamətliyi ilə qıldığı bayram namazı isə bu möhtəşəm mənəvi qurultayın zirvəsində dururdu.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bayram namazının xütbələrində şan-şöhrətli İran xalqını və böyük İslam ümmətini mübarək Fitr bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək Ramazan ayını “dərdlərin əlacı” və “mənəvi xəstəliklərin dərmanı” adlandırdı, habelə xalqa əzəmətli Ramazan ayında əldə etdiklərini, xüsusilə də bu ayda toplamağa müvəffəq olduqları nurla dolu təqva ehtiyatını qoruyub-saxlamağı tövsiyə etdi.
Həzrət Ayətullah Xamenei Qədr gecələrini insanın həyatında başlayan yeni bir mərhələ adlandıraraq, həmçinin xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin, müxtəlif zahiri görünüşə malik olan insanların Quran, zikr və dua məclislərində iştirak etməsinə toxunaraq əlavə etdi: “Camaatımız, xüsusən də əziz cavanlarımız nurlu qəlblərinin qədrini bilməli, bütün il boyu namazlarını vaxtın əvvəlində qılmaqla, məscidlərə gediş-gəliş etməklə, Quran tilavət edərək Uca Yaradanın bu müqəddəs kitabı ilə ünsiyyət qurmaqla mənəviyyatlarındakı bu nuraniliyi qoruyub-saxlamalıdırlar”.
Həzrət Ayətullah Xamenei tövbəni saf və təmiz İlahi əfv fəzasına açılan ecazkar bir pəncərə, “mərhəmətli Yaradanın çıxış yolu, sığınacaq yeri olmayan bəndələr üçün pənahgahı” adlandıraraq qeyd etdi: “Mübarək Ramazan ayı tövbə və Allah-Taalaya doğru qayıdış üçün təbii bir zəmin hazırladı. Bu böyük nailiyyəti yalnız təqva və pisliklərdən çəkinmək yolu ilə qoruyub-saxlamaq mümkündür”.
İslam İnqilabının Rəhbəri Qüds günü həyata keçirilmiş yürüşdə əzəmətli və izdihamlı iştirakına görə xalqa öz dərin təşəkkür və minnətdarlığını bildirərək vurğuladı: “Qüds günü haqqın batil qarşısında, ədalətin zülm qarşısında səf çəkib durduğu bir gündür”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu xalqın düşmənləri Qüds gününün sönük şəkildə qeyd edilməsi üçün bu il həmişəkindən daha da artıq səy göstərdilər. Lakin həmin gün böyük və vüqarlı İran xalqı bütün ölkədə və əzəmətli Tehranımızda həyata keçirdiyi “böyük iradə, müdriklik və mübarizə” dolu təziməlayiq hərəkatı ilə bir daha göstərdi ki, həssas momentləri dəqiq müəyyənləşdirərək öz tələb və mövqeyini güclü bir səslə dünya ictimaiyyətinə çatdırır”.
Ali Məqamlı Rəhbər Qüds günü təşkil olunan yürüşü xalqın həqiqi kimliyinin gözəl təzahürü adlandıraraq əlavə etdi: “Xalq İslam İnqilabının və İslam dövlətinin hərəkət istiqamətini müəyyənləşdirərək bir daha dünyaya sübut etdi ki, Qərb rəsmilərinin və siyasətçilərinin İran əleyhinə səyləri səhrada ilğım ardınca qaçmağa bərabərdir; düşmənlərin qurduğu hiyləgər planlar bu böyük xalqın mənəviyyatına və əhval-ruhiyyəsinə heç bir təsir etmir”.
