Bu gün axşam ali məktəblərdə dərs deyən müəllimlərdən, Elmi Şuranın üzvlərindən, görkəmli ziyalılardan, universitetlərin rektorlarından və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər. Görüşün əvvəlində aşağıda adları sadalanan xanımlar və cənablar çıxış edərək ali təhsil, elm və mədəniyyət sahələrindəki problemlərə, o cümlədən ictimai-siyasi məsələlərə toxunaraq öz rəy və təkliflərini irəli sürmüşlər:
– Doktor Rza Məhəmmədzadə – İmam Sadiq (ə) adına Universitetin fəlsəfə və kəlam sahələri üzrə müəllimi;
– Doktor Əbdülhüseyn Ruhuləmini – Tehran Universitetinin əczaçılıq fakültəsinin müəllimi;
– Doktor Mehrəngiz Zəmani – Həmədan Tibb Elmləri Universitetinin ginekoloq mütəxəssisi;
– Doktor Məhəmmədrza Mərəndi – Şəhid Behişti adına Universitetin Elmi Şurasının üzvü, siyasi elmlər üzrə mütəxəssis;
– Doktor Kamal Məhamədpur – Xacə Nəsrəddin Tusi adına Universitetin dosenti, kommunikasiya və informasiya sahəsi üzrə mütəxəssis;
– Doktor Rəfizadə – Əmir Kəbir Universitetinin müəllimi, polimer kimyası mühəndisliyi üzrə mütəxəssis;
– Doktor Fərid Əzizi – Şəhid Behişti adına Universitetin müəllimi, vəzlər və şişlər üzrə ixtisaslaşmış mütəxəssis;
– Doktor Qulaməli Əfruz – Tehran Universitetinin psixologiya fakültəsinin elmi heyətinin üzvü;
– Doktor Əkrəm Əmani – İran Pastur İnstitutunun elmi heyətinin üzvü, kimyəvi əczaçılıq laboratoriyasının müdiri.
Görüşdə ali məktəb müəllimləri və tədqiqatçılar əsasən aşağıdakı məsələlər üzərində təkidlə durmuşlar:
– Ali təhsil ocaqlarında fənlərin tədrisi ilə yanaşı mənəviyyata da diqqət yetirilməsi;
– Yardımçı fənlərin, xüsusilə də dini elmlərin himayə edilməsinin zəruriliyi;
– Elmlərin keyfiyyət baxımından yüksəlişi məqsədilə elm və texnologiyanın yenidən qurulması;
– Baş verən müxtəlif hadisələr və ortaya çıxan problemlərlə bağlı cavabdehlik daşıma, üzərinə düşən məsuliyyəti dərketmə və təqsirinə görə üzrxahlıq etmə mədəniyyətinin genişləndirilməsi;
– İslam dövləti ilə ayrı-ayrı şəxsiyyətlər və fərdlər arasında fərq qoymağın vacibliyi;
– Universitetlərin elmi heyət üzvlərinin elmi dərəcələrinin yüksəldilməsi prosesində şəffaflığın təmin edilməsi;
– Seçkidən sonra baş verən hadisələr zamanı bəzi görkəmli siyasi xadimlər, partiya və qrupların milli mənafeyə göz yumaraq yol verdiyi davranışlar;
– Ölkədə siyasi rəqabətin əsaslarının və konkret cizgilərinin müəyyən olmaması;
– Qəsdən, yaxud bilməyərəkdən destruktiv mövqe tutmuş partiyalarla və siyasi xadimlərlə bağlı mövcud qurumun öz birbaşa rəyini açıqlamasının zəruriliyi;
– Təlim-tədris, tədqiqat və icraçılıq işləri ilə əlaqədar bəzi vəzifələrin universitetlərin öhdəsinə buraxılması;
– Universitetlərin elmi səviyyəsinin yüksəldilməsi məqsədilə dərslərin və təhsil resurslarının mütəmadi surətdə yenidən nəzərdən keçirilməsi;
– Son olaylar zamanı zərər çəkmiş insanların hüquqlarının təmin edilməsinin zəruriliyi;
– Seçkidən sonra törədilən iğtişaşların əsl səbəbkarlarına qarşı qeyd-şərtsiz olaraq qətiyyətli mövqenin tutulması;
– Bəzi vəzifəli şəxslərin qanun qarşısında cavabdehlikdən yayınmamasının vacibliyi;
