İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının Tehran şəhərinin oruc tutan, mömin əhalisinin izdihamlı iştirakı ilə baş tutan üçüncü cümə namazına imamətlik etmişdir. İslam İnqilabının Rəhbəri cümə namazında iman və təqva sahiblərinin rəhbəri Həzrət Əli ibn Əbu Talibin (ə) siyasi yolu barədə danışaraq, həmçinin imam Xomeyninin (r.ə) siyasi davranışlarının Əmirəl-mömininin (ə) siyasi kursu və davranışlarına müvafiq olduğunu bildirərək xüsusi vurğuladı: “Qüds günü dahi imam Xomeyninin (r.ə) ən böyük yadigarlarından biridir. Allah-Taalanın fəziləti və hidayəti ilə əzəmətli və uzaqgörən İran xalqı gələn cümə günü zülmə qarşı mübarizə aparan dünya xalqlarının önündə birlik və yekdilliklə duraraq əlində “məzlum fələstinlilərə dəstək” bayrağını dalğalandıracaq”.
Ali Məqamlı Rəhbər Qüds gününü imam Xomeyninin (r.ə), İslam İnqilabının və İran xalqının Qüdsə səmimi-qəlbdən bağlılığının bariz nişanəsi adlandıraraq, habelə İran xalqının Fələstinin ad-sanını qoruyub-saxlamaq yolunda atdığı bu addımın imperialistləri və sionistləri bərk qəzəbləndirdiyini bildirərək əlavə etdi: “Düşmən ötən illər boyu Qüds günü mərasiminin zəif keçirilməsi və diqqətdən kənarda qalması üçün çox çalışıb. Lakin bu il də şərəfli İran xalqı Tehranda, həmçinin ölkənin digər məntəqələrində yürüşlər təşkil etməklə bu günü yüksək səviyyədə qeyd edəcək və dünya müsəlmanlarının bir çoxu da bu xalqdan nümunə götürərək “Qüds” adına bir daha həyat bəxş edib yenidən canlandıracaqlar”.
Həzrət Ayətullah Xamenei Qüds gününü İran xalqının birlik və həmrəyliyinin təzahürü kimi qiymətləndirərək, həmçinin ixtilaf və hərc-mərcliyə qarşı mübarizə aparmağın vacibliyinə toxunaraq dedi: “Əhali gözdə-qulaqda olmalıdır ki, bəziləri Qüds günü toplantılarından təfriqə törətmək üçün istifadə edə bilməsinlər. Belə ki, Fələstinə dəstək meydanında bayraqdarlıq etmək yalnız və yalnız xalqın birlik və həmrəyliyi ilə gerçəkləşə bilər”.
Cümə namazının birinci xütbəsində Həzrət Ayətullah Xamenei Həzrət Əlinin (ə) siyasi kursunun müxtəlif cəhətlərini açıqlayaraq xatırlatdı: “Əmirəl-möminin (ə) siyasi diplomatiyası o Həzrətin (ə) mənəvi-əxlaqi davranışı ilə çulğalanmışdı”.
Ali Məqamlı Rəhbər siyasətin əxlaq və mənəviyyatla çulğalaşmasının insanları və cəmiyyəti mükəmməlləşdirdiyini qeyd edərək dedi: “Əks halda siyasi diplomatiya hakimiyyət, sərvət əldə etmək, dünyəvi işlərdə irəli getmək məqsədi daşıyacaq, cəmiyyət və hətta siyasətçilərin özü üçün böyük bəlaya çevriləcəkdir”.