Həzrət Ayətullah Xamenei beynəlxalq Qüds gününü “İslam ümmətinin bədxassəli və öldürücü “sionizm” xərçəngi əleyhinə fəryadı” adlandıraraq, həmçinin dünyanın müxtəlif regionlarında müsəlmanların bu gün təşkil edilən mərasimlərdə əzəmətli iştirakına toxunaraq vurğuladı: “Müsəlmanların Qüds günündə belə bir parlaq iştirakının dünya ictimaiyyətinə ünvanladığı mesaj bundan ibarətdir ki, İslam dünyasında İran xalqının bu möhtəşəm hərəkatının davamı geniş formada reallaşmaqdadır; zülm edən bir kəs dünyanın ən qüdrətli dövlətlərinə arxalanmış olsa belə, eynilə İran xalqı kimi bütün müsəlman ümməti də zülmə boyun əyməyəcəkdir”.
İslam İnqilabının Rəhbəri çıxışının digər qismində gözəl xarakter, mehribanlıq və qardaşlıq kimi xüsusiyyətləri cəmiyyətin ciddi surətdə ehtiyac duyduğu məsələlərdən hesab edərək, eyni zamanda qəzetlərin, kütləvi mətbuatın və müxtəlif KİV-in “qınaq, ittiham, bədgümanlıq və inciklik” atmosferini yaymasını kəskin şəkildə tənqid edərək əlavə etdi: “Şayiələrin və qarşılıqlı ittihamların təəssüf doğuran bir formada rəvac tapması insanların qəlbinə və cəmiyyətin yaşam atmosferinə ağırlıq gətirərək qaranlıqlara qərq edir”.
Həzrət Ayətullah Xamenei bəzi məhkəmə proseslərinin televiziya ilə yayımlanması məsələsinə də toxunaraq qeyd etdi: “Hər bir müttəhimin məhkəmə salonunda, telekameralar və milyonlarla tamaşaçı qarşısında etiraf edərək ifadə verməsi “şəriət, qəbul edilmiş ümumi qaydalar və məntiq” baxımından tutarlı, mötəbər və təsirli bir şeydir. Lakin müttəhimlərin digər şəxslər haqda dedikləri şəriət baxımından əsas götürülə bilməz və mötəbər deyil, bu üsulla ictimaiyyətdə ittiham və bədgümanlıq atmosferi yaymaq da lazım deyil”.
Ali Məqamlı Rəhbər günahkarların üzə çıxarılaraq cəzalandırılmasının məhkəmə və icraiyyə orqanlarının borcu olduğunu bildirərək əlavə etdi: “Bu məsələ ilə əlaqədar qanunvericiliyə əsaslanaraq qətiyyətli addımlar atılmalıdır. Lakin günahkarın cəzalandırılması güman və fərziyyələri əsas götürərək hər hansı bir şəxsə qarşı ittiham irəli sürmək və bu ittihamları cəmiyyətdə yaymaq deyil”.
İslam İnqilabının Rəhbəri xarici KİV-in İranla bağlı məsələlərdə xəbisliyinə və xainliyinə toxunaraq dedi: “Bu qərəzli KİV-in sözlərini və iddialarını şəffaflıq yaratmaq bəhanəsi ilə təkrarlayıb yayımlamaq, başqalarını xəyanətdə, yaxud səhvə yol verməkdə ittiham etmək doğru deyil. Belə ki, bu, şəffaflıq yox, əksinə, cəmiyyətdəki atmosferdə tutqunluq yaratmaqdır”.
Həzrət Ayətullah Xamenei şəffaflığın həqiqi mahiyyətini açıqlayarkən ölkə rəsmilərinin və məsul şəxslərin öz fəaliyyətləri barədə məlumatı xalqa açıq-aşkar formada təqdim etməsini zəruri hesab etdiyini bildirərək xatırlatdı: “Sözün əsl mənasında, şəffaflıq gördüyün işi xalqın qarşısına çıxarmaqdır. Sübuta yetirilməmiş məsələləri isə aşkara çıxarmağa və başqalarını ittiham etməyə heç kəsin haqqı yoxdur”.
