Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Kürdüstan əhalisi baş verənlərə gözüaçıqlıq və müdrikliklə yanaşaraq öz düşmənlərini tanımalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstanda törədilmiş qanlı terror hadisəsindən dərhal sonra Kürdüstan vilayəti əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi Mamusta Şeyxul-İslamın şəhid olması ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

Başsağlığı müraciətinin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

وَمَن قُتِلَ مَظلومَاً فَقَد جَعَلنا لِوَليِّهِ سُلطانا

“...Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər)...” (“İsra” surəsi, ayə 33)

Böyük təəssüf və kədərlə xəbər tutduq ki, irtica və imperializm muzdurlarının qanlı və cinayətkar əlləri mücahid alim, din yolunda əvəzsiz xidmətlər göstərmiş ruhani, Xubriqan Məclisinin nümayəndəsi cənab Mamusta Şeyxul-İslamın qanına bulaşmış, onilliklər boyu haqqı çəkinmədən, açıq-aşkar müdafiə  etmiş bu şərəfli, daim işinə can yandıran insan batil ordusu tərəfindən şəhid edilmişdir. Bu dahi şəxsiyyətdən öncə ötən günlər ərzində bir neçə başqa dəyərli ruhani, o cümlədən Sənəndəc şəhərinin müvəqqəti təyin edilmiş İmam-cüməsi və həmin vilayətin daha iki nəfər möhtərəm ədliyyə məmuru ağır yaralanmış, yaxud şəhidlik şərbətini içmişlər. Mübarək Ramazan ayını yaşadığımız və Fələstin xalqına dəstək gününün astanasında durduğumuz belə bir məqamda qəddar və qaniçən olayların zəncirvari şəkildə baş verməsi onu göstərir ki,  bu cinayətkarlar dindar olduqlarını və məzhəb təəssübü çəkdiklərini iddia etmələrinə rəğmən nəinki Allaha məxsus olan müqəddəs bir ayı təhqir edirlər, hətta bəlrə onların hücumunun əsl hədəfi məhz imperializm maşınının və regionun bəzi üzdəniraq dövlətlərinin düşmənçilik etdiyi amildir. Həmin cinayətkar muzdurların və onların fironsifət, qarunxislət ağalarının nəzərində İslam Respublikasına səmimi-qəlbdən bağlılıq, İslam dininin amallarını müdafiə etmək və şərəfli Qüds məsələsi şəhid olmuş, yaxud ağır yaralanmış bu əziz insanların bağışlanmaz günahıdır. Bu il Kürdüstan vilayətində xoş rayihəli bir ordibeheşt (may) ayı yaşandı, bu diyarda müsəlmanların ürəkaçan birlik və həmrəylik nəğməsi əvvəlkindən daha da təntənəli səsləndi. Və hal-hazırda isə imperializm və diktatura maşını bu vilayətin nəcib və məzlum əhalisindən intiqam almaq niyyətindədir. O daşürəkli düşmənlər üçün kürd, fars, şiə, yaxud sünninin heç bir fərqi yoxdur. Onların kin-küdurətlə dolu olan murdar və daşlaşmış qəlbi hətta zülmə məruz qalaraq şəhid edilmiş Mamusta Şeyxul-İslam kimi yaşlı bir ruhaniyə də qəddarcasına zülm əlini uzadır. Həmin qaniçənlərə, onların əsl komandanı və dayağı olan mərkəzlərə Allah-Taalanın, Peyğəmbərin (s) və bütün möminlərin lənəti olsun!  Kürdüstan vilayətinin sevimli əhalisi baş verən hadisələrə gözüaçıqlıq və müdrikliklə yanaşaraq öz düşmənlərini tanımalı, vilayətin təhlükəsizlik orqanlarının rəhbərləri isə qana susamış bu qatillərə qarşı layiqli və bacarıqlı şəkildə mübarizə aparmağı başlıca məsələ olaraq önə çəkməlidirlər.

Mən Kürdüstan vilayətinin əhalisinə, xüsusilə də müsibətə düçar olmuş ailələrə dərin hüznlə başsağlığı diləklərimi və təbriklərimi çatdırıram. Şəhid olmuş o dahi insanların, xüsusilə də əziz şəhidimiz cənab Mamusta Şeyxul-İslamın xatirəsini böyük ehtiramla yad edərək Uca Yaradandan onlardan razı qalmasını, bağışlamasını və ruhlarına öz dərgahında ən ali dərəcələri nəsib etməsini diləyirəm.

 

Seyid Əli Xamenei

İİR-nın Ali Məqamlı Rəhbəri

Tehran şəhəri, 26 şəhrivar, 1388-ci il

700 /