İslam İnqilabının Rəhbəri Həzrət Əlinin (ə) nəzərində hakimiyyətin heç bir qiymətinin olmadığını bildirərək, Əmirəl-mömininin (ə) hakimiyyəti qəbul etməsinin əsas səbəblərinin məhz haqqın öz yerini tapması, ədalətin bərqərar olması və zülmə qarşı mübarizə olduğunu deyərək qeyd etdi: “Həzrət Əmirəl-möminin (ə) siyasi kursunun özünəməxsus xüsusiyyətlərindən biri hiylə və yalandan çəkinmək idi. Halbuki, dinin siyasətdən ayrı olmasına əsaslanan nəzəriyyələrdə və hakimiyyət quruluşlarında hər hansı bir vasitədən, o cümlədən hiylə və məkrdən istifadə etməkdə heç bir problem yoxdur”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Həzrət Əli (ə) siyasi məktəbində qələbə çalmaq uğrunda zülm və yalana əl atmağın heç bir dəyəri yoxdur. Həzrət Əmirəl-möminin (ə) onunla yaltaqlıqla danışmamağı insanlardan ciddi şəkildə tələb edirdi”.
İslam İnqilabının Rəhbəri Əmirəl-möminin (ə) siyasi diplomatiyasının digər özəlllikləri sırasında o Həzrətin (ə) öz müxaliflərinə və hətta düşmənlərinə qarşı mümkün qədər tədbirli və xoşrəftar olmasını xüsusilə qeyd etdi.
Bu barədə Ali Məqamlı Rəhbər belə dedi: “O Həzrət (ə) müxtəlif dövrlərdə baş verən hadisələr zamanı müxaliflərinə və ona qarşı çıxan şəxslərə qarşı əlindən gəldiyi qədər soyuqqanlı və mülayim şəkildə davranırdı. Yalnız sonda – başqa heç bir çarəsi qalmadıqda onlara qarşı qəti mübarizə mövqeyində dururdu”.
Həzrət Ayətullah Xamenei Həzrət Əlinin (ə) düşmənlərin və müxaliflərin qarşısında arqumentlər gətirərək güclü məntiqlə çıxış etməsini Əmirəl-möminin (ə) siyasi davranışının digər xüsusiyyəti kimi qeyd edərək əlavə etdi: “O Həzrətin (ə) müxalif şəxslərin və cərəyanların hamısına qarşı rəftarı eyni deyildi. Həzrət Əli (ə) haqq yolunda olmasına baxmayaraq cəhalət və təəssübkeşlik ucbatından düz yoldan azanlarla başlanğıcdan bəri yanlış yolda olanlar arasında fərq qoyurdu. Lakin bununla belə, o Həzrət (ə) yanlış yol tutaraq yalnız dinin zahiri atributlarına önəm verənlərə qarşı qətiyyətli mövqe tuturdu”.
Həzrət Ayətullah Xamenei cümə namazının ikinci xütbəsinə başlayarkən, əslində, ölkənin siyasi şəxsiyyətlərinə və cərəyanlarına, habelə ölkənin keçmiş və hazırkı rəsmilərinə ünvanlandığı fikirlərlə son 30 il ərzində xalqın və İslam İnqilabının nəcib hərəkatında əmələ gəlmiş parçalanma və ikitirəliyi nəzərdən keçirmişdir.
Ali Məqamlı Rəhbər bu ikitirəliklərdən, təfriqələrdən bəzilərinin səbəbi kimi “əqidə və ideologiyalar”ın fərqliliyini qeyd edərək əlavə etdi: “Həqiqətdə bəzi ixtilaf və ikitirəliklərin əsasında mənafe marağı, digərlərində isə idarəetmənin əsas icra metodları ilə bağlı nəzər müxtəlifliyi durmuşdur. Bunlardan hər biri fərqli surətdə qarşılanmalıdır”.
İslam İnqilabının Rəhbəri imam Xomeyninin (r.ə) qarşıya çıxan ixtilaf və ikitirəliklərə qarşı hansı mövqe seçməsi ilə bağlı məsələyə də toxunaraq qeyd etdi: “Mərhum imam Xomeyni (r.ə) Həzrət Əmirəl-möminin (ə) siyasi diplomatiyasını nümunə götürərək “siyasi cərəyanların və qarşıya çıxan ixtilafların ideoloji mahiyyətinə və tutumuna müvafiq olaraq” onlara qarşı fərqli mövqe seçirdi”.
