Dünən axşam imam Həsən Müctəbanın (ə) doğum gününə təsadüf edən bir gündə şairlərdən, ali təhsilli insanlardan, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çalışan şəxslərdən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi atmosferdə görüşərək söhbət etmişlər.
Səmimi söhbətdən sonra görüş iştirakçıları Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazlarını qılmış, İslam İnqilabının Rəhbəri ilə birgə iftar etmişlər.
Görüşün davamında tanınmış və gənc şairlərdən bir neçəsi Aliməqam Rəhbər üçün özlərinin tarixi-qəhrəmanlıq, dini, əxlaqi və ictimai mövzuda olan şeirlərini oxudular.
Mərasimdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabi şairlərin şeirlərinin səviyyə baxımından diqqətəşayan və təqdirəlayiq dərəcədə yüksəlib inkişaf etməsinə işarə edərək dedi: “Sözlər, məna, vəzn, ibarə seçimi və təxəyyülün genişliyi – bütün bunlar ölkəmizdə şeir fidanının inkişaf edib qol-budaq atdığını göstərir”.
Ali Məqamlı Rəhbər inqilab dövrü şeirini mütəmadi, daim irəliləyişdə olan, olduqca yüksək qiymətləndirilməyə layiq bir hərəkat adlandıraraq, həmçinin yenicə tanınmaqda olan şairlərin yazdığı şeirlərin keyfiyyətcə yüksəlməsinə, ölkədə gənc şair nəslinin heyranedici çiçəklənmə dövrü yaşamasına toxunaraq dedi: “İnqilabi şeir bu günə qədər bir sıra sınaqları müvəffəqiyyətlə arxada qoymuşdur. Lakin bununla yanaşı inqilabi şeir qanad çalaraq İslam İnqilabının yüksək amallarına və məqsədlərinə doğru özünün yüksələn xətt üzrə irəliləyişini mütləq davam etdirməlidir”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabının yüksək amallarını düzgün istiqaməti müəyyən etməyə kömək edən parlaq ulduzlara bənzədərək təkidlə əlavə etdi: “İnqilabi şeir İslam İnqilabının irəli sürdüyü ədalət, əxlaq, həqiqi azadlıq, o cümlədən mədəni azadlıq, xalqın öz müsəlman – iranlı kimliyini yenidən dərk etməsi kimi yüksək anlayış və amallara xidmət etməlidir. Müqəddəs Müdafiə Hərəkatı illərində biz bir daha İran xalqının öz yüksək amallarına doğru qanad açıb ucala bildiyinin şahidi olduq”.
Ali Məqamlı Rəhbər ölkədə seçkidən öncə və sonra baş verən hadisələri zəif və güclü cəhətləri üzə çıxaran bir yarış, eyni zamanda böyük bir nemət adlandıraraq, habelə mədəniyyət və incəsənət adamlarının bu olaylarla bağlı öhdəsinə düşən ağır vəzifəyə işarə edərək dedi: “İncəsənət və mədəniyyət sahəsi ilə bağlı olan hər bir insanın öhdəsinə daim həqiqəti demək, təbliğ etmək və olayların gerçək mahiyyətini açıqlamaq kimi çətin və həssas bir vəzifə düşür. Belə insanlar əsl həqiqəti dərk etmək üçün böyük səy göstərməlidirlər. Belə ki, fitnə-fəsadla dolu olaylar baş verdikdə ortalıqdan baş çıxarmaq, “hücum edən və müdafiə olunan”ı, “dost və düşmən”i tanımaq olduqca çətindir”.
Ali Məqamlı Rəhbər həqiqətdə nə baş verdiyini müəyyənləşdirmək üçün uzaqgörənliyi vacib amil adlandıraraq əlavə etdi: “Mədəniyyət və incəsənət adamları İslam İnqilabı adlı əzəmətli və ardıcıl bir hərəkatın bir hissəsidirlər. Onlar “həqiqət” deyə dərk etdiklərini gözəl nitq və bəyanla xalqa çatdırmalıdırlar. Çünki mədəniyyət aləmində siyasətçilərin metodu ilə hərəkət etmək olmaz. Burada yalnız və yalnız həqiqətləri izah edərək xalqa çatdırmaq yolu ilə düyünləri açmaq mümkündür”.
İslam İnqilabının Rəhbəri soyuq – psixoloji müharibəni bu günün reallığı adlandıraraq 20 il əvvəl etdiyi xatırlatmaları bir daha yada saldı: “İnsan İslam İnqilabına, imam Xomeyniyə (r.ə) və İslam Respublikasının amallarına qarşı yaraqlananları, səf çəkib ağzı nifrət və qəzəb püskürənləri, qeyzlə dişlərini qıcıdanları görəndə soyuq – psixoloji müharibənin varlığına daha çox inanır. Hərçənd, ola bilsin ki, bəziləri bunu görmürlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu soyuq müharibədə mədəni toplumun vəzifəsi lazımi təsir göstərə bilmək üçün sənəti yüksək səviyyədə və münasib formada təqdim etməkdir”.
Görüşün sonunda Həzrət Ayətullah Xamenei şairlərə belə bir tövsiyə etdi: “Klassik ustadların əsərlərini oxumağa və daim bu əsərlərlə ünsiyyətdə olmağa çalışın. Ədəbi-tənqidi məclislərdə şeirin nöqsanlarını aradan qaldırın və fəaliyyətinizi heç bir zaman dayandırmayın”.