Bu gün axşam müxtəlif ali təhsil ocaqlarının tələbələri, universitetlərdə çalışan görkəmli elm-mədəniyyət xadimləri, müxtəlif tələbə təşkilatlarının üzvləri və nümayəndələri İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşmüşlər. Bu görüş səmimi və şən bir atmosferdə baş tutmuşdur.
Görüşdə tələbə təşkilatlarının nümayəndələri, universitetlərin görkəmli elm-mədəniyyət xadimləri ölkədəki ali təhsillə, həmçinin müxtəlif elmi, ictimai, mədəni və siyasi məsələlərlə bağlı öz fikirlərini bildirmişlər.
Görüşdə aşağıda adları sadalanan xanımlar və cənablar çıxış etmişlər:
– Əlirza Arami Nejad – Həmədandakı Əbu Əli Sina Universitetindən Tələbə İslam Cəmiyyəti Birliyinin nümayəndəsi;
– Əli Piran Nejad – Tehran Universitetindən yüksək ali təhsil pilləsinin birincisi, Görkəmli Şəxslər Milli Fondunun elmi mükafatını qazanmışdır.
– Zəhra Əhmədi – Əz-Zəhra Universitetindən Birliyin Möhkəmləndirilməsi İdarəsinin mərkəzi şurasının üzvü;
– Şəban Əlizadə – yüksək ali təhsil pilləsinin birincisi, Müdərris Pedaqoji Universitetinin doktorantura tələbəsi, 2005-ci ildə ölkənin nümunəvi tələbəsi seçilmişdir.
– Səid Süleymani – Tələbə Səfərbərliyi Təşkilatının Elm və Sənaye Universiteti üzrə nümayəndəsi;
– Məhəmməd Əli Səmimi – Şəhid Rəcai Universitetinin fəal mədəniyyət xadimlərindən biri;
– Mehdi İcrai Tusi – Müstəqil Tələbə İslam Təşkilatı Birliyinin nümayəndəsi;
– Seyid Müctəba Müntəziri – Azad İslam Universitetinin təmsilçisi, İran Tələbərinin İslami Təşkilatının nümayəndəsi;
– Sara Məşhun – elm xadimi, Şərif Sənaye Universitetindən Beynəlxalq Astronomiya Olimpiadasının medalına layiq görülmüşdür.
– Seyid Həsən Fəğan Muvəmmeli – Şahrud Sənaye Universitetindən Ədalətpərvər Tələbə Cərəyanının nümayəndəsi;
– Əli Əsgəri – Şərif Sənaye Universitetinin fəal tələbələrinin nümayəndəsi.
Bugünkü görüşdə çıxış edənlər aşağıdakı məsələlərə toxunmuşlar:
– Proqramlaşdırma Hərəkatının sürət tempinin artırılması məqsədilə lazımi zəminin yaradılması üçün milli özünəinam hissinin (xüsusən də tələbə birlik və təşkilatlarında) gücləndirilməsi;
– İranın iftixar doğuran elmi keçmişinin və dəyərlərinin gənc nəsilə təqdim olunması;
– Ölkənin elmi tərəqqisi üçün “İran-müsəlman modeli”nin hazırlanmasının zəruriliyi;
– Qərbin geniş yayılmış şüar və modelləri qarşısında acizlik hissi duymaqdan, habelə bu şüar və modellərə təslim olmaqdan çəkinmək;
– Ən yaxın zamanda universitetin həyətində baş vermiş hadisəyə qəti və qaneedici hüquqi qiymət verilməsinin zəruriliyi, eyni zamanda zərərçəkmiş tələbələrə lazımi mənəvi dəstək göstərilməsinin vacibliyi;
– Son zamanlar ölkədə baş vermiş iğtişaşların, fitnə-fəsadın təhrikçilərinin və səbəbkarlarının ictimaiyyət qarşısında cavab verməsinin vacibliyi;
- Görkəmli şəxslərin və ziyalıların bədxahlar tərəfindən hazırlanan sui-qəsd planlarına və fitnəkar əməllərə qarşı ayıq-sayıq, müdrik və uzaqgörən olmasının zəruriliyi;
- Ölkənin və cəmiyyətin tərəqqisi üçün lazımi bünövrənin yaradılması məqsədilə humanitar elmlərə xüsusi diqqət yetirilməsi;
– Məhkəmə Hakimiyyətinin hansı dairədə və səviyyədə olmasından asılı olmayaraq korrupsiya və qanun pozuntularına qarşı qəti və barışmaz mübarizənin aparılması;
