İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Venesuela Respublikasının dövlət başçısı cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bunları qeyd etdi: “İran İslam Respublikası və Venesuela ikitərəfli münasibətləri və qarşılıqlı əməkdaşlığı daha da genişləndirməli və yenicə yaradılmış istiqlal cəbhəsinin əvvəlkindən də artıq güclənərək möhkəmlənməsi üçün münasib zəmin hazırlamalıdırlar”.
Ali Məqamlı Rəhbər düşmənlərə qarşı mübarizə aparmaq üçün mənəvi və psixoloji baxımdan qüvvətlənməyin vacibliyini təkidlə bildirərək əlavə etdi: “İnsanın daxilində yenilməzlik və müqavimət psixologiyası yaranarsa, o, əməl meydanında sarsıntı və məğlubiyyətin nə olduğunu bilməz”.
İslam İnqilabının Rəhbəri ABŞ-ın dünyanın müxtəlif regionlarında üzləşdiyi uğursuzluqlara toxunaraq bildirdi: “ABŞ-ın ardıcıl olaraq müvəffəqiyyətsizliyə düçar olması, habelə bu dövlətin qüdrət və əzəmətinin azalması inkaredilməz bir reallığın – “Dünyada dəyişikliklər baş verməkdədir!” faktının bariz göstəricisidir”.
Həzrət Ayətullah Xamenei ABŞ-ın İraq, Əfqanıstan, Livan və Fələstində böyük maliyyə vəsaiti sərf etməsinə baxmayaraq düçar olduğu məğlubiyyətlərə işarə edərək dedi: “ABŞ-ın İran İslam Respublikası ilə bağlı uğursuzluğu digər regionlara nisbətən daha da şiddətlidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Latın Amerikasında da vəziyyət dəyişmişdir. Hazırda ABŞ-ın “arxa məhəlləsi” adlanan bu regionda günü-gündən çiçəklənərək inkişaf etməkdə olan bir dövlət formalaşmışdır”.
İslam İnqilabının Rəhbəri müqavimət cəbhəsinin əldə etdiyi nailiyyətlərin rəhninin məhz insanların səy və iradəsi, habelə Allah-Taalanın köməyi olduğunu vurğulayaraq xatırlatdı: “Müqavimət cəbhəsinin günü-gündən güclənməsi üçün bu səylər daha da artırılmalıdır”.
Həmçinin Həzrət Ayətullah Xamenei qarşılıqlı siyasi dəstək və əməkdaşlığı müqavimət gücünün artırılması üçün vacib şərtlərdən biri hesab edərək xüsusilə vurğuladı: “İran və Venesuela arasında siyasi baxımdan yekdilliklə yanaşı sənaye, iqtisadiyyat, bankçılıq, nəqliyyat sferalarında da qarşılıqlı əməkdaşlıq əvvəlkindən daha çox genişləndirilməlidir”.
Ölkə prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Venesuelanın dövlət başçısı cənab Hüqo Çavez İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə yenidən görüşməsindən məmnunluq duyduğunu qeyd edərək, o cümlədən İİR-nın prezidenti ilə olduqca müsbət danışıqlar apardığını bildirərək əlavə etdi: “Müzakirələrdə qarşılıqlı əməkdaşlığın genişlədirilməsi istiqamətində olduqca müsbət razılaşmalar əldə edildi. Bunlardan biri də iki ölkə arasında müştərək bank alyansının yaradılması ilə bağlı əldə edilmiş razılaşmadır”.
Venesuelanın ölkə başçısı cənab Hüqo Çavez bu müştərək bankın güclü bir iqtisadi struktura çevrilərək digər ölkələrdə də genişlənə biləcəyini vurğulayaraq əlavə etdi: “Düşmənlərin məkrli planlarına qarşı yeganə mübarizə yolu məhz birlik, həmkarlıq və öz qüdrətini daha da artırmaqdır”.
Həmçinin Venesuela Respublikasının prezidenti qeyd etdi ki, hər cür problemlərin aradan qaldırılması və əldə olunmuş razılaşmaların tez bir zamanda həyata keçirilməsi üçün Ali Nəzarət Komitəsi təşkil olunacaq və bu komitə qarşılıqlı surətdə əldə edilmiş razılaşmaların icra prosesi barədə hər iki aydan bir məlumat verəcək.