Həmçinin İslam İnqilabının Rəhbəri müxtəlif şayiə və ittihamların yayılması ilə bağlı bunu da qeyd etdi ki, hakim quruma qarşı əsassız ittihamlar irəli sürməyin günahı ayrı-ayrı şəxslərə qarşı bu əməli törətməkdən daha ağırdır. Daha sonra o, belə əlavə etdi: “Bütövlükdə mövcud qurumu nalayiq işlərdə ittiham etmək olmaz. Belə ki, ölkədəki mövcud dövlət quruluşunun şərəf və heysiyyəti bu cür ittihamlardan çox-çox yüksəkdir”.
Həzrət Ayətullah Xamenei bayram namazı xütbələrinin digər bir hissəsində “Müqəddəs Müdafiə” həftəsinin yaxınlaşmasına da xüsusi işarə edərək, 8 illik məcburi müharibənin xalqın özünəinam hissinin güclənməsi, sınanmamış potensialının üzə çıxarılması və istedadlarının çiçəklənməsi üçün zəmin yaratdığını bildirərək əlavə etdi: “Xalqın, xüsusilə də gənclərin yeni-yeni elm və texnologiya meydanlarında vüqarlı iştirakının böyük bir payının rəhni məhz həmin iftixar dolu illərdir”.
Ali Məqamlı Rəhbər ordunun, İnqilab Keşikçiləri Korpusunun və Zəiflərin Səfərbərlik Qoşununun düşmənlərin hücumları qarşısında göstərdiyi böyük müqaviməti çox yüksək qiymətləndirərək əlavə etdi: “Tehranın tez bir zamanda fəthini vəd edənlər bu gün tarixin zibil qutusuna atılıblar. İran xalqı isə günü-gündən daha da qüdrətlənmiş, İslam dövləti daha da köklü-köməcli bir dövlətə çevrilmişdir; bundan sonra da eynilə bu cür olacaq”.
İslam İnqilabının Rəhbəri xalqı, üçlü hakimiyyət qüvvələrini və bütün məsul şəxsləri daha da artıq həmkarlığa və həmrəyliyə səsləyərək təkidlə əlavə etdi: “Gerilikləri aradan qaldırmaq, tərəqqi və quruculuq tempini daha da sürətləndirmək üçün İslam İnqilabının dördüncü dekadasında, yəni “tərəqqi və ədalət” onilliyində sevimli İranımız müxtəlif sahələrdə sıçrayışların həyata keçirilməsinə böyük ehtiyac duyur”.
Həzrət Ayətullah Xamenei elmi “ölkənin hərtərəfli inkişafının açarı” adlandıraraq vurğuladı: “Bütün orqanlar, xüsusilə də ali təhsil ocaqları, dini hövzələr, görkəmli şəxslər və tələbələr son illərdə ölkənin elmi tərəqqi tempinin zəifləməsinin, yaxud dayandırılmasının qarşısını almaq üçün son dərəcədə diqqətli olmalı və bu yolda əllərindən gələni əsirgəməməlidirlər”.
Ali Məqamlı Rəhbər həmçinin xalqın, səlahiyyətli şəxslərin və görkəmli insanların cari ilin “İstehlak modelinin məqsədyönlü islahı” ili adlandırılmasını müsbət qarşıladıqlarını xatırladaraq və hazırda bu sahədə mövcud olan qeyri-dinamikliyi tənqid edərək dedi: “Təəssüf ki, ölkəmiz son aylar ərzində yalançı həyəcan və qeyri-sabitlik ucbatından vaxt itirdi. Əlbəttə, istehlak modelinin məqsədyönlü islahı və yaxşılaşdırılması uzun illər tələb edən bir prosesdir. Lakin buna baxmayaraq bizlər – məsul şəxslər, ali təhsil ocaqlarının və dini hövzənin təmsilçiləri və b. – hamılıqla bu mühüm məsələnin həyata keçirilməsi üçün ciddi səy göstərməliyik. Şübhəsiz, bu sahədə dövlət lider və avanqard olmalıdır”.