– Yadellilərin, o cümlədən ABŞ və İngiltərənin İranın daxili işlərinə hər hansı bir müdaxiləsinə qarşı qəti və düşünülmüş formada mübarizə aparılması;
– Həzrət imam Xomeyninin (r.ə) “Vilayəti Fəqih” (fəqihin rəhbərliyi) barədə başlıca ideya və görüşlərinin dərindən öyrənilməsinin zəruriliyi;
– Universitetlərdə azad fikir tribunlarının ən yaxın zamanda fəaliyyətə başlaması;
– Ölkə başçısının və dövlətin ziyalılarla, görkəmli şəxslərlə daha çox həmkarlıq etməsi, dövlətin müşavirə çevrəsinin daha da genişləndirilməsi;
– Administrasiya işinin layiqli surətdə təşkil edilməsinin və cinsi ayrı-seçkilik hallarına yol verilməməsinin zəruriliyi;
– Baş verən hadisələr barədə ictimaiyyətə tam və dəqiq informasiyanın çatdırılması;
– Universitetlərdə tədqiqatların aparılması üçün ümumi bir sistemin yaradılmasının, həmçinin ali təhsil ocaqlarında tələbələr tərəfindən aparılan tədqiqat işlərində eynicinslilik və yeknəsəqliyin qarşısının alınması;
– “Tərəqqi və ədalət” onilliyində 4 vacib məsələyə – yəni elmi bünövrənin möhkəmləndirilməsi, tələbələrin hüquqlarına və günü-gündən artan tələblərinə diqqət yetirilməsi, üçüncü nəsildə ədalətpərvərlik hissinin gücləndirilməsi, “İnqilab, İmam (r.ə) və Rəhbərlik” şüarının daha çox yayılması məsələlərinə tam diqqət yetirilməsi;
– Xaricilərin apardığı psixoloji və soyuq müharibəyə qarşı hərtərəfli və elmi müqavimət göstərmək üçün düzgün, işəyararlı tədbirlər proqramının hazırlanması;
– Nifaq törətmək məqsədini güdən yeni, məkrli bir cərəyanın təzahürünə məhz “Zirar” məscidinin simvolu olaraq qiymət verilməsi və buna qarşı ayıq-sayıqlıqla, müdrikliklə mübarizə aparılması;
– Quruculuq və yoxsulluğun aradan qaldırılması sferalarında tələbə cihad hərəkatlarının gücləndirilməsi və bu istiqamətdəki fəaliyyətin yalnız dövlətin öhdəsinə buraxılmasından çəkinmək;
– “Prezident seçkilərində xalqın 85 milyonluq iştirakı” faktının ehtiva etdiyi həqiqi ismarışın, yəni xalqın dini demokratiyaya əsaslanan dövlət quruluşuna öz bəslədiyi etimada səs verməsinin dərk olunması.
– Bütün məsul vəzifəli şəxslərin xalqın ədalət tələbinə qarşılıq vermək naminə dayanmadan səy göstərməsi;
– Müxtəlif ictimai-siyasi hadisələrə münasibətdə müxtəlif orqanlarda çalışan vəzifəli şəxslərin daha çox tədbirli olması;
– Vəzifəli şəxslərin fəaliyyətinin reallığa həqiqi qiymət verilməklə insaflı şəkildə tənqid olunması;
– Konstitusiyanın müxtəlif bəndlərinin, xüsusilə də xalqın müxtəlif təbəqələrinin məişət və ictimai rifahının təmin edilməsi ilə bağlı bəndlərinin icra olunması.
Görüşdə tələbələrin və tələbə təşkilatlarının nümayəndələri çıxış etdikdən sonra Həzrət Ayətullah Xamenei bəzi tələbələrin etdiyi dəqiq və qətiyyətli çıxışlara, düzgün təhlillərə toxunaraq qeyd etdi ki, gənc tələbə nəslinin bu həyəcanlı, analitik, tələbkar, emosional və böyük həvəs dolu əhval-ruhiyyəsi ölkənin, İslamın və müsəlman ümmətinin gələcəyinin qarantıdır. Daha sonra o vurğuladı: “Müsəlman, mömin tələbə təşkilatlarının hamısı adlarındakı fərqliliyə baxmayaraq İranın və İslam Respublikasının parlaq gələcəyinin qarantı hesab olunurlar”.
