Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Onuncu prezident seçkiləri İslam İnqilabının və İslami dövlət qurumunun həyatında yeni bir səhifə açdı

Bu gün axşam ölkə prezidenti və hökumət nümayəndələri ilə görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təkidlə qeyd etmişdir ki, ədalət, fəsadla mübarizə, yoxsul təbəqənin himayə edilməsi, sadə və dəbdəbəsiz həyat tərzi, yoxsul, ehtiyaclı regionlara lazımi diqqət və qayğının göstərilməsi, o cümlədən xalqın üzləşdiyi müxtəlif problemlərin, xüsusən də inflyasiya və işsizlik problemlərinin həlli istiqamətində yorulmaq bilmədən səy göstərilməsinə davam etmək olduqca vacibdir. 

Həmçinin Ali Məqamlı Rəhbər “20 illik perspektiv plan”ın hökumətin fəaliyyəti üçün meyar olduğunu bildirmiş, eyni zamanda onuncu hökumət kabinetinə Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasi kursun (tələsik qərarlar qəbul etməkdən çəkinmək, cəmiyyətin görkəmli ziyalı təbəqəsinin görüşlərinə lazımi diqqət yetirmək, mədəniyyət sahəsində təşəbbüskarlıq, qanuna mütləq şəkildə riayət olunması, xeyirxah tənqidlərin müsbət qarşılanması, ruhani alimlərin və mərceyi-təqlidlərin tövsiyələrinin yüksək səviyyədə dəyərləndirilməsi, ölkənin inkişafı üçün İran-İslam modelinin işlənib-hazırlanması) mükəmməl surətdə həyata keçirilməsini tövsiyə etmişdir.

Doqquzuncu hökumətin üzvlərinin də iştirak etdiyi bu görüşdə İslam İnqilabının Rəhbəri imanlı və cəsur şəhidlərin xatirəsini ehtiramla yad edərək, o cümlədən hökumətin sabit şəkildə öz təsdiqini tapmasına işarə edərək  dedi: “Əhalinin 85 fazinin iştirak etdiyi unudulmaz və izdihamlı 22 xordad (12 iyun) prezident seçkiləri xalqın ölkə rəsmilərinin təyin olunması işində nümayiş etdirdiyi iradə, ixtiyar və məsuliyyət hissinin bariz göstəricisidir. Hamımız İslam quruluşuna və İslam İnqilabına göstərdiyi bu böyük lütfünə görə Uca Yaradana şükürlər etməliyik”.

Həzrət Ayətullah Xamenei xalqın seçkidə 40 milyonluq iştirakının və 25 milyon səs çoxluğu – yeni, misilsiz bir seçki göstəricisi ilə ölkə başçısının seçilməsi faktlarının özündə ehtiva etdiyi ismarışları düzgün dərk etməyin zəruriliyinə işarə edərək xatırlatdı: “Əgər ölkənin məsul vəzifəli şəxsləri, cəmiyyətin seçilən nümayəndələri və görkəmli siyasətçilər bu ismarışları düzgün dərk etsələr, bir sıra düyünə düşmüş məqamlar və problemlər öz həllini tapar”.

Ali Məqamlı Rəhbər xalqın onuncu prezident seçkilərində yüzdə 85 faizlik iştirakını “İslami dövlətçiliyin İslam İnqilabının düşmənlərinin başına vurduğu gürz” adlandıraraq əlavə etdi: “Xalq və İslam İnqilabı bu hərəkətlə hayqıraraq öz dövlətçiliyini dünyaya sübut etdi”.

Həzrət Ayətullah Xamenei məhz İslami əsaslı dövlətçiliyin təsbit olunmasını 22 xordad (12 iyun) prezident seçkilərinin özündə ehtiva etdiyi digər ismarışlardan biri hesab edərək əlavə etdi:  “Ölkə prezidentliyinə namizədlərin İslam dininə, İslam İnqilabına və imam Xomeyni (r.ə) kursuna səmimi-qəlbdən bağlılıq ifadə edən çıxışları həqiqətdə xalqın bu istiqamətə meyilli olduğunu göstərir. Elə bu səbəbdən də möhtərəm namizədlər özlərinin İslam İnqilabına və imam Xomeyni (r.ə) ideyalarına bağlılıqlarını nümayiş etdirməyə ciddi səy göstərirdilər”.

İslam İnqilabının Rəhbəri bu barədə belə qeyd etdi: “Onuncu prezident seçkiləri İslam İnqilabının və İslami dövlət qurumunun həyatında yeni bir səhifə açdı. Əlbəttə, bəzilərinin xalqın bu əzəmətli hərəkatına qarşı reaksiyası alicənab, comərd və etik qaydalara uyğun olmadı. Lakin ölkəmiz və tariximiz üçün yaddaqalan olacaq çox əhəmiyyətli bir fakt məhz İlahi nemət olan xalq hərəkatı və İslam İnqilabının mübarək şəkildə irəliləyişidir”.

Həzrət Ayətullah Xamenei ölkə rəsmilərini, ilk növbədə isə ölkə prezidentini bu İlahi neməti qənimət bilərək buna görə Allah-Taalaya şükür etməyə, eqoizm və təkəbbürdən qəti surətdə çəkinməyə çağıraraq vurğuladı: “Xalqın verdiyi səslərlə iftixar duyaraq bundan dəstək və ilham almaq lazımdır. Eyni zamanda təvazökarlığın zirvəsində durmaq, hər cür təkəbbür və eqoistlikdən də çəkinmək lazımdır. Çünki məhz təkəbbür şeytanın qurduğu ən təhlükəli pusqulardan biridir və cürbəcür yanlışlıqlara, doğru yoldan sapınmalara və tənəzzülə səbəb olur”.

Həzrət Ayətullah Xamenei doqquzuncu hökumət kabinetinin zəhmətkeş və çalışqan üzvlərindən hər birinə fəaliyyət dövründə göstərdikləri gərgin səylərə görə təşəkkürünü bildirərək, həmçinin xalqa xidmət meydanına daxil olmaları münasibətilə onuncu hökumət üzvlərinə “Xoş gəldin!” deyərək əlavə etdi: “Hazırkı reallıq bir qədər diqqət, həssaslıq və tam yüksək keyfiyyətlə müşayiət olunan gərgin zəhmət tələb edir. Allahın fəziləti sayəsində yorulmaq bilməyən, enerji dolu ölkə başçısı öz fəaliyyətini məhz bu istiqamətdə quracaq”.                        

İslam İnqilabının Rəhbəri dövlət nümayəndələrinə özünün on tövsiyəsini ünvanlayaraq əlavə etdi: “Allaha qarşı diqqətli olmaq və Ona təvəkkül etmək, özünü daxilən – mənəvi cəhətdən möhkəmlətmək bütün çətinlik və problemlər üzərində qələbə çalmağın ən mühüm amilidir”.   

Ali Məqamlı Rəhbər onuncu hökumət kabinetinin üzvlərinə növbənöv bədxah və məkrli planlarla üzləşməyə hazır olmağı tövsiyə edərək bildirdi: “Bu hökumətin və mövcud qurumun əleyhinə bir sıra səylər həyata keçiriləcək. Lakin dövlət və millətin bacarığı, ümid və şansları qarşıya çıxan bütün çətinliklərdən və bədxah planlardan daha üstündür”.

İslam İnqilabının Rəhbəri doqquzuncu hökumətin ədalət, fəsadla mübarizə, yoxsul təbəqənin himayə olunması, sadə və dəbdəbəsiz həyat tərzi, ehtiyaclı regionlara lazımi diqqət yetirilməsi, xalqın qayğı və problemlərinin öz həllini tapması yolunda durmadan səy göstərməsinin, habelə bu istiqamətində həyata keçirdiyi əsas fəaliyyət kursunun davam etdirilməsinin vacibliyini bildirərək əlavə etdi: “Bu istiqamətdə gərgin səylərin davam etdirilməsi Uca Yaradanın razılığına səbəb olacaq və xalqı məmnun edəcək”. 

Həzrət Ayətullah Xamenei ədalət kriteriyalarını dəqiq müəyyənləşdirməyin də zəruriliyini xüsusilə qeyd edərək xatırlatdı: “Bütün əməl və davranışlarda, hətta mühakimələrdə və mövqe seçimində ədalət və tarazlaşdırmanı əsas meyar götürmək lazımdır”.   

İslam İnqilabının Rəhbəri ölkənin ümumi gəlirinin qeyri-ədalətli şəkildə bölüşdürülməsini ədalətsizliyin konkret nümunəsi adlandıraraq qeyd etdi: “Ayrılan maliyyə vəsaitlərinə gəlincə isə onu qeyd edim ki, yoxsul təbəqənin nümayəndələri dövlətin yardımından daha az bəhrələnirlər. Əvvəlki hökumət kabinetlərinə tövsiyə edildiyi kimi subsidiyaların məqsədyönlü şəkildə istiqamətləndirilməsi bu problemin öz həllini tapmasına yardım edə bilər”.

Ali Məqamlı Rəhbər ədalətdən söz açarkən məntiqi təfəkkürə və mənəviyyata diqqət  yetirməyin də zəruri olduğunu bildirərək əlavə etdi: “Ötən dövrlərdə bir sıra ifratçı çıxışlar edən bəzi qruplar hal-hazırda öz mövqelərini 180 dərəcə dəyişmişlər. Çünki onların “ədalət” tələbi ilə etdiyi çıxışlar ağıla və məntiqi təfəkkürə əsaslanmamışdı”.

İslam İnqilabı Rəhbərinin onuncu hökumət kabinetinə üçüncü tövsiyəsi “20 illik perspektiv plan”a mükəmməl şəkildə diqqət yetirmək olmuşdur.

Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı belə dedi: ““20 illik perspektiv plan”, belə demək mümkündürsə,  Konstitusiyadan sonra ölkənin ən mühüm sənədidir. Buna görə də dövlətin fəaliyyəti və işgüzar mövqeyi “20 illik perspektiv plan”ın meyarlarına əsasən ölçülüb-biçilməlidir”.

Ali Məqamlı Rəhbər “20 illik perspektiv plan”ın icrasına başlanmasından artıq 4 il ötdüyünü xatırladaraq əlavə etdi: “Biz bu mühüm sənəddə nəzərdə tutulan işıqlı gələcəyə doğru irəliləməliyik. Onuncu hökumət hazırladığı fəaliyyət proqramlarının icra sürətini tənzimləməklə bu sənədin qarşıya qoyduğu hədəflərin həyata keçirilməsində öz payına düşən vəzifəni yerinə yetirməkdə davam etməlidir”.

Konstitusiyanın 44-cü maddəsində nəzərdə tutulan siyasi kursun mükəmməl şəkildə həyata keçirilməsi İslam İnqilabı Rəhbərinin ölkə başçısına və yeni hökumət kabinetinə verdiyi digər bir tövsiyə olmuşdur.

Eyni zamanda Həzrət Ayətullah Xamenei bu sahədə görülmüş işlərin qeyri-kafi olduğunu bildirərək əlavə etdi: “Əsaslı infrastruktur dəyişikliklərinin həyata keçirilməsini və iqtisadi dəyişiklik planının təsdiq edilməsini gözləyərək işin çıxılmaz vəziyyətə düşdüyünü güman etmək lazım deyil. Bütün mümkün vasitələrdən istifadə etməklə Konstitusiyanın 44-cü maddəsinin icrası istiqamətində irəliləyişlər əldə etmək lazımdır”.

İslam İnqilabının Rəhbəri ölkənin və əhalinin iqtisadi problemlərinin, xüsusən də inflyasiya və məşğulluq problemlərinin həll edilməsinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “İnflyasiyanın müxtəlif cəhətlərdən, o cümlədən dövlətin təqdim etdiyi xidmət tarifləri sarıdan əhaliyə təsirinin azalmasına nail olmaq istiqamətində fəaliyyət proqramları tərtib edilməli və lazımi səy göstərilməlidir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında onuncu hökumət kabinetinin üzvlərinə iqtisadi layihələrin həyata keçirilməsində tələskənlikdən çəkinməyi və mütəxəssis rəylərindən yararlanmağı təkidlə tövsiyə etmişdir.

700 /