Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xamenei:

Qurani-Kərimə əsasən, düşmənlərə qarşı sərt, dostlara qarşı isə mehriban olmaq lazımdır

Mübarək Ramazan ayının – İlahi rəhmət, Allah-Taalanın Öz bəndələrinə ziyafət verdiyi, Qurani-Kərimin bahar mövsümü olan bu əziz ayın ilk günündə İmam Xomeyni hüseyniyyəsi Quranın nur saçan ayələri ilə rayihələndi. İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə keçirilən bu yığıncaqda görkəmli qarilərdən, müqəddəs Allah Kəlamının  ustad və hafizlərindən bir qrupu Qurani-Kərimdən ayələr tilavət etdilər. Təxminən 4 saata qədər davam edən Quranla ünsiyyət dolu bu mənəviyyat yığıncağında qrup ifaçıları da Qurandan ayələr tilavət etdilər, dualar və Peyğəmbərə (s) həsr olunan mədhlər oxudular.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu feyz dolu, mənəvi yığıncaqda “ölkədə Quran tilavətinin keyfiyyət baxımından yüksəlişi”nə xüsusi işarə edərək avaza, təcvidə, həmçinin ayələrin məzmun və mənaya müvafiq surətdə qiraət olunaraq dinləyiciyə çatdırılmasına diqqət yetirilməsini digər mühüm bir işin – yəni “cəmiyyətin Quranla ünsiyyəti”nin başlanğıcı adlandıraraq xatırlatdı: “İnsan Quranla ünsiyyətdə olduqda müqəddəs Allah Kəlamının həyatda və cəmiyyətdəki müxtəlif məsələlərlə bağlı göstərişlərini öyrənməyə çalışır və Quranın sözünü eşidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Gözəl avaz və səs tembri Quranı ürəyəyatımlı edir və onun ürəklərə nüfuz etməsində daha təsirlidir. Lakin qarilər, xüsusən də cavanlar Quranı elə formada tilavət etməlidirlər ki, insanın yadına Allahı salsın və qəlbinə Allah-Taala qarşısında ehtiram və mütiliyi təlqin etsin”.

Həmçinin İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Quran ayələri qarşısında ehtiramla itaətkarlıq göstərmək, əslində, Quranın insanı doğru yola hidayət etməsi üçün lazımi zəmin yaradır. Daha sonra o əlavə etdi: “Quranın şərafətli ayələri İlahi təlqin kimi qəlbə nazil olduqda qəlb onları özünə çəkərək daxilində həzm edir. Bu zaman qəlb İlahi ayələrə müvafiq olaraq dəyişilməyə başlayır”.

Həzrət Ayətullah Xamenei Quranın birliyə, hamılıqla Allah ipindən möhkəm yapışmağa dair etdiyi tövsiyələrə də işarə edərək bildirdi: “Quranın bu mühüm ismarışını dərk etmiş qəlblər heç bir zaman qərəz və şəxsi miqyaslı məsələlər ucbatından bu əzəmətli milli birliyi pozmazlar!”

Həzrət Ayətullah Xamenei Quranın digər bir önəmli ismarışına – dostlar və düşmənlərlə üz-üzə gəldikdə möminlərin rəftar və davranış qaydası barədə tapşırığına da işarə edərək dedi: “Quran anlayışına əsasən düşmənlərə qarşı sərt və yenilməz, dostlara qarşı isə mehriban və mülayim olmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər qəlblərimizi daim İlahi rəhmət yağışını və Quranın hidayətini qəbul etmək üçün hazır olan bir qaba çevirsək, şübhəsiz ki, Quranın ismarışlarını qəbul etmək daha asan olar, şəxsi ambisiya və qərəzlər, hakimiyyət və sərvət həvəsi Quran ayələrinə əməl etməyə əsla mane olmaz”.

İslam İnqilabının Rəhbəri Quran ayələrini eynilə su kimi həyat mənbəyi adlandıraraq əlavə etdi: “Qurana daim ehtiyac var. Quranın təsiri tədricən, zaman ötdükcə özünü göstərir. Quranın kəsb etdiyi məna və anlayışlar intəhasızdır, Quranla ünsiyyətə girdikcə yeni-yeni qapıları açmaq,  düyünləri çözmək mümkündür”.

Bu Quran nuru ilə dolu olan yığıncağın sonunda Həzrət Ayətullah Xameneinin imamətliyi ilə məğrib və işa namazları qılındı, habelə yığıncaq iştirakçıları İslam İnqilabının Rəhbəri ilə birlikdə iftar etdilər.

700 /