İslam İnqilabının Rəhbəri tələbələrdən bir neçəsinin ölkədə baş verən son olayların pərdəarxası təqsirkarlarının üzə çıxarılaraq mühakimə edilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunaraq xatırlatdı: “Bu qədər əhəmiyyətli problemlərlə bağlı güman, ehtimal və şayiələrə əsaslanaraq hərəkət etmək olmaz”.
Ali Məqamlı Rəhbər İslam Respublikası dövlət quruluşunu İran xalqının son 30 il ərzində böyük səy və zəhmətinin bəhrəsi adlandıraraq təkidlə əlavə etdi: “Hər kəs əmin olsun ki, cinayət və günah qarşısında heç bir halda güzəşt və tolerantlığa yol verilməyəcək. Lakin belə önəmli məsələlərdə Ədliyyə Orqanı möhkəm dəlillərə əsaslanaraq mühakimə yürütməlidir. Hətta şayiələrdən bir çoxu üçün şahidlər və şahid ifadələri mövcud olsa belə, bu şahidlər mühakimə yürüdülməsi üçün əsas götürülə bilməzlər”.
Həmçinin Həzrət Ayətullah Xamenei bu məsələ ilə bağlı bunları da qeyd etdi: “İslam Respublikasının gördüyü qlobal miqyaslı işlərə mütləq bütün məsələləri nəzərə almaqla və məsələlərə birtərəfli yanaşmaqdan çəkinməklə baxılmalıdır. Əgər bu sahədə bu günə qədər görülmüş və gələcəkdə görülməsi nəzərdə tutulan işlərə məhz bu prizmadan yanaşılsa, onlar insaf və ədalətə söykənən hər bir insanın zehni üçün qənaətbəxş olar”.
Həzrət Ayətullah Xamenei çıxış edən tələbələrdən bəzilərinin Rəhbərlik məqamının Universitetin həyətində baş vermiş olay və Kəhrizək məsələsi ilə əlaqədar sərt və qətiyyətli mövqe seçilməsi barədə verdiyi tapşırığa işarə edərək, həmçinin bu tapşırığa ciddi surətdə əməl edilməsinin vacibliyini xüsusilə vurğulayaraq bildirdi: “Seçkidən sonra baş verən hadisələr zamanı iğtişaşlara və cinayətlərə yol verilmişdir. Bütün bunlara qarşı sərt və qəti mövqe tutulacaqdır”.
Ali Məqamlı Rəhbər universitetin həyətində baş verən olaya və buna bənzər digər hadisələrə rəhbərlik edənlərə qarşı sərt mövqe tutulması ilə bağlı sırf təbliğat xarakterli işlərdən çəkinməyin zəruriliyinə də toxunaraq bildirdi: “Təbliğat işi aparmaq lazım deyil. Lakin elə ilk gündən ciddi tapşırıq verildi ki, bu qəbildən olan məsələlərə qarşı lazımi diqqət yetirilməklə qəti mübarizə aparılsın”.
Həzrət Ayətullah Xamenei bir daha xatırlatdı: “Universitetin həyətində baş verən olay zamanı çox böyük iğtişaş və qarşıdurma yaranmışdır. Günahkarların korporativ mənsubiyyətindən asılı olmayaraq cəzasına çatması üçün bu hadisə ilə bağlı xüsusi dosye hazırlanmışdır”.
Həzrət Ayətullah Xamenei asayişin keşiyində duran polis dəstələrinin, hərbi və səfərbərlik polisinin göstərdiyi xidmətləri yüksək qiymətləndirərək və bu xidmətlərinə görə onlara təşəkkür edərək qeyd etdi: “Bu böyük xidmətlər bəzi şəxslərin yol verdiyi cinayətlərin araşdırılması üçün əsla maneə olmamalıdır. Əgər bu orqanlardan hər hansı biri ilə əlaqədar olan bir şəxs iğtişaş, yaxud cinayət törətmişsə, onun barəsində mütləq surətdə ölçü götürülməlidir”.
Ali Məqamlı Rəhbər Kəhrizək olayında zərərçəkmiş şəxslərə lazımi dəstək göstərilməsinin, həmçinin bu hadisə zamanı bir neçə insanın həyatına son qoyulması məsələsi ilə bağlı lazımi araşdırmalar aparılmasının zəruriliyini bildirərək əlavə etdi: “Əlbəttə, bu qəbildən olan məsələlər qətiyyən diqqəti seçki sonrası ortaya çıxan əsas problemdən yayındırmamalıdır”.