Həzrət Ayətullah Xamenei İmamın (r.ə) müvəqqəti hakimiyyətlə, “Qisas” layihəsinə müxalif çıxanlarla və “Münafiqin” qruplaşması ilə hansı şəkildə mübarizə aparmasını xatırladaraq dedi: “İmam Xomeyni (r.ə) əvvəlcə soyuqqanlılıq göstərərək nəsihət verir, bu metod nəticəsiz qaldıqda isə qətiyyət nümayiş etdirirdi”.
Həmçinin Ali Məqamlı Rəhbər bu məsələ ilə bağlı belə əlavə etdi: “İmamın (r.ə) hətta ölkə prezidentliyi müstəvisindən kənarda da məhz bu cür mövqe seçimi açıq-aşkar müşahidə olunurdu. Belə ki, ömrünün sonlarına doğru İmam (r.ə) artıq soyuqqanlılıq göstərməyin mümkün olmadığını hiss etdiyi bəzi şəxslərə qarşı qəti mövqe tutdu”.
Həzrət Ayətullah Xamenei təfriqəçi cərəyanların inqilabi və dini keçmişinə işarə edərək dedi: “Bu ixtilaflardan bəzilərinin mahiyyətində hakimiyyətin idarəetmə metodları ilə bağlı nəzər müxtəlifliyi dururdu. Lakin bir qrup şəxslər fundamental ixtilaflar, yaxud mənafe naminə hərc-mərclik ucbatından İslam İnqilabına və imam Xomeyniyə (r.ə) qarşı çıxdılar. Onlar səhv və yanlış olan ünsürləri öldürücü zəhər kimi qurumun ruhuna və cisminə yeritmək üçün çalışırdılar. İmam (r.ə) bu təhlükəni hiss edən kimi soyuqqanlılığı və mülayimliyi bir kənara qoyaraq həmin şəxslərə qarşı ciddi mübarizəyə qalxdı”.
Ali Məqamlı Rəhbər fundamental ixtilafların əksinə olaraq siyasi təmayül və idarəetmə metodları ilə bağlı ixtilafların cəmiyyət üçün xeyirli olduğunu qeyd edərək dedi: “Tənqidi mövqedən yanaşan şəxslərin və cərəyanların cəmiyyətdə var olması ölkənin xeyrinədir. Bir şərtlə ki, bu fərqli təmayüllülük fundamental əsasların – yəni (Bunlar “fundamental prinsip” adı verilən, həqiqətdə isə İslam İnqilabının əsaslarına yad olan məsələlər deyil) “İslam dini, ölkə Konstitusiyası, imam Xomeyninin (r.ə) nəsihətləri və göstərdiyi yolun” çərçivəsindən kənara çıxmasın”.
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Bəzi təbliğatların əksinə olaraq əgər hər hansı bir şəxs və ya cərəyan müxalifətçi əqidəyə, yaxud belə desək, “başqa cür düşüncə”yə malikdirsə, mövcud qurumun onunla heç bir işi yoxdur. Lakin hər hansı bir cərəyan qarşıdurma vəziyyəti yaratmaq, zərbə endirmək, İslam İnqilabının başı üzərində qılınc çəkmək mövqeyini seçərsə, dünyanın heç bir yerində olmadığı kimi, İranda da belə bir davranışa dözümlü yanaşılmayacaq, mövcud qurum özünü müdafiə etmək məqsədilə ona qarşı qətiyyətlə mübarizəyə qalxacaq”.
Ali Məqamlı Rəhbər bildirdi ki, qurumun ölkədəki müxtəlif cərəyanlara münasibətdə yürütdüyü siyasət maksimum dərəcədə özünə cəlbetmə və minimum dərəcədə özündən uzaqlaşdırma siyasətindən ibarətdir. Daha sonra o, əlavə etdi: “Mövcud qurum məcburiyyət qarşısında qalmayana qədər heç bir cərəyana qarşı çıxmayacaq. Elə buna görə də ədavət aparmaq, cəmiyyətin asayiş və təhlükəsizliyini pozmaq niyyətində olmayan, qurumun fundamental prinsiplərinə qarşı çıxmayan, yalan və şayiələr yaymaqla məşğul olmayan hər hansı bir şəxs, yaxud cərəyan öz fəaliyyətində və əqidəsini ifadə etməkdə azaddır və onunla heç kəsin işi olmayacaq”.
