İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Orta Şərq regionundakı mövcud vəziyyətin mübarizə və müqavimət cəbhəsinin xeyrinə, ABŞ və Amerika siyasəti tərəfdarlarının isə zərərinə olduğunu bildirərək təkidlə vurğuladı: “Müqavimət cəbhəsi bu böyük fürsətdən istifadə edərək qarşılıqlı əlaqələrini və əməkdaşlığını bacardıqca möhkəmləndirməlidir”.
Ali Məqamlı Rəhbər İran və Suriya birliyini regionda müqavimətin təzahürü kimi qiymətləndirərək xatırlatdı: “Bu birliyin göz önündə olan nəticəsi, habelə Fələstin, Livan və İraqda, həmçinin bütövlükdə regionda baş verən olaylara təsiri tamamilə aşkardır”.
İslam İnqilabının Rəhbəri imperialist dövlətlərin regionda müqavimət xəttini qırmaq və mübarizə cəbhəsinin qarşılıqlı əlaqələrini zəiflətmək üçün təmərküzləşməsinə də toxunaraq əlavə etdi: “Bu səylər bu günə qədər heç bir nəticə verməmiş və ABŞ-ın qılıncı regionda günü-gündən daha da kütləşmişdir”.
Həzrət Ayətullah Xamenei ABŞ-ın hal-hazırda İraqda üzləşdiyi problemlərə işarə edərək, habelə Amerikanın hədəflərinin boşa çıxmasını bildirərək dedi: “Sionist rejimi də hay-küylü təbliğatına baxmayaraq saysız-hesabsız daxili problemlərlə qarşı-qarşıya qalmış və həqiqətən də, zəifləməyə doğru gedir”.
Aliməqam Rəhbər ABŞ-ın regionda götürdüyü yeni istiqamətin də məhz bu dövlətin hazırda düşdüyü zəif vəziyyətdən qaynaqlandığını bildirərək əlavə etdi: “Bu taktikanın əvəzlənməsi heç də hazırkı ABŞ prezidentinin eks-prezidentdən əsaslı surətdə fərqlənməsindən irəli gəlmir. Belə ki, onun yerində hər kim olsaydı, regionda bundan qeyri bir siyasət yolunu əsla tuta bilməzdi”.
İslam İnqilabının Rəhbəri Suriya və İran arasında həmkarlıq üçün geniş zəminin mövcud olduğunu qeyd edərək, o cümlədən əldə olan saysız-hesabsız imkan və potensialdan əvvəlkindən daha da artıq istifadə etməyin vacibliyinə toxunaraq xatırlatdı: “Ərəb ölkələri arasında Suriyanın ən mühüm özəlliyi bu dövlətin mübarizliyi və müqavimətidir. Belə ki, ABŞ-ın və digər imperialist dövlətlərin Suriya ilə düşmənçiliyinin səbəbi də məhz budur”.
Həzrət Ayətullah Xamenei mərhum Hafiz Əsədin xatirəsini böyük ehtiramla yad edərək xüsusilə vurğuladı: “Regionda Suriyaya məxsus olan üstün mövqe o mərhumun gərgin səylərinin və tutduğu müstəqil siyasət yolunun nəticəsidir. Cənab Bəşşar Əsəd də öz növbəsində həmin yolu müvəffəqiyyətlə davam etdirir”.
İslam İnqilabının Rəhbəri Suriyanın dövlət başçısının dörd dövlət – İran, Suriya, Türkiyə və İraq arasında ittifaq yaratmaq təklifini dəstəklədiyini bildirərək əlavə etdi: “Hal-hazırda Suriyanın İraqla əlaqələrini genişləndirmək səyi olduqca müsbət bir addımdır. Bu ölkənin hökumətinə problemlərin həllində yardım göstərmək lazımdır”.
İİR-nın prezidenti cənab Əhmədi Nejadın da iştirak etdiyi bu görüşdə Suriyanın dövlət başçısı Bəşşar Əsəd Tehran-Dəməşq arasında strateji əlaqələrin möhkəmlənməsini təkidlə vurğulayaraq və regiondakı ümumi vəziyyəti mübarizə və müqavimət cəbhəsinin xeyrinə olan vəziyyət kimi qiymətləndirərək bildirdi: “Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın çoxlu daxili və regionla bağlı problemləri var. Həmin dövlətlər bu günə qədər regionda və hətta Livanda belə heç bir nailiyyət əldə edə bilməmişlər”.
Daha sonra o əlavə etdi: “Belə bir şəraitdə dörd dövlətin – İran, Suriya, İraq və Türkiyənin birlik və əməkdaşlığı regionun xeyrinə olacaq”.
Suriya prezidenti İraqın baş nazirinin Dəməşq səfərinə toxunaraq və Suriyanın İraqla həmkarlığa daim hazır olduğunu vurğulayaraq xatırlatdı: “Yadellilər və regionun bəzi dövlətləri İraqda sünni-şiə qarşıdurmasının yaranmasında maraqlıdırlar. Bunun qarşısını almaqdan ötrü İraq hökumətinə mütləq yardım etmək lazımdır”.
Cənab Bəşşar Əsəd həmçinin İran xalqının cənab Əhmədi Nejada yüksək göstəricilərlə səs verməsinin və nəticədə onun bir daha ölkə başçısı seçilməsinin müqavimət cəbhəsinin regionda əvvəlkindən daha da artıq güclənməsinə səbəb olduğunu bildirərək təkidlə vurğuladı: “İranda keçirilən seçkinin ardınca baş verən son olaylarda bəzi Qərb dövlətlərinin müvəffəqiyyətsizliyə düçar olması onlar üçün böyük bir dərs oldu. Belə ki, xalqın cənab Əhmədi Nejada səs verməsi onların diqqətini bir daha İran xalqının imam Xomeyninin (r.ə) yolunu – müqavimət və mübarizə yolunu tutmasına cəlb etdi”.