Daha sonra İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bəziləri seçkidən sonra xalqa və İslam dövlətinə edilmiş böyük bir zülmü – İslam dövlətinin dünya xalqları qarşısında nüfuzuna qəsdən endirilmiş zərbəni görməməzliyə vuraraq Kəhrizək məsələsini, yaxud universitetin həyətində baş verən olayı əsas məsələ kimi qələmə verirlər. Lakin belə baxış prizmasının özü açıq-aşkar bir zülm və haqsızlıqdır”.
Ali Məqamlı Rəhbər seçkidən sonra ortaya çıxan əsl problemin mahiyyətini də açıqlayaraq dedi: “İslam dövləti son illər ərzində əldə etdiyi tərəqqi və çoxsaylı nailiyyətlər sayəsində regionda və dünyada yüksək imtiyaz və nüfuz əldə etmişdir və xalqın seçkidə 85 milyonluq möhtəşəm iştirakı bu reallığı bir qədər də qətiləşdirirdi. Lakin qəflətən bu iftixar doğuran tarixi hadisəni məhv etmək üçün, zənnimcə, əvvəlcədən planlaşdırılmış bir hərəkat başladı”.
Həmçinin Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən son olayların avanqardlarını yadellilər, o cümlədən ABŞ və İngiltərə tərəfindən idarə olunmaqda günahlandırmıram. Belə ki, mənim üçün bu mövzu hələ də sübuta yetirilməmişdir. Lakin olaylara başçılıq edənlərin və öndərlərin bundan xəbərdar olub-olmamasından asılı olmayaraq, şübhəsiz ki, bu, əvvəlcədən götür-qoy edilərək planlaşdırılmış bir proses idi. Əlbəttə, hadisələrin “layihə rəhbərləri” öz planlarının həyata keçəcəyindən heç də əmin deyildilər. Lakin seçkidən sonra bəzilərinin yol verdiyi davranışlar onları ümidləndirdi və əsl ssenaristlər bütün kütləvi və elektron informasiya imkanlarını işə salaraq meydanda özlərinin və agentlərinin rolunu daha da gücləndirdilər”.
Həzrət Ayətullah Xamenei bu məkrli sui-qəsd planının darmadağın olmasına da işarə edərək təkidlə vurğuladı: “Xoşbəxtlikdən, düşmənlər eynilə əvvəllər olduğu kimi indi də İranla bağlı məsələləri çox pis dərk edirlər və İran xalqına yaxşı bələd deyillər. Məhz bu səbəbdən də son hadisələr zamanı İran xalqından bir daha şiddətli rədd cavabı alaraq onun şilləsini daddılar. Lakin düşmənlər hələ də ümidlərini üzərək bu məsələni bir kənara buraxmırlar”.
İslam İnqilabının Rəhbəri xalqın, xüsusilə də İslam dininə, İrana bağlı olan, öz gələcəyinə etinasız yanaşmayan tələbələrin ayıq-sayıq, uzaqgörən olmasının zəruriliyini xüsusilə vurğulayaraq əlavə etdi: “Son olayların “layihə rəhbərlərinin” istifadə etdikləri bir sıra “quruluşçu rejissorlar” vardır və onlar yeni-yeni başqa “quruluşçu rejissorlar” da axtarıb-tapırlar. Şübhəsiz ki, Allahın fəziləti sayəsində onların bütün əməlləri və provokasiyaları uğursuzluğa düçar olacaq. Lakin xalqın nümayəndələrinin, xüsusən də gənclərin uzaqgörənliyi və ayıq-sayıqlığı bu cür əməllərin və proseslərin verə biləcəyi ziyanı azaldır”.
Daha sonra Ali Məqamlı Rəhbər seçkidən sonra baş vermiş hadisələrlə bağlı bunları da qeyd etdi: “Baş vermiş əsas hadisələr o qədər də gözlənilməz deyildi. Meydana atılan şəxslər bizim üçün daha gözlənilməz idi”.
İslam İnqilabının Rəhbəri çıxışının digər qismində Rəhbərlik məqamının dövləti və ölkə başçısını dəstəkləməsinə də toxunaraq dedi: “Hər bir insanda olduğu kimi hazırkı hökumətin və ölkə başçısının da zəif və güclü cəhətləri vardır və mən yalnız güclü cəhətləri dəstəkləyirəm. Belə bir təmayüllülük, dinamiklik və ciddilik nümayiş etdirən hər hansı başqa bir şəxs də mən tərəfdən mütləq dəstəklənəcək”.