– Mədəniyyət Məsələləri üzrə Ali İnqilab Şurasının “mədəni strukturun icra planı”nın hazırlanıb təqdim olunması işinin sürətləndirilməsi məqsədilə bu məsələyə əvvəlkindən daha artıq diqqət yetirməsi;
– Hökumətin ziyalılar və görkəmli xadimlərlə məsləhətləşmə və fikir mübadiləsi çevrəsini genişləndirməsi üçün daha artıq təşəbbüs göstərməsi;
– Dövlətdə həyata keçiriləcək dəyişikliklərin hədd-hüdudlarının konkretləşdirilməsinin zəruriliyi;
– Universitetlərlə sənaye mərkəzləri arasında hazırda mövcud olan əlaqələrə yenidən baxılmasının vacibliyi;
– Tehrandakı tələbə şəhərciyində törədilən hücumun səbəbkarlarının müəyyənləşdirilərək öz layiqli cəzasını alması prosesinin sürətləndirilməsi;
– Tədqiqat üçün ayrılan büdcənin artırılması və bu vəsaitin milli amallara çatmaq uğrunda məqsədyönlü şəkildə istiqamətləndirilməsi;
– Elmi-tədqiqat işi ilə bağlı məsələlərdə tələsik və düşünülməmiş qərarlar qəbul etməkdən çəkinmək;
– Tədqiqatçılara, təhqiqatçılara və elm xadimlərinə maddi və mənəvi dəstək verilməsinin vacibliyi.
Mərasimdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin elmi tərəqqi yolunda ali təhsil ocaqlarında çalışan insanların, müəllim kollektivinin üzərlərinə düşən mühüm və həssas vəzifəyə toxunaraq vurğuladı: “Gələcək onillikdə “ədalət və tərəqqi”nin reallaşması üçün əsas amillərdən biri ölkədə elmin daha da genişləndirilməsi və dərinləşdirilməsidir”.
İslam İnqilabının Rəhbəri ali məktəb müəllimləri və elm xadimləri ilə hər il bu cür görüşlərin təşkil edilməsini İslam Respublikası quruluşunun elmə və elmin daşıyıcılarına xüsusi ehtiramının, diqqət və qayğısının bariz göstəricisi kimi qiymətləndirərək əlavə etdi: “Ölkəmizin elmi baxımdan öz layiqli yerini tutması üçün elmi tərəqqinin əsas və prinsipial məsələ kimi qarşıya qoyulmasına, habelə müxtəlif elm sahələrində tarazlıq və ekvivalentliyin yaradılmasına böyük ehtiyac duyulur”.
İslam İnqilabının Rəhbəri tədqiqat və araşdırma sahəsinə əvvəlkindən daha da artıq diqqət yönəldilməsinin zəruriliyinə işarə edərək xatırlatdı: “Tədqiqatlar ölkənin real ehtiyac duyduğu istiqamətlərə yönəldilməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi: “Aparılan tədqiqatların nəticələrinin dünyanın elmi dərgilərində əks olunması olduqca zəruridir. Lakin dünyanın bəzi elmi dərgilərində məqalələrin dərc edilməsi ölkənin elmi tərəqqisinin meyarı olmamalıdır”.
Həzrət Ayətullah Xamenei ali məktəb müəllimlərindən bəzilərinin ölkənin ümumi elmi planının hazırlanması barədə səsləndirdiyi fikirlərə də toxunaraq bildirdi: “Bu çıxışlar onu göstərir ki, elmi və ali təhsil problemlərinə aidiyyəti olan səlahiyyətli şəxslərin ölkənin ümumi elmi planının hazırlanması ilə əlaqədar səyləri hələlik reallaşma etapına çatmamış və bu məsələnin üzərində bir qədər də çalışmağa ehtiyac var”.
İslam İnqilabının Rəhbəri ölkənin ümumi elmi planının təqdim olunması işinə ciddi diqqət yetirilməsi və bu məsələnin sürət tempinin artırılmasının zəruriliyinə işarə edərək dedi: “Müxtəlif elm sahələrində mövcud olan hazırkı elmi proqram ölkənin ehtiyaclarına cavab verən və ədalətli bölgüyə əsaslanan bir proqram deyil. Bu problem ölkənin ümumi elmi planının hazırlanıb təqdim olunması ilə öz həllini tapa bilər”.