Tehranda qılınmış bugünkü cümə namazının ikinci xütbəsi İslam İnqilabı Rəhbərinin fəal siyasi xadimlərə, ölkə rəsmilərinə, habelə “konkret nüfuz və qüdrətə malik olan şəxslərə” onların doğru yoldan yayınmamaq, fəsada düçar olmamaq üçün son dərəcə diqqətli olması barədə təkidli tövsiyələri ilə davam etdi.
Ali Məqamlı Rəhbər kiçicik səhvlərə qarşı səhlənkarlığın böyük xətalar və qəti tənəzzül üçün zəmin yaratdığını vurğulayaraq Quran ayələrinə istinadən dedi: “Yol verilən sapmalar tədricən insanın daxili aləmini korlayır, bu da öz növbəsində əməldə, bəzən isə əqidədə sapmaların əmələ gəlməsi ilə nəticələnir. Elə bu səbəbdən də hamımız Allah-Taala naminə pis əməllərdən çəkinib yaxşı işlər görməklə bir-birimizə, o cümlədən ailə üzvlərimizə qarşı diqqətli olmalıyıq”.
Həzrət Ayətullah Xamenei xalqa bu mövzu ilə bağlı ölkədəki məsul şəxslərə nəsihət verib yol göstərməyi tövsiyə edərək dedi: “Ölkə rəsmilərimizin səhvə yol verməməsi üçün xalqımız müxtəlif üsul və vasitələrlə onlara məsləhətlər verib yol göstərməlidir. Çünki məsul vəzifəli şəxslərin səhvə yol verib doğru yoldan sapması mövcud qurum, ölkə və xalq üçün daha təhlükəlidir”.
Həzrət Ayətullah Xamenei İslami dövlət quruluşunun da hər hansı bir fərd kimi səhvə, doğru yoldan sapınmaya və fəsada düçar olmasının mümkünlüyünü bildirərək əlavə etdi: “Əgər hamımız diqqətli və məsuliyyətli olmasaq, İslam Respublikasının yalnız quruca adı – zahiri maketi qala bilər; qurumun xarakteri, davranışı, mahiyyəti və fəaliyyət proqramı qeyri-İslami şəkil alar”.
Həmçinin Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin və cəmiyyətin ədalətpərvərliyə, İslam dininə müvafiq əxlaq və davranışa, azad bir atmosferdə “intellektual, elmi və sənaye inkişafı”na, “düşmənlər və beynəlxalq zülm cəbhəsi”nə qarşı qüdrətli mübarizəyə doğru irəliləyişi mövcud qurumun mahiyyətcə sağlam, fəsad və mərəzlərdən uzaq olmasının əlamətidir.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqımız ayıq-sayıq olmalı və bilməlidir ki, cəmiyyət və mövcud qurum öz hərəkatında qeyd olunandan başqa bir yol seçərsə, cəmiyyətdə kəskin təbəqələşmə, azadlıqdan fəsad və mənəvi pozğunluq üçün istifadə etmək, dünya arenasındakı “qoluzorlular”ın qarşısında geri çəkilmək kimi məsələlər ortaya çıxarsa, bunlar İslami dövlət quruluşunun qeyri-sağlam olmasının göstəriciləridir”.
İslam İnqilabının Rəhbəri Həzrət imam Xomeyninin (r.ə) fundamental görüşlərinə sadiq qalaraq irəli sürdüyü şüarların arxasınca getməyi bütün problemlərdən çıxış yolu, habelə “xalqın tərəqqisinin, qürur və iftixarının qarantı” adlandıraraq dedi: “Seçkidən sonra baş verən iğtişaşlardan tam aydın olduğu kimi düşmən qurumun xalq tərəfdən aldığı dəstəyə zərbə endirmək niyyətindədir. Buna görə də hamımız diqqətli olmalıyıq!”
Ali Məqamlı Rəhbər 12 iyun prezident seçkilərində əhalinin yüzdə 85 faizlik – 40 milyonluq iştirakını xalqın İslam dövlətinə olan inam və etimadının olduqca gözəl təzahürü adlandıraraq xatırlatdı: “Düşmənlər və təəssüflər olsun ki, ölkə daxilindəki bəzi ünsürlər bu reallığı görməməzliyə vuraraq xalqın mövcud quruma inamsızlığından danışırlar. Lakin, İnşaallah, hamı gələcək illərdə ölkəmizdə baş tutacaq seçkilərdə düşmənlərin və ölkə daxilindəki “həqiqətdən bixəbər olan məlumatsızlar”ın bütün səylərinə baxmayaraq xalqın yüksək səviyyəli, mətin iştirakının bir daha şahidi olacaqdır”.
Həzrət Ayətullah Xamenei hər bir hökumətə qarşı dost və düşmən münasibətin olmasını təbii bir məsələ adlandıraraq əlavə etdi: “Dünyada elə bir hökumət yoxdur ki, ölkədə, yaxud xaricdə ona qarşı hamı birmənalı şəkildə ya müsbət, ya da mənfi münasibətdə olsun. Eynilə tarix boyu da hər bir hökumətin müxalifləri və tərəfdarları olmuşdur. Mühüm olan budur ki, hər bir hökumətə müxalif və tərəfdar olanların kimliyinə diqqət yetirilsin”.
Ali Məqamlı Rəhbər beynəlxalq soyğunçu və istismarçıların, o cümlədən ABŞ və İngiltərənin müxalifliyini, xəbis sionistlərin İran İslam Respublikasına qarşı düşmənçiliyini xatırladaraq əlavə etdi: “Bu müxalifət xalqımız üçün iftixar doğuran bir haldır; bu, əsla heç kəsi qorxutmamalı, düşmənə boyun əyməyə sövq etməməlidir. Bütün dünyada imanlı, azadlıqsevər xalqlar, müstəqil fikirli siyasətçilər İran xalqının və İslam dövlətinin havadarlarıdır və bu tərəfdaşlıq İslam Respublikasının haqlı olduğunu göstərir”.
İslam İnqilabının Rəhbəri ölkənin və onun parlaq gələcəyinin gənc nəsilə aid olduğunu bildirərək əlavə etdi: “Əziz gənclərimiz ayıq-sayıqlıq göstərib üzərlərinə düşən məsuliyyəti dərk edərək İslam hökumətinin davam etdirilməsi və təkmilləşməsinə çalışmalıdırlar. Belə ki, İslami dövlət quruluşunun beynəlxalq arenada elm, iqtisadiyyat, siyasət, informasiya baxımından qüdrəti bütövlükdə xalqın, xüsusilə də ölkəmizin ruh yüksəkliyi ilə dolu gənclərinin izzət və iftixar mənbəyidir”.
Cümə namazının ikinci xütbəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei hamılıqla ayıq-sayıq olmağın zəruriliyinə toxunaraq təkidlə qeyd etdi: “Xalqımız diqqətli olmalıdır ki, bəziləri ötən on il ərzində də vaxtaşırı etdikləri, lakin əhalinin ayıq-sayıqlığı nəticəsində zərərsizləşdirilmiş manevrlərlə xalq üçün saxta bir İslam Respublikası yarada və imam Xomeyninin (r.ə), İslam İnqilabının daim maraq doğuran, həmişəyaşar və səmərəli şüarlarını zəiflədə bilməsinlər”.
Eyni zamanda İslam İnqilabının Rəhbəri cümə namazının xütbələrində mərhum Ayətullah Taliqaninin və Şəhid Ayətullah Mədəninin əziz xatirələrini böyük ehtiramla yad edərək əlavə etdi: “Bu iki dahi insanın xatirəsi İranda cümə namazının tarixi ilə bağlanmışdır. Onların unudulmaz xidmətləri İran xalqının hafizəsindən və bu ölkənin tarixindən heç bir zaman silinməyəcəkdir”.