Həzrət Ayətullah Xamenei bu barədə həmçinin qeyd etdi: “İnsanın zəif cəhətlərinin üzərində təkidlə durmaq həmin şəxsə qara yaxılmasına və ona qarşı pessimizmə qapılmağa səbəb olur. Bundan əlavə, bir çox hallarda zəif cəhətlərə qarşı açıq-aşkar əks mövqe tutmaq problemin həllinə heç bir köməklik göstərmir. Buna görə də (elə məntiqə uyğun olaraq da) yalnız başqa çıxış yolu olmadığı təqdirdə zəif cəhətlərə qarşı açıq-aşkar əks-mövqe tutmaq lazımdır”.
İslam İnqilabının Rəhbəri düşmənlərin İran xalqına və İslam quruluşuna qarşı apardığı genişmiqyaslı soyuq müharibəyə toxunaraq, habelə xalqın düşünən və ziyalı təbəqəsini, o cümlədən tələbələri uzaqgörənliyə, ayıq-sayıqlığa, bu sahədə düşüncə və təfəkkürə əsaslanan fəaliyyətə çağıraraq əlavə etdi: “Əziz tələbələrimiz İran xalqının düşmənlərə, zor gücünə, hiyləyə və pula arxalanan şeytani cərəyana qarşı mübarizə cəbhəsində mövqe tutmuş gənc zabitləridir”.
Ali Məqamlı Rəhbər imperialistlərin İslam Respublikası ilə ədavət aparmasının səbəbini açıqlayarkən İslam ümmətinin dünyanın həssas regionlarında strateji mövqe tutmasına da toxunaraq əlavə etdi: “Bu olduqca həssas bir məntəqədə İslam Respublikası özünün günü-gündən artan qüdrəti ilə dünya imperialistlərinə qarşı durmuşdur. Təbii ki, ABŞ və Avropanın siyasi meydanını idarə edərək istiqamətləndirən genişmiqyaslı sionist şəbəkəsi, dünya kompaniyaları və maliyyə mərkəzləri İran xalqının və İslam Respublikasının əzəmətli qüdrətini özləri üçün düşmən hesab edərək ona qarşı mübarizə aparırlar”.
İslam İnqilabının Rəhbəri dünyanın zorakı dövlətlərinin İslam quruluşuna qarşı ədavəti davam etdirməsinə işarə edərək xatırlatdı: “Bu məkrli sui-qəsd planlarına yalnız və yalnız bir halda son qoyulacaq: İran öz gənclərinin gərgin səyi və təşəbbüsü ilə elmi, iqtisadi və təhlükəsizlik baxımından elə bir nöqtəyə çatsın ki, bu ölkəni sarsıtmaq şansı sıfra bərabər olsun. Elə buna görə də mən daim ali təhsil ocaqlarımızı elmi tərəqqiyə və “proqram təminatı hərəkatı”nın gerçəkləşməsinə çağırıram. Çünki məhz elmi cəhətdən prioritet qazanmağı ölkənin uzunmüddətli təhlükəsizliyinin sütunlarından biri hesab edirəm”.
İslam İnqilabının Rəhbəri düşmənlərin universitetlərin akademik fəaliyyətində ixtilaf yaratmaq üçün plan cızması barədə tələbələrə və ali təhsil işçilərinə xəbərdarlıq edərək dedi: “Hamı diqqətli olmalıdır ki, bu kiçik və əhəmiyyətsiz siyasi hadisələrdə qətiyyən universitetlərin, qrupların və tədqiqat mərkəzlərinin elmi fəaliyyətinə zərər dəyməsin, düşmənin əsl və açıq-aşkar məqsədi – ən azından bir müddət ali təhsil ocaqlarının fəaliyyətini dayandırmaq, onları qarşıdurma və iğtişaşa sürükləmək istəyi reallaşmasın”.
İslam İnqilabının Rəhbəri gələcəyə optimist və sevinc dolu baxışın İran xalqının düşmənlərin apardığı soyuq müharibəyə qarşı mübarizə cəbhəsinin möhkəmlənməsinə səbəb olduğunu vurğulayaraq dedi: “Bu optimizm realist analizlərə söykənir. Əziz tələbə gənclərimiz müxtəlif məsələlərlə bağlı minimalist və maksimalist yanaşmadan çəkinməklə, sağlam düşüncə, təfəkkür və məntiqə əsaslanmaqla yanaşı, ölkənin elmi inkişafı, sevimli İranımızın tamahkar yadellilərin yürütdüyü soyuq müharibədən müdafiə olunması işində üzərlərinə düşən ağır vəzifələri yerinə yetirməyə davam etməlidirlər”.
Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı və tələbələr İslam İnqilabının Rəhbəri ilə birgə iftar etdilər.