Həzrət Ayətullah Xamenei ölkədə 3,5 milyon tələbədən 2 milyon nəfərinin humanitar elm sahələri üzrə təhsil almasına xüsusilə işarə edərək vurğuladı: “Bu, narahatedici bir məsələdir. Belə ki, universitetlərin və elmi mərkəzlərin humanitar elm sahələrində yerli, İslami yönümlü tədqiqat imkanları, o cümlədən humanitar elmlər üzrə İslami dünyagörüşünə etiqadlı olan görkəmli müəllimlərin sayı humanitar sahə üzrə təhsil alan tələbələrin bu say göstəricisi həddində deyil”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Humanitar elmlərdən bir çoxu materializmdən, İlahi və İslami təlimlərə inamsızlıqdan qaynaqlanan fəlsəfələrə əsaslanır. Belə elmlərin mənimsənilməsi İlahi – İslami təlimlərə etiqadsızlığın yaranmasına səbəb ola bilər. Bu humanitar elmlərin ali təhsil ocaqlarında tədris olunması dini etiqadın əsaslarına münasibətdə şəkk-şübhələrin, skeptik yanaşmanın rəvac tapması ilə nəticələnəcəkdir”.
İslam İnqilabının Rəhbəri təkidlə qeyd etdi: “Səlahiyyətli orqanlar – istər hökumət, istər Məclis, istərsə də Mədəniyyət Məsələləri üzrə Ali İnqilab Şurası olsun – bu məsələyə ciddi diqqət yetirməlidirlər”.
Həmçinin Həzrət Ayətullah Xamenei elmi problemlərlə bağlı sahələrdə təşkilatlanmadan çəkinməyin vacibliyinə də işarə edərək bildirdi: “Təşkilatların sayının artırılması əvəzinə mövcud birlik və təşkilatları möhkəmləndirmək, eyni zamanda iş effektivliyini daha da artırmaq lazımdır. Elmlər Nazirliyində və digər orqanlarda elmli, inqilabçı, şücaətli və ziyalı insanlardan faydalanmaq lazımdır”.
Çıxışının davamında Həzrət Ayətullah Xamanei təkidlə vurğuladı ki, Elmlər Nazirliyi və Mədəniyyət Məsələləri üzrə Ali İnqilab Şurası ilə görkəmli elm xadimləri arasında qarşılıqlı əlaqələrin yaradılması işinin asanlaşdırılması, habelə ziyalıların və elm xadimlərinin irəli sürdüyü fikirlərdən bəhrələnmək olduqca vacibdir.
Daha sonra İslam İnqilabının Rəhbəri belə qeyd etdi: “Ali təhsil ocaqlarının himayə olunması İslam dövlətinin daimi siyasətidir. Lakin ali təhsil sahəsində çalışan insanlardan da daima gözlənilən budur ki, bu maddi-mənəvi himayə sayəsində gənc tələbə nəslinin və ölkənin elmi gələcəyinin qarşısında, habelə təhsil sistemində islahatların aparılmasında öhdələrinə düşən məsuliyyəti, həqiqətən, dərk etsinlər və ali təhsil işində öz iştirak və fəaliyyətlərini gücləndirsinlər”.
İslam İnqilabının Rəhbəri ali təhsil ocaqlarında mənəvi atmosferin genişləndirilməsi üçün təşəbbüs göstərilməsinin də zəruriliyinə toxunaraq dedi: “Gənclərimiz və tələbələrimiz dini etiqad və ibadətə nə qədər meyilli olsalar, onların əməlləri, davranışı və təfəkkürü bir o qədər xətərdən uzaq olar və cəmiyyət onlardan daha çox bəhrələnər”.
Ali Məqamlı Rəhbər çıxışının digər bir qismində ölkədə prezident seçkilərindən sonra baş verən son olaylara toxunaraq dedi: “Bu hadisələr ölkəmizi həlledici bir siyasi sınaqla üz-üzə qoydu və İslam Respublikası quruluşu öz yüksək potensialı sayəsində bu problemlərə üstün gəlməyə müvəffəq oldu”.
Həmçinin İslam İnqilabının Rəhbəri xatırlatdı: “Bu cür olayların və problemlərin ortaya çıxması İslam Respublikası üçün bir o qədər də gözlənilməz olmamışdır və bu gün də belə deyil. Bunun səbəbi isə İslam Respublikasının öhdəsinə götürdüyü konkret missiyanı yerinə yetirməsi, cəmiyyətdə İslam çərçivəsi daxilində müxtəlif azadlıqların mövcud olmasıdır”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının azadlığa olan etiqadının həqiqi və qeyri-taktiki bir məsələ olduğunu xüsusi vurğulayaraq dedi: “İslami dövlət quruluşunda mövcud olan azadlıq İslam dini çərçivəsində müəyyənləşdirilmiş həqiqi azadlıqdır. İslam Respublikası Qərbin nəzərdə tutduğu həqiqi olmayan azadlığı qəti şəkildə qəbul etmir və şübhəsiz ki, bu məsələdə Qərbə qarşı heç bir vəchlə yumşaqlıq göstərməyəcək”.
Ali Məqamlı Rəhbər prezident seçkilərindən sonra ölkədə baş verən bu cür hadisələr zamanı xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin üzərinə düşən vəzifə barədə danışaraq belə qeyd etdi: “Birmənalı şəkildə bu məxməri – psixoloji müharibədə və mübarizədə tələbələrə nisbətən ali məktəb müəllimlərindən daha çox şey gözlənilir”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Tələbələr, əslində, bu cəbhənin təfəkkür, əməl və uzaqgörənliyə malik olmaqla yanaşı meydanda iştirakı ilə də seçilən gənc zabitləridir. Onlar meydanda sınağa çəkilərək müəyyən çərçivə daxilində hərəkət edirlər. Ali məktəb müəllimləri isə bu məxməri müharibənin komandanlarıdır”.
Həzrət Ayətullah Xamenei təkidlə qeyd etdi: “Bu cəbhənin komandanları qlobal miqyaslı məsələlərin mahiyyətini dərindən öyrənməli, düşməni yaxşı tanımalı, məqsədinin nə olduğunu bilməli, buna müvafiq olaraq böyükmiqyaslı planlar cızmalı və həmin planlara uyğun hərəkət etməlidirlər”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu rolu ifa etməyi bacaran hər bir ali məktəb müəllimi İslam Respublikasının bu günü və gələcəyi üçün layiqli bir müəllim olacaq!”
İslam İnqilabının Rəhbəri hazırkı şəraitdə ali məktəb müəllimlərinin üzərinə düşən ən mühüm vəzifə kimi tələbələrin analiz bacarığının artırılması, universitetlərdə optimizm, gələcəyə inam ruhiyyəsinin və yüksək elmi fəaliyyət atmosferinin yaradılmasını qeyd edərək əlavə etdi: “Düşmənin planı ali məktəblərdə pessimizm və gələcəyə ümidsizlik atmosferinin yaradılmasıdır. Məhz düşmənin bu planının əksinə olaraq ali məktəblərin fəaliyyətini, tədris mühitini gələcəyə inam və optimizm üzərində kökləmək lazımdır”.
Həzrət Ayətullah Xamenei ali təhsil ocaqlarının və müəllimlərin öhdəsinə düşən digər bir vəzifənin məhz tələbələrin öz fikirlərini, nöqteyi-nəzərlərini ifadə etməsi üçün lazımi şərait yaradılmasından ibarət olduğunu deyərək vurğuladı: “Azad fikir atmosferinin yaranması üçün ən yaxşı zəmin universitetlərdə azad fikir tribunalarının ən qısa zamanda işə başlamasıdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər siyasi, ictimai, hətta ideoloji və təriqət məsələləri ilə bağlı mübahisələr polemikaya girmək bacarığına malik şəxslərin iştirakı ilə sağlam mühitlərdə aparılsa, bu cür mübahisələrin ictimai sferalara daşınması boş yerə vaxt itkisinə səbəb olmaz”.
Həmçinin İslam İnqilabının Rəhbəri prezident seçkilərindən sonra ölkədə baş verən hadisələr zamanı bəzi şəxslərə yetirilən xəsarətlərə də toxunaraq əlavə etdi: “Bu olaylardan zərər çəkmiş bütün insanlar bilsinlər ki, İslam dövləti əsla iltifat göstərib güzəştə getmək fikrində deyil. Mövcud quruluşla açıq-aşkar mübarizə aparanlara qarşı qanunçuluq və hüquq prizmasından mübarizə aparıldığı kimi, hər hansı bir cinayət, yaxud pis bir əməl törədilərsə, bunun səbəbkarları barəsində də qanunçuluq və hüquq yolu ilə lazımi tədbir görüləcəkdir”.
Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, daha sonra isə görüş iştirakçıları İslam İnqilabının Rəhbəri ilə birgə iftar etdilər.