Ali Məqamlı Rəhbərin informasiya bloku

Aliməqam Rəhbərin fərmanına əsasən:

Ayətullah Hacı Şeyx Sadiq Amuli Laricaninin Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin edilməsi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Sadiq Amuli Laricaninin Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalamışdır. 

Fərmanın tam mətni:

“Mehriban və bağışlayan Allahın adı ilə!

Hazırda Ayətullah Haşimi Şahrudinin Məhkəmə Hakimiyyətinin sədri postunda səlahiyyətlərini icra etməsinin uzadılmış müddəti sona çatdığı üçün çox hörmətli cənaba göstərdiyi dəyərli, uzunömürlü xidmət və səylərinə görə dərin təşəkkür və qədirdanlığımı ifadə edir, əvəzsiz alim və tədqiqatçı, Qum Elmi Hövzəsinin görkəmli şəxslərindən biri olan, daima novatorluğu, təşəbbüskarlıq əhval-ruhiyyəsi və potensialı ilə seçilən möhtərəm Hüccətul-İslam vəl-muslimin Hacı Şeyx Sadiq Amuli Laricanini Konstitusiyanın 157-ci maddəsinə əsasən İİR-nın Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin edirəm.

Ədliyyə sisteminin yenidən qurulmağa başladığı gündən artıq 30 il keçmişdir. Bu vaxt ərzində yeni ədliyyə sistemi bir sıra dəyərli təcrübələr qazanmış, bir çox qaçılmaz sınaqlarla və eyni zamanda xətalarla üzləşmişdir. Hal-hazırda bu sistemdə çalışan məmurların sağlam fəaliyyətini, mövcud qanunların mötəbərliyini, həmçinin ədalətin bərqərar edilməsi işində çətinliklərin artıq aradan qaldırıldığını və mövcud sürət tempini nəzərə alaraq İİR-nın ədliyyə sistemindən haqlı olaraq gözlənilir ki, bu möhtəşəm strukturun və onun bölgələrdə yerləşən orqanlarının məsul vəzifəli şəxsləri ədalətin bərqərar edilməsi naminə əllərindən gələni əsirgəməyəcək, bütün səy və təşəbbüslərini ortaya qoyacaqlar.

Bir sıra lazımi infrastrukturların artıq hazırlanmasını, habelə Ayətullah Hacı Şeyx Sadiq Amuli Laricaninin elmi və praktik səriştəsini nəzərə alaraq bildirmək istəyirəm ki, möhtərəm cənabın Məhkəmə Hakimiyyətinə sədrlik edəcəyi dövrün bu strukturun çiçəklənmə dövrü olacağına tam ciddiyyətlə ümidvaram.

Allah-Taaladan hörmətli cənaba, onun həmkarlarına və möhtərəm hakimlərə dəstək olmasını diləyirəm”.

Seyid Əli Xamenei

15.08